"Mirpaşa
Mehdi oğlu": İstedad ona qanla canla
ötürülmüşdü
Get, get, məsləhətçim,
get, bundan sonra,
bizim aramızda bir uçurum var.
Rahibin yanına gedirəm indi,
Əgər tapılmasa bu dərdə
dərman,
Ölməyə cürətim
çatar o zaman!..
1937-ci il... Azərbaycan səhnəsindən Cülyettanın səsi
gəlir. Titrək, kövrək, həm də
əzmkar bir səs. Səsin sahibi Barat
Şəkinskayadır. “Azərbaycanın
Cülyettası” adına layiq görülmüş sevimli
Barat xanım!..
1970-ci il. Azərbaycan səhnəsində dahi Cavidin “Xəyyam”ıdı.
Mehdi Məmmədovun səsi silkələyir “Azdrama”nı:
- Gəldin
də, niçin bəmpə buludlar kimi axdın, Bilməm,
niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək kibi çaxdın da, niçin
könlümü yaxdın, Gəl, gəl, olayım səndəki
hər cilvəyə qurban. Bilməm, niyə getdin, niyə
döndün, niyə baxdın?!.
Aktyor, pedaqoq, teatr rejissoru, sənətşünaslıq
doktoru, professor, Xalq artisti (Azərbaycan, sonra da SSRİ),
Dövlət mükafatı laureatı Mehdi Məmmədov!
Pyesin
hazırlanmasında bir başqa isim də var. Tamaşanın
bədii tərtibatı, eskizlərin müəllifi Elçin
Məmmədovdur. 1970-ci ildir. Elçin 24 yaşındadı. Biz - sıravi
tamaşaçı hələ onu yaxşı
tanımırıq. Rəssamdır, kimin
övladıdır, bunu da bilmirik. Ötən əsrin
70-ci illərinin uşaqları nə Barat xanımı səhnədə
görüb, nə “Xəyyam”ı. Bizim üçün Barat
xanım filmlərdədir; “O olmasın, bu olsun”da Sənəm,
“Görüş” filmindəki Şövkət, bir qədər
sonralar “Onun bəlalı sevgisi”ndə nənə obrazı:
“Yükü hər kipriyimin bir buludun leysanı, gözlərimi
yumsam əgər sel-su tutar dünyanı...” Mehdi Məmmədovu
isə ancaq “Onu bağışlamaq olarmı” filmində
görürük. Hərdən
də Azərbaycan Dövlət Televiziyasında aparıcı
olduğu ədəbi verilişdə... (verilişin
adı da yadımda qalmayıb - M.R.)
Elçin Məmmədovsa
o zaman hələ adını, soyadını
doğru-düzgün bilmədiyimiz Mirpaşadı.
“Yeddi oğul...”
arasında ən çox sevilən Mirpaşa! Mirpaşanı niyə daha çox sevirdi o illərin
uşaqları, yeniyetmələri? Çünki
dəli-dolu idi, dəliqanlı, cüssəli, qüvvətli,
“düşmənə” aman verməyən. Danışığı, hərəkətləri
də xoşumuza gəlirdi. “Deyəsən,
bu gecə Əzrayıl Peykanlı camaatını kisəsinə
doldurub aparıb. Bəlkə bir-iki
güllə boşaldım?” deyib tüfəngi çiynindən
həmən aşıran Mirpaşa. Kələntər
dayını da tüfənglə qorxudur: “İndi yadına
salaram...” deyib tüfəngin tətiyini çəkmək istəyir.
“Ölülər” tamaşasını hazırlayan Qasıma “ə,
Peykannının mollasını da sal ora”, deyən kimi
komsomolçular əl-ayağa düşür: “neynəmisən
ə, mollaya?!” . Çünki
Mirpaşaya “bel bağlamaq” olmaz. Harda gördü,
harda tutdu, vurasıdı.
