Şəhid anası hamını qürurlandırdı

 

Azərbaycan Türk Ocağı ordu gününü iftixarla qeyd etdi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında Azərbaycan Türk Ocağı və AMEA-nın MEK-in birgə təşkilatçılığı ilə Milli Ordumuzun yaradılmasının 105 illiyinə həsr edilmiş "Azərbaycan Ordusu: dünən, bu gün, sabah" adlı toplantı keçirilib.

Toplantıda Mərkəzi Elmi Kitabxananın baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, millət vəkili Arzu Nağıyev, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, AMEA- nın Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Kamran İsmayılov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yanğın, AMEA əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, tarixçi Kamran İsmayılov,  qazilər və şəhid ailələri iştirak ediblər.

Toplantı iştirakçılarını salamlayan Mərkəzi Elmi Kitabxananın baş direktoru Məmməd Əliyev bildirib ki, 26 iyun Silahlı Qüvvələri Günüdür və sabah bu önəmli günün 105 illiyidir. Baş direktor vurğulayıb ki, Azərbaycan Ordusu şəhidlərimizin qanı, qazilərimizin canı bahasına torpaqlarımızı işğaldan azad etdilər və başımızı ucaltdılar: "Başda Ali Baş Komandanımız olmaqla şanlı ordumuz 44 günlük Zəfər tarixini yazdı. Bugün fəxrlə deyirik ki, Qarabağ Azərbaycandır".

Daha sonra Azərbaycan torpaqlarının azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ölməz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra söz Azərbaycan Türk Ocaqları İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlıya verilib. A.Aşırlı 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə qonaqları təbrik edib. Bildirib ki, bu görüş Azərbaycan Türk Ocağı ilə MEK-in birgə təşkilatçılığı ilə baş tutub:

"Qısaca Azərbaycan Türk Ocağı haqqında məlumat vermək istəyirəm. Təşkilat 1918-20-ci illərdə Azərbaycanda fəaliyyət göstərib. Bu, 1912-ci ildə İstanbulda qurulan və Türkiyədə etnik zəmində qarşıdurmaların önünü alan bir təşkilatın davamı idi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra bir qrup ziyalı - Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və başqa şəxslər Azərbaycan hökumətinə müraciət ediblər. Azərbaycan Türk Ocağının yaradılmasına icazə istəyiblər. Behbud xan Cavanşir həmin vaxt Cümhuriyyətin daxili işlər naziri idi. Behbud xan rəsmi şəkildə Azərbaycan Türk Ocağının fəaliyyətinə izn verib. Cümhuriyyətin yenicə təşəkkül tapdığı, beynəlxalq münasibətlər sisteminə ilk qədəmlərin qoyulduğu vaxt bu təşkilat Türkiyə-Azərbaycan münasibətlərinə öz töhfəsini verdi. VƏ bu gün 26 iyunun Silahlı Qüvvələr Günü kimi qeyd olunmasında Azərbaycan Türk Ocağının özünəməxsus rolu olub. Təkcə maarifçilik sahəsində deyil, ordu quruculuğu sahəsində də təbliğatın aparılmasında, milli hərbi kadrların hazırlanmasında, ideoloji əsasların işlənib-hazırlanmasında Azərbaycan Türk Ocağının böyük xidmətləri olub. Təəssüf ki, təşkilatın ömrü Cümhuriyyət qədər, yəni 23 ay oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində Azərbaycan Türk Ocağının bərpasını qərarlaşdırdıq və br qrup ziyalının iştirakı ilə bu təşkilatı bərpa etdik".

Akif Aşırlı bəyan edib ki, iki il əvvələdək Silahlı Qüvvələr Gününü məyusluqla, sınmış, onurğası əyilmiş vəziyyətdə qeyd edirdik. Ancaq bu gün Ordu Gününü çox şərəflə keçiririk:

