Media sülhün
əldə olunmasına töhfə verəcək
Fikir, söz və
məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi;
Artıq bir neçə gündür
ki, Azərbaycan KİV-ləri erməni
dilində müraciətlər yayımlayırlar
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onların etdiyi xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, aparılmış radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın 7 radio və 9 televiziyanın, eləcə də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maarifləndirilməsi, Azərbaycan dövlətinin çağırışlarının onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 MHs tezliklərində FM radio və 674 MHs tezliyində rəqəmsal televiziya yayımının Xankəndi də daxil olmaqla, Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub. Bununla belə, Qarabağ bölgəsində radio-televiziya yayımlarının keyfiyyətinin və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək. Xatırladaq ki, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüşdə xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər. Bununla paralel, işğaldan azad olunan ərazilərimizdə də radio və televiziya yayımı məqsədi ilə bir çox addımlar atılıb. Bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər. Stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır. Eyni zamanda “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, işğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası qurulub. O bildirib ki, bu stansiyalar vasitəsilə hazırda 11 televiziya və 6 radionun yayımı həyata keçirilir. Rəhman Hümmətov nəzərə çatdırıb ki, işğaldan azad edilən ərazilərdə 203 mobil baza stansiyası da quraşdırılıb: "Eyni zamanda ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet və s. təşkil edilib. Şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir”. Audiovizual Şuranın da növbədənkənar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub. Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Mətbuat şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Sherg.az"a açıqlamasında bildirib ki, KİV-lər sülh quruculuğuna da, reinteqrasiya prosesinə də ciddi töhfə verə bilərlər. Ekspertin sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edirlər ki, münaqişədə olmuş cəmiyyətlər arasında sülhün, barışın əldə edilməsi üçün medianın imkanlarından istifadə edilməlidir: "Məsələn, “Sərhədsiz Media Azadlığı Koalisiyası”nın (Free Press Unlimited ) hazırladığı “Sülh quruculuğu və media” adlı hesabatda vurğulanır ki, davamlı və dayanıqlı sülhün əldə edilməsi üçün münaqişə tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Onların qənaətinə görə, cəmiyyətlərin sülhə hazırlanmasıüçün istifadə edilən ən mühüm alətlərdən biri də mediadır. “Deutsche Velle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və Münaqişə Hesabatı”nda da əsaslandırılır ki, münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında dayanıqlı sülhün yaradılması üçün vacib olan elementlərdən biri KİV-lərdir. Media cəmiyyətləri sülhün faydaları barədə məlumatlandıra bilir. Münaqişədə olmuş cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşdırılmasına töhfələr verir".
Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycan dövləti də bu prinsiplərdən çıxış edir: "Qarabağ bögəsində yaşayanların dinc dövrə adaptasiya olunması, erməniəsilli vətəndaşların reinteqrasiyası üçün maarifləndirmə işinə üstünlük verir. Və bu məsələdə medianın imkanlarından istifadə edir. Artıq bir neçə gündür ki, Azərbaycan KİV-ləri erməni dilində müraciətlər yayımlayırlar, Qarabağda yaşayan erməni sakinlər üçün məlumatlandırıcı məlumatlar yayırlar. İndi isə Qarabağ sakinlərinin maarifləndirilməsi, məlumatlandırılması üçün erməni və rus dilində verilişlərin sayının artırılması planlaşdırılır. Fikrimcə, bu, reinteqrasiya prosesinin sürətləndirilməsinə əlavə təkan verəcək".
İsmayıl Qocayev
Şərq .- 2023.- 4 oktyabr.- S.6.