Atatürklə rəqs
edən məşhur azərbaycanlı xanım...
Sürəyya
Ağaoğlunun Şuşada dünyaya gəlməsi onun bu
şəhərdə abidəsinin olmasına haqq
qazandırır
Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi təklif edilib. Bu təkliflə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib. O təklif edib ki, S.Ağaoğlunun Şuşa şəhərində abidə və memorial kompleksi ucaldılsın. A.Bağırov bundan öncə başqa təkliflə də çıxış etmişdi. Qardaş ölkədə səfərdə olarkən A.Bağırov bildirmişdi ki, Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun yubileyini Şuşa şəhərində qeyd etmək istəyirlər: "Bildiyiniz kimi, Əhməd bəy Ağaoğlu Azərbaycanın böyük şəxsiyyətidir. Bu il onun qızı Sürəyya Ağaoğlunun 120 yaşı tamam olur. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulub. Biz çox istərdik ki, onun yubileyini Şuşada qeyd edək. Sürəyya Ağaoğlu türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadın vəkilidir".
Təbii ki, hər bir Azərbaycan türkünün qəlbində
Şuşanın yeri xüsusidir.
Şuşamız da doğma
sakinlərini qəbul edir artıq. Və əlbəttə
ki, Şuşaya
qayıtmaq hər bir sakinin
haqqı, o cümlədən fəxri
sakinlərinin də təməl haqqıdır. O şəxslər
ki, adları Şuşa
ilə bir çəkilib və çəkilməkdədir.
Bu şəxslər
arasında türk dünyasının nəhəng
fikir adamı, ictimai-siyasi
xadim, publisist,
yazıçı, pedaqoq, hüquq
professoru... bir sözlə,
görkəmli şəxsiyyət Əhməd bəy Ağaoğlu da var, onun qızı – türk dünyasının ilk
qadın hüquqşünası və vəkili olmuş Sürəyya xanım Ağaoğlu
da. Şuşa doğumlu ata və
övladının – atanın bir zamanlar məcburiyyət qarşısında qalaraq tərk etdiyi,
qızınınsa uzun illərdən sonra Vətənə gəlsə də, getməsinə
izn verilməyən Şuşaya
qayıtması tarixi həqiqətin
təntənəsi olardı.
Qısaca
xatırladaq ki, Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. Məlum tarixi şəraitdə
Türkiyəyə mühacirət edən Ə.Ağaoğlunun sonra ailəsi
də Azərbaycanı tərk edib.
Sürəyya xanımın gənclik illəri Türkiyə
milliyyətçi ocaqları və Atatürkün
yaxın dostları arasında keçib. Bir neçə dəfə atası Əhməd
bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə
şəxsən görüşüb. Türkiyənin ilk qadın vəkili,
Beynəlxalq Qadın Hüquqşünaslar
Cəmiyyətinin ilk prezidenti
olan Sürəyya Ağaoğlu
İstanbul Hüquq
fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər
vəkilliklə məşğul olub.
1950-ci ildə Alman hüquqşünas
Verner Tasçhenbreker
ilə ailə qurub. Lakin
bu izdivacdan onların
övladı olmayıb. Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu,
Azad Fikirləri Yayma Dərnəyi
və Türk-Amerikan Universitetlər Dərnəyinin
təməlini qoyub. İstanbul
Qız Liseyində təhsil aldığı illərdən vəkil
olmaq arzusu ilə yaşayan Sürəyya Ağaoğlu 1920-ci ildə həmin liseyi
bitirib. 1921-ci ildə İstanbul
Universitetinin hüquq
fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə
problemlə qarşılaşır. Həmin dönəmdə
hüquq fakültəsində qadın tələbə
olmadığı üçün İstanbul Universitetinin rektoru Haldun Taner ona kömək edə
bilməyincə, o, rektorun
atası Səlahəttin bəyə müraciət etmək qərarına
gəlib. Türk qadınlarının çarşabda gəzdiyi bir
vaxtda Sürəyya Ağaoğlunun
stereotipləri dağıdaraq vəkil olmaq
üçün hüquq
fakültəsinə qəbul olmaq niyyəti
ictimaiyyət tərəfindən qeyri-adi
qarşılanır. Sürəyyə xanım Səlahəttin
bəyə hüquq fakültəsinə
qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər
bu təklifi qəhqəhələrlə
qarşılayıblar. Lakin Sürəyyə
xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq
üçün müraciət edən
xanımları (Melda və Bedia) təqdim etdikdə onlar
ayrıca fakültə açmaq məcburiyyətində
qalıblar. Amma günortaya
qədər kişi tələbələrə,
günortadan sonra isə
qadın tələbələrə dərs keçilib.