Mirpaşadan sonra
Elçin Məmmədov “Dədə Qorqud”da daha bir parlaq obraz
yaratdı – Qaraca çoban. Başqa
rolları da var Elçin Məmmədovun. Amma o, rəssam idi. Həm də
tərtibatçı. Bilənlər bilir,
bilməyənlər üçün, bəlkə də onun
şəxsi kimliyinin fərqinə varmayanlar üçün
xatırladıram. Elçin Məmmədov
Barat xanımla Mehdi Məmmədovun övladıdır. Onun təpədən dırnağa qədər
istedad olmasının səbəbi məlumdur, məncə.
İki dahi sənətkarın ailəsində doğulan
başqa cür olmaq şansı var ki?!. Əlbəttə, sənətlə nəfəs
alacaqdı, özünü sənətə həsr edəcəkdi,
əsərlər ərsəyə gətirəcəkdi.
O da ərsəyə gətirdi: Unudulmayacaq obrazlar, yaddaqalan
rollar, göz və könül oxşayan rəsm əsərləri,
tərtibatlar, dekorasiyalar, eskizlər... Elçin Məmmədov
atası Mehdi Məmmədovun quruluşunda “İblis”
(Hüseyn Cavid) tamaşasına verdiyi tərtibata görə
1984-cü ildə Azərbaycan Dövlət Mükafatı
laureatı, 1991-ci ildə Əməkdar incəsənət
xadimi fəxri adına, 1999, 2001-ci illərdə
isə Azərbaycan Teatr Xadimləri İttifaqının
"Qızıl Dərviş" mükafatına layiq
görülüb.
Niyə, hardan yada düşdü
Elçin Məmmədov?.. Yaddan
çıxacaq obraz deyil çünki Mirpaşa. Hər dəfə “Yeddi oğul istərəm”
nümayiş olunanda bu obrazın koloritinə heyran
qalırsan.
Düzünü deyəcəm, Səməd Vurğunun
“Komsomol poeması”nda Mirpaşa obrazı necədir, bilmirəm. Poemanı tam
oxumamışam. Universitetdə Müasir
Azərbaycan ədəbiyyatını tədris edən Abdulla
müəllim Gəray bəy obrazına diqqət yetirməyimizi
istəyirdi. Gəray bəyin çay kənarında
düşüncələrə dalması hissəsini
oxumuşdum. Mirpaşanı isə biz filmdən
sevirik. Ağlımızın
başımıza gəldiyi vaxtlarda bildik ki, Mirpaşa –
Elçin Məmmədov Barat xanımla Mehdi Məmmədovun
övladıdır. Və ona bir də bu
yöndən marağımız artdı. Şəxsən
öz adıma deyirəm.
...Uzun müddətdir, Elçin Məmmədov
barədə yazmaq, xatirəsini yad etmək fikrim vardı. Çox uzun çəkdi, amma. Çox
axtarası oldum, ailə üzvlərini. Sağ olsun, həmkar
dostlarım. Müxtəlif istiqamətlərə
yönləndirdilər. İllər əvvəl
Barat xanımın qonağı olmuşdum. Müsahibə almışdım bu gözəl
xanımdan, istedadlı aktrisamızdan. Mənzili
Azadlıq prospektindəki binalardan birində idi. Necə
mehriban qadın idi!.. yadıma
gəlir ki, o zaman Elçin də evdə idi,
hazırlaşıb çıxırdı evdən. Barat xanım xüsusi bir nəvazişlə “yemək
ye, sonra get...” demişdi. O isə “tələsirəm”,
deyib çıxmışdı evdən. Barat xanım sonra məni
“yaxaladı”: “Nahar etməsən, səni buraxan deyiləm.
Dovğa bişirmişəm, ələ düşən deyil
ha! Gəncə dovğasıdı”. Maraqlı, şirin
söhbət etmişdik onunla. Sonra Solmaz
xanım gəldi. Solmaz Həmzəyeva – Barat
xanımın ilki. Yeri gəlmişkən,
Elçin Məmmədovun ailə üzvlərini axtaranda, məni
həm də Solmaz xanıma yönləndirdilər. “Solmaz xanım tapacaq, ona zəng elə”, dedilər.
Belə də oldu. Solmaz xanım:
-
Qızım, mənim 92 yaşım var. Unuduram çox
şeyləri. Həm də mən indiyədək
çox müsahibə vermişəm. Elçinin
övladıyla danışsan yaxşıdı.
