Titrəməyən
əllər
Zərifə
xanım zərifliyi, biliyi,
bacarığı ilə insanlara
işıq, xoşbəxtlik bağışlayırdı
...Professor Şahbazov əsəbi halda:
- Oftalmologiya elmi 3 şey tələb edir: cəsarət, titrəməyən əl, bir də cərrah bıçağı!
Doktor İradə (qətiyyətlə):
-Göz isə çox zərifdir. Onun cərrahı da zərif olmalıdır!..
Bu dialoqu xatırlayanlar
olacaq yəqin. Unudulmaz şair
və dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesindəndir. İslam Səfərli
bu pyesi Azərbaycanın görkəmli
oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın şəxsiyyətinə hörmət,
ehtiram əlaməti olaraq qələmə alıb.
Zərif
və cəsarətli
qadın
Və ən maraqlısı həm də budur ki,
müəllif pyes üzərində çalışarkən
bir neçə dəfə Zərifə xanımla görüşüb,
ondan məsləhətlər
alıb. Bu faktı fəlsəfə elmləri
doktoru mərhum Adil Nəcəfovun xatirələrindən öyrəndim:
“Zərifə xanım
Əliyeva haqqında düşünərkən 50-ci illərin əvvəllərində
baş vermiş hadisələri xatırlayıram.
O zaman "Göz həkimi" pyesi üzərində işləyən
uşaqlıq dostum, istedadlı şair və dramaturq İslam Səfərli tez-tez Göz İnstitutuna gedərdi ki, yaradıcılıq prosesinin gedişində tibb işçilərinin
fəaliyyətinin bir
sıra peşə məsələlərini düzgün
aça bilsin. Gənc və istedadlı həkim Zərifə Əliyeva isə müəllifə məsləhətlər
verir, köhnəlmiş
və zərərli baxışlara qarşı
mübarizə aparan pyesin baş qəhrəmanının – göz
həkiminin bədii obrazının yaradılmasında
ona kömək edirdi”. A.Nəcəfov
xatirələrində qeyd
edir ki, İslam Səfərli ilə birlikdə Göz Xəstəlikləri
İnstituna gedib: “Yaxşı yadımdadır,
bu görüşdən
sonra Zərifə xanımın hüdudsuz erudisiyasından, zəngin
ədəbi biliyindən,
dərin ziyalılığından
mütəəssir olmuşduq”. Göz Xəstəlikləri İnstitutunda müşahidə
aparmağının, Zərifə
xanımla söhbətlərinin
şair və yazıçının parlaq
təxəyyülü ilə
birləşməsinin nəticəsi
idi ki “Göz
həkimi” kimi möhtəşəm bir pyes ərsəyə gəldi. Həkim İradə xanımın
obrazı Zərifə
xanımın şəxsiyyəti
ilə həmahəngdir.
Cəsarətli, eyni zamanda zərif bir həkim. Biliyi, bacarığı, titrəməyən əlləri
və iti gözləri ilə insanların xidmətində
dayanan, onlara səadət, xoşbəxtlik
nəsib edən nəcib peşə sahibi, göz həkimi – Zərifə xanım Əliyeva. Həyatda təsadüf yoxdur, qanunauyğunluq vardır, deyirlər, doğrudur.
Zərifə xanımın məhz
həkimlik sənətini,
həm də göz həkimi peşəsini seçməsi
də qanunauyğunluq
idi. Bu sevgi və istək, həmçinin məqsədə
doğru inamla irəliləmək xüsusiyyəti
ona nəslinin ötürdüyü ali keyfiyyətlər idi.
“Peşə xəstəlikləri
ilə ilk dəfə
Zərifə xanım
məşğul olub”
“Göz həkimi” pyesində doktor İradə kafedra müdürü
Nina Nkolayevna ilə söhbəti zamanı belə deyir:
- Təsəvvür edin, uzun ilər kor olmuş bir insanın gözləri açıla!.. Günəş, işıq, təbiət
haqqında təsəvvürü
olmayan insan üçün bundan böyük səadət olarmı?!
Sözsüz, Zərifə xanım həkimlik fəaliyyəti
dövründə neçə-neçə
insana səadət bəxş edib. Pyesdə
Zərifə xanımın
oftalmoloq alim kimi fəaliyyəti ilə üst-üstə düşən bir məqam da var. Pyesin qəhrəmanı həkim İradə xanım məhz iş başında zədə almış geoloq-neftçi İvanovun
gözlərinin müalicəsini
üzərinə götürüb,
cərrahiyyə əməliyyatı
keçirməlidir. Zərifə xanım da neft-kimya
sənayesində çalışanların
peşə xəstəliklərinin
müalicəsiylə bağlı
elmi araşdırmalar
aparırdı və bu sahədə yüksək nəticələr
əldə etmişdi.
Bu haqda akademik Əhliman Əmiraslanov öz məqaləsində
qeyd edir: “Görmə orqanının
peşə xəstəlikləri
ilə ilk dəfə
Zərifə xanım
məşğul olub.
