Qocaman şairin
xatirələri: Əliağa Bakirin 100
yaşı tamam olur
Əliağa Bakir - Əliağa Hacıağa oğlu Rzayev. Məhəmməd Füzuli ədəbi
məktəbinin və Əliağa Vahidin
davamçısı hesab edilən qəzəlxan
şair 1923-cü il,
noyabrın 1-də 1923 Bakıda anadan olub. İlk təhsilini
Bakının bir neçə məktəbində
- əvvəlcə “Bədəlbəyin
məktəbi”, sonra 25, 136 və 171 saylı
məktəblərdə alıb, 1941-ci ildə 171 saylı məktəbdən
məzun olub.
Ədəbiyyata hələ uşaq illərindən böyük
həvəs göstərən şair ilk şeirini 1937-ci ildə
6-cı sinifdə oxuyarkən İspaniyada
mübarizə aparan
respublikaçılara həsr edib.
Əliağa Bakir ilk əmək
fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş
zavodunda fəhlə olaraq
başlayıb. Daha sonra İkinci
Dünya müharibəsinin ən şiddətli
günlərində cəbhəyə yola
düşüb, 1943-cü ildə Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman
etməsi nəticəsində ağır yaralanıb. Şair gənclik çağlarında çox sıxıntılı və
iztirablı günlər yaşayıb. O, 1955-ci ildə Azərbaycan
Dövlət Politexnik İnstitutunu
bitirərək, inşaat mühəndisi
ixtisasına yiyələnib. Qırx ildən artıq bir dövr ərzində Respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş
Baytarlıq İdarəsində mühəndis vəzifəsində
çalışıb. Böyük söz ustadı Əliağa Vahidin
tələbələrindən olmuş
Əliağa Bakir ədəbi fəaliyyətə
1940-cı illərdən başlayıb. O, 2200-dən artıq
qəzəl və müxtəlif janrlarda
yazılan şeirlərin, eləcə də, 5 poema müəllifidir. Onun
əsərlərində yüksək insani
keyfiyyətlər və mənəvi dəyərlər ana xətt təşkil edir.
Yaşadığı həyat qələmə
aldığı nəzm əsərlərində öz əksini tapıb.
Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunub, bəstəkarlar tərəfindən onun şeirlərinə musiqi bəstələnib, qəzəlləri muğam ustaları tərəfindən ifa edilib. Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanıb. “Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılmış “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəlləri çap edilib. Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxıb. Əliağa Bakir 22 may 1998-ci ildə Bakıda vəfat edib. Məzarı ata yurdu Maştağa kəndindədir.
Görkəmli şairin 100 illik yubileyidir. “Şərq” şairin qələmə aldığı və Cəmaləddin Cavadov tərəfindən redaksiyaya təqdim edilən xatirələrini dərc edir.
* * * * *
Öz şeirləri ilə həmişə xalqın hafizəsində yaşayan, hikmətli kəlamları ilə ürəklərdə əbədi taxt quran, zamanın bizə bəxş etdiyi qocaman söz ustadı Əliağa Bakirin bu il anadan olmasının yüzüncü ildönümüdür.
Əliağa Bakir yaradıcılığına nəzər saldıqda onun təbiətin gözəlliyinə, xalqın söz sənətinə, ulu keçmişinə biganə münasibət bəsləyənlərə qarşı qətiyyətlə mübarizəsini, hər bir fərdə vətənə, onun tarixinə, mədəniyyətinə yüksək və dərin məhəbbət hissini aşılamasını görürük.
Şairin daxili aləmi bəzən mürəkkəb və ziddiyyətlidir. Çünki yaradıcı insan xüsusi duyğuya malik olur. O, həyata qarşı son dərəcə həssasdır. Zülmə və haqsızlığa biganə qala bilmir. Bu hisslər şairin təkcə nəzmlərində deyil, xatirələrində belə qələmə alınır.
Qocaman şairin
Salman Mümtaz
adına Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində mühafizə olunan şəxsi
fondundakı xatirələrini vərəqləyərkən onun uşaqlıqdan nə qədər
ağır və çətin günlər
yaşadığının qiyabi şahidi olursan. Ancaq bununla yanaşı qələm
ustadının ailəsi, dostları, bir çox görkəmli və
tanınmış insanlarla bağlı həm
həzin, həm də xoş xatirələri
oxucuda maraqlı hisslər yaradır. Bu xatiratın bəzi sətirlərini siz oxucularla
bölüşmək istərdik.
“Mən şeir yazmağa uşaq vaxtlarından başlamışam. İlk şeirimi altıncı sinifdə oxuyarkən, 1937-ci ildə İspaniya mübarizlərinə həsr etmişəm. Əfsuslar olsun ki, həmin şeir indi mənim arxivimdə yoxdur. Yaşa dolduqca şeirə meylim artdı. Ancaq həmişə nəsr əsəri yazmaq arzusunda olmuşam. Yeganə nəsr əsərim 1938-ci ildə “Pioner” jurnalında dərc edilmiş “Xəbərçi dovşan” adlı kiçik bir hekayəm olub. Mənim nasirliyim bununla da sona çatıb. Şairlik isə ömrü boyu mənə həmdəm oldu. Uzun illər şeirin bir çox növündə əsərlər yaratdım. Zəifi də oldu, yaxşısı da. Seviləni də oldu, sevilmiyəni də. Elə mənə şairliyi də bəxş edən bu amillər olub”.