 "Azərbaycan Ordusunun, qazilərimizin, şəhidlərimizin və Ali Baş Komandanın siyasi iradəsi sayəsində, o cümlədənTürkiyənin mənəvi dəstəyi nəticəsində 44 günlük Vətən savaşında möhtəşəm Zəfərə imza atıldı. Azərbaycan Ordusunun quruculuğundan çox danışmaq olar. Milli Müsəlman Korpusunun yaradılması 1917-ci ilin sonlarına təsadüf edir. Bu iş öncə Tiflisdə, sonra Gəncədə həyata keçirilib. Təəssüf ki, milli kadrlarımız o vaxt çox az idi. 18 min bolşevik-rus erməni birləşmələrinin qarşısında Azərbaycanın bütövlüyünü təmin etmək gücündə deyildik. Cümhuriyyətin qurucuları bunu çox gözəl dərk edirdi. Ona görə də 4 iyunda Türkiyə ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı.  Bu müqavilənin nəticəsində Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığında Azərbaycana gəldi və 6 ay qanlı savaş getdi. 44 günlük müharibəyə nəzər salanda, yüz il öncə baş vermiş həmin hadisələr də diqqət yönəldirik. Bu kiçik Turan Ordusunun əsası 1918-ci ildə Qafqaz İslam Ordusu hərəkatı zəminində ortaya çıxıb". 

Millət vəkili, Birinci Qarabağ müharibəsinin veteranı Arzu Nağıyev çıxışında diqqətə çatdırıb ki, 1988-ci ildən başlayaraq xüsusi xidmət orqanlarında qulluq keçib. Deputat bildirib ki, elə o vaxtlardan da Qarabağ hadisələri başlayıb:

"Mən xüsusi dəstələrin tərkibində Qarabağda keçirilən əməliyyatlarda iştirak etmişəm və bununla şərəf duyuram. Tale elə gətirib ki, Ermənistanla həmsərhəd olan, savaş gedən bölgədən - Tovuz-Gədəbəy dairəsindən millət vəkili seçilmişəm. Bunu deməkdə məqsədim odur ki, ordunun, müharibənin nə olduğunu kitab-dəftərdən oxumamışam, o günləri yaşamış, canlı şahidlik etmiş, həmin proseslərin içində olmuşam. 1988-ci ildən 1991-ci ilədək könüllülər, polis dəstələri, xüsusi xidmət orqanlarının əməkdaşları mübarizə aparırdı. Ordu formalaşmamışdı və ciddi xaos yaşanırdı. Ermənilər düşünür ki, ulu öndər Heydər Əliyevin istefasından sonra bu xalqla necə istəsələr rəftar edə bilərlər. Qarabağın bütün bölgələrinə SSRİ-nin müxtəlif ərazilərindən milis məktəblərinin müdavimlərini, terrorçu dəstələri, qadın snayperləri gətirmişdilər. Belə vəziyyətdə Azərbaycan Ordusunun formalaşması şərt idi. Könüllü fəaliyyətlə iş düzəlmirdi. Əsgərlərin təminatı demək olar ki, yox idi. Ordunu yaratmaq üçün milli kadr potensialı lazım idi. O vaxt çağırışla Əfqanıstanda və digər yerlərdə döyüş təcrübəsi keçmiş zabitlərə müraciət edildi və onların sayəsində müəyyən qədər irəliləyiş əldə olundu".

Parlament üzvü vurğulayıb ki, 44 günlük Vətən savaşı və Qələbə bir daha göstərdi ki, qətiyyətli Ali Baş Komandan olduqda, eyni zamanda müzəffər, döyüşkən ordu olanda və şəhadəti şərəf sayan Azərbaycan anası olanda Qələbə qazanmaq mümkün hala gəlir:

"Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, qazilərimiz tezliklə dinc həyata qayıtsın, yaraları sağalsın. Bu həssas təbəqə qarşısında Azərbaycan xalqının hamısı borcludur. Əvvəllər ermənilər bizə ironiya ilə baxırdı. İndi bizim yerişimiz, baxışlarımız da dəyişib. Çünki şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qalib olmuşuq".

Tarixçi-alim Firdovsiyyə Əhmədova əlamətdar bir günün ərəfəsində olduğumuzu qeyd edib. Alim bildirib ki, Silahlı Qüvvələr Günü təntənə ilə keçirilməlidir:

