Əlvida, "şofer" Əhməd
Elxan Qasımovun son gedişi
Xırdalan məzarlığı
oldu
Məşhur "Əhməd haradadır" filminin şofer Əhmədi - aktyor, kinorejissor Elxan Qasımov əbədiyyətə qovuşub. Sözügedən filmdə canlandırdığı “şofer Əhməd” rolu ilə tamaşaçı sevgisi qazanan, nikbinliyi, gənclik enerjisi ilə kinosevərlərin könlündə taxt quran 78 yaşlı Əməkdar artist ürək tutmasından vəfat edib. Aktyorla evində və "Azərbaycanfilm" kinostudiyasının həyətində vida mərasimi keçirilib.
Vida mərasimində mərhumun sənət dostları, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib. Vida mərasiminin ardından Elxan Qasımovun cənazəsi Xırdalan qəbiristanlığına aparılıb. O, oğlu Samir Qasımovun yanında dəfn olunub. E.Qasımovun oğlu rejissor Samir Qasımov 2005-ci ildə 32 yaşında (1973-2005) avtomobil qəzasında dünyasını dəyişib. Xatırladaq ki, bir müddətdir, reanimasiyada olan Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Əməkdar artistin müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilib.
Çəkildiyi sayısız filmlərə rəğmən yaddaşımızda 18 yaşında oynadığı “şofer Əhməd” kimi qalan E.Qasımov Azərbaycanın mədəniyyət tarixində elə bu rolla da əbədi yaşayacaq! Bu film onun vizit kartı idi axı.
Mavi ekranlara ilk dəfə "şofer Əhməd" rolu ilə başlayan aktyor filmdə sürücülərin bədiiləşmiş obrazını çox məharətlə yarada bilib.
Kinoda ilk işi olmasına rəğmən rəqqas olduğundan çevik hərəkətləri işə yarayıb. Məsələn, bəzi səhnələrdə tryukları özü həyata keçirib. Elə sürücü Əhmədin Ceyrandan razılıq cavabı aldığı yerdən yıxılmasını. Üç metr hündürlükdə tikinti çalasına yıxıldığı səhnəni aktyor özü oynayıb.
Filmin ən maraqlı və sevilən kadrından biri Nərgiz xalanın maşını sürdüyü epizoddur. Müsahibələrinin birində bu səhnə haqqında danışan E.Qasımov isə həmin hissəni həm də ekstremal kadr adlandırıb: “Göygöl-Hacıkənd yolunda çəkirdik Nərgiz xalanın mənim maşınımı qaçırtdığı yeri. Sürücü kabinənin aşağısında oturmuşdu, yəni Nəcibə xanımın ayaqlarının yanında. Maşın yavaşca hərəkət etməli, mən də arxasınca qaçmalı idim. Kadr deyən kimi maşın başladı arxaya hərəkət etməyə. Mən də tez qaçıb tullanıb kabinənin qapısını açdım, əyləci basıb, maşını saxladım. Sürücü özünü itirmişdi. Ayağımı əyləclə bərabər Nəcibə xanımın ayağına da basmışam, kapron corabı cırılıb. Nəcibə xanım qəzəbləndi, mən də pərt oldum. Adil müəllim dedi ki, Nəcibə xanım, elə olmasaydı, maşın arxaya sürət alıb aşa bilərdi. Sonra aktrisa dedi ki, “yaxşı, gəl çəkilək”. Mərhum sənətkarımız sadəcə Əhməd rolunu yox, "Axırıncı aşırım" filmində Vəli obrazını da çox peşəkarlıqla yaradıb. Kərbəlayi İsmayılın özü və ətrafı filmdə mənfi obraz kimi canlandırılsa da, qardaşı oğlu Vəli müsbət xarakterli insan kimi təqdim edilir. Bu səbəbdən Vəli rolu qısa olsa da, yaddaqalandır. Aktyor və rejissor kimi tanınan E.Qasımovun bədii irsi yetərincə böyükdür, filmoqrafiyasında 40-dan çox ad sadalanır. "Axırıncı aşırım", “İnsan məskən salır”, "İstintaq", "Nəsimi", "O qızı tapın", "Otel otağı", "Nizami Gəncəvi”, “Nəsimi” kimi filmlərdə rol alıb".
E.Qasımovun ölümü bir çox sənət insanlarını dərindən sarsıdıb.
