Ciddi rezonans və
dəstək qazandı
Diaspor quruculuğu, lobbiçilik və
dünya azərbaycanlılarının həmrəyliyi;
Bir qrup xarici QHT “Dünya Qafqazda
sülh üçün” beynəlxalq kampaniya
başladıblar
“Xarici ölkələrdə təhsil
alan, yaşayan azərbaycanlı gənclərdən aktiv
istifadə edilməli, onlar təşviq edilməlidir”
Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya başladıblar. Kampaniya yeni elan olunmasına baxmayaraq, ciddi rezonans və dəstək qazanıb. Artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib. “Jotform” beynəlxalq platformasında yerləşdirilən müraciətdə Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan dərin narahatlıq ifadə edilir. Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın. Müraciətə qoşulanlar hesab edirlər ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdırlar. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır. Ermənistanın Laçın yolu ətrafında saxta təbliğatını ifşa edən və reinteqrasiyanı alqışlayan bu müraciətə qoşulmaq istəyən xarici QHT təmsilçiləri onlayn formada bu keçid vasitəsilə bəyanatı imzalamaqla dəstəyini ifadə edirlər: “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniyada iştirak edən Zimbabvenin “Gənc Səfirlər” təşkilatının sədri Abiel Mavere deyib ki, o, bu təşəbbüsü müdafiə edir: "Mesaj aydın və sadədir. Qoy sülh qalib gəlsin. Biz heç bir münaqişədə qan tökülməsini istəmirik, biz həll edilməmiş münaqişə görmək istəmirik. Biz istənilən münaqişənin sülh yolu ilə, diplomatik həllinə çağırırıq. Kim bütün dünyada sülhdən yanadır, digər təşkilatları da “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə qoşulmağa cəsarətləndirməlidir”. Kampaniyada iştirak edən daha bir xarici QHT nümayəndəsi, Malinin “Sülh və davamlı tərəqqi üçün gənclərin şəbəkə platforması” təşkilatının İdarə Heyətinin sədri Ali Sidibe də, öz növbəsində, Qafqaz bölgəsində sülhün təmin olunmasının vacibliyini vurğulayıb: “Rifah naminə sülh inşa edilməlidir. Bu gün bizim həm kollektiv, həm də fərdi şəkildə dayanıqlı sülh üçün səsimizi yüksəltməyimizə hər zamankından daha çox ehtiyac var. Ona görə də bu gün mən buradayam və “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə tam və qeyd-şərtsiz dəstəyimi ifadə edirəm”. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də erməni diasporunun və onları dəstəkləyən qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasətin qarşısının alınmasında diasporanın xidməti danılmazdır. Diaspor siyasəti dövlətin əsas güclərindən biridir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin siyasi həyatında aktivliyi həm təşkilatlanma səviyyəsi, həm də cəmiyyətlərin siyasi, iqtisadi inkişafı ilə bağlıdır. Azərbaycan diasporu son illər təşkilatlanaraq, xarici ölkələrdə öz mövqelərini möhkəmləndirməkdədir. Ancaq bu proses heç vaxt dayanmamalıdır. Yeni çağırışlara, dünyada baş verən proseslərə daim uyğunlaşmalıdır. Nəzərə alaq ki, müharibədən sonra Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb. Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşmaq zərurəti yaranıb. Xüsusən son dönəmlər yaşananlar, Laçın yolu ətrafında baş verənlər, Ermənistanın TIR şousu və Qarabağdakı separatçıların aktivliyi vəziyyəti daha da gərginləşdirib. Ələlxüsus, erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib. Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artmaqdadır. Təbii ki, Ermənistan hökuməti, Qarabağ separatçıları və erməni lobbisi ilə həmfikir olanların öz ölkələrində Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmasına seyrçi qalmaq olmaz. Hər kəs indiki həssas dövrdə fəallığını artırmalıdır. Davamlı olaraq dünya ictimaiyyəti qarşısında haqlı mövqeyimiz izah olunmalıdır.
Politoloq
Azər Qasımov "Şərq"ə
açıqlamasında deyib ki, “Dünya Qafqazda sülh üçün" adlı kampaniyanın
başlamasını Azərbaycan diplomatiyasının uğuru hesab etmək olar. Ekspertin sözlərinə
görə, xarici ölkələrin QHT təşkilatlarının
informasiya mübarizəsi çərçivəsində
Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi
böyük əhəmiyyət kəsb edir: "Ermənistanın formalaşdırmaq
istədiyi siyasi təzyiq mühitinin
dağıdılmasında bu tipli qarşı addımlar güclü
əks-təbliğat rolu oynayır. Təşəbbüs
öz-özlüyündə vaxtında və yerinə
düşən olub. Dezinformasiya
mübarizəsinin tərkib hissəsi olan
yalan təbliğat mühiti
formalaşdırmaq cəhdləri artıq Ermənistan təəssübkeşlərində
alınmır. Azərbaycan bu yalan mühitini öz adekvat
addımları ilə heçə endirir.
Təbii ki, belə addımların fərqliliyi
artırılmalı, daha müxtəlif təbliğat
yolları tətbiq edilməlidir. Tərəfdaş
ölkələrin təbliğata cəlb edilməsindən, ərazidə
bilavasitə daimi təbliğat-informasiya
məlumatlarının yayımlanmasından tutmuş
beynəlxalq mətbuat orqanlarının nümayəndələrini
cəlb etməyə kimi müxtəlif yollardan istifadə edilməlidir.
Diasporanın işinin qurulması ilk növbədə təcrübəli və
yenilikçi fikirlərlə zəngin olan insanların prosesə cəlb edilməsindən
keçir. Sosial media aktiv istifadə edilməlidir.
Diaspora ilk növbədə
milli ruhlu insanlardan təşkil edilməlidir. Xarici ölkələrdə
öz ölkəsində
tanınmış insanların müəyyən edilərək
diaspora tərəfindən təbliğata
cəlb edilməsi üzərində iş
aparılmalı, həmin ölkələrdə fikir formalaşdırılmasında aktiv təbliğat aparılmalıdır.
Bunun üçün
həmin ölkələrdə təhsil alan,
yaşayan azərbaycanlı gənclərdən
aktiv istifadə edilməli, onlar təşviq edilməlidir. Dövlət bunda maddi dəstəyini
göstərməlidir".
İsmayıl Qocayev
Şərq .- 2023.- 8 sentyabr.- S.6.