“Mən hələ uşaq vaxtlarımdan incəsənətlə çox maraqlanırdım, rəssamlığa, poeziyaya, musiqiyə çox həvəsim vardı. 1940-cı ilin yaz ayları idi. Səməd Vurğunun Elmlər Akademiyasının binasında “Xanlar” pyesinin disputu keçirilirdi. Mənim onda 16 yaşım vardı. Axşam çağıydı. Mən də o disputa getmişdim. Tez ikinci cərgədə özümə yer tutdum. Bir azdan bir nəfər gəlib yanımda oturdu. Bu böyük sənətkarımız Mirzəağa Əliyev idi. O mənə üz tutub dedi: “Bala, sən burda neyləyirsən?” Dedim: “Mirzə dayı, mən də yavaş-yavaş maraqlanıram”. Dedi: “Yaxşı eləyirsən bala, ədəbiyyat gözəl nemətdir”. Disput başlandı. Heydər Hüseynov, Səməd Vurğun, Mərziyə xanım Davudova, Ələsgər Ələkbərov çıxış etdilər. Yığıncaq qurtardıqdan sonra mən Mirzəağa Əliyevlə bir yerdə çıxdım. Onun evinə qədər bir yerdə gəldik. Xüdahafizləşib ayrıldıq. Sonralar İnstitutda oxuyan vaxtı onunla yaxından tanış olduq. 1954-cü ildə onu son mənzilə yola salanların arasında mən də vardım”.
“1941-1942-ci illərdə Gülağa Məmmədovla yoldaşlıq edirdim. Ağabala Abdullayev adlı bir dostumuz da vardı (Xalq artisti Əlibaba Abdullayevin kiçik qardaşı). Üçümüzün də yaxşı səsi vardı. Gülağanın xalq mahnıları oxumağa, mənim isə muğama həvəsim vardı”.
“Cavanlıqda çəkdiyim əzablı günlər xanəndəliyi də, rəssamlığı da mənə unutdururdu. Lakin zindan küncündə keçirdiyim əzablı illər də məni ruhdan salmadı. Düşdüyüm kalonda çoxlu ziyalı vardı. Odur ki, 1946-cı ildən başlayaraq bir dram dərnəyi yaratdım. Otuza qədər istedadlı adamları başıma yığdım. Gündüzlər işləyir, axşam isə gecə 11-ə, 12-yə qədər məşq aparırdım. Az zaman içində gözəl kollektiv yaratdım. “Vaqif”, “Nizami”, “Qatır Məmməd”, “Gözün aydın” və başqa pyesləri tamaşaya qoydum. Vaqif, Nəsimi, Qatır Məmməd, Alay rollarını isə özüm oynayırdım...”.
“Hələ tələbəlik illərimdə, 1950-51-ci illərdə Həsənağa Salayev məni görkəmli səhnə ustaları Mövsüm Sənani, Əli Qurbanov, Sidqi Ruhulla və başqaları ilə tanış eləmişdi. O vaxtı satirik şeirlər yazırdım. Bu aktyorlar mənim satirik şeirlərimi konsertlərdə ifa edirdilər. Uzun illər bu gözəl insanlarla yaxınlığım olub”.
“1960-cı illərdə gənc şairlərdən Əli Kərim və Rüfət Zəbioğluyla dostluq eləməyə başladım. Sözün əsl mənasında bunlar çox talantlı şairlər idi. Hər ikisi də eyni yaşda idi. Əfsuslar olsun ki, dünyadan tez köçdülər. Əli Kərim 1969-cu ildə 38 yaşında, Rüfət Zəbioğlu isə 1982-ci ildə 51 yaşında...”.
“1965-ci ilin 30 sentyabrı idi. Səhər saat 8-də evdən çıxdım, Sovet-Mirzəağa Əliyev küçələrinin tinindəki qəzet köşkündən qəzet alıb işə yollandım. Qəzeti alan kimi alıb baxdım. Gördüm ki, Əliağa Vahid haqqında nekroloq dərc edilib. Elə ordan başladım küçədə gedə-gedə beynimdə yazmağa. Gəlib Hüsü Hacıyev-Şors küçəsinin tininə çatanda Əliağa Vahidin dostu, mənim də yaxın tanışım, tənqidçi Məmməd Əkbərə rast gəldim. O məni görən kimi dedi ki, “Vahid rəhmətə getdi”. Dedim: “Bilirəm”. Ora qədər dəqiq 4 beyt yazmışdım. İstədim deyim, Məmməd Əkbər qoymadı, dedi “dayanma, ardını yaz, elə onu davam etdirən sən olacaqsan”... Artıq Hökumət Evinə çatana kimi (işim orada idi) bütün qəzəli qurtardım. Otağıma qalxıb tez kağıza köçürtdüm.
