Qürur mənbəyimiz
və güvənc yerimiz...
Azərbaycan Ordusu bundan
sonra da regionun ən güclü ordusu olacaq
Azərbaycan Silahlı Qüvvələrinin
yaranmasının 105 ili tamam olur. Milli Ordumuzun bu müddətdə
keçdiyi döyüş yolunun zirvəsi, sözsüz ki,
Vətən müharibəsində qazanılmış
möhtəşəm Qələbə - Qarabağ Zəfəridir.
Dönə-dönə vurğulandığı kimi,
xalqımızın çoxəsrlik tarixində buna bənzər
Qələbə olmayıb. 1918-ci il iyunun 26-da Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı
ilə ilk müntəzəm hərbi hissə – əlahiddə
Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən
25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya
qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb
Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin
edildi. Sonra – dekabrın 25-də general Səməd bəy
Mehmandarov hərbi nazir, general-leytenant Əlağa
Şıxlinski nazir müavini təyin olundular. Hərb sahəsində
ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru
Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə
birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik
işğalından azad etdi. Azərbaycanda ilk hərbi parad
1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi
ərazidə keçirildi. 1920-ci ilin aprelində Azərbaycan
Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik
hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin
əksəriyyəti, o cümlədən 15 general Nargin
adasında güllələndi, bir çox vətənpərvər
hərbçilər repressiyaya məruz qaldı. Müasir
Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət
müstəqilliyinin bərpasından sonra başlandı. Lakin
müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik
edənlər Ermənistanın torpaqlarımızı
işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli
işinin öhdəsindən gələ bilmədilər. Həmin
dövrdə nizami ordudan əsər-əlamət yox idi.
Müxtəlif hərbi dəstələr ayrı-ayrı
qüvvələr tərəfindən idarə olunurdu. Bundan
istifadə edən düşmənin torpaqlarımıza təcavüzü
getdikcə daha geniş miqyas alırdı. Azərbaycan
müstəqilliyin itirilməsi təhlükəsi ilə
üz-üzə qalmışdı. Belə bir ağır vaxtda
xalqın çağırışı ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq
silahlı dəstələri ləğv edərək nizami
ordu quruculuğu prosesinə start verdi. Azərbaycan Silahlı
Qüvvələrinin şərəfli tarixi
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan
Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi
Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik
təfəkkürünün, siyasi uzaqgörənliyinin və
təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər hələ
sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə
böyük uzaqgörənliklə gələcəyi
düşünür, milli zabit kadrların yetişdirilməsinə
çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid
Naxçıvanski adına ixtisaslaşdırılmış
hərbi məktəbin yaradılmasına nail olundu. Heydər
Əliyev azərbaycanlı gəncləri, həmçinin
SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil
almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin
formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna
rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel
döyüşlərində, Vətən müharibəsində
misilsiz igidliklər göstəriblər.
Müstəqil
Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham
Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin
ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən
Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və
qayğısı sayəsində hərbçilərin
peşəkarlığının artırılması, şəxsi
heyətin döyüş ruhunun və mənəvi-psixoloji
hazırlığının yüksəldilməsi,
Silahlı Qüvvələrimizin ən müasir silah və
texnika ilə təchizatı istiqamətində davamlı
addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində
Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə
regionun ən qüdrətli ordusuna çevrildi. Prezident
İlham Əliyevin rəhbərliyi ilə güclü
dövlət quruculuğu strategiyasının uğurla
reallaşdırılması, güclü iqtisadi potensialın
və böyük maliyyə imkanlarının
yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin
yüksək səviyyədə həll edilməsinə imkan
yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində
müdafiə xərclərinə böyük vəsait
ayrıldı, ölkənin müdafiə sənayesi
yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi,
ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri
genişləndirildi. Modernləşdirilən, ən müasir
texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü,
qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf
edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən
güclü 50 ordusu sırasında qərarlaşıb.
Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində
mindən çox hərbi təyinatlı məhsul istehsal
edilir.
2020-ci
il sentyabrın 27-də başlayan Vətən müharibəsində
rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə
tariximizə qızıl hərflərlə yazıldı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Ordumuz düşmənə sarsıdıcı zərbə
vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə
və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi
deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan
Ordusunun döyüş əməliyyatları, xüsusən
Şuşa əməliyyatı bu gün dünyanın
qabaqcıl hərbi məktəblərində öyrənilir.
Vətən müharibəsində 2900-dən çox əsgər
və zabitimiz doğma torpaqlarımızın azad edilməsi
uğrunda şəhid oldu.
