"Mən Heydər Əliyevi ilk dəfə İrəvanda görmüşəm"

Eldar Sabiroğlu: "Bakıda Ulu Öndərlə görüşəndə, ona 1978-ci ildəki görüşümüzü xatırlatdım. Doluxsundu, dedi ki, oğlum, zaman gələcək ora qayıdacağıq"

Zəngibasarda evimizdə ermənilərin qəsbkarlığından, həyasızlığından, az qala, hər gün söhbət gedirdi

  Ondan müsahibə almaq istədiyimizi bildirəndə, “mən başıbəlalıyam”, sizin də başınız ağrıyar”, dedi. Biz də “narahat olmayın, elə bir mövzuda danışacağıq ki, kimsənin başı “ağrımaz”, dedik. “Başıbəlalı adam” Eldar Sabiroğludur. Söhbətə Eldar müəllimin ata yurdu Zəngibasarla başladıq.

- Zəngibasar rayonunun Zəhmət kəndində 1957-ci il yanvarın 4-də anadan olmuşam. Orta məktəbi bitirdim, sonra Ermənistan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldım... O vaxt Ermənistanda “Sovet Ermənistanı” qəzeti nəşr olunurdu, Azərbaycan dilində, mən o qəzetdə çalışmağa başladım. Mərkəzi qəzetlərdən biri idi və iki əsas şöbəsi vardı. Biri partiya-sovet quruculuğu şöbəsi idi, biri də təbliğat-təşviqat şöbəsi. Partiya-sovet quruculuğu şöbəsinə müdir təyinatını birbaşa respublikanın birinci katibi təsdiqləyirdi. Məni də qəzetin redaktoru Cahangir müəllim (Cahangir Əliyev) Ermənistan SSR-in I katibi Karen Dəmirçiyana təqdim etdi. Dəmirçiyan erməni dilində, bir az da kinayə ilə soruşdu ki, “türk oğlu, işləyə biləcəksən?” (Eldar müəllim, bu sualı erməni dilində səsləndirdi, sonra da “bağışlayın ki, mən bu əclafların dilində danışdım”, dedi – M.R.). Mən də erməni dilini bilirəm axı. Cavab verdim ki, bəli, işləyəcəyəm. Beləcə, şöbə müdiri vəzifəsinə təsdiq olundum. Elə kənd, qəsəbə yox idi ki, ora ayaq basmayım, insanlarla görüşməyim. Kənd-kənd, qəsəbə-qəsəbə gəzirdim, insanlarla söhbət edirdim, vəziyyətlərini öyrənirdim. Ümummilli Lider Heydər Əliyevi də ilk dəfə İrəvanda görmüşəm. 1978-ci ildə Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyi keçirilirdi. Böyük tədbir idi, Siyasi büro üzvləri gəlmişdilər. Xeyli qonaqlar vardı. İrəvan Opera Teatrında təntənəli mərasim keçirilirdi. Heydər Əliyev də Azərbaycan KP MK-nın I katibi kimi dəvət olunmuşdu və iştirak edirdi. Rəhmətlik Məhərrəm Bayramov – “Sovet Ermənistanı” qəzetinin baş redaktoru idi, məni tədbirə göndərmişdi, reportaj hazırlayım. Ön sırada əyləşmişdim, təsəvvür edin, sağ tərəfdə Heydər Əliyev əyləşib, sol tərəfdə Şevardnadze... Bu İran ki var, mən onların ikiüzlülüyünü, riyakarlığını orda gördüm. İrandan da bir xadim gəlmişdi, iştirak edirdi. Tribunaya çıxdı, təbrik nitqi söyləməyə. Dedi ki, bu iki “qədim xalq” arasında tarixdə bir dəfə müharibə olub. Mən buna görə Sasunlu Davidin abidəsi önündə ondan üzr istədim. Fikir verin, riyakarlığa baxın! Məhərrəm Bayramov həm də Amasya rayonu Partiya Komitəsinin birinci katibi olmuşdu. Millətsevər bir insan idi. 1981-ci ildə onu güllə ilə ağzından vurub öldürdülər.

- Reportajı hazırlaya bildiniz?

- Əlbəttə. Reportajı da hazırladım. Sizə bir şeyi də deyim. O iranlı həmin sözləri deyəndə, mən Heydər Əliyevin simasının tutulduğunu gördüm. Heydər Əliyev o adamın riyakarlığına qəzəblənmişdi. Sonra Bakıya, Ali Partiya Məktəbində təhsil almağa gəldim. Bakı həyatı başladı.

- Eldar müəllim, deməli, 1988-ci il hadisələri başlayanda siz artıq Bakıda idiniz. Bəs ailəniz, atanız, ananız?

