İlin sonunadək 800 ailə Füzuli şəhərində məskunlaşacaq
İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";
Qarabağ və Şərqi Zəngəzurda
sürətli yenidənqurma işləri gözlənilən
nəticəni verməkdədir
"Böyük Qayıdış" çərçivəsində indiyədək 108 ailə Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə Tərtər rayonunun Talış kəndinə, 247 ailə Laçın şəhərinə, 70 ailə Füzuli şəhərinə, 20 ailə Laçın rayonunun Zabux kəndinə köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"a dair I Dövlət Proqramına əsasən, əhalinin geri qayıdışı ardıcıl və mərhələli davam edəcək. Məlumat üçün bildirək ki, “TRT World” kanalının müxbiri Oubai Şahbəndar Azərbaycanın Qarabağ bölgəsinə səfər edib və “Böyük Qayıdış”la bağlı reportaj hazırlayıb. Süjetdə 44 günlük Vətən müharibəsi, böyük zəfər, qələbədən sonra aparılan bərpa işləri, insanların işğaldan azad edilmiş torpaqlara qayıtması ilə bağlı məsələlər öz əksini tapıb.
Reportajda vurğulanıb ki, Qarabağda bir vaxtlar məqsədyönlü dağıdılma nəticəsində xarabalığa çevrilən şəhərlərin 30 illik işğaldan sonra necə bərpa olunduğu göz önündədir: "Qarabağ canlanır – Azərbaycan hökumətinin başlatdığı “Böyük Qayıdış” kampaniyasının bir hissəsi olaraq yüzlərlə məcburi köçkün azərbaycanlı ailəsi vaxtilə itirdiklərini hesab etdikləri yurdlarına qayıdırlar. Xatırladaq ki, Prezidentin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Ötən gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb. Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində ilk olaraq əhalinin məskunlaşması və məşğulluğunun təmin edilməsi əsas proitet məsələlərdəndir. Məskunlaşma ilə eyni vaxtda infrastrukturun qurulması gələcəkdə turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı, emal sənayesi və yaşıl enerji istiqamətində görüləcək xeyli işlər var. Adları çəkilən sahələrin hərəkətə gətirilməsi üçün insan resursları potensialına ehtiyac var. Əhalinin məskunlaşması və məşğulluğunun təmin edilməsi üçün geniş perspektivlər mövcuddur.
Yerli və xarici investisiya hesabına yeni zavod və fabriklərin, o cümlədən turizm infrastrukturunun yaradılması nəzərdə tutulur. İlkin olaraq bölgənin inkişafı üçün yerli investisiya proqramları həyata keçirilir. Gələcəkdə məskunlaşma başa çatdıqdan sonra investisiya mühitini tam şərtləndirən amillərin təmin edilməsi nəticəsində daha böyük həcmdə xarici investisiya gəlməyə başlayacaq. Yaponiya, Böyük Britaniya, İsrail və Avropanın bir sıra ölkələri Qarabağa investisiya yatırmaqda maraqlıdırlar. Təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə mədənçilik sənayesini də genişləndirmək olar. Belə ki, ərazidə zəngin qızıl, mis, perlit, əhəng, gips, pemza, qum-çınqıl yataqları mövcuddur ki, bunun hesabına kimyəvi məhsullar, o cümlədən tikinti materialları istehsalı üçün geniş xammal mənbələri kimi istifadə etmək olar. Təbii yataqlardan səmərəli istifadə, həmçinin xammal idxalından asılılığı da minimumlaşdıracaq. Bunun hesabına ixrac istiqamətli mallar istehsal edib xaricə satmaqla daha böyük həcmdə valyutanı ölkəyə gətirmək imkanları yaranacaq. Qarabağın relyefinə görə unikallığı turizm sahəsi üçün son dərəcə əlverişlidir. Həm ərazinin təbiəti, həm də tarixi faktorlar bölgəni turizm üçün daha da cəlbedici edir. Hotellərin saylarının artırılması, tarixi yerlərin yenidən bərpası, tələb edilən standartlara cavab verən turizm infrastrukturunun qurulması turizm potensialını daha da genişləndirmiş olacaq. Nəqliyyat və logistika sahələrinin inkişafı xüsusilə önəmlidir. Gələcəkdə Zəngəzur dəhlizi ilə daşınılacaq yüklər Qarabağdan keçərək aparılacaq. Bu səbəbdən də yol infrastrukturunun genişləndirilməsi, yükdaşımalar üçün əlverişli yolların çəkilməsi son dərəcə əhəmiyyətlidir. Ən vacib məqamlardan biri ərazidə yaşıl enerji istehsalını artırmaq və bunun üçün imkanları araşdırıb ortaya çıxarmaqdır. Ərazidə günəş, su, külək, elektrik stansiyalarının tikilməsi üçün lazım olan imkanlar araşdırılır, bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlıq edilir. Buna misal kimi, Zəngilan və Cəbrayılda BP şirkəti ilə Azərbaycan Energetika Nazirliyi arasında 240 Mvt gücündə günəş elektrik stansiyasının tikilməsi haqqında razılaşmanı göstərmək olar. Bundan başqa, Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikilməsi də planlaşdırılır. Kənd təsərrüfatı və heyvandarlıq Qarabağın hər zaman aparıcı sahəsi olub. Burada kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməklə taxıl əkinlərinin sahələrini genişləndirmək, o cümlədən meyvəçilik, tərəvəzçilik istiqamətli kənd təsərrüfatı məhsullarını yetişdirib daxili tələbatı təmin etdikdən sonra ixrac edərək ölkəyə əlavə valyuta cəlb etmək mümkün olacaq. Göründüyü kimi, Qarabağ iqtisadi rayonunun və Şərqi-Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var. Köç davam etdikcə, əhali məskunlaşdıqca qarşıda nəzərdə tutulmuş işlər daha sürətlə davam edəcək.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, bundan öncə Şərqi Zəngəzurda, Zəngilan və Laçında "Böyük Qayıdış"a start verilmişdi. Deputatın sözlərinə görə, praktik olaraq artıq Qarabağda böyük qayıdışın genişlənməsi müşahidə olunur:
"İlin sonunadək səkkiz yüz ailə Füzuli şəhərində məskunlaşacaq. Füzuli şəhəri ilə yanaşı Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərində də bərpa-yenidənqurma işlərinə başlanılır. Artıq Dövlətyarlıda ikinci ağıllı kənd inşa edilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda sürətli yenidənqurma işləri gözlənilən nəticəni verməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan öz maliyyə mənbələri hesabına Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. 30 illik işğal nəticəsində tamamilə dağıdılmış böyük ərazilərimiz bərpa-quruculuq mərhələsinə qədəm qoyub. Mərhələli şəkildə qayıdış prosesi həyata keçirilir. İlk növbədə mənzil şəraiti yaxşı hesab edilməyən insanlarımızın qayıdışı təmin olunur".
İsmayıl Qocayev
Şərq 2023.- 13 sentyabr.- S.6.