Qarabağ dünyada
daha da tanınacaq
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
Azərbaycanın haqq
davasını dəstəkləyən dövlətlər
eyni zamanda Qarabağdakı quruculuq işlərində
iştiraka can atır
Ölkənin sosial-iqtisadi
inkişafını prioritet vəzifə olaraq qarşısına qoyan
Azərbaycan dövləti 44 günlük
Vətən müharibəsində əldə etdiyimiz
şanlı qələbə sayəsində işğaldan
azad edilmiş ərazilərdə
də eyni siyasət yürüdür. 30 ilə yaxın müddətdə
erməni separatçılarının
dağıdıb viran qoyduğu
şəhərlər, qəsəbə və kəndlər
dövlətimizin apardığı məqsədyönlü
siyasət nəticəsində abadlaşır, yenidən bərpa
edilərək məskunlaşma üçün
uyğun vəziyyətə gətirilir.
Qarabağ iqtisadi rayonu mövcuddur və bir neçə rayonu əhatə
edən bu geniş
bölgədə sənaye müəssisələrinin
açılması, infrastrukturun bərpası
ilk növbədə əhalinin doğma yurdlara
qayıdışına hesablanıb.
Sənaye müəssisələri, ictimai iaşə obyektləri, təhsil, səhiyyə ocaqları, ümumilikdə Qarabağ regionunun da ölkəmizin digər regionları ilə getdikcə ayaqlaşmasını şərtləndirir. Qarabağ regionunun inkişafına təkan verəcək amillərdən biri də işğaldan azad edilmiş ərazilərdə cənab Prezident İlham Əliyevin göstərişi ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasıdır. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov növbəti layihənin icrası barədə danışıb.
E.Hüseynov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi
nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək
şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub.
Bu layihə çərçivəsində
ən önəmli komponentlərdən biri
də “ağıllı kənd” və “ağıllı şəhər”lərin
tikintisidir.
Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb sakinlərin istifadəsinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir kənd isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək. Dövlətyarlı kəndində artıq layihələndirilmə işləri yekunlaşmaq mərhələsindədir. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru isə artıq işə başlayıb. Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpa olunması nəzərdə tutulur.
Sözsüz ki, bu layihə də Azərbaycan
dövlətinin vəsaiti hesabına həyata keçiriləcək.
Amma burada tətbiq
ediləcək “ağıllı” həllər məhz
Slovakiyanın mütəxəssisləri və mühəndisləri
tərəfindən böyük
effektivliklə bütün dünyada infrastruktur sahəsində
tətbiq olunur: “Hesab edirik ki, bu
da bərpa prosesində baş
verən yeniliklərdən biridir. Qeyd edim ki,
layihə çərçivəsində ümumilikdə ərazisi
470 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci
mərhələdə 5500, ikinci mərhələdə
isə 1170 nəfərin köçürülməsi
planlaşdırılır. Kəndə əvvəlcə 917,
növbəti mərhələdə isə 600 ailə
köçürüləcək”.
Baş Qərvənd kəndində “ağıllı həllər”in
məhz Slovakiya mütəxəssisləri
tərəfindən tətbiq ediləcəyi barədə bu günlərdə ölkəmizdə səfərdə
olan, səfər çərçivəsində
işğaldan azad edilmiş əraziləri də ziyarət edən
Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar da
məlumat verib. Onun
sözlərinə görə, Slovakiya
2024-cü ilin yazında Ağdam
rayonunun Baş Qərvənd
kəndində "ağıllı" kəndin tikintisində
iştirak edəcək.
İqtisadçı
Fuad İbrahimov “Sherg.az”a açıqlamasında Azərbaycan
dövlətinin Qarabağ iqtisadi rayonunun dirçəlməsinə
xüsusi diqqət ayırmasının tamamilə anlaşılan
olduğunu bildirdi:
- Məlumdur ki, Qarabağ 30 ilə yaxın bir
müddətdə erməni separatçıları tərəfindən
sözün birbaşa
mənasında talan edilib,
viran hala
salınıb. Dövlətimiz də Qarabağın ölkəmizin
digər regionları kimi sürətli
inkişafında maraqlıdır. Qarabağ
regionu qısa zamanda
digər regionlarla ayaqlaşmalıdır.