- O zaman məni, demək olar ki, Bakıya qaçırdılar. Dünya yaxşı insanlardan xali deyil. İrəvandan gəldim Naxçıvana. Tahir Əliyev Naxçıvan şəhər partiya komitəsinin katibi idi. Mən əlimdə olan informasiyaları Bakıya ötürürdüm. İlham Rəhimli o vaxt “Kommunist” qəzetində şöbə müdiri işləyirdi, ona çatdırırdım, bir də Allahşükür Paşazadəyə. Sonra Noraşenə - Şərura keçdim. Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Nurəddin Mustafayev, rəhmətlik, onun köməyiylə gəldim Bakıya. Məni belə qaçırdılar, ölümdən xilas etdilər. Həyat yoldaşım, 2 övladımı da Bakıya gətirdim. Atam, anam hələ İrəvanda idilər.

- Amma hadisələr artıq başlamışdı. Soydaşlarımızın qovulması, işgəncələr... Bəs atanız, ananız necə gəldilər?

- Atam, anam 1989-cu ildə köçüb gəldilər. Ata mülkümüzü Bakıdakı mənzillə dəyişdik. 2 mərtəbə mülkümüz vardı, Bakıda isə 3 otaqlı mənzilə dəyişə bildik. Mən evin sənədləri üçün 1989-da bir də qayıdası oldum Ermənistana. Gecə vaxtı evimizə getdim, orda artıq ermənilər yaşayırdı. Həyətimizi gəzdim, it yox, pişik yox. Hinə baxdım, bir dənə də toyuq-cücə qalmayıb. Həyət suyu çəkilmiş dəyirmana dönüb... Mülkümüzün aşağı hissəsinə keçdim, oturub xeyli ağladım... Səhər sənədləri alıb qayıtdım Bakıya... Atam fəlsəfə doktoru idi, institutda dərs deyirdi. Babam Xəlil kişi Amasyada yüksək vəzifələrdə işləmişdi. Onun əlimdən tutub mənə Ağrı dağını göstərməyi heç yadımdan çıxmır. Kəndimiz çox səfalı idi. İrəvandan təxminən 4-5 kilometr məsafədə yerləşirdi. Ağrı dağından sərin hava gəlirdi, yayda o havanı ciyərlərimizə çəkərdik, adama elə gəlirdi ki, sanki bulaqdan buz kimi su içir. Yolun kənarları meyvə ağacları idi. Yol boyu, gedən-gələn o ağacların meyvəsindən dərərdi...  

- Eldar müəllim, Zəngibasarda yaşadığınız illərdə ailənizdə, evdə ermənilərin vəhşiliyindən danışılırdımı, yoxsa sovet quruluşu idi deyə, susmağa üstünlük verilirdi?

- Bizim evdə ermənilərin qəsbkarlığından, həyasızlığından, az qala, hər gün söhbət gedirdi. Onlar da bizim bu düşüncədə olduğumuzu bilirdilər. Babam dediyim kimi, yüksək vəzifələrdə çalışmışdı, yerli əhaliyə, azərbaycanlılara həmişə kömək edərmiş. Babamın bacısı oğlu Türkiyə tərəfə keçib, ailəsiylə orada yaşamağa başlayıblar. Adı Cabbar idi. O, “Rus inkvizisiyasının bəlaları” adlı bir kitab nəşr etmişdi. Buna görə atamı da işdən çıxardılar. Anam evdar qadın idi. İrəvan xanı Allahqulu xanın nəslindəndi. Allahqulu xan, sizə deyim... 1719-1725-ci illərdə  İrəvan xanı olub. Atamın soy-kökü Qarsdandı, anamsa Ərdəbildən.

- Kəndinizin adı Zəhmətdi. Bu, sovet vaxtı qoyulan ada oxşayır. Qədim adı nə olub, bilirsiniz?

- Əvvəlki adı Haçaparaq olub. 1932-ci ilədək. Ermənilər “Xaşaparaq” deyirdilər. Həmişəki adətləridi, çalışırlar nə ad varsa, erməniləşdirsinlər. Adından da görünür ki, türk obasıdır.

- 1988-ci il hadisələri başlayanda, ailəniz, qohumlar Ermənistan ərazisində idilər. Şübhəsiz ki, baş verənlərin şahidi olublar. Sizin şəxsən şahidlik etdiyiniz hadisələr olubmu?

- Əlbəttə. Ümumilikdə 284 nəfər qətlə yetirilmşdi. Qaraqışlaq, Mahmandar, Cəfərabad kəndlərində qırğınlar törətmişdilər.  Qaraqışlaq kəndində Həsən kişinin oğlu Müşviqi ermənilər ağaca bağladı, bədənində 57 siqaret kötüyü söndürdülər, onu işgəncə ilə öldürdülər. Ailəli idi. Övladları vardı. Atası, ailə üzvləri Bakıya pənah gətirdi. Mən onların evlə təmin olunmasına yardım etdim. Həmin hadisəni bu gün də xatırlayıram...

