Jurnalistlər
arasında həmrəyliyi qənaətbəxş saymaq olar
Fikir, söz
və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi
Ancaq təqibə
və təzyiqə məruz qalan jurnalistlərin
hüquqlarının qorunmasında bəzən fikirlər
haçalanır
8 sentyabr
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür.
Bu tarixi gün 1958-ci ilin mayından qeyd edilir. Həmin
il Buxarestdə
keçirilən Beynəlxalq
Jurnalistlər Təşkilatının
IV Konqresində bununla
bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar
sayılan bu tarix 1943-cü il
sentyabrın 8-də hitlerçilər
tərəfindən qətlə
yetirilmiş çexiyalı
jurnalist Yulius Fuçikin xatirəsinə
təsis edilib.
İnformasiya texnologiyaları əsrində
yaşayırıq. Artıq dünyada
baş verən hadisələr, eyni zamanda hər bir ölkənin malik olduğu imkanlar barədə dolğun məlumatlar əldə etmək imkanlarına malikik. Bu uğur, inkişaf,
tərəqqi, sözsüz
ki, jurnalistlərdən
böyük məsuliyyət
tələb edir.
Faktların düzgün araşdırılması,
mənbənin “etibarlı”lıqdan
çıxarılaraq dəqiq
ünvanın göstərilməsi
artıq bir tələbə çevrilib.
Bu isə özlüyündə
jurnalist birliyini, həmrəyliyini, mətbuatın
prinsiplərinə hörmətlə
yanaşmağı zəruri
edir.
Jurnalistika hazırda ən
çətin peşələrdən
sayılır. Media fəaliyyəti göstərən
şəxsləri, doğru
və dəqiq xəbəri vaxtında çatdırmaq, insanları
məlumatlandırmaq üçün
hər cür çətin şəraitlə
qarşılaşan jurnalistləri
həm cəmiyyət,
həm də öz həmkarları qorumağa çalışmalıdır.
Bunun yolu isə həmrəylikdən
keçir.
Beynəlxalq jurnalist təşkilatı
tərəfindən təsis
edilən, BMT tərəfindən
də dəstəklənən
belə bir günün qeyd olunması medianın önəmini, jurnalistlərə
olan diqqətin göstəricisidir. İl ərzində
dünyada nə qədər jurnalist öldürülür, həbs
edilir, zorakılığa,
təhdidə məruz
qalır. Beynəlxalq aləm
bu üsulla da medianı, jurnalistləri qorumağa,
ildə bir dəfə də olsa onlara diqqət
ayırmağa çalışır.
Sözsüz ki, jurnalistlər
arasında həmrəyliyin
təmin edilməsində
əsas öhdəlik
jurnalist təşkilatlarının
üzərinə düşür.
Bu günün əhəmiyyətindən danışan
Jurnalistlərin Həmkarlar
İttifaqının (JuHİ)
sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli
“Sherg.az"a açıqlamasında
deyib ki, hazırkı mahiyyət ondan ibarətdir ki, jurnalistlər onların peşə fəaliyyətlərinə mane olan, gözdən salan, yaxud da
ki, konkret KİV qurumlarına, jurnalistlərə
qarşı olan hücumların qarşısını
almaq üçün
həmrəylik nümayiş
etdirirlər:
“İstər dünyada,
istərsə də Azərbaycanda bu həmrəylik kifayət qədər təşkil olunub. Azərbaycan jurnalistləri konkret
hadisələr ətrafında
həmrəylik göstərirlər.
Məsələn, 44 günlük Vətən
müharibəsində jurnalistlərin
hamısı bir mövqedən çıxış
etdilər, ölkənin
və vətənin maraqları nəyi tələb edirdisə, həmin maraqları yerinə yetirmək üçün həmrəylik
göstərdilər. Bu
da bir həmrəylikdir.