Sonra da
qızı - Barat xanımın qız nəvəsi Afət
xanımı axtarışlara qoşdu:
- Afa sənə
kömək edər. Mehdiyə xəbər edər
ki, onu axtarırsız.
Amma Mehdi müəllimlə
əlaqə heç cür alınmadı. Solmaz
xanım da təşvişə düşdü:
- Mən
sənə necə kömək edim?! Sən bu qədər
əziyyət çəkirsən. Biz kolleqayıq...
Görüm, necə kömək edə bilirəm... (Solmaz
xanım Həmzəyeva 50 ilə yaxın Azərbaycan Dövlət
Televiziyasında rejissor işləyib – M.R.)
Məlum oldu ki,
Elçin Məmmədovun digər oğlu Kərim Polşada
yaşayır. Solmaz xanım Afət xanımın onu xəbərdar
edəcəyini dedi. Artıq Afət xanımla əlaqə
saxlamağa başladım. Kərim bəydən
də xəbər çıxmayanda, son ümid yerim – Afət
xanıma üz tutmalı oldum. “Siz
danışın Elçin barədə”, rica etdim.
Əslində istiqaməti Solmaz xanım göstərmişdi;
Elçinlə Afət bacı-qardaş kimi olublar, çox
yaxın dost idilər”, demişdi.
Beləcə, Afət
xanım Mustafayeva Elçin Məmmədovu xarakterizə edəsi
oldu. Bunu da deyim, Afət xanım
musiqiçidir – pianoçu. Milli
Konservatoriyada dərs deyir.
-
Elçin fenomen idi. Güclü zəkası,
yaddaşı vardı. Hansı sahəyə
üz tutsaydı, orda müvəffəqiyyət qazanacaqdı.
Hansı sahədə olubsa, orda seçilib,
tanınıb, məşhurlaşıb. Aktyor
kimi də istedadlıdır, rəssam kimi də, bədii tərtibatçı
kimi də. Elçin xarici dilləri su kimi
öyrənirdi. Bir ay getsin qalsın İtaliyada, italyan
dilini əzbər biləcəkdi. Dil öyrənmə
qabiliyyəti yüksək idi. Yanımcıl,
xeyirxah idi. Mehriban idi... Əsl insana xas
hansı keyfiyyətlər varsa, onların hamısı
Elçində birləşmişdi.
- Gəl
də olmasın, kimin övladıdır?!.
- Bəli.
İstedad ona qanla canla
ötürülmüşdü. Nənə,
məlum məsələdi. (Afət
xanım, “nənə” deyəndə bilin ki, Barat xanımdan
danışır – M.R.) Dyadya Mehdi (görkəmli sənətkar
Mehdi Məmmədov. Afət xanım elə şirin “dyadya
Mehdi” deyirdi ki, belə də saxladım
danışığını – M.R. ) də ki bir başqa fenomen. Necə
nitqi vardı onun, səsi necə gur idi, özü də cəlbedici
idi. Heç görməmişdim,
gülsün, zarafat eləsin. Həmişə
ciddi. Elçinə zəng edirdi, mən də
nənəgildə olurdum adətən, atası zəng edəndə
Elçin də ciddi görkəm alırdı. Biz sonra onun danışığını
kopyalayırdıq, gülüşürdük.
- Sizdə
də artistlik var, deməli.
- Hə,
heç deməyin... Mənə də nənədən,
babamdan keçib.
(Qeyd edim ki, Afət xanımın babası, aktyor və
rejissor, Xalq artisti Miribrahim Həmzəyevdir. Vaxtilə
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
direktoru olub).
Afət xanım davam edir:
-
Elçini hamı çox istəyirdi. Ailə
üzvləri öz yerində, dostları, tanışları
da onu çox istəyirdi. Qardaşları
da onu çox istəyirdi. Çingiz
xüsusilə. Elə bil ki, atası Mehdi
deyil, Elçin idi. Hər bir məsələdə
Elçinlə məsləhətləşirdi. Elçin Çingiz üçün kumir idi. Təsəvvür edin, Çingiz oğlunun
adını Elçin qoydu. ...Azər Paşa Nemətovla
yaxın dost idilər, Fərhad Xəlilov, Nüsrət
Hacıyev... Elçinlə bir çevrədə
olan adamlardı. Ona hər şeyi bilən,
hər məsələdən başı çıxan, erudit
bir şəxs kimi baxırdılar. Elçin,
həqiqətən də, yüksək intellekt sahibi idi.