Hüquq məzmunlu məqalələrlə
tez-tez çıxış edən
Sürəyya xanım "Londonda
gördüklərim" və "Bir ömür də belə keçdi"
kitablarının müəllifidir. Sürəyya xanım
Şuşadakı baba ocağının fotosunu da paylaşıb və
belə qeyd edib: “Karabağda babamın büyüdüyü
ev. Şimdi okul”.
S.Ağaoğlu 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat edib. 2003-cü ildə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxılıb.
Qeyd edək ki, Sürəyya xanım 1982-ci ildə Bakıda olub. O, bu tarixi səfər haqqında xatirələrində belə yazıb: "Bizi "Azərbaycan" adlı hotelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansara olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə "Sürəyya abla!" deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar "növbəti dəfə" dedilər"...
Bu
“növbəti dəfə” indi
reallaşacaqmı? Çünki Sürəyya
Ağaoğlu cismən Şuşaya
qayıtmasa da, atasının və özünün xatirəsinin əbədiləşdirilməsi
ilə ruhən Şuşada yaşamağa başlayacaq.
Səsləndirilən təkliflə bağlı sherg.az şuşalı həmkarımız, tanınmış jurnalist, şair və publisist Kərim Kərimlinin rəyini öyrənib
:
– Yaxşı təklifdir, təqdirə, alqışa layiq bir təşəbbüsdür. Buna görə Anar müəllimə təşəkkür edirəm. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulmuş dünyaca məşhur şəxslərdən biridir. O, qeyd edildiyi kimi, türk dünyasının ilk qadın vəkili olmaqla yanaşı tarixdə yorulmadan, usanmadan çalışan, inadla mübarizə aparan ictimai və siyasi xadim kimi iz qoyub. Bir neçə dəfə Atatürklə şəxsən görüşüb, hətta onunla bir məclisdə rəqs edib. Sürəyya xanım Azərbaycanda cəmi 7 il yaşasa da, həyatının əsas hədəfləri, mübarizəsinin bəşəriliyi, fəaliyyətinin humanist və insanpərvər xarakteri, ideya və amal prinsiplərinin haqqa və ədalətə söykənməsi, şəxsiyyətinin böyüklüyü və məhz Şuşada dünyaya gəlməsi onun Şuşa şəhərində abidəsinin olmasına haqq qazandırır və cənab Bağırovun təklifinin həyata keçməsi üçün münbit, müsbət şərait yaradır, bir növ stimul verir. Ancaq burada bir incə “əmma” var. “Əmma” ondan ibarətdir ki, Sürəyya Ağaoğlu bütün türk dünyasının tanıyıb sevdiyi, bütün türk dünyasının cahanşümul şəxsiyyəti, XX əsrin əvvəllərində təkcə Azərbaycanın deyil, həm də Türkiyənin xilaskarlarından və qurucularından biri olan Əhməd bəy Ağaoğlunun qızıdır. İndi mən burada əvvəla Əhməd bəyin kimliyi barədə ətraflı danışıb vaxt almaq istəmirəm.
Azərbaycanda öz
tariximizdən azacıq xəbəri olanlar
Əhməd bəy Ağaoğlunun kimliyini yaxşı bilir, ikincisi də ata ilə
qızının şəxsiyyətini və bu
şəxsiyyətlərin miqyaslarını müqayisə
etmək istəməzdim. Çünki bu da görünən kəndə
bələdçilik kimi çıxa
bilər. Yeganə onu qeyd etmək olar ki, Əhməd bəyin həm ata
tərəfdən, həm də ana tərəfdən,
həmçinin həyat yoldaşının ailəsi tərəfdən
Şuşada böyük
evləri, mülkləri olub. Yeri gəlmişkən, onu
da əlavə edim ki, Ağaoğlu nəslinin,
ailəsinin üzvlərinin əksəriyyəti belə
tanınmış şəxslərdir. Odur ki,
zənnimcə, ya Şuşada
abidə və memorial kompleks
məsələsi barədə düşünərkən əvvəlcə
ata Ağaoğlu barədə
düşünmək daha yaxşı, düzgün, məntiqi olardı, sonra övlad Ağaoğlu haqqında, ya
da ümumiyyətlə,
Ağaoğluların ümumi abidə kompleksi haqqında düşünmək
lazımdır. Yəni üzr istəyirəm,
kobud çıxmasın, Əhməd bəyin
üstündən keçib, birinci Sürəyya xanımdan yapışmaq,
məncə, ədalətsiz və məntiqsiz olardı. Ya hər ikisi, yaxud hamısı, ya da Əhməd bəy Ağaoğlu!
Məlahət Rzayeva
Şərq 2023.- 3 iyun.- S.5.