Kaş heç bitməyəydi ...

(esse-reportaj)

Mən ona "Ədəbiyyat Adam" demişəm. Ədəbiyyat adamı yox, Ədəbiyyatdakı adam yox!

Təpədən dırnağa ədəbiyyatın içində olan - içində özündən də böyük ədəbiyyat olan adam. İçi çölündən böyük insan.

Yox, pafos deyil. Əgər kimsə bu cümlələri oxuyub da: "Eh, quruca tərifdir" deyib keçirsə, deməli, Ədəbiyyat Adamı oxumayıb; nə ədəbiyyat kimi, nə də adam kimi. Heç olmasa, bircə dəfə məclisinə düşsə, ünsiyyət qursa, söhbətini dinləsə, deyər: "Bu kişi, doğrudan da, əsl ədəbiyyatmış ki!, Deyilən qədər varmış!"

Niyəsi aydındır: Seyran Səxavət emosional kənd uşağının provinsial səmimiyyəti ilə ağsaqqal şəhər ziyalısının intellektual ciddiyyətini özündə birləşdirmiş unikal şəxsiyyətdir.

Bəlkə də bu sətirləri oxusa, heç özünün də xoşu gəlməyəcək və axıcı Qarabağ ləhcəsinin lap şirin yerindən bir atmaca tapıb atacaq. Təxminən belə: "Dədə, sənin bir cümlən mənim ömründən uzundur. Bu uzunluqda da yox da!"

Beləliklə bostanım Seyran Səxavətdən öz daş payını almış olacaq.

Şair Seyranın ədəbi (və ədəbli) böyük bir Səxavətlə atdığı o səmimiyyət daşına hansı özündən deyən...bostan tuş gəlməyib ki?! Ağsaqqal yazıçı o daşları yığıb bir şəhər salası olsa, adını da "Qarabulaq" qoysa... Ya da lap "Yağlıvənd" olsun...

Doğulub böyüdüyü kəndin - Yağlıvəndin adı gələndə kövrəldi. Bir də yaxın dostu, korifey aktyor Fuad Poladovu xatırlayanda gözləri doldu.

Seyran Səxavət tez-tez sənətkar dostunun qəbrini ziyarət edir. Amma həm də bərk "inciyib" Fuad Poladovdan. Elə bəlkə Yusif Səmədoğludan da...

Yusif Səmədoğlunun da yeri onda bir başqaymış. Deyir: “Məndən bir verilişdə soruşdular: “Sizdən asılı olsaydı, Nobel mükafatını kimə verərdiniz?” Dedim: “Vallah, özümə”. Yalandan necə deyim ki, filankəsə?! Amma desələr: “Yox, özünü deyə bilməzsən”, onda deyərəm, Yusif Səmədoğluna verin””.

Hiss olunur ki, o dostlar üçün çox darıxır. Həm də “qınadı”. Dedi: "Dostlarım mənsiz heç yerə getməzdilər. Bu dəfə özləri getdilər, məni aparmadılar. Məni qoyub çıxıb dünyadan getdilər".

Gözlərinin yaşını silir, başını qaldırıb əvvəl üzünü Göyə tutur, sonra da salona tərəf dönür: "Neynək, canları sağ olsun, vaxtı gələndə görüşəcəyik"-deyə özünə təsəlli verir. Axırda da salonda cəmləşənləri qüssədən ayırmaq üçün zarafata keçir: “Mənim çox dostlarım olub. Eləsi var, altmış ildir, dostluq edirəm. Dostluğun müddətinə görə pensiya versələr, mən hamıdan çox pensiya alaram”.

 Seyran Səxavət

Yağlıvənd dedi, yadıma düşdü: doğma kəndi işğal altında olan vaxtlarda Seyran Səxabət özü belə bir arzusunu dilə gətirmişdi: "Kənd azad olunsun, gedib atamla anamın qəbirlərinin arasında qollarımı yana açıb uzanım və ölüm".

O kənd yoxdur. Dağıdılıb. Ancaq bu, bir duaydısa da, öncə Allah, sonra millət və dövlət bu duanı eşitdi. Arzusu həyata keçdi şairin. Ancaq duanın son cümləsindəki istəyinə gəlincə, Allah o kənddə ölüm yox, ömür versin yazıçımıza; yeni Yağlıvənd yenə Yağlıvənd olsun və Seyran Səxavət də ora ömür sürməyə getsin. Hərdənbir gələk, bizi də samovar çayına qonaq eləsin.