ADHTİ-də çalışarkən
ilk illərdən zərərli
sənaye müəssisələrində
çalışan insanların
oftalmoloji müayinədən
keçmələrini təşkil
edirdi, peşə ilə əlaqədar əmələ gələn
göz xəstəliklərinin
profilaktikasını və
müalicəsini ön
plana çəkir, bir sıra sənaye
müəssisələrində tədqiqat aparıb, zərərli peşələrin
törətdikləri göz
xəstəliklərini elmi
surətdə əsaslandırır,
onların qarşısını
almaq üçün
əməli tədbirlər
görür, zərərli
peşə sahiblərinin
gözlərini xilas edirdi. O, 1976-cı il may ayının
27-də Helmqolts adına
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda "Azərbaycanın
kimya sənayesinin bir sıra müəssisələrində
işçilərdə görmə
orqanının vəziyyəti"
mövzusunda dissertasiya
müdafiə edərək
tibb elmləri doktoru elmi dərəcəsinə
layiq görülmüşdü.
Bununla da Z.Əliyeva cəsarətli eksperimentatorluq
bacarığını SSRİ-nin məşhur oftalmoloqları qarşısında
bir daha sübuta yetirdi.
Professor Zərifə Əliyeva
oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə
orqanının peşə
patologiyası sahəsində
apardığı uğurlu
elmi-tədqiqat işlərinə
görə 1981-ci ildə
SSRİ Tibb Elmləri
Akademiyasının akademik
M.Averbax adına
mükafatına layiq görülüb”.
“Zərifə xanım anamın gözlərini əməliyyat etmişdi”
Yazını hazırlayarkən Zərifə
xanımın öz əlləri ilə səadət bəxş etdiyi ailələrdən birinin nümayəndəsi
ilə həmsöhbət
olduq. Bu, Azərbaycan
Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
professoru Həvva Məmmədovadır. Həvva
xanım bizimlə söhbətində ümummilli
lider Heydər Əliyev kimi Zərifə xanım Əliyevanın da adının Azərbaycan tarixinə əbədi həkk olunduğunu dedi.
- Zərifə xanım
humanist insan, görkəmli
ictimai xadim, oftalmoloq-alim idi. Sözün əsl mənasında
HƏKİM idi. O, Azərbaycan
oftalmologiya məktəbinə
öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox
böyük fəaliyyət
göstərib. Zərifə
xanım özünün
çoxillik fəaliyyəti
dövründə neçə-neçə
gözə şəfa
bəxş ediş, ən ağır, mürəkkəb cərrahi əməliyyatlar
aparıb, insanları
qaranlıq dünyasını
işıqlandırıb. Belə nəhəng
və xeyirxah işlər görə bilməsinin səbəbi həm öz biliyi, savadı və səriştəsi,
həm də nəsil-şəcərəsindən, böyüdüyü ailədən
irəli gələn yüksək keyfiyyətlərə
malik olması idi. Zərifə xanımın adını
fəxrlə, sonsuz qürur hissi ilə çəkirik, onun məhz bizim xalqın nümayəndəsi, Azərbaycan
qadını olmasından
qürur hissi duyuruq. Ölkəmizdə ana adının
ucalığı, ömür-gün
yoldaşının sədaqəti,
həkimliyin müqəddəsliyi
onun adı ilə əbədiləşir.
Zərifə xanım xalqımıza
müzəffər Ali Baş
Komandan bəxş etmiş bir anadır. Mənim üçün dəyərli olan bir məsələni xatırladım ki, vaxtilə anamın gözlərini Zərifə
xanım əməliyyat
edib. Anamın gözləri iki
dəfə əməliyyat
olunmuşdu. Həkimlərdən birinin adı Ceyran xanım idi, digəri isə Zərifə xanım olub. O zaman biz Zərifə xanımın hansı ailəyə mənsub olduğunu bilmirdik. İllər sonra bunu bildik.
Bu xanım o qədər
səmimi, xeyirxah, sadə, təvazökar idi ki, Heydər
Əliyev kimi bir siyasi rəhbərin
həyat yoldaşı
olmasını qabartmayıb,
özünü üstün
hesab etməyib. Çalışdığı səhiyyə müəssisəsində
hamı onun xeyirxahlığının, sadəliyinin,
səmimiliyinin vurğunu
olub. Təsəvvür edin ki, bişirdiyi xörəklərdən
gətirib gözətçiyə,
ehtiyacı olanlara paylayırmış. Hamıyla səmimi
ünsiyyət yaradırmış.
Zərifə xanımın kollektivlə
birlikdə çəkdirdiyi
fotolardan da görünür ki, o necə səmimi, nəcib insan olub. Zərifə xanım adət-ənənəyə
bağlı, milli xüsusiyyətləri özündə
cəmləmiş və
bu xüsusiyyətlərə
hər zaman sayğı göstərən
əsl Azərbaycan qadını idi. Bu mənada Zərifə
xanım bütün həyatı, fəaliyyəti
ilə, davranışları
ilə örnək bir qadındır. Və xalqımızın qəlbində
daim yaşayacaq.
Məlahət Rzayeva
Şərq .- 2023.- 28 noyabr, ¹ 216.-
S.5.