- Demək istədiyim budur ki, baş vermiş hadisələrlə bağlı sənədli materiallar yəqin ki var, bu haqda çox yazılıb, həmin sənədlərin surəti, şahid ifadələri beynəlxalq məhkəmələrə təqdim edilibmi? Edilməyibsə, niyə edilməyib?

- Mənim dəqiq məlumatım yoxdur, hara, hansı təşkilatlara sənədlər təqdim olunub, amma tarixçi alim Nazim Mustafa erməni vəhşiliynə məruz qalmış soydaşlarımızın  - şahidlərin danışdıqlarını lentə almışdı. Onun erməni vandalizmi haqqında tutarlı əsərləri var, kitabları nəşr olunub.

- Siz İrəvan İctimai Birliyinin sədr müavini olmusunuz...

(sualı yarımçıq kəsdi)

- Mən Qaçqınlar Cəmiyyətini yaradanlardan biriyəm. 1989-cu ildə biz bu təşkilatı qurduq, Abbas Səfərovla. Qərbi Azərbaycan İcması bu cəmiyyətin bazasında yaradılıb. Amma orda lazımı insanlar yoxdur. Qaçqınlar Cəmiyyətini yaradanlardan cəmi 3 nəfər qalmışıq. İnana bilmərəm ki, əgər cənab Prezidentə məruzə edilsəydi ki, əvvəlki Qaçqınlar Cəmiyyətindən də bir nəfər təmsil olunsun, o buna etiraz edəcəkdi.  Sadəcə, cənab Prezidentə bu barədə deyilməyib. Qərbi Azərbaycan İcması Qaçqınlar Cəmiyyətinin bazasında yaradılır, amma cəmiyyətdən bir nəfər də orda təmsil olunmur.

- Eldar müəllim, yəqin gənc kadrlarla işləməyə üstünlük verirlər...

- Nə gənc kadr?! Orda 78 yaşlı üzv var. Mənim də 67 yaşım var. Qocalmışam?

- Bilirsiz, belə fikirlər var ki, İcmada, yaxud İdarə Heyətində təmsil olundu, olunmadı, bu, ümumi işimizdir, hamı həqiqət naminə çalışmalıdır. Məsələn, siz ora getsəniz, köməyinizi təklif etsəniz, kimsə sizi geri qaytarmaz, məncə.

- Yox, əlbəttə, geri qaytarmazlar. Şikayətim də yoxdur.

- Məncə, siz də əlinizdən gələn köməyi etməyə hazırsınız.

- Bəli. Hər hansı nigaranlığım da yoxdur.  Prezidentimizin siyasətini də həmişə dəstəkləmişəm, bu gün də dəstəkləyirəm. Baxmayaraq ki, müəyyən insanlar mənə və oğluma qarşı haqsızlıq etdilər.

- Siz inanırsınız ki, bir gün İrəvana, qədim yurdumuza qayıdacağıq?

- Əlbəttə. İnam var. Açıq danışacam, vaxtilə mən, özümə sual verirdim ki, Prezident, görəsən, niyə torpaqlarımızı işğaldan azad etmək əmri vermir? Günlərin bir günü oyandıq ki, ordumuz hücuma keçib. Torpaqlarımızı da azad etdik. Qərbi Azərbaycan İcmasını yaratmaqla da Prezident çox böyük iş gördü. İnanıram ki, bu iş öz bəhrəsini verəcək. Mən Bakıda Ulu Öndərlə görüşəndə, ona 1978-ci ildəki görüşümüzü xatırlatdım. Doluxsundu, dedi ki, oğlum, zaman gələcək ora qayıdacağıq.

- Ümummilli Liderlə bağlı danışmağınızı xahiş edəcəkdim...

- Heydər Əliyev əvəzsiz şəxsiyyət idi. Çox güclü yaddaşı vardı. Uzaqgörən idi. Daxili fəhmə malik idi və doğru qərarlar verirdi. O, bir kişi idi, gəldi, getdi!..

- Siz həm də prezident seçkilərində mətbuat katibi olmusunuz, ümumiyyətlə, işlə bağlı əməkdaşlardan, partiya üzvlərindən, daha çox nəyi tələb edirdi?