Bir arzusu da Füzuli rayonunun adı ilə bağlıdır. Hər görüşdə, söhbətdə onu deyir. Oxucularla, bu növbəti görüşündə də üzünü ön sırada oturmuş qonağına - yazıçı dostu Aqil Abbasa tutub da, onun deputat olmağına işarə edərək dedi: "Aqilin əli yuxarıların ətəyindədir. Bu sözümü oralara çatdırsın. Füzuli rayonunun tarixi adını qaytarmaq lazımdır. Qarabulaq. Elə bilirəm, Məhəmməd Füzuli məndən inciməz..."

"Yuxarılar" deyəndə hökuməti nəzərdə tutur. Çünki onun üçün daha da yuxarısı - ən yuxarısı var: "77 yaşa çatdım, əlim bircə ətək tanıdı, o da Allahın ətəyidir",-deyir.

Yeri gəldi, deyim: bəlkə də 10-15 ildir ki, mən də yazıram: elimizin qədim adını özünə qaytarsınlar - "Qarabulaq" adını. Yazıçı düz deyir. Məncə, Məhəmməd Füzulinin özü də belə istərdi...

Seyran Səxavətlə bu dəfəki görüş Məhəmməd Füzulinin adını daşıyan rayonun qonşuluğundaydı - Beyləqanda.

Bu balaca şəhər uzaqdan gəlmiş qonağını bir kövrək, həm də şirin əyalət səmimiyyəti ilə qarşıladı. Ancaq... Tarix-diyarşünaslıq Muzeyini kimdən soruşdum, bilən olmadı. Düşündüm: ya bu şəhər çox qədimdi, ya da adamlar çox "cavanlaşıb"... Yəqin hər ikisidir.

Bu düşüncələr içərisində axtarmağa davam etdim.

Bəzən elə ruh halı olur: cavabsız suallar beynində dəyirman daşı kimi fırlanır, sözləri, kəlmələri üyüdüb bir-birinə qarışdırır.

...Xudmani pronvisial parkın içindəki muzey təmsil etdiyi qədimliklə modern çağ arasında bir nöqtədəymiş kimidir. Naviqasiyanın aldadıcı bələdçiliyindən bezib çox adamdan soruşsam da, gördüm deyən olmamışdı da. Di gəl, çox asan yerdəymiş.

Ərəb qumsalındakı gözqamaşdıran meqapolisdən əxz etdiyimiz Avrodəbli iri, parlaq şüşə bloklardan "solğun" proyektlə tikilmiş bu binanı tapmaq elə də çətin olmamalıymış. Həyətində Arazın o tayındakı quruyan gölümüzün, yəni Urmiya hövzəsinin maketi - susuz bir hovuz var. Özlüyümdə düşündüm: bəlkə bu bomboş hovuz o fağır gölü gözləyən ağır bəxtə - susuz gələcəyə işarədir?!

Eh, hardan biləsən?! Allah bilir. Bizim bilmədiyimiz çox şey var, Allahın isə bilmədiyi heç nə yoxdur.

Mistik fəlsəfənin tanınmış simalarından olan fransız yazıçı-filosof Eduard Şüre "Sfinksdən Xristə qədər" adlı şedevr əsərində yazır: "İnsan Allahsızlaşdırılanda dönüb olur materiyanın köləsi. Başsızlaşdırılmış Kainat başsızlaşdırılmış insanın yaranmasına gətirib çıxarır".

Şürenin bu dərin fəlsəfi cümləsindən anladığım: insanı Göylərin hikmətlərindən ayırsan, düşüb yerlərdə sürünər. Onun ilahi qüvvəyə inamı həm də yerdəki iradələrin üstündə bir fövqəliradənin olmasına güvənməkdən gəlir. İnsanın Allahına bağlılığı onu bəndəni ədalətsiz, qəddar iqtidarından azad tutur. Dini inanclı olmaq azadlıqıara tərs deyil, əksinə, sağlam insan azadlıqlarının əsl mənbəyi, möhkəm dirəyidir. O Urmiya gölünü qurudan zehniyyət din adı altında pərdəLənm iş Allahsızlıqdır ki var.

