Səxavət Məmmədovu bizdən kimlər
aldı?
Bəlkə
nə vaxtsa hadisənin üzərindən sirr pərdəsi
qalxacaq
Səxavət Məmmədov xoşbəxt sənətkardı. Nə olsun ki, 37 yaşında köçdü dünyadan. Yazı yazanın hökmüdü. Əlbəttə, incəsənətimiz – musiqimiz, muğamımız, ifaçılıq sənətimiz üçün, ailəsi, doğmaları, övladı, nəinki külli Qarabağ camaatı, ümumən Azərbaycan üçün çox ağır, əvəzsiz itki idi. Amma xoşbəxt sənətkardır. Adı çəkildimi, hər kəs “heyif!”, deyir. Bulaq kimi çağlayan səsi isə nə qulaqlardan gedir, nə hafizədən. Səxavət Məmmədovun təkrarsız ifaları, elə təkrarsız da qalmaqdadı. Onu təkrarlaya biləcək birisi yoxdu çünki. Unudulmaz sənətkarın ölümü də indiyədək müəmmalı qalır. Fakt budur ki, Səxavət Məmmədov avtomobil qəzasında dünyasını dəyişib. Amma bunu sadəcə, hadisənin görünən tərəfi hesab edənlər də var. Dosent Zaur Əliyev mərhum sənətkarın ölüm müəmmasından sosial şəbəkədə bunları yazıb: “Bu gün Ağdamın fəxri, Azərbaycanın sevilən müğənnisi Səxavət Məmmədova saatlarla qulaq asmışam. Səsin sehrinə düşmüş idim. Səxavət Məmmədov sözün əsl mənasında Kişi deyiləcək şəxslərdən biri idi. Səxavət Məmmədov Azərbaycanda yeganə müğənni idi ki, müharibə başlanan gündən toy və tədbirlərdən qazandığı pulları Vətən üçün, əsgərlər üçün xərcləyirdi. Çox az adam bilir ki, mərhum Səxavət Məmmədov 1988-ci ildən başlanan, Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Gecələr isti çay, isti geyim gətirib verib meydanda duranlara. Dostlardan biri danışır ki, Səxavət meydana gətirilən üç rəngli Azərbaycan bayrağını diz çöküb öpüb, gözünün üstünə qoyub. Müharibənin ilk günlərindən isə silah alınmasından tutmuş əsgərlərin yeməyinə qədər bütün qazancını xərcləyirdi. Əsgərlər danışırdılar ki, Səxavət hər həftə onların yanına gəlir, səngərdə qalır, onlarla birgə əlinə silah alıb Ağdamı müdafiə edirdi.
1991-ci ildə "qəza"da həyatını itirəndən sonra Ağdamda hamı yas içində idi. Çünki KİŞİ rəhmətə getmişdi. Onun ölümü (öldürülməsi) bu günə qədər müəmma olaraq qalır. O zamankı hakimiyyət belə açıqlama verdi ki, azərbaycanlı müğənni Səxavət Məmmədov Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşüb. Yəni "Kamaz" markalı maşınla toqquşub və o, anındaca rəhmətə gedib. Düzü, buna inanırdım son illərə qədər. Amma bu məsələni araşdırdıqda bir-birini təkzib edən faktlarla rastlaşdım. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Gələn təcili yardım, orda olan adamlar da görmüşdülər ki, Səxavət olan maşın boş yolda getdiyi zaman "Kamaz" hardansa qəfildən çıxıb onların üstünə sürmüş idi. O dövrün istintaq aparanları da bunu belə təsdiq etmiş idilər. Amma, amma, amma... Sifarişçi çox güclü adam idi, bu günün özündə də çox təhlükəli gücə malikdir. İkinci şübhəli məsələ onun ölümündən sonra verilən açıqlama idi. Guya, onlar toyda olublar Salyanda, içkili olublar. Amma araşdırma zamanı məlum olub ki, mərhum Salyana gedib, amma həmin günü toy olmayıb və orda toyda iştirak etməyib. Kimin sifarişidir bilinir, bu gün sağ olan bəzi ağdamlılar da bilir bu "qəzanın" elə-belə olmadığını. "Kamaz" sürücüsü həbsdə olanda Səxavətin ailəsinə etiraf etmək istədiyini bildirir. Səhər isə “Kamaz” sürücüsü həbsdə müəmmalı şəkildə öldü. Həkimlər susdu, şahidlər susdu. Sənədlər yoxa çıxdı. Amma biz ki, hələ sağıq. Bilirik. Ruhun şah olsun. Sənin şəxsiyyətin önündə baş əyən Zaur Əliyev, dosent”.
Bəlkə nə
vaxtsa bu ölüm hadisəsi üzərindən pərdə
qalxacaq. Və Səxavəti bizdən kimin, kimlərin aldığı bilinəcək.
Əgər həqiqətən, o pərdə
varsa.
Məlahət Rzayeva
Şərq .- 2023.- 1 iyun.- S.7.