Çoxlarının mütaliə etmədiyi
kitabları ilk o mütaliə edərdi. Hər
hansı bir məsələni elə dəqiq, əsaslı
şəkildə izah edirdi ki, hamı başa
düşürdü. Ondan məsləhət
alırdılar. Sadə dillə
danışırdı, amma cəlb edə bilirdi. Mən çox məsələlərdə ondan
nümunə götürürdüm. O hansı
kitabı oxuyurdusa, mən də o kitabı oxuyurdum. Mənim zövqüm də Elçinlə
formalaşıb, Latın Amerikan ədəbiyyatına sevgim də.
Sizə deyim ki, nənə də mütaliəni
çox sevirdi. Özü də müasir
yazıçıları oxuyurdu. Bəzi insanlar kimi
yalnız klassik ədəbiyyatla kifayətlənib
qalmamışdı. O illər üçün nadir
tapılan “İnostrannaya literatura” jurnalını
yazdırmışdı. Bu, bilirsiz, Mərkəzi
Komitənin icazəsiylə Bakıya gələn jurnalı
idi. Nənə də ona abunə
olmuşdu. Jurnalda hələ sovetlərdə
nəşr edilməmiş, amma tərcümə olunmuş əsərlər
verilirdi. Nənə onlara maraq göstərirdi.
Biz birlikdə o əsərləri müzakirə
edirdik. Baxmayaraq ki, nənənin gözlərində
problem vardı...
-
Yadıma düşdü, axı Barat xanım demişdi,
gözünün biri şüşədir. Səhnədə
projektor partlayanda gözü yanıbmış...
- Bəli.
Nənədə qluokoma xəstəliyi idi.
Bu xəstəlik başqa sənətkarlarımızı
kor edib. Nüsrət Fətullayev (mərhum aktrisa Vəfa
Fətullayevanın atası ), Nəcibə
xanım Məlikova... Nənədə
şükür ki, o dərəcədə korluğa səbəb
olmadı. Gözündə problem yarananda
Elçin onu Odessaya apardı. Odessada
Filatovskaya xəstəxanasında məşhur göz həkimi
vardı. Nənənin qohumları da
Odessada yaşayırdı - Tağıbəyovlar. (Zəruri xatırlatma: Barat
xanım Şuşada doğulub, bəy nəslindəndir -
M.R.) İndi
görün, Odessada nə baş verib. (Afət
xanım şirin xatirələri xüsusi həvəslə
danışmağa başladı).
-
Elçin aparır nənəni Odessaya, orada həkimlər
baxır, deyirlər, əməliyyat lazımdı. Bir həftə müalicə olacaq, əməliyyata
hazırlayacağıq. Nənə də
deyib, “yaxşı, yaxşı, razıyam”. Artistdi
axı!... Sonra Elçinə təkid edib
ki, Bakıya qayıtsın: “neyçün qalırsan burda bir
həftə? Qayıt Bakıya, Afəti göndər”. Elçin də razılaşır, qayıdır.
Mən getdim Odessaya. Məsələdən
də xəbərim yox. Nənə dedi, hər şey
yaxşıdı, çıxın gəzin, istirahət edin.
Bir neçə gündən sonra
qayıtdıq Bakıya. Elçin
soruşdu, bəs əməliyyat? Nənə dedi ki, əməliyyat
lazım olmadı. Demə, əməliyyatdan
qorxub, qaçıb gəlib ordan. Biz də
bilmirik. Üstündən az
keçmiş nənənin ağrıları,
sancıları başladı. Həm də necə! Evə getmişdim, içəri girəndə ətrafa
baxdım, çaşdım. Nənənin fincanı
masanın üstündə, ev xalatı
bir tərəfdə, başmaqlar o biri tərəfdə... Nənəm heç vaxt belə etməzdi. O,
çox təmizkar, səliqəli idi, hətta vasvası. Görün, necə ağrıları olub ki, evi belə
səliqəsiz qoyub çıxıb. Elçin
onu, demək olar qamarlayıb həkimə
çatdırmışdı. Beləcə,
bir gözünü əməliyyat edəsi oldular, süni
göz qoyuldu. Nənə yenə zarafatından
qalmırdı, bir də görürdük
çıxarıb “şüşə gözü”nü qoyub
masanın üstünə, gülür... Elçin
də zarafatcıl idi. Bu xüsusiyyəti
100 faiz ona anasından keçmişdi. Çox pozitiv, həyatsevər
idi Elçin...