Yaxud da ki, Azərbaycanda
Milli Mətbuat Günündə bütün
jurnalistlər bir araya gəlirlər və ölkədə azad, demokratik medianın yarandığı
günü təntənəli
şəkildə qeyd
edirlər. Bu da həmrəyliyin bir göstəricisidir.
Azərbaycan jurnalistləri təkcə
həmkarları ilə
yox, ümumən cəmiyyətlə həmrəydir.
Cəmiyyətdə baş
verən elə bir hadisə və proses yoxdur ki, orada
medianın rolu duyulmasın. Bu isə
şübhəsiz ki,
həm də jurnalistlərin bir-birilə
həmrəyliyi deməkdir.
Əgər onlar bir-biriləri ilə həmrəy ola
bilməsələr, cəmiyyəti,
vətəndaşları düşündürən,
narahat edən, ən əsası isə dövlətçiliklə
bağlı məsələlərə
münasibətdə vahid
mövqe ortaya qoymağı bacarmazdılar.
Biz isə mütəşəkkillik,
səfərbərlik görürük.
Hesab edirəm ki, bu ab-hava
jurnalistikamız adına həm də böyük uğur sayılmalıdır”.
Vaxtilə jurnalistikada qütbləşmə olduğunu xatırladan JuHi sədri deyib ki, media təmsilçiləri ayrı-ayrı siyasi qrupların maraqlarından çıxış edirdilər: “ Hətta şərti şəkildə müxalifət-iqtidar jurnalistikası adlandırılmış deyimlər də var idi. Hazırda belə hallar demək olar ki, müşahidə edilmir. Əslində bunun özü də jurnalistikanı güclü edən məqamdır. Çünki müxtəlif maraqlar heç vaxt cəmiyyətin maraqlarından üstün olmamalıdır. Media təmsilçilərimiz məsələni yetərincə dərk edirlər, dəyərləndirməyi bacarırlar. Bir daha deyim, onlar yaxşı bilirlər ki, bir-biriləri ilə həmrəylik ümumən ölkə üçün həmrəylik deməkdir. Azərbaycan dövlət də siyasi mövqeyindən asılı olmayaraq, bütün Kütləvi İnformasiya Vasitələrinin (KİV-in) inkişafında maraqlıdır. Bunun üçün ölkədə KİV-ə dəstək konsepsiyası hazırlanıb və KİVDF (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) yaradılıb. KİVDF jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. Bu qurumun layihələrində iştirak edən qəzetlərin maddi-texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib”.
M.Ələsgərli hesab edir ki, Azərbaycanda qələm əhli arasında həmrəylik qənaətbəxş olsa da, natamamlıqlar da mövcuddur. Məsələn, təqibə və təzyiqə məruz qalan jurnalistlərin hüquqlarının qorunması üçün kifayət qədər həmrəylik göstərə bilirikmi, artıq burada fikir haçalanır: “Bu sahədə ölkəmizdə həmrəylik var, amma natamamdır. Peşə həmrəyliyinin təmin olunması, jurnalistikanın problemlərinin aradan qaldırılması üçün həmrəyliyin konkret mexanizmi mövcuddur. Beynəlxalq standartlar ondan ibarətdir ki, problemlə üzləşmiş jurnalistin məsələsi öncə ictimailəşdirilməlidir. Bu informasiyanın ictimailəşdirilməsi baxımından dəstək almalıdır, media və sosial şəbəkədə paylaşılmalıdır. Hüququn bərpa olunması üçün atılan addımlarda natamamalıq kompleksi ortaya çıxır. Jurnalist təşkilatlarının özlərinin institutlaşmasında problemlər var. Bu həmrəylik təsadüfdən ortaya çıxmır, onu təşkil edən təşkilatlar olur. Jurnalist təşkilatları, birlikləri öndə getməli, həmrəyliyi təşkil etməlidir. Qarşıya qoyulan məqsədə nail olmalıdırlar. Müəyyən çatışmazlıqların aradan qaldırılacağına inanıram”.
Şəymən
Bayramova
Şərq .- 2023.- 9 sentyabr.- S.6.