Qarabağa qayıdacaq əhali işsiz qalmayacaq

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb

Məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır

 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

  Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə -70 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Beləliklə, 30.10.2023-cü il tarixindəki köç də nəzərə alınmaqla Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin edilib.

  Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə əhalinin qayıdışını təmin etmək və bunu stimullaşdırmaq məqsədilə diqqət mərkəzində saxlanılmalı olan vacib məsələlərdən biri də həmin ərazilərimizdə məşğulluğun təmin olunmasıdır. Belə ki, sakinlərin işlə təmin olunması məqsədilə işğaldan azad olunmuş ərazilərimizdə yeni layihələrin icrası üçün həm əlverişli coğrafi mühit, həm də sürətli yenidənqurma bərpa işləri nəticəsində yaradılan infrastruktur hesabına çox böyük imkanlar mövcuddur. "Böyük Qayıdış"dan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin də diqqət mərkəzində olan mühüm məsələdir.

  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, işğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 faizinin məşğulluğu təmin edilib. Köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi əsas hədəflərimizdəndir. Bu proses davam edəcək. Əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir. Bundan başqa, onun sözlərinə görə, hökumətin siyasətinin əsas xətlərindən biriBöyük Qayıdış” proqramının həyata keçirilməsidir: “30 illik işğaldan sonra ordumuz, xalqımız Ali Baş Komandanın ətrafında birləşərək torpaqları azad etdi. Bizim qarşımızda duran ən böyük missiya həmin əraziləri Azərbaycanın ən gözəl, inkişaf edən, çiçəklənən guşəsinə çevirməkdir. Bu istiqamətdə “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Həmin ərazilərə əhali köçürülür. İlin sonuna qədər vətəndaşların köçü planlaşdırılır”. Nazir həmçinin deyib ki, indiyə qədər 124 min müharibə iştirakçısı, qazi və şəhid ailəsi üzvlərinə 380 mindən artıq xidmət göstərilib: “Onların sosial ödənişləri təmin edilib və mənzil təminatı proqramı icra edilib. Ümumilikdə son 5 ildə 1 milyondan çox insana məşğulluq xidməti göstərilib”.

  Onu da deyək ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə misli görünməyən bərpa-quruculuq işləri aparır. Torpaqlarımız işğaldan azad edildikdən sonra orada sənaye potensialının reallaşması və həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdən biri hesab olunur. Ekspertlərin də qeyd etdiyi kimi, yaxın 10 ildə biz Qarabağımızın məskunlaşması prosesini tam başa çatdırmaqla, onun müasir tələblərə uyğun yeni iqtisadi mənzərəsini yarada biləcəyik. Bu ərazidə yüzlərlə kiçik, ortairi modern istehsalemal müəssisələri qurulacaq. Bütün bunlar nəticə etibarilə regionun iqtisadiyyatının güclənməsinə və əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunmasına və onun sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

  Bu məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur. Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin edilir. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalars. kimi səhiyyə ləvazimatları istehsal olunur. Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.

   Millət vəkili Mahir Abbaszadə də isə “Sherg.az"a açıqlamasında deyib ki, hazırda həm Şərqi Zəngəzur iqtisadi rayonunda, həm də Qarabağda sürətli infrastuktur layihələri həyata keçirilir.

Hətta bəzi ərazilərdə gedən tikinti prosesi artıq başa çatmaq üzrədir. Hazırda bu ərazilərdən məcburi köçkün düşmüş insanların yenidən öz ata-baba yurdlarına qaytarılması istiqamətində real addımlar atılır. Məhz bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdış"ı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulub.

  Millət vəkilinin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində görülən işlər içərisində əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq onların məşğulluğu maksimum formada təmin ediləcək:Böyük Qayıdış" prosesi mərhələli şəkildə həyata keçirildikcə, məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək. Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir. Əgər biz insanların dayanıqlı qayıdışını sosial ədalət prinsipləri əsasında həyat təminatına çalışırıqsa, burada əsas məsələlərdən biri evlərin təmiri ilə bağlıdırsa, digər məsələ də köçürülən əhalinin məşğulluq probleminin həlli və iqtisadi təminatı ilə bağlıdır. Bu məqsədlə İqtisadiyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye məhəllələrinin salınmasına başlanılıb, orada fəaliyyət göstərəcək rezidentlərə lisenziyalar verilib. Laçın rayonunda şəhər mərkəzinə yaxın bir ərazidə də sənaye parkının salınması nəzərdə tutulub. Təxminən 46 müəssisə yaradılacaq ki, bu da 2000-dən artıq vətəndaşın daimi işlə təmin olunması deməkdir. İşğaldan azad olunmuş ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm də turizmin inkişafı üçün böyük potensialı yüksək qiymətləndirilir. Orada sağlamlıq, eyni zamanda qış və yaz turizminin inkişafı ilə bağlı da müvafiq nazirliklər öz işlərini görür”.

  Deputat əlavə edib ki, Azərbaycan hökuməti antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş ərazilərdə də eyni quruculuq işlərini davam etdirəcək: “İndi Azərbaycan hökumətinin qarşısında erməni toplumunun dünənə qədər yaşadığı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Hadrut və digər yaşayış məntəqələrinin ən qısa zamanda məskunlaşdırılması kimi mühüm bir vəzifə var. Artıq növbəti addım 30 illik həsrətdən sonra bu torpaqlara yenidən qayıtmaq və quruculuq işlərinə başlamaq olacaq. Bu məskunlaşmanı qeyd-şərtsiz aparmaq üçün əlimizdə kifayət qədər tutarlı arqumentlər var.

Şəymən Bayramova

Şərq .- 2023.- 31 oktyabr, ¹198.- S.6.