Dünya uşaqların müdafiəsindən
danışır
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Beynəlxalq qurumlar erməni
təcavüzünün qurbanı olan azərbaycanlı
uşaqların pozulmuş
hüquqlarının bərpası istiqamətində də əməli
tədbirlər görməlidir
Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaqların hüquqlarının müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur, forumlar, tədbirlər həyata keçirilir. Bu məqsədlə də 1950-ci il 1 iyun tarixi Uşaqların Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. 73 ildir qeyd olunan bu gün təkcə bayram kimi deyil, həm də bütün insanlığın diqqətini uşaq məsələlərinə cəlb etmək üçün bir platformadır.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə
uşaqların sağlam, hərtərəfli,
Vətənə layiqli övladlar
kimi böyümələri üçün hər cür
şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm
və ayrılmaz hissələrindən biridir.
Uşaqlar bizim gələcəyimizdir
və ölkənin gələcəyi onların əlindədir.
Azərbaycan hökuməti gələcəyimiz olan balalarımız üçün çox böyük işlər görüb. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır.
Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində uşaqlar doğma ev-eşiklərindən didərgin düşmüş, azad, sərbəst yaşamaq hüquqları pozulub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edirdi. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yox idi. 2020-ci ilin sentyabrın 27-də erməni hərbiçilərin törətdiyi təxribatın nəticəsində başlanan II Qarabağ müharibəsi zamanı Ermənistan yenə də uşaqları, onların valideynlərini qətlə yetirməkdən çəkinmədi. Müharibədə uğursuzluğa düçar olan, Ermənistanın hərbi-siyasi rəhbərliyi yaşayış evlərini, dinc əhalini, o cümlədən qadın və uşaqları qadağan edilmiş raket bombaları ilə atəşə tutur, onların faciəli şəkildə qətlinə səbəb olurdu. Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması idi. Azərbaycan haqlı olaraq vətəndaşlarımızın, uşaqlarımızın pozulmuş hüquqları haqqında bəyanatlar versə də, beynəlxalq təşkilatları ədalətli mövqe bildirməyə çağırışlar etsə də, adekvat cavab ala bilmədi. Azərbaycan hökuməti, cəmiyyəti özü bu uşaqların problemlərini həll etdi, onlara arxa, dayaq oldu.
Halbuki uşaqların sağlam və xoşbəxt böyüməsi
həmişə aktual olub,
lakin müasir
dövrdə, xüsusilə də hərbi münaqişələr,
kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü
daha qabarıq şəkildə göstərir.
Əlbəttə, uşaq
hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil,
beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin,
həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri
nəticəsində mümkündür.
Qeyd edək ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Beynəlxalq Təşkilatlara müraciət göndərib. Müraciət ictimai birlik tərəfindən BMT-nin İnsan Haqları Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərinə, BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna, Beynəlxalq Sülh Bürosuna və həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə göndərilib.
Müraciətdə deyilir ki, Birinci Qarabağ müharibəsi zamanı, ərazilərimizi işğal edən zaman separatçı və işğalçı Ermənistan dövləti qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq xalqımıza humanitar fəlakətin ən ağır faktoru olan əsir, girov, itkin problemini yaşadıb: “Təbii ki, bu fəlakətdən də ən çox əziyyət çəkən işğal olunmuş ərazilərin sakinləri, xüsusilə də azyaşlılar olub. Bəzilərinin valideynləri, bəzilərinin özləri itkin düşüb. Bəziləri isə girov götürülüb, gözlərinin qabağında valideynlərinə, bacı-qardaşlarına, qohumlarına olmazın işgəncələr verilib, vəhşiliklə qətlə yetirilib, qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq olmazın işgəncələrə, qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilib. Girovluqdan azad edilmiş azyaşlılar indiyə kimi psixoloji gərginlik, mənəvi iztirablar içində yaşamaq məcburiyyətində qalıblar.
Silahlı münaqişələr zamanı mülki əhalinin, o cümlədən uşaqların hüquqi vəziyyəti 1907-ci il tarixli Quru müharibələrinin adət və qanunları haqqında Haaqa Konvensiyası, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və 1977-ci il 8 iyun tarixli Cenevrə Konvensiyalarına I və II Əlavə Protokollarda müəyyən edilir.