Azərbaycan Həmrəylik Komitəsinin
sədri, Birinci Qarabağ müharibəsinin
iştirakçısı Əlisahib Hüseynov deyib ki, qalib
ölkələrin postmüharibə dönəmində total
qələbə eyforiyasına qapılmaları adətən
onların sonrakı məğlubiyyətləri ilə nəticələnir.
Lakin bizim dövlətimiz və xalqımızın isə belə
bir təhlükəli halla üzləşmək qorxusu yoxdur:
"Bəli, 44 günlük müharibədə Azərbaycan
şanlı Zəfər qazandı və öz ərazi
bütövlüyünü bərpa etməyə nail oldu.
Lakin Birinci Qarabağ müharibəsində
torpaqlarımızı işğal etmələri ilə
öyünən və reallıq hissini itirən ermənilərdən
fərqli olaraq, biz İkinci Qarabağ müharibəsində
qazandığımız tarixi Qələbəyə görə
eyforiya burulğanına düşmədik, müvəffəqiyyətdən
başgicəllənməsinə uğramadıq. Əksinə,
biz ordu quruculuğunun davam etdirilməsini dövlət siyasətinin
əsas prioritetlərimizdən birinə çevirdik.
Çünki təcrübə göstərdi ki, 44
günlük müharibədə torpaqlarımızın erməni
işğalından azad edilməsinin əsas səbəblərindən
biri də son 30 ildə məhz ordu quruculuğunu daim diqqət
mərkəzində saxlamağımız, bu sahədə
davamlı təkmilləşdirmələrin,
modernizasiyanın aparılması oldu. Biz nəyə görə
məhz bu yolu seçmişdik? Çünki 30 il ərzində
beynəlxalq təşkilatlar, güc mərkəzləri, o
cümlədən artıq tarixin arxivinə qovuşmuş
olan Minsk qrupu münaqişənin real həlli
üçün hansısa bir əməli addım atmadı.
BMT, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar
dövləti işğal altında saxladığı ərazilərimizdən
çıxmağa məcbur etməliydilər. Lakin əfsuslar
olsun ki, bu qurumların fəaliyyəti işğalçı
ilə təcavüzə məruz qalan tərəf arasında
bərabərlik işarəsi qoymaqdan və “status-kvo”nu qoruyub
saxlamaqdan uzağa getmədi. Təcavüzkar Ermənistan və
onun havadarları bizi işğal faktı ilə
barışdırmaq üçün 30 il ərzində min
cür ssenari cızdılar. Lakin Azərbaycan isə
bütün bunların fonunda işğal illərində
xoş məram nümayiş etdirərək bir tərəfdən
fəal surətdə sülh danışıqları
aparırdısa, digər tərəfdən isə
torpaqlarımızın güc yoluyla işğaldan azad ediləcəyi
variantını da istisna etməyərək tamamilə
haqlı olaraq müharibə hazırlıqları
aparırdı. Bu, çox düzgün seçilmiş
taktika idi. Prezident İlham Əliyev həmişə qətiyyətlə
bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə
heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə
həllini tapmasa, hərb yolu seçiləcək. Zaman
İlham Əliyevin haqlı olduğunu göstərdi. 44
günlük müharibədən əvvəlki mərhələdə
respublikamızda həyata keçirilən ordu quruculuğu həqiqətən
də öz müsbət nəticəsini verdi. Bu baxımdan,
güclü iqtisadiyyata əsaslanmaqla müasir ordu quruculuğuna
nail olunması ölkəmizin böyük uğurudur. Bu
uğurun təməli isə Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. Pərakəndə
silahlı dəstələrin, könüllü
özünümüdafiə batalyonlarının əvəzinə,
vahid komandanlığa tabe olan müasir ordunun
yaradılması məhz Heydər Əliyevin adı ilə
bağlıdır".
Ekspert vurğulayıb ki, müstəqilliyin
ilk illərində Azərbaycanda ordu quruculuğu sahəsində
hərcmərcliyin hökm sürməsi bu gün heç kimə
sirr deyil: "Ulu Öndər tərəfindən əsası
qoyulan müasir ordu quruculuğu prosesi sonradan Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz
İlham Əliyevin son 20 il ərzində ordu quruculuğuna
müstəsna diqqət və qayğı göstərməsi
nəticəsində güclü ordunun yaradılması real
fakta çevrildi. Ordunun gücləndirilməsinin dövlət
siyasətimizin əsas prioritet sahələrdən birinə
çevrilməsi, bu sahəyə diqqət və
qayğının davamlı şəkil alması son nəticədə
böyük Zəfərə imza atmağımıza və
Silahlı Qüvvələrimizin dünyanın ən
güclü 50 ordusu sırasına daxil olmasına gətirib
çıxardı. Prezidentin siyasi iradəsi ilə ordu
quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü
tədbirlər bu gün də intensiv şəkildə həyata
keçirilir, kompleks tədbirlər görülür.