Mümkün deyil ki, ölkənin hansısa bir
regionu inkişaf etmiş olsun, digərində
isə inkişaf ləngisin. Çünki ölkə vahid
bir orqanizmdir. Orqanizmin bütün
üzvləri – regionları - sağlam
olmalıdır ki, ümumi
sağlamlıq əldə edilsin. Azərbaycana
səfər edən əcnəbi Bakıda kəsintisiz
internetdən rahat istifadə edə bilirsə,
eyni vəziyyəti Qarabağda
da görməlidir. Yoxsa
Bakıda onlayn imkanlardan
istifadə edən birisi paytaxtdan
çıxan kimi internet
bağlantısı kəsiləcəksə, daha
bunun harası inkişaf
oldu? Yaxud, bölgələrdə,
regionlarda müasir texnoloji üsullar tətbiq
edilməyəcəksə, inkişafdan
danışa bilməyəcəyik. “Ağıllı şəhər”,
“ağıllı kənd” layihələri məhz bunu nəzərdə tutur
ki, məskunlaşmanın artıq
başlandığı Qarabağ regionunda müasir texnologiyalar tətbiq edilsin,
Qarabağ regionu qlobal dünyaya inteqrasiya etmiş vəziyyətdə
olsun. İqtisadçı
Cəbrayıl rayonunda aparılan yenidənqurma işlərində müasir üsullardan istifadə edildiyini, ekoloji tarazlığın qorunduğunu da qeyd etdi:
- Məlumatlarda bildirilir ki, Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb. Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək. Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir. Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət edilir. Kommunikasiya xətlərinin, yol-nəqliyyat infrastrukturunun qurulmasında ağıllı texnologiyalardan istifadə edilir. “Ağıllı şəhər” və “ağıllı kənd"lər də məhz bu konsepsiyalara əsaslanır.
F.İbrahimov bildirdi ki, Qarabağ regionuna xarici investorların cəlbi də iqtisadi inkişafı sürətləndirmək məqsədi daşıyır:
- Biz görürük ki, xarici ölkələr, Azərbaycanın haqq davasını dəstəkləyən dövlətlər eyni zamanda Qarabağdakı quruculuq işlərində iştiraka can atır. Bu, onlar üçün də sərfəlidir, bizim üçün də. Bizim üstünlüyümüz ondadır ki, regiona cəlb olunacaq investisiyalar sosial-iqtisadi inkişafa xidmət edəcək. Azərbaycan, o cümlədən Qarabağ dünyada daha da tanınacaq. Bu günlərdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli bayramına həsr olunmuş tədbirdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycan-İsveçrə birgə ticari-iqtisadi komissiyasının fəaliyyəti əlaqələrimizin daha da inkişaf etməsinə imkan yaradır. Nazir müavini İsveçrə şirkətlərinin işğaldan azad olunmuş torpaqların bərpasında iştirak etmək istədiklərini, təşəbbüslə çıxış etdiklərini də vurğuladı. İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksander Hoffet də həmin mərasimdə bu barədə danışıb. Deyib ki, artıq 6 aydır ki, Azərbaycanda müvəqqəti işlər vəkili postundadır və Azərbaycanın regionlarına səfər etmək, bu ölkənin zəngin mədəniyyəti ilə, insanları ilə tanış olmaq şansı əldə edib. Hər iki ölkənin zəngin təbiəti var və ölkələrimiz turistlərin diqqətini cəlb edir. Azərbaycanın turizm perspektivi gələcək vəd edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də imkanlar var. İsveçrə şirkətləri işğaldan azad edilən ərazilərdə yenidənqurma prosesində işləmək, öz innovasiyalarını burada tətbiq etməkdə maraqlıdırlar. Təbii ki, Azərbaycan da bu cür təşəbbüsləri dəstəkləyir. Belə təşəbbüslərin dəstəklənməsi ölkəmizin tanınması, regionların, o cümlədən də Qarabağ regionunun da iqtisadi yüksəlişi və turizmin də inkişafı üçün lazımdır.
Məlahət Rzayeva
Şərq .- 2023.- 5 sentyabr.- S.6.