...Bizim qavrayışımıza dini inanclar bəzi hallarda təhrif olunmuş formasında sırınıb; Allahın iradəsi yerinə Allahın adından bəndənin iradəsi hökm edir və bunun da adına bəziləri “din” deyib. Əslində isə bizim Allahdan gələn dinimizi çox yerdə əlimizdən alıblar, əvəzində dinin bəndədən qaynaqlanan versiyasını əlimizə tutuşdurublar. Yerlərə hökm etmək istəyənlər bizi Göylərin hikmətli hökmlərindən ayırıb. Bunu edənlər də çox hiyləgər davranıblar: Allahı inkar etmək yox, təhrif etmək yolunu seçiblər. Bizim nəslin Sovet keçmişi var. Gözümüzü açandan bizə... göz yummağı öyrətdilər. Haqsızlığa, zülmə, ədalətsizliyə, elə dinsizliyə də... göz yummağı. Və belə bir ortamda azad yaradıcı ruhunu salamat saxlamaq, əlini Ən Yuxarıdakının ətəyindən üzməmək hər oğulun işi deyildi. Seyran Səxavət bunu bacarmış yazıçıdır. Çox insanlar istər 20-lərdə, istər 30-50-lərdə, istərsə də, 60-70-80-90-larda... və sair bədənini qorumaq üçün ruhundan keçdi. Ruhsuz bədənlər ədəbiyyatda da az deyildi və yenə var. Özünü ziyalı bilən, toplumun vicdanı sayan az adam siyasi tarixin “ət maşınından” salamat çıxmağı bacardı. “Nə ət, nə balıq” qalıb yarımcan “qurtulanlar” da vardı. Seyran Səxavət bu savaşda yaralansa da, salamat qalmağı bacranlardan oldu. Şəxsiyyətinin bütövlüyünü qoruyub saxlaya bildi.

Bəs bunu necə bacardı?!

...Bir azdan içəri keçəcəm, görüş başlayacaq. Seyran Səxavətə çoxlu suallar verəcəklər. Birbaşa olmasa da, bunu da soruşacaqlar: necə oldu ki, salamat qaldı?!

O qədər sual vardı ki. Bu dünyada suallar cavablardan çoxdur demişəm. Səbəbi?! Səbəblərindən biri bu ola bilər: yəqin bütövlükdə elmin, ədəbiyyatın, fəlsəfənin əli gedib Allahın ətəyinə çatmayıb. Seyran Səxavət kimi tək-tək yazıçıların, eləcə də, alimlərin, filosofların və sair və ilaxır əli o ətəkdə ola bilər. Hamının yox amma!

Beyləqanlılar Seyran Səxavətə maraqlı suallar verdilər. Amma bəzən cavabını bildikləri suallar da verirdilər; cavabı sual kimi verənlər olur hər zaman. Hətta sualların birindən yazıçı özü də şübhələndi: “Deyəsən, təşkil olunub” deyə çox ciddi zarafat elədi.

Sual “yağışı” altında çox maraqlı əhvalatlar dalbadal gəldi. Biri lap təsirliydi:

“Şərqşünaslıq fakültəsində oxuyurdum. 19 yaşım var idi. Amma artıq tanınırdım. Bir gün dedilər ki, məni axtaran var. Gördüm ki, bir hündür, yekə ağızlı, nahamvar oğlandır. Dedi:

- Seyran müəllim Sizsiniz”.

Gördüm bu oğlan mənə “müəllim” deyir, özümü bir az da dartıb dedim:

- Hə, Seyran müəllim mənəm.

- Dedi: “Mən rayonda çöldə qoyun otarırdım, bir qəzet parçası tapdım, oxudum, gördüm, Sizin şeirlərinizdir. Fikirləşdim ki, eyni yaşdayıq, bu oğlan şəhərə gedib, şair olub, amma mən çöldə qoyun otarıram. Qoyunları gətirdim həyətə, anama dedim: “Ana, gedirəm Bakıya, şair olmağa”.