- Afət
xanım, necə oldu ki, Elçini Mirpaşa obrazına
çəkdilər?
- Bilmirəm,
bu barədə məlumatsızam. Onu deyə bilərəm
ki, Elçin Mehdi Məmmədovun, Barat xanımın oğlu
idi. Çevrəsi incəsənət
adamları idi. Yəqin Tofiq Tağızadə
əmin olub ki, Elçin bu obrazı oynaya biləcək.
Onun fakturası bu rola
uyğun gəlirdi. Siz diqqət etmisiniz,
Mirpaşa həmin filmdə sanki əsas obrazdır. Nə qədər ki o sağdı, hadisələr
onun ətrafında cərəyan edir. Filmdə
nəşə, gülüş, sərbəstlik var. Elə
ki Mirpaşa öldürülür, filmdə gərginlik
başlayır. İtkilər bir-birini əvəzləyir.
Mirpaşa o nəşəni də özüylə
aparır.
("Yeddi
oğul..."da diqqət çəkən bir məqam da var.
Filmin sonunda Bəxtiyar artıq həyatda olmayan 6 nəfərin
komsomol biletlərini bir-bir açır. İki
bilet xüsusidi. Biri Cəlalındı, atasının
adı qrafası boşdu. Heç nə
yazılmayıb. Cəlal bəy oğlu
idi. Demək, imtina edib atasından. Biri də Mirpaşanın biletidi. Belə
yazılıb: Mirpaşa Mehdi oğlu. Elçin
özü istəmişdi bunu, yoxsa rejissor tapıntısı
idi, bilmirəm. Amma bütün hallarda
Mirpaşa - Elçin atasının oğlu idi!)
- Onun “ə,
vələdüzna!” deməyi yadınızdadı?
- Təbii.
Molla da arxaya dönəndə
- Ə, nə oldu, niyə dayandın?
Molla: -
çağırdın, dayandım də.
Mirpaşa: - Vələdüznadı adun?..
Afət
xanım davam edir:
- Ən çox xoşuma gələn səhnədi. Hələ səhnə
hazırlayan Qasıma dedikləri: - Bu saat Gəray bəy
oturub Qançanağında, deyir, hanı o kor Mədətin
oğlu uzundraz Qasım, gəlsin tamaşa göstərsin, ə, sizin tayfa
nə həyasız tayfa olurmuş... Elçin
dolu bədənli idi. Amma çox
çevik idi. Toylarda elə qəşəng
rəqs edirdi ki. Hamı heyran
qalırdı. “Kinoproba”larda olanda deyərmişlər
“gül də”, görək necə görünürsən.
Deyirdi ki, boş-boşuna necə gülüm.
Bir lətifə danışın, gülüm.
Lətifə danışırlar, gülməyi yenə gəlmir.
Sonra deyir, indi gəlin mən sizə lətifə
danışım, o danışır, hamı uğunur
gülməkdən. Elçin belə idi...
- Solmaz
xanım dedi ki, siz dost olmusunuz...
- Bəli.