Sabahı, oktyabrın 1-də Əliağa Vahidin cənazəsi Natəvan adına klubda qoyulmuşdu. Məclisin ağsaqqalı Seyfəddin Dağlı idi. O vaxt gənc şair olan Tofiq Bayram aralıqda xidmət göstərirdi. Seyfəddinlə tanışlığım yox idi. Amma Tofiq Bayramla yaxın idik. Odur ki, yazdığım qəzəli Tofiq Bayrama oxudum. O da məsləhət gördü ki, Seyfəddin Dağlıya oxuyum. O, Seyfəddini mənimlə tanış etdi və mən qəzəlimi ona oxudum. Seyfəddin məsləhət gördü ki, bu qəzəli Vahidin qəbri üstündə oxuyum... Dəfn mərasimini Mirzə İbrahimov aparırdı. Mirzə müəllim mənə söz verdi. Qəzəli elə bir hərarətlə oxudum ki, qəzəl qurtarandan sonra camaatdan alqış sədaları qopdu. İki gündən sonra şair Qabil mənə zəng elədi ki, “Mirzə müəllim deyir ki, o oğlanı tapın, həmin qəzəli “Ədəbiyyat” qəzetində buraxın”...
9 oktyabr 1965-ci il tarixli “Ədəbiyyat” qəzetində Əliağa Vahidə həsr olunmuş bütün bir səhifə buraxıldı. Orada Vahid haqqında yazılar, Süleyman Rüstəmin, Məmməd Rahimin və mənim qəzəllərimiz buraxılmışdı. Qəzəlimin altında “Əliağa Bakir mühəndis” yazılmışdı.
Söz gövhəri səpdin bu gözəl gülşənə Vahid,
Bəxş etdi qəzəl mülkünü dövran sənə Vahid.
Övladi-Füzuli bu zaman içrə sən oldun,
Söz məclisinin gövhərisən sən yenə Vahid.
Odlar vətəni, yurdumuz üçün bu şərəfdir,
Dillərdə sənin hər qəzəlin söylənə Vahid.
“Məni az-çox məşhurlaşdıran “Atadır” qəzəlimin qəribə tarixi vardır. O vaxtlar Sovet küçəsindəki köhnə evimizdə olurdum. İndi Baba Mahmudoğlu kimi tanınan müğənni əvvəllər Baba Mirzəyev idi. O, 1963-cü ildən başlayaraq bizə tez-tez gəlirdi. Bir gün mənə dedi ki, Bakir müəllim, ata haqqında bir qəzəl yaz, çünki bu haqda heç bir yaxşı qəzəl yoxdur.
1968-ci ilin
mart ayının axırları
idi. Bağa işləməyə getmişdim. Soyuq bir
gün idi. Günortaya qədər bağı belləməklə məşğul
oldum. Soyuq məni yaman
karıxdırmışdı. Gəlib xörəyimi qızdırıb,
günortaya yeməyimi
hazırladım. Bir
az içkim
vardı, yeyib-içəndən
sonra bir balaca özümə gəldim. Doğrudan da, atanın çəkdiyi əzabı
hiss etdim... Nə isə, o an 15 dəqiqədə “Atadır”
rəfili qəzəlimi
yazdım.
Səhəri işə gəlib, nazirlikdə
mənimlə bir yerdə işləyən
Əli Bədəlov adlı zootexnik iş yoldaşıma oxudum. O çox gözəl insan idi, yaxşı da ədəbiyyatçı
idi. Qəzəli çox bəyəndi.
Amma dedi ki, “oğul, burada nə
isə çatmır”...
Nə olduğunu isə demədi. Səhəri o qəzələ bir beyt əlavə
etdim.
Sonra bu qəzəli
Əli müəllimə
oxudum. Dedi, “oğul, hədəfi gözündən vurmusan.
Sən atanı, Allahdan sonra övlad üçün ikinci
Allah kimi vermisən. Ancaq o qocalıb düşən
vaxtı, sənin yazdığın bu qəzəl onun ata kimi əlində
əsas olar. Əgər vaxtında övlada baxmayıbsa, bu yazdığın beyt onu susmağa məcbur edər”. Əli Bədəlov 20 ilə yaxındır ki, rəhmətə gedib.
Allah onu qəni-qəni
rəhmət eləsin.
Həmin qəzəli
yazdığım tarixdən
düz 30 il
keçir. O qəzəl
demək olar ki, bütün Azərbaycana səs saldı. Xanəndə də, molla
da, dərviş də onu oxudu.
Bəstəkar da ona romans yazdı...”
Hər bir övlada şərəf, şöhrət
ilə şan atadır,
Başa
tac, qəlbə
fərəh, təxti-Süleyman
atadır.
Hörmətin saxlamalı daima
aləmdə onun
Çünki dünyaya səni bəxş edən insan atadır.
Cəmaləddin CAVADOV
Şərq .- 2023.- 1 noyabr, ¹199.- S.7.