- Onun əsas tələbi düzgünlük idi. Satqınlığı rədd edirdi, amma səhvi bağışlayırdı. Səhv edənin üzərinə getməzdi, səhvi düzəltməyinə imkan verərdi. Mən həmişə onun qayğısını görmüşəm. 1998-ci il Prezident seçkilərində mənim mətbuat katibi olmağımı özü istədi. İclasda Ramiz Mehdiyev,  Əli Həsənov bir neçə nəfərin adını çəkdilər. Heydər Əliyev dedi ki, niyə kimisə axtarırsınız, Sabir burdadı. Mənə Sabir deyirdi. Onun təklifi ilə mətbuat katibi təyin olundum. Çünki məni izləyirdi, necə çalışdığımı bilirdi. Bilirsiz... mən çətin adam deyiləm. Amma idarəetmə sistemində belə haqsızlıqlar olur. Siyasi rəhbər kimə etimad göstərirsə, kimə rəğbət bəsləyirsə, ona daxili təzyiqlər başlayır. Sanki bu adam onların kreslosunu tutacaq. Belə bir əhəmiyyətsiz, yersiz qorxu sarır bəzi insanları. Heydər Əliyev mənim savadıma, bacarığıma bələd idi. Prezident seçkilərində AMİP sədr müavini Nazim İmanovla “Nəzər nöqtəsi”nə çıxmışdıq. Mən orda müxalifəti ifşa etdim. N.İmanovun əlində tutduğu dəftərdəki imzaların saxta olduğunu isbatladım. O imzaların hamısının eyni xətlə yazıldığını fərq etmişdim, bunu da verilişdə söylədim. O zaman Heydər Əliyev bundan xəbər tutmuşdu və demişdi ki, Sabir çox savadlıdı, onun müsahibələrini dinləmişəm, müxalifət liderlərini faktlarla yerlərində otuzdurub.

- Sizi Ramiz Mehdiyev haqqında məqalə yazmağa nə vadar etdi?

- Mən Ramiz Mehdiyev haqqında məqalə yazıb onun sifətini təqdim edəndə bəziləri məni qınadı. Əbdürrəhman Vəzirov katib təyin olunanda iclas çağırıb, Ramiz Mehdiyevə bəzi suallar verib, o da cavab verib ki, heç bir günahı yoxdur, guya ki, bütün bu işləri Heydər Əliyev edib. Mən bunu Heydər Əliyevə də demişəm, mənə deyib ki, hər şeydən xəbəri var, amma mən bunları hardan bilirəm? Mən də cavab verdim ki, cənab Prezident, iclasın stenoqramını əldə etmişəm, orda yazılıb. Ulu Öndər o zaman da mənə dedi ki, narahat olma. Yəni Ramiz Mehdiyev belə sistem qurmuşdu. Kimi gözdən salmaq, vəzifədən uzaqlaşdırmaq istəyirdilərsə, öz adamlarını göndərirdilər Prezidentin yanına, bu adam da başlayırdı, yalan, böhtan atmağa ki, o adam belədir, xəyanətkardır, və sair. Mən o məqaləmlə bunların iş “prinsipini”, mahiyyətlərini ortaya qoydum.

- Amma bədəli ağır oldu, deyə bilərik?

- Oğlumu nəzərdə tutursunuzsa, mən oğlumun mövqeyi ilə heç vaxt razılaşmamışam. Mənə dedi ki, ata, əgər səni mənə görə işdən çıxarırlarsa, məni müdafiə etmə. Dedim, oğlum, səni ona görə dünyaya gətirməmişəm ki, bu gün tək qoyam.

- Siz oğlunuza sərt məktub yazmısınız. Ölsəm, qəbrimin üstünə gəlmə...

- Bu, ikinci etirazım idi və tamam başqa səbəbdən idi. Əsəblərim dözmədi, belə bir müraciət etdim. Bu, hər bir insanın başına gələ bilər. Amma mən heç kimə bunu arzulamıram. 

- Peşmansınız?

- Əlbəttə ki, peşmanam. Əziyyət çəkirəm, niyə belə etdim?! Bir az təmkinli olmalıydım. Əsəblərimi cilovlaya bilmədim... Təəssüf edirəm ki, ömrünü Heydər Əliyev siyasətinə həsr etmiş bir adamın evində müxalifətçi var. Müxalifətçi deyəndə ki, fikir ayrılıqları var aramızda.  

- Bəs necə dolanırsınız?

- Nə deyim?.. Çox çətindi. Kredit götürdüyümüz vaxtlar da olur. Bilmirəm, xəbəriniz var, yox, mən Parkinson xəstəsiyəm. Ağır beyin əməliyyatı keçirmişəm. Məni ölümdən cənab Prezidentlə, Mehriban xanım qurtardı. Əməliyyat  xərcləri dövlət hesabına ödəndi. Bu gün həyatdayamsa, həyatımı cənab İlham Əliyevə və Mehriban xanıma borcluyam. Mən necə onlara qarşı çıxa bilərəm?

 

Söhbətləşdi, Məlahət Rzayeva

Şərq  2023.- 2 mart.- S.7.