"Ordu dövlətçiliklə bağlı strukturdur. Ordu varsa, dövlətin mühafizəsi var. Məhz bu amili nəzərə alaraq, çar Rusiyası müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi mükəlləfiyətə yaxın buraxmırdılar, "etibarsız ünsür" sayırdılar. 1917-ci ildə Cənubi Qafqaz xalqları öz müqəddəratları barədə düşünərkən Azərbaycan milli hərəkatının nümayəndələri də məhz milli hərbi hissələrin yaradılması yönündə fəaliyyətə başlamışdılar. O dönəmdə ermənilər və gürcülər Qafqaz cəbhəsində ordunun əsasını təşkil edirdilər və kifayət qədər hərbi sursata malik idilər. Ermənilər elə həmin silah-sursat hesabına azərbaycanlılara qarşı soyqırımlar törətmişdilər. Amma müsəlmanlar düşünmürdülər ki, həmin silahlardan nə vaxtsa onlara qarşı istifadə olunacaq. Bəs müsəlmanlar necə silahlanmalı idilər? Hərbi sursat, kadrlar çox az idi. Qafqaz cəbhəsindən qayıdan rus hərbi bölmələrinin qarşısını kəsib onların silah-sursatını almaqla silahlanır, müsəlman polku yaradırdılar. Məşhur Şamxor (Şəmkir) hadisəsini oxumusunuz".

Tarixçi vurğulayıb ki, Cümhuriyyət elan olunanda hökumətin ilk işi hərbi nazir postunun təsis edilməsi oldu:

 "Dünyada analoqu olmayan bir hadisədir ki, çox gərgin bir savaş gedir və həmin savaşlar fonunda Azərbaycan Ordusu formalaşır. Əli silah tutmayan, kəndlərdən gəlmiş gənclərə silah verilir və onlar amansız müharibənin iştirakçısına çevrilir. Bu, kiçik hadisə deyildi və böyük fəxarətdir. Azərbaycan ordusu döyüşə-döyüşə formalaşdı. Nəhayət Bakı başda olmaqla digər ərazilərimiz düşməndən təmizləndi". 

Qazi Rəşad Əmənov çox qısa çıxış edib və bildirib ki, biz Vətən müharibəsində möhtəşəm qələbəni və torpaqlarımızın düşməndən azad olunmasını şəhidlərimizə borcluyuq:

"2020-ci ildən öncə 26 iyun Silahlı Qüvvələr Günündən çox danışmırdıq, boynumuzu büküb, kənara çəkilirdik. Alnımızda ləkə olduğuna görə bu günləri qeyd etmirdik. Amma bugün alnım açıq, dik dayanmışam. Müzəffər ordunun bir əsgəri kimi qürurluyam. Bu Zəfəri də şəhidlərimizə borcluyuq".

Kəşfiyyatçı gizir, şəhid Sübhan Abdurrahmanlının anası Mehriban Abdurrahmanlı da deyib ki, şəhid anası olmaq çox qürurludur. Onun sözlərinə görə, 30 il doğma yurd-yuva həsrətinə, şəhid övladlarımız, qazilərimiz son qoydu:

"Mən həm şəhid anasıyam, həm də polkovnik-leytenant Səftər Əmirovun qızıyam. Bizim ailəmiz hərbçi ailəsi olub. Sübhan 1992-ci ildə 18 oktyabrda, Müstəqillik Günü dünyaya gəlmişdi. Həmin il Xocalı soyqırımı baş vermişdi. Həmişə fikirləşirdim ki, Sübhan böyüyəcək və Vətənini sevən bir oğul olacaq. Sübhan kimi oğullar analarından çox Vətəni sevdilər. Hər ilin 26 iyun günü Sübhanı təbrik edirdim. Üç ildir oğlumu təbrik edə bilmirəm. Şuşaya şəhidimiz Polad Həşimovun anası ilə getmişdik. Orada məscidə yollandıq və əlimi açıb dua etdim, dedim ki, "ay Allah, sənə şükürlər olsun, torpaqlarımız azaddır". Fəxr edirik ki, torpaqlarımız azad olundu və övladlarımız tarix yazdılar".

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Camal Yanğın da bildirib ki, Azərbaycan və Türkiyə elə bir coğrafiyada yerləşir ki, mütləq  güclü ordumuz olmalıdır:

"Bura bizim Vətənimizdir və Vətəni qorumalıyıq. 30 ildir dünyanın hər yerində Qarabağdan danışırdım. Qarabağın Azərbaycan torpağı olduğunu söyləyirdim. 30 il səbrlə gözlədik və sonda qərar verdik ki, düşmən torpaqlarımızdan çıxmalıdır. Ordumuz 44 gün ərzində tarix yazdı. Artıq torpaqlarımıza qayıdış prosesi gedir və biz də iş adamı olaraq əlimizdən gələni edə edirik".

Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, Mehriban Abdurrahmanlının ağıllı, təmkinli çıxışı onu heyrətləndirdi:

 "Allah bütün şəhidlərimizə rəhmət etsin. Siz bu davranışınızla həm də görksüz, nümunəsiz. Şəhid analarımız da sizin kimi təmkinli olmağa çalışmalıdır. Ordu Günü ərəfəsində belə bir tədbirin keçirilməsi böyük hadisədir. Ordu quruculuğundan tez-tez danışılmalıdır. Tariximizi araşdıranlar bu barədə danışmalıdır ki, ictimaiyyətin məlumatı olsun. Laçında yeni küçələrdən birinin Xosrov bəy Sultanov olması  həm dərin məna daşıyır, həm də ordumuzun tarixinə ehtiramın nümunəsidir".

AMEA-nın Tarix institunun şöbə müdiri Kamran İsmayılov da bəyan edib ki, müstəqillik əldə etdikdən sonra bir sıra milli bayramlarımız bərpa olundu. Onların əksəriyyəti də Cümhuriyyətin dövründə hansısa hadisənin ildönümü ilə əlaqədar idi:

"Adətən bunların hamısı dövlət bayramları idi. Ancaq həmin dövrdə bəzi ictimai təşkilatlarımız da yaranmışdı. Onlardan birini - Azərbaycan Türk Ocağını da yenidən bərpa ediblər və buna görə xüsusi minnətdarlığımı bildirirəm. Bu, dövlətçilik ənənəsinin fəaliyyətimizdə də davam etdirilməsi deməkdir. 26 iyun Silahlı Qüvvələr Günü bizim üçün müqəddəs bayramdır. Dövlətin yaranması üçün 3 əsas şərt lazımdır - əhali, ərazi, hakimiyyət orqanları. Heç bir dövlət milli orduya malik olmadan uzun müddət yaşaya bilməz. Dövləti yaşatmaq və gücləndirmək üçün mütləq ordu qurulmalıydı və quruldu".

Türkoloq-alim Faiq Ələkbərli çıxışı zamanı vurğulayıb ki, azərbaycançılıq və türkçülük çox önəmli məfhumlardır. Alimin sözlərinə görə, min illər boyu dövlətlərimizi və ordularımızı türklüyümüzün nüvəsində yaratmışıq:

"Düzdür, indi Azərbaycan Ordusunun 105 ilindən danışırıq, ancaq daha qədim dövrdə dövlətlərimiz və ordularımız olub. Orta çağlarda bayandurlar, baharlılar, səfəvilər, qacarlar, əfşarlar dövləti yaranıb, ordulara sahib olublar. Azərbaycan ordusu anlayışı orta çağda, baharlılar, bayandurlar dövründə, həmçinin səlcuqlarda, atəbəylərdə var idi. Səvəfilər zamanı "Qızılbaş ordusu" adlandırılan da əslində Azərbaycan ordusu sayılırdı. Qacarlar dövlətinin 4 əsas vilayətindən ən mühümü Azərbaycan vilayəti idi. Demək istəyirəm ki, Azərbaycan Ordusu anlayışını 105 il öncə ilə məhdudlaşdırmaq da doğru deyil. Bunun mahiyyətini daha yaxşı mənimsəməliyik. Azərbaycan Ordusu ilə təkcə 10 milyonluq əhalimiz deyil, 50 milyonluq azərbaycanlılar da qürur duyur. Azərbaycan Ordusu təbrizlinin, xoylunun, mərəndlinin, dərbəndlinin, borçalının ordusudur".

Azərbaycan Ordusunun şanlı qələbəsindən danışan F.Ələkbərli deyib ki, əfsuslar ki, şəhidsiz, qazisiz olmur: "Əlbəttə, dövlətimiz qazilərimizə, şəhid ailələrinə birmənalı sahib çıxmalıdır və çıxır. Bu, minillik ənənədir. Ancaq bəzən neqativ hallara da rast gəlirik. İnşallah, bu problemləri də aşacağıq".

Tədbir çərçivəsində Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı Türkiyədə nəşr olunmuş "Türk Yurdu" dərgisinin 6 aylıq buraxılışını və digər bir neçə kitabı Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

 

İsmayıl Qocayev

Şərq.- 2023.- 26 iyun. S. 4.