Xüsusən də 44 günlük Vətən müharibəsinin
qələbə ilə başa çatmasından sonra ordunun
döyüş imkanlarının artırılması istiqamətində
tədbirlərin həyata keçirilməsi ardıcıl
xarakter alıb. Dövlət büdcəsindən Silahlı
Qüvvələrin möhkəmləndirilməsinə hər
il kifayət qədər böyük vəsait ayrılır.
Azərbaycan Ordusunun maddi-texniki təchizatı getdikcə daha
yüksək səviyyəyə çatdırılır.
İndi Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə
qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri
yeni dövrün çağırışları əsasında
və NATO standartlarına uyğun olaraq komplektləşdirilir.
Bu da Ordumuzu quruda, suda və havada istənilən
döyüş tapşırıqlarını yerinə yetirmək
və ölkəmizi istənilən hücumdan müdafiə
etmək potensialına malik olan qüdrətli hərbi gücə
çevirir.
Ordumuzun gücləndirilməsi,
modernləşdirilməsi bundan sonra da davam etdiriləcək.
Biz burada bir məqamı da xüsusi olaraq
vurğulamalıyıq ki, məğlub Ermənistandan fərqli
olaraq bizim iqtisadi gücümüz imkan verir ki, ordumuz
üçün yeni silahların, yeni texnikaların
alınmasına və eləcə də yeni döyüş
birləşmələrinin yaradılmasına lazımi dərəcədə
dövlət vəsaiti ayrılsın. Cənab Prezident də
sözügedən mərasimdəki
çıxışında bu məsələyə
ayrıca toxunaraq bildirdi ki, Vətən müharibəsindən
sonra yeni silahların alınması prosesi davam edir və bu
istiqamətdə artıq bir çox müqavilələr
imzalanıb, həm yeni pilotsuz uçuş aparatları, həm
də uzaqmənzilli raketlər artıq ölkəmizə gətirilib.
Eyni zamanda Ali Baş Komandanın tapşırığı ilə
ordumuzda yeni təyinatlı Komando hərbi hissələri
yaradılır. Bu hərbi birliklər qardaş Türkiyə
Silahlı Qüvvələrinin təcrübəsi əsasında
yaradılmaqdadır. Prezident İlham Əliyev qeyd etdi ki, Komando
qüvvələrinin sayı get-gedə
artırılacaq".
Ə.Hüseynov bəyan edib ki,
bütün bunlar bir daha onu göstərir ki, müharibənin
başa çatmasından dərhal sonra Ordumuzun daha da gücləndirilməsi
Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas
prioritetlərdən biridir: "Bu sahədə görülən
işlər Azərbaycan Ordusuna bundan sonra da regionun ən
güclü ordusu, qalib ordusu statusunu qoruyub saxlamağa imkan verəcək.
Bu gün Azərbaycan Ordusu sözün əsl mənasında
milli qürur mənbəyimiz və güvənc yerimizdir. Biz əminik
ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizə
xain gözlərlə baxan istənilən düşməni məhv
etmək qüdrətinə malikdir. Yeri gəlmişkən, bu
il Ordumuz üçün həm də ona görə əlamətdar
ildir ki, iyunun 26-da Silahlı Qüvvələrimizin
yaranmasının 105-ci ili tamam olur. Odur ki, fürsətdən
istifadə edib Azərbaycan Silahlı Qüvvələrinin
yaranmasının 105 ilinin tamam olması və 26 iyun -
Silahlı Qüvvələr Günü münasibətilə
Ali Baş Komandan İlham Əliyevi, bütün əsgər
və zabitlərimizi, qazilərimizi ürəkdən təbrik
edir, onlara ölkəmizin ərazi
bütövlüyünün və təhlükəsizliyinin
qorunması kimi şərəfli missiyanı davam etdirmək
naminə sarsılmaz güc və qələbə əzmi
arzulayırıq. Yaşasın Azərbaycan Ordusu!".
İsmayıl
Şərq.- 2023.- 26 iyun. S. 6.