Aramızda 7 yaş fərq vardı. Əslində, o, mənim dayımdı. Amma biz
dost idik. Tez-tez emalatxanasına gedirdim. Təmizləyirdim. Bilirsiz də, rəssamlar
bir az səliqəsiz olurlar. Hər tərəfdə
rənglər, boyalar, rəsmlər, tamamlanmış,
tamamlanmamış... Təmizləyirdim,
görürdüm, boya qabıdı, boşalıb, atmaq istəyirdim,
qışqırırdı ki, dəymə, neynirsən, atma
onu. Deyirdim, bu boşdu axı. Deyirdi, yox, boş deyil, dibində qalıb, istifadə
edəcəm. Bayaq Elçinin dil öyrənmə
qabiliyyətinin yüksək olduğunu dedim. 1990-cı
illərin əvvəlləri idi. O zamanlar, bilirsiniz,
xarici şirkətlər Azərbaycana gəlməyə
başlamışdı. Bp, “Amoko”... Elçin Böyük
Britaniya səfiri ilə dost idi, ABŞ səfiri ilə dost
idi. Bir dəfə mən emalatxanada olanda Bp-dən
zəng etmişdilər, Elçin onlarla ingilis dilində
danışmağa başladı. Mən təəccüb
etdim ki, sən ingilis dilini hardan bilirsən? Dedi, burda nə
var ki, təəccüblü! Elçin Bp-nin bukletlərini, plakatlarını da tərtib
edirdi. Kitablara dizayn verirdi. Onu bu sahədə tanıyırdılar və
işlərini bəyənirdilər. Bir
müddət mən “Azərdəmiryolbank”da işlədim.
Bankların illik hesabatları olur. Təklif etdim ki, hesabatın tərtibatını Elçin
eləsin. Çox gözəl
alınmışdı. Hətta Beynəlxalq
Bankdan zəng vurub bəyəndiklərini demişdilər.
Sonra bank təqvim nəşr etdi. Birində rəssam Rasim Babayevin əsərlərinə
yer verdik. İkinci təqvim nəşrə
hazırlananda təklif etdim ki, bu dəfə Elçinin rəsmləri
olsun. Onun Şəki dağları
seriyasından rəsmləri vardı. Bankın
müdürü Rəhman müəllim də şəkilidir.
Təqvimdə Elçinin Şəki silsiləsindən
əsərləri verildi.
- Elçin Məmmədov İncəsənət
İnstitutunda təhsil alıb?
-
Elçin uşaq vaxtı çox dəcəl olub. 2-3 məktəb dəyişib. Ə.Əzimzadə
adına rəssamlıq məktəbini
bitirib. Sənətşünas Nəcəfzadə
bir dəfə nənəylə küçədə
rastlaşıb, nənə soruşub ki, Elçin necədi?
Deyib, hərdən o danışanda istəyirəm
onu öz yerimə əyləşdirim, özüm keçib
onun yerində əyləşim. Yəni
Elçin uşaq yaşlarından özünü təsdiq
edən olmuşdu. Sonra gedib Moskvaya, 1 il
orda təhsil alıb. Amma akademik təhsil
almayıb. Qayıdıb Bakıya ki, daha bəsdi,
oxudum. Sənədlərini verib İncəsənət
İnstitutunun rəssamlıq fakültəsinə, qəbul
olunub. Amma atasının xəbəri olmayıb ki, oğlu instituta sənəd
verib. Təsəvvür edin, “dyadya” Mehdi İncəsənət
İnstitutunun (hazırda Mədəniyyət və İncəsənət
Universiteti) rejissorluq kafedrasının müdiridi, amma bilmir ki,
oğlu bu instituta qəbul olunub. Bu,
bilirsiz, nədən irəli gəlirdi? Nə
nənəm, nə də “dyadya” Mehdi qohumbazlıq,
tanışlıqla kimisə harasa düzəltməyi qəbul
etmirdilər. Ümumiyyətlə, bizim ailədə belə şey
olmayıb. Kiməsə görə zəng
etsinlər, nəsə xahiş etsinlər. İstedadın varsa, özünə yol aç,
"bacarığın varsa, irəlilə", prinsipi ilə
hərəkət edirdilər. Hətta təsəvvür
edin, mən Bülbül adına musiqi məktəbini
bitirib konservatoriyaya daxil olanda istəyirdim Elmira Nəzərovanın
sinfində oxuyum, amma bunun üçün ərizə
yazmalıydım, bilməmişəm. Zivər
xanım Əliyevanın sinfinə düşdüm. Nənəyə
dedim, nə olar, zəng elə, Soltan Hacıbəyova – o,
konservatoriyanın rektoru idi, de, məni keçirsinlər
Elmira müəllimənin sinfinə, nənə qəti
razı olmadı zəng etməyə ki, bunu edə bilməz.
