Dahi şəxsiyyət,
uzaqgörən lider, cəsarətli insan
Heydər
Əliyev bütün dövrlərdə
xalqın dəstəyini hiss edərək
Azərbaycanı inamla irəliyə
aparırdı
"Heydər
Əliyev deyirdi ki..."
"Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir". "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir". Bu tarixi kəlamlar Ulu Öndər Heydər Əliyevə məxsusdur. Ümummilli Lider deyirdi: "Müstəqillik yolu qədər çətin yol yoxdur. Tarix dəfələrlə sübut edib ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Azərbaycanın öz müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalıb. Heydər Əliyev millətinin tarixində dərin iz qoyub, xalqın gələcəyini müəyyən etmiş şəxsiyyət olub. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görüb. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünüb, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərib. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazıb. "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması Heydər Əliyevin xidmətləridir.
Ümumiyyətlə, Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bilib. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrilib. Sənayesi inkişaf etdirilib, güclü aqrar-sənaye kompleksi formalaşıb. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırıb, milli özünüdərk hissi güclənib, mənəvi tərəqqi sürətlənib. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edilib. Bakının milli siması formalaşdırılıb. Bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirilib, milli ruhun yüksəlişi təmin edilib. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu hərbi liseyin yetirmələridir. İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Xüsusilə o dövrdə “sovet ideologiyası” nın əsas olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O, həmişə bir prinsipi əsas götürürdü:” Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”.
Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli Lideri xilaskar adlandırdı. Bu, tamamilə məntiqli və ədalətlidir. Heç şübhəsiz, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı demək olar ki, müqəddəratı həll olunmuş xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz bu dahi şəxsiyyət oldu. O zaman Ümummilli Liderimiz Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri ən sərt şəkildə ittiham etdi. Qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı. SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə açıq şəkildə, özü də mərkəzində etiraz etmək sözün əsl mənasında qorxmazlıq, tükənməz hünər və dönməz cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, bu addımı atdı. Hər şeydən əvvəl Vətən, xalq qarşısında öz vətəndaşlıq və milli mövqe missiyasını həyata keçirdi və bu yolda hətta canını əsirgəməyəcəyi gerçəkliyini ortaya qoymuş oldu. Əgər həmin tarixi bəyanat olmasa idi, xalqımız və dövlətimiz sözün həqiqi mənasında daha ağır məşəqqətlərə uğraya, hətta öz müstəqilliyini belə, elan edə bilməzdi. Bu bir aksiomadır və onu danmaq sadəcə, mümkün deyil.
Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz Ulu Öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanının dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq.
1993-cü ildə onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Bu gün onun ruhu şaddır, çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Özü qədər inandığı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni faşizmini məhv etdi. Hazırda Azərbaycan təkcə Cənubi Qafqazda, regionda deyil, dünyada yeni reallığı yaradıb. Ölkəmizin gündən-günə artan nüfuzu bunu bir daha sübut edir.
Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Deputatın sözlərinə görə, o, öz həyatını doğma xalqına həsr etmişdi: "Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdu. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə, o cümlədən, elm və təhsilə diqqət və qayğı daha da artdı. Bu, təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu".
Parlament üzvü bəyan edib ki, Ümmumilli Lider Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda, onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq: "Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də. Ulu Öndər 1993-cü ilin sentyabr ayında Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” - deyə söylədi. Ümummilli Liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması cox məqsədəuygundur. İnanırıq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcək".
İsmayıl Qocayev
Şərq .- 2023.- 7 mart.- S.4.