"Türk
çələngi"
Abdulla Şaiqin kitabının təqdimatı
keçirilib
Bugün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin "Türk çələngi" adlı kitabının yeni nəşrinin təqdimatı keçirilib. Tədbirdə ədəbiyyatşünaslar, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
"Sherg.az" xəbər verir ki, kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva tərəfindən transfoneliterasiya olunub.
Şair, nasir, dramaturq, tərcüməçi, ictimai xadim A.Şaiq, həm də ömrünün qırx ilə yaxın bir dövrünü xalqının maariflənməsinə, mədəni inkişafına həsr etmiş böyük pedaqoqdur. Pedaqoji fəaliyyətinin ilk illərində ana dilində material qıtlığı ilə üzləşən A.Şaiq dərslik tərtib etmək üçün əsərlər yazıb, tərcümələr edib, folklor materialları toplayıb və ədəbiyyat tarixini araşdırıb. Ədib 11 adda 30-a qədər dərslik tərtib edib: “Gülzar”, “Gülşəni-ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Qiraət kitabı”, “Ədəbiyyat dərsləri” (H.Cavidlə birlikdə), “Ədəbiyyatdan iş kitabı” və s. bu qəbildəndir.
Abdulla Şaiq "Türk çələngi” kitabını vahid, mənəvi, bölünməz Turan ideyasının əsasının qoyulduğu, bu istiqamətdə bütün türksoylu xalqların ümumi mübarizəsinin alovlandığı bir dövrdə, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində dərc etdirib. Bir əsrə yaxındır ki, qarşısı alınan, hər cür müqavimətlə qarşılaşan bu ittifaqın – türk birliyinin aktual olduğu bir dönəmdə, müasir dövrümüzdə “Türk çələngi” kitabının latın qrafikalı Azərbaycan əlifbasında nəşr olunmasının həm oxucular, həm də mütəxəssislər üçün əhəmiyyəti böyükdür, həmçinin, A.Şaiq şəxsiyyətinin hərtərəfli öyrənilməsi, yaradıcılığının ideya təmayüllərinin müəyyənləşdirilməsi baxımından gərəklidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Mehman Həsənli çıxışında qeyd edib ki, Abdulla Şaiq Azərbaycanın müstəqillik ideyalarının formalaşmasının əsas nümayəndələrindən biri, fikir babası olub, Azərbaycan maarifçiliyində çox böyük rol oynayıb: "Xoş haldır ki, ilk dəfə cümhuriyyətin müstəqillik dövründə nəşr olunan "Türk çələngi" dərsliyi müasir Azərbaycanın müstəqillik dövründə yenidən nəşr olundu. Kitabda toplanan nümunələr müstəqil Azərbaycan ideyaları, onun hədəfləri baxımından mühüm rol oynayır. Üçrəngli bayrağımızdakı rənglərin mənaları kitabda başdan sona qədər öz əksini tapıb".
Sonra Abdulla Şaiqin Mənzil-Muzeyininin direktoru Ülkər Talıbzadəyə söz verilib. O, belə bir tədbirə toplaşdıqlarına görə qonaqlara təşəkkür bildirib: "Abdulla Şaiqin varisi muzeyi yaradan Kamal müəllim öz ənənələrini miras qoyub. Belə ki, o, hər bir işə alim baxışı ilə elmi tərəfdən yanaşırdı ki, biz də bu ənənələri davam etdiririk. Bu gün təqdimatı keçirilən "Türk çələngi" kitabının maarif sahəsində rolu böyükdür. Əvvəlki dövrlərdə yaranmış dərsliklər müasir dərslik yazan maarifçilərə örnək olmalı, zəmin rolunu oynamalıdır. Dili olduqca çətin olan bu kitabı filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva çox böyük əziyyətlə, zəhmətlə transfoneliterasiya edib. Çıxışının sonunda Ülkər xanım Arzu xanımı təbrik etdi. Tədbirin keçirilməsində rolu olan hər kəsə öz təşəkkürünü bildirdi".
Daha sonra söz kitabın ön sözünün müəllifi və transfoneliterasiya edəni filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyevaya verilib. O, 1923-cü ildə Azərbaycana dəvət almış böyük türk alimi İsmayıl Hikmətin Abdulla Şaiqi mələyə bənzətdiyini vurğulayaraq, alimin ədibə həsr etdiyi şeiri səsləndirib: "Dəyişən siyasi, ictimai mühitdə dəyişməyən yeganə şey Abdulla Şaiq şəxsiyyəti oldu. Yaşar Qarayevin Şaiq haqqında fikrini səsləndirdi: Abdulla Şaiq şair ikən müəllim, müəllim ikən şairdir".
Kitabın redaktoru filologiya elmləri doktoru, professor İslam Qəribli deyib ki, o bu kitabı Azru xanımla səhifə-səhifə oxuyub: "Kitabın dilində bir qədər çətinliyin olmağının səbəbi odur ki, Abdulla Şaiq kitabda əksini tapan materialları Anadolu və Krım türklərinin dilindəki kimi saxlayıb. Sanki müəllif qarşısına məqsəd qoyub ki, ortaq türk dili yaransın. Kitabın müasir dövrümüz üçün ən dəyərli bölmələri dörd və beşinci bölmələrdir. Müəllif burada türk dünyasının tarixi, etiqadları və dili haqqında geniş məlumat verib. Seçmələrin hamısının kökündə əsas ideya vətənə, xalqa sevgi ideyaları dayanır".
Filologiya elmləri doktoru professor Asif Rüstəmli qeyd edib ki, Abdulla Şaiqin bütün yaradıcılığı müəllimlik fəaliyyətinin siqlətinə həsr olunub: "Onun dərslik kitablarının ən çox nəşr olunduğu dövr cümhuriyyət dövrü