Oğlanın şeirlərini alıb oxudum, gördüm çox yaxşı yazır. Zarafatyana bir az da müdrik görkəm alıb, dedim: “Qardaş, sən gecikmisən”. Oğlan çox pis oldu. Gülüb dedim: “Şair olmaq üçün şəhərə gəlməyə gecikmisən. Çünki sən hazır şairsən”. Oğlanın qırışığı açıldı, üzü güldü. Apardım onu ustadım Qasim Qasımzadənin yanına, onun köməyi ilə oğlanın şeirləri çap olundu və qısa müddətdə sevildi. Həmin oğlan kim olsa yaxşıdır?!”

Bir az pauzadan sonra qürurlu təntənə ilə elan elədi: “Bizim çox məhşur, gözəl məhəbbət şairimiz Nüsrət Kəsəmənli”.

Salon Seyran Səxavətin bu xatirəsinə cavab olaraq alqışlar xeyli müddət susmadı.

Və məhəbbət şairi demişkən. Döndü-dolaşdı, o “xatalı sual” yenə Seyran Səxavəti tapdı: gənc xanım şəxsi həyatla bağlı soruşdu. Həmin an beynimdən bir fikir keçdi: “Elə yazıçılar var, Ədəbiyyatla həyat arasında qalıb. Həyatla həyat yoldaşı arasında qalanlar da var”. Bunu bir essemdə düşünürdüm. O da yenə Seyran Səxavətl birlikdə olduğumuz məclisdəki söhbətlərdən sonra məndə yaranmışdı. Kimsə (bəlkə də elə Seyran Səxavətin özü) mərhum yazıçı Əlibala Hacızadə haqqında maraqlı əhvalat söyləmişdi: yazıçı oturub Əfqanıstandan roman yazır. Özünü bütünlüklə yazı-pozuya qapdırmışkən, xanımı gəlib yazıçıya deyir: "Evdə kartof qurtarıb".

Yazıçı yaradıcılığa “məişət zəminində” müdaxilədən məyus halda cavab verir: "Rəhmətliyin qızı, heç kartofun yeridir? Mən azca qalmışdım qəhrəmanımı şahın sarayının qapısından içəri keçirəm, sən neyirsən, kartof"...

Seyran Səxavətin də Ədəbiyyatla həyat və həyat ilə həyat yoldaşı arasında qaldığı situasiya olubmuş, sən demə. Bayaqkı gənc xanımın şəxsi mövzuda verdiyi suala yazıçının cavabından bilindi.

Yaşının cavan vaxtlarında – öz 50-lərində olanda baş verib bu olay. İndiki Pedoqoji Universitetdə görüşdə bir tələbə qız Seyran Səxavətə, bax, elə bu cür çətin bir sual veribmiş.

Sual beləymiş: “O məşhur “”İlk məhəbbətim-son məhəbbətim” şeirini həsr etdiyiniz xanım ailə qurduğunuz xanımdır?!”

Seyran Səxavət Beyləqanda bu dəfə də üzünü Aqil Abbasa tutub gülə-gülə deyir:

- Aqil, evim yıxıldı. Xanımım da oturub, bax, elə birinci sırada, yanında iki uşaqla. Qız da ki cavab gözləyir məndən. Zalımın balası, adama belə xatalı sual verərlər?! İndi mən buna nə cavab verim?! Yaman işə düşdük! Rəhmətliyin nəvəsi, başına sual qəhətdir?!

Seyran Səxavətin bu sözlərindən sonra salon gülüş səslərindən titrəyir. Növbəti replikası ilə daha da yüksələn gülüşmənin içində bir gənc xanımın nidasını da eşidirəm:

- Ayyy!

Yazıçının həmin o: "Ayyy!" dedirtdirən cümlələri bunlar idi: "Dedim: "Qızım, biz birilərinə şeir həsr edərik, amma həyatımızı birinə həsr edərik. Gördüm, arvad baş barmağı ilə "əla" işarəsi verdi, ondan sonra ürəyim gəldi yerinə...”

...Və nəhayət, Seyran Səxavətlə bir görüş də, bax belə bir xoş ovqatda bitdi.

“Kaş heç bitməsəydi...” dedirtdi amma...

Bahəddin Həzi

Şərq  2023.- 20 may.- S.5.