Moderator.az-ın əməkdaşı Elxan Qasımovla “Əhməd haradadır?” filmində birgə çəkilən Ceyran rolunun ifaçısı, Gürcüstanın Xalq artisti Nona Paçuaşvili ilə əlaqə saxlayıb. Elxan Qasımovun ölümündən xəbərsiz olduğunu bildirən aktrisa “Siz nə danışırsınız?! Çox, çox pis oldum! Mənim heç xəbərim yox idi, bu gün heç bir saytı oxumamışam. Bir neçə gündür ki, ayağımdan əməliyyat olunmuşam, səhhətimlə məşğulam. Nədən rəhmətə gedib?! Onunla sonuncu dəfə danışanda çox yaxşı idi. Bilməzdim ki, belə olacaq. Sonuncu dəfə noyabr ayında Elxanla “O üz” verilişində bizi görüşdürdülər. Daha sonra bir çox televiziyalar bizi qonaq dəvət etdi. Həm sevindik, həm də kövrəldik. Onunla tez-tez danışırdım, əlaqəmiz heç vaxt kəsilməmişdi. Bayramlarda, xüsusi günlərdə bayramlaşırdıq, söhbətləşirdik. Çox emosional, istiqanlı insan idi. Gənc yaşlarımdan bu günə qədər mənim dostum idi. Sonuncu dəfə ona medal hədiyyə etmişdim. Həmin medalın üstündə “ən yaxşı tərəf-müqabilim” sözləri yazılmışdı. Elxan mənim üçün çempion demək idi. Çox sevinmişdi! Ümumiyyətlə, o mənim gətirdiyim bütün hədiyyələrə görə çox sevinirdi. Mən filmə çəkiləndə həyat yoldaşımı, Elxan isə oğlu Samiri itirmişdi. O, oğluna qovuşdu. Oğlundan söz düşəndə gözləri dolurdu, özünü güclə saxlayırdı. O həmişə mənə deyirdi ki, “çox güclüsən, Nona”. Amma əsas güc onda idi. İndi ayağımdan əməliyyat olunmuşam, Bakıya gələndə mütləq onun məzarının üstünə gedib, gül dəstələri qoyacam. Elxan kimi bir həyatsevər, pozitiv insanın bir daha gülməməsinə, onun səsini eşitməyəcəyimə inanmıram (ağlayır). Bu mənim üçün çox ağır bir dərddir. Bilirəm ki, Elxanın itkisinə heç vaxt öyrəşməyəcəm”, - deyib.
Kinorejissor Nazim Musabəyli isə mərhum sənətkarla bağlı ürək sözlərini sosial media hesabında bölüşüb: “Elxan Qasımov... Kimin üçünsə o, şofer Əhməd, kimi üçünsə "Axırıncı aşırım"dakı Vəli idi.
Ancaq mənim üçün o, məni kinoya gətirən adam idi. Yaxınlarıma bəllidir ki, ilk çəkildiyim film 2007-ci ildə işıq üzü görmüş "Biz qayıdacağıq" filmi idi.
Film çəkilişi zamanı doqquz yaşım vardı və aktyor olmaq istəyirdim. Atamla Cəfər Cabbarlı adına kinostudiyasına tez-tez gedirdik. Mənə filmdə baş qəhrəman Zakirin uşaqlığını, ya da onun kiçik qardaşını oynamağı təklif etmişdilər. Sonra isə qərara gəlindi ki, uşaqlığını baş rol ifaçısı özü oynayacaq. Kiçik qardaşı üçün isə yaşca çox böyük idim. Odur ki, epizodik rol aldım.
Elxan əmi çox sadə, həm də çox dahi bir adam idi. Uşaqlarla filmi necə çəkməli olduğunu çox gözəl bacarırdı. Bizə nəyi necə etməmizi çox sadə dillə başa salırdı.
Yadımdadır, filmin sonuna yaxın baş qəhrəman Zakirə birinci yeri qazandığına görə veriləcək hədiyyəni (filmin operatoru Rafiq əminin təklifi ilə) mən gətirməli idim. İçi boş bir qutu verdilər mənə. Elxan əmi qayıtdı ki, bəs aparanda elə apar ki, guya, qutunun içində nəsə var. Boş olduğu bilinməsin. Dedim, yaxşı. Səhnə çəkilişinə başlayanda qutunu elə gətirdim ki, sanki qutunun içində ağır bir nəsnə var. Elxan əmi gülərək çəkilişi dayandırdı. Sonra da məni yamsılayaraq "Xolodilnik aparırsan?" deyə soruşdu. İçi mən qarışıq hamımız güldük. Qutunu necə gətirməli olduğumu göstərib kadrı yenidən çəkdik.
Ondan sonra haçan məni çəkilişlərdə, hətta filmin premyerasında da görsə, yamsılayaraq "Xolodilnik" daşıdığım kadrı canlandırırdı.
Təəssüf ki, filmin premyerasından sonra onu bircə dəfə belə olsa görə bilmədim. Halbuki qarşısına çıxıb, "mən də sizin kimi rejissor oldum" deməyi çox arzulayırdım. Bu gün isə acı xəbər aldım ki, artıq Elxan əmi dünyasını dəyişib. Tanrı dağına varsın!
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Əməkdar artist Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb: "Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.
Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə
görə 2000-ci ildə Əməkdar artist
fəxri adına layiq görülüb.
Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının,
kinosevərlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin".
Şəymən
Bayramova
Şərq 2023.- 31 may.- S.5.