Beləliklə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər Azərbaycan vətəndaşından 71 nəfəri uşaq olub. Şahid ifadələrinə əsasən əsir və girov götürülmüş, 872 nəfər Azərbaycan vətəndaşından 29 nəfərini uşaqlar təşkil edir. Bu günə qədər erməni girovluğundan azad edilmiş 1480 nəfərdən 224 nəfəri uşaqdır. Erməni əsir-girovluğundan azad edilmiş şəxslərin şahidliyinə əsasən, bu günə kimi 29 nəfər uşaq girovluqda saxalanır. Təbii ki, onlar artıq uşaq deyillər. Girovların ən kiçiyi götürülən zaman 3 aylıq Xocalı sakini olub.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi müraciəti ünvanladığı beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, dünyanın bir çox dövlətlərində uşaqlar üçün bayramlar, şənliklər təşkil olunduğu bir vaxtda işğalçı Ermənistandan itkin düşmüş hesab olunan və şahid ifadələrinə əsasən girov götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan azyaşlıların talelərinə aydınlıq gətirməyə tələb etməyə çağırır”.
Azərbaycanda
uşaqların müdafiəsinin dövlət siyasətinin əsas
prioritetlərindən biri kimi
dəyərləndirən millət
vəkili Könül Nurullayeva
“Şərq”ə açıqlamasında deyib
ki, Uşaqların Beynəlxalq Müdafiəsi
Günü dünyanın hər yerində
hər bir ailənin sevinci
və gələcəyimiz olan
uşaqların bayramı kimi qeyd edilir. Azərbaycanda
dövlət siyasətinin prioritetlərindən biri də uşaqların təhlükəsiz
və etibarlı gələcəyinin təmin edilməsidir:
“Ölkəmizdə uşaq hüquqları tam şəkildə qorunur. “Uşaq hüquqları haqqında” Qanun çərçivəsində milli qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi dövlətin məsələyə həssas yanaşmasının göstəricisidir. Azərbaycan beynəlxalq konvensiyalara qoşulmaqla nümunəvi ailə, qadın və uşaq siyasəti həyata keçirir. Ölkəmiz hazırda dünyanı narahat edən təhlükələrdən biri - uşaqlara qarşı zorakılıqla bağlı uzun illərdir ki, Avropa Şurası ilə sıx əməkdaşıq edir. 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan “Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması” layihəsinə dəstək verən 10 pilot ölkədən biri məhz Azərbaycandır. Eyni zamanda Azərbaycan Lanzarote Konvensiyası kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir. Sənəd 1 aprel 2020-ci ildən qüvvəyə minib. Ölkəmiz Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş bütün tövsiyələri dəstəkləyir. Uşaqların müdafiəsi istər milli, istərsə də beynəlxalq səviyyədə hər zaman Azərbaycan dövləti üçün prioritet olub. Ölkə qanunvericiliyinə uyğun olaraq hər bir uşağın ailədə yaşamaq və böyümək hüququna zəmanət verilir. Bəzi hallarda ailə mühitindən məhrum olan azyaşlıların sosial müdafiəsini təmin etmək istiqamətində də dövlət kompleks tədbirlər həyata keçirir. Yəni Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunur. Azərbaycanda bu gün uşaqlara göstərilən dövlət qayğısı nəyinsə xatirinə, yaxud kampaniya xarakterli deyil, daimi və yüksələn xətlə davam etdirilir”.
K.Nurullayeva
da təəssüflə qeyd
edib ki, Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində minlərlə
azərbaycanlı uşağın hüquqları pozulub. Minlərlə azyaşlı məhz bu işğal siyasəti
ucbatından doğmalarını,
sağlamlığını itirib, eyni zamanda öz
vətənində məcburi köçkün
həyatı yaşamağa məhkum olub:
“Doğrudur, Azərbaycan dövləti öz daxili imkanları hesabına bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşması istiqamətində təxirəsalınmaz tədbirlər görür. Bununla belə, məcburi köçkün soydaşlarımızın pozulan hüquqlarının tam şəkildə bərpası, şübhəsiz ki, onların öz ata-baba yurdlarına qayıtması ilə mümkündür. Biz mütəmadi olaraq, aidiyyəti beynəlxalq təşkilatların tribunalarından bu məsələ ilə bağlı çağırışlar edirik. Beynəlxalq qurumlar bu gün dünya uşaqlarının müdafiəsindən danışırsa, erməni təcavüzünün qurbanı olan azərbaycanlı uşaqların pozulmuş hüquqlarının bərpası istiqamətində də əməli tədbirlər görməlidir”.
Şəymən
Bayramova
Şərq 2023.- 2 iyun.- S.6.