Bərpa olunan enerjidən istifadə günün tələbidir

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Ailə təsərrüfatlarının inkişafında günəş panellərindən istifadənin iqtisadi əhəmiyyəti böyükdür

Azərbaycan bu sahədə yüksək potensiala malik olan ölkələrdən biridir

  Dünyada enerjiyə artan tələbat və enerji çatışmazlığı "yaşıl enerji" məsələsinin aktuallığını daha da artırıb. Bu mənada Azərbaycan bir sıra dövlətlərin maraq dairəsindədir. Çünki ölkəmiz enerji ehtiyatlarına və potensialına görə zəngindir.

  Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrikistilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, Azərbaycanda günəş şüalanmasının davamiyyəti 2400-3200 saata qədər müşahidə olunur.

  "Azərbaycan 2030": sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi də mühüm yer tutur. Enerji istehsalı gücündə bərpaolunan enerjinin payının 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulurbu istiqamətdə işlərə start verilib. Bu işdə xarici investorlar da maraqlıdırlar.

  Qeyd edək ki, Azərbaycanın bütün rayonlarında alternativ enerjiyə əlçatanlığı təmin etmək mümkündür. Ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir.

  Bərpaolunan enerji potensialına görə Füzuli, Cəbrayıl və Zəngilan rayonları üstünlük təşkil edirlər. Bu ərazilər Naxçıvandan sonra ikinci yerdədir. Bölgədə təkcə günəş enerjisi deyil, həmçinin külək enerjisindən səmərəli istifadə etmək üçünmünbit şərait var. Dağlıq hissədə 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu əlverişli ərazilər çoxdur. Kəlbəcər və Laçın rayonlarında isə küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Günəş, külək enerjisi ilə yanaşı, bölgə həm də su ehtiyatları ilə də zəngindir. Kəlbəcər və Şuşada termal su ehtiyatları boldur.

  Bir neçə gün əvvəl Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov qeyd etmişdi ki, Azərbaycanda əhali bərpa edilən enerji ilə bağlı günəş panelləri qoyaraq öz enerji tələbatını ödəyə bilər”. Onun sözlərinə görə, bərpa edilən enerjidən istifadə edən şəxslər öz tələbatlarını ödədikdən sonra elektrik enerjisinin artıq qalan hissəsini dövlətə sata bilər.

  Energetika naziri Pərviz Şahbazov isə Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib ki, yaxın günlərdə regionun ən böyük günəş-elektrik stansiyası (GES) istismara veriləcək.

Onun sözlərinə görə,"yaşıl enerji" planları artıq real nəticələrə çevrilir:

“230 MVt gücündə "Qaradağ" GES ölkəmizdə 225 milyon ABŞ dolları məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 milyon kVt/saat “yaşıl enerjidaxil olacaq. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Masdar"şirkəti ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisihidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir”.

  Nazir bildirib ki, bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur: “240 MVtgücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair icra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemiquruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalanıb.

  Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin Cəbrayılda "NobelEnergy", Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır”.

  P.Şahbazov qeyd edib ki, Naxçıvanda "NobelEnergy", "TotalEnergies" və "A-Z CzechEngineering" şirkətləri tərəfindən ümumi gücü 1 150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir: Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər”.

  İqtisadçı-ekspert Əyyub Kərimli də “Sherg.az"a açıqlamasında Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin inkişaf strategiyasına tam uyğundur:

 

“Respublikamızın əlverişli coğrafi iqlimə malik olması alternativ və bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, konkret olaraq günəş enerjisi üzrə 23 000 MVt həcmində qiymətləndirilir. Xüsusən də, işğaldan azad olunmuş Qarabağ zonasında da münbit şərait və lazımi qədər də enerji potensialı var”.

  Ekspert əlavə edib ki, yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Aran bölgəsi və Naxçıvanda olduğunu deyib. Bakıda isə dəniz olduğundan həm günəş, həm də külək enerjisinin potensialı yüksəkdir:

“Fikrimcə, ailə təsərrüfatlarının inkişafında günəş panellərindən istifadənin iqtisadi əhəmiyyəti böyükdür. Hesab edirəm ki, evlərin damlarına qoyulan günəş panellərindən əldə olunan enerji həm regionların sosial-iqtisadi inkişafına, həm də əhalinin rifahına müsbət təsir edəcək. Bu prosesin özünü doğrultması ölkədə elektrik enerjisinin ucuzlaşmasına da yol aça bilər ki, bu da iqtisadi inkişafa mühüm töhfədir”. 

Şəymən Bayramova

Şərq.-2023.-21 oktyabr.-S.6.