-
Elçinin şəxsi ailəsi barədə nə deyəcəksiz?
-
Elçin tez evləndi. Hardasa 22-23 yaşı
vardı. Seçdiyi xanım da
musiqiçi idi. Yenə də nə
anası, nə atası onun seçiminə
qarışmadılar, müdaxilə etmədilər. Artıq bilirsiniz ki, 2 övladı var. Birinə
atasının adını qoymuşdu – Mehdi, birinə də nənə
öz babasının adını qoydu – Kərim. Bunu da nənədən öz anası xahiş
etmişdi. Kərim doğulana yaxın deyibmiş nənəyə
ki, oğlan olsa, babanın adını qoyarsan... Heyif,
Elçin, çox yaşamadı. Ölümü
qəfil oldu. 2001-ci il fevralın 18-də
vəfat etdi. Ürəyindən... Bəlkə
də qəfil sayılmamalıdı. Çünki
38 yaşı olanda 2-3 gün yata bilməyib, narahatlıq
keçirib. Durub gedib poliklinikaya. Məlum olub ki, demə, geniş infarkt keçirib.
Elçin o qədər qabiliyyətli idi ki, həkim
də olsaydı, yüksək mütəxəssis olacaqdı.
Hərtərəfli insan idi. Nə yaxşı ki, nəvələrini
gördü. Çox qayğıkeş
idi. Oğlu Kərimi Elçin özü
apardı Polşaya. Kərim Qdansk şəhərində
Rəssamlıq Akademiyasına daxil oldu. Mehdi
də baxmayaraq ki, proqramçı ixtisası üzrə
çalışır, onun da incəsənətə meyli
var. Konservatoriyada nəfəs alətləri üzrə də
təhsil alıb. Bir neçə il əvvəl
məlum oldu ki, rəsm də çəkir. Mənim
bəxtim həm də onda gətirib ki, Elçinin
ömrünün son 2 ilində onunla daha çox ünsiyyətdə
oldum. Aramızda 7 yaş fərq vardı,
amma doğum günlərimiz arasında cəmi 1 gün.
Mən mayın 28-i doğulmuşam, Elçin
mayın 29-u. Nənəm ad günlərimizi eyni vaxtda
keçirirdi. Nənəm
hamımızı çox istəyirdi, amma Elçinin yeri
başqaydı. Nəvələrindən də Kərim
nənənin sevimlisi idi... Ümumiyyətlə,
ailəmiz həmişə mehriban olub. Rövşanə
xanım da əzizimizdir, Fərhad Bədəlbəyli də.
Həmişə, ailə məclislərində
bir yerdə olurduq, indi də bu ənənə davam edir
(Rövşanə xanım Barat xanımla görkəmli incəsənət
xadimi Şəmsi Bədəlbəylinin övladıdır.
Hazırda ABŞ-də yaşayır - M.R).
Mən çox xoşbəxtəm ki, belə
bir ailədə, belə bir mehriban ortamda
böyümüşəm və yaşayıram. Həmişə
də fəxrlə deyirəm ki, 3 babam var, üçü də
xalq artistidi!
- Afət
xanım, sizə təşəkkür edirəm, ailəniz,
xüsusən də Elçin Məmmədov – sevimli
Mirpaşamız haqqında danışdığınız
üçün. Siz İstiqlal tarixində
doğulmusunuz, Elçin də bir gün sonra, İstiqlalın
ertəsi günü. Sizə can sağlığı
arzulayıram, Elçin Məmmədova Allah rəhmət eləsin.
Ruhu, əminəm ki, şaddır.
- Siz
sağ olun ki, unutmursunuz, xatırlayırsınız.
-
Borcumuzdu.
Kərim
Elçin oğlu Məmmədov: “Nə zaman atamı yada
salsam, mənə o həmişə təbəssümlə
baxır...”
Afət xanımın köməyi ilə E.Məmmədovun
Polşada yaşayan övladı Kərim bəylə əlaqə
yarada bildik. Kərim bəy ətraflı müsahibə verə
bilməsə də, atası haqqında düşüncələrini
yazaraq Bakıya göndərdi. Bir neçə
cümlədə atasını çox dəqiq xarakterizə
edib. Bir daha əmin oldum ki, bu nəslin
davamçıları xüsusi istedad və intellekt sahibidirlər. Səmumi, sevgi dolu
ürək sözləri üçün Kərim bəyə
təşəkkür edirəm. Və Kərim
bəyin ürək sözlərini necə yazıbsa elə də
təqdim edirəm. Ona görə Azərbaycan
dilinə tərcümə etmədim ki, fikirlərinə xələl
gətirmiş olmayım.
“Ýòî î÷åíü òðóäíîå çàäàíèå, îõàðàêòåðèçîâàòü åãî â íåñêîëüêî ñëîâ. ×òî âûáðàòü?.. Î ÷¸ì ãîâîðèòü ñ íåçíàêîìûìè ëþäüìè?.. Äâå âàæíûå âåùè êîòîðûå ÿ âñïîìèíàþ, è êîòîðûå, âîçìîæíî, ïðèãîäÿòñÿ åù¸ êîìó-òî.
Îí âñåãäà îòíîñèëñÿ ê íàì ñ áðàòîì êàê ê ëþäÿì ãîðàçäî ñòàðøå ñâîåãî âîçðàñòà. ß äàëåêî íå âñåãäà îïðàâäûâàë òàêîå äîâåðèå, íî îí íèêîãäà íå ïåðåñòàë òðàêòîâàòü ìåíÿ êàê âçðîñëîãî. Ýòî íàó÷èëî ìåíÿ óâàæåíèþ ê ñåáå, è, íàâåðíî, ÷óâñòâó îòâåòñòâåííîñòè. Îí íå áûë ó÷èòåëåì «íà÷àëüíûõ êëàññîâ» õóäîæåñòâåííîãî îáðàçîâàíèÿ, ÷òîáû ó÷èòüñÿ ó íåãî, íóæíî áûëî óæå ÷òî-òî óìåòü. Îí áûë êî ìíå î÷åíü òðåáîâàòåëåí, íî â ñïîðàõ ïîçâîëÿë ìíå áîëüøå, ÷åì ÿ ñàì ïîçâîëÿë ñåáå ñ ó÷èòåëÿìè, è õóäîæíèêàìè - äðóçüÿìè îòöà. Ýòî äàëî ìíå âåðó â òî ÷òî ìíå äîñòóïíî, è â òî, ÷òî ÿ óìåþ. Âî âñåõ ìîèõ âîñïîìèíàíèÿõ ó îòöà óëûáêà íà ëèöå. Êîíå÷íî, ÿ âèäåë åãî è ðàçäðàæ¸ííûì, è ñìåþùèìñÿ, è ïëà÷óùèì, è (÷ðåçâû÷àéíî ðåäêî) ðàçúÿð¸ííûì. Íî êîãäà ÿ âñïîìèíàþ îòöà, îí âñåãäà ìíå óëûáàåòñÿ. Íå çíàþ, íàó÷èëî ëè ìåíÿ ýòî ÷åìó-òî, êîãäà-òî íà ýòî îòâåòÿò ìîè äåòè”.
P.S.
Mehdi Elçin oğlu Məmmədovu axtaranda müraciət etdiyim şəxslərdən biri də Xalq artisti, görkəmli incəsənət xadimi Xamis Muradov oldu. O da bəzi istiqamətlər verdi. Sonda da dedi ki, Mehdi ilə danışsanız, salamımı ona çatdırın. Deyin, Xamis əmin sənə salam göndərdi. Göndərirəm, Xamis müəllim, “Şərq”in səhifəsində.
“Elçin Məmmədov
axtarışları” uzun və çətin oldu. Amma zəhmətə
dəydi. Azərbaycan mədəniyyəti, incəsənətinin
neçə-neçə görkəmli şəxsiyyəti
xatırlandı. İncəsənətimizi
başları üzərində tutub ürəklərində
qorumuş mərhum sənətkarlarımıza Allah rəhmət
eləsin, həyatda olanlara uzun ömür, can
sağlığı.
Məlahət
Rzayeva
Şərq .- 2023.- 27 may.- S.5.