İnkişafın
başlıca parametri rəqabətdir
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Bu baxımdan Rəqabət Məcəlləsi
ölkə iqtisadiyyatına ciddi töhfə
verəcək
Sentyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb. Dinləmədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, eyni zamanda biznes nümayəndələri, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin təmsilçiləri, iqtisadçı-ekspertlər və digər maraqlı tərəflər iştirak ediblər. İctimai dinləmədə Məcəllənin layihəsinə dair geniş müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi və 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunan tapşırıqlar əsas götürülərək konseptual hüquqi sənəd qismində iqtisadi fəaliyyətin təməl prinsiplərini müəyyən edən vahid Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb. 12 fəsil, 84 maddədən ibarət Məcəllənin layihəsi Dövlət Xidməti tərəfindən hazırlanarkən müxtəlif dövlət orqanları, həmçinin biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Qabaqcıl beynəlxalq təcrübə və yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilən Məcəllə inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual normalarını müəyyən edir və rəqabətin stimullaşdırılmasına xidmət edir. Bir sıra qanunvericilik aktları, o cümlədən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Qanunlar və digər hüquqi aktlar Rəqabət Məcəlləsinin layihəsində vahid sənəddə öz əksini tapıb. Hesab olunur ki, müasir çağırışlara cavab verən Rəqabət Məcəlləsinin qəbul olunması ölkədə özəl sektorun inkişafını dəstəkləyən əlverişli biznes mühitinin inkişaf etdirilməsinə imkan yaradacaq. Sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Həmçinin yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına, dövlətin iqtisadi tənzimləmə səmərəliliyinin yüksəldilməsinə töhfə verəcək. Bundan əlavə, Məcəllə, azad rəqabət və biznes mühitini təşviq etməklə, innovasiya fəaliyyətinin sürətlənməsinə təkan verəcək, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına zəmin yaradacaq.
Rəqabət Məcəlləsinin layihəsində rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi ilə bağlı məsələlər əks olunub. Layihədə, həmçinin rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydaları, aşkar olunan pozuntulara dair məsuliyyət tədbirləri barədə müddəalar yer alıb, dövlətin rəqabət sahəsinə müdaxiləsi və təbii inhisar sahələrinə dair yeni tələblər müəyyənləşdirilib. Rəqabət Məcəlləsi sahibkarlıq subyektləri ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici orqanların antiinhisar qanunvericiliyinə zidd olan hərəkətlərinin qarşısının alınması və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsini tənzimləyəcək.
Dünən Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib ki, yeni Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinə tətbiq ediləcək ayrıca yoxlama qaydaları müəyyən ediləcək. O bildirib ki, layihəyə görə, dövlət nəzarətinin bütün mərhələləri (şikayət, təhlil, monitorinq, yoxlama, ekspert və mütəxəssislərin cəlb edilməsi və s.) təfərrüatlı tənzimlənəcək. Məcəlləyə bazar monitorinqi və yoxlamaları əlavə nəzarət tədbirləri kimi daxil edilib: "Layihəyə əsasən, dövlət nəzarət tədbirinin həyata keçirilməsi zamanı bazar subyektinin hərəkətlərinin rəqabətin məhdudlaşdırılmasına əhəmiyyətli və ya bərpaolunmaz təsiri olan hərəkətlərini dayandıran və ya onların qarşısını alan müvəqqəti tədbir alətləri müəyyən edilir". M.Abbasbəyli əlavə edib ki, yeni Rəqabət Məcəlləsi təsnifləşdirilmiş məsuliyyət tədbirlərinin tətbiqi nəticəsində cəzanın çəkindirici məqsədinə nail olunmasını nəzərdə tutur: "Təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyaları, vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək. “Sənədə əsasən, yüngülləşdirici və ağırlaşdırıcı amillər müəyyən ediləcək. Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək. O bildirib ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin qüvvəyə minməsi ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız Rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv olunacaq.
İqtisadçı Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinin ictimai müzakirəsi kifayət qədər böyük marağa səbəb oldu.
Ekspertin sözlərinə görə, yeni qanun layihəsinə kifayət qədər təkliflər, münasibətlər bildirildi: "Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanıb. Mən ümumilikdə bu Məcəlləni çox müsbət qiymətləndirirəm. Aydın görünür ki, layihə hazırlanarkən kifayət qədər böyük əmək və zaman sərf olunub. Nəticədə 84 maddəlik, hərtərəfli, geniş Məcəllə ərsəyə gəlib. Sadəcə, ictimai dinləmədə həm mən, həm də digər millət vəkilləri müəyyən maddələr üzrə təkliflər səsləndirdilər. Hesab edirəm ki, qısa müddət ərzində biz bu Məcəllənin qəbul edilməsinin şahidi olacağıq və iqtisadiyyata öz töhfəsini verəcək. Təbii olaraq ilk növbədə yeni qanun layihəsi iqtisadi rəqabətin formalaşmasına, rəqabət mühitinin yaranmasına imkan verəcək. Rəqabət mühiti yaxşı olduqda yeni sahibkarlıq fəaliyyəti yaranır, mövcud sahibkarlıq fəaliyyəti inkişaf edir. Rəqabətin olmadığı yerdə heç nə yoxdur. Rəqabətin olduğu yerdə isə hər şey əldə etmək olur. İnkişafın başlıca parametri rəqabətdir. Bu baxımdan Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatına ciddi töhfə verəcək. Rəqabət Məcəlləsi hər bir ölkənin olmazsa-olmaz qanunudur. Məcəllənin icra mexanizmi ilə bağlı ayrıca prosedurlar müəyyənləşdiriləcək və bir çox işlər görüləcək. İlkin olaraq nəyin bahasına olursa-olsun, Məcəlləni qəbul etmək lazımdır. Düzəlişlər sonrakı mərhələdə də mümkündür".
İsmayıl Qocayev
Şərq .- 2023.- 29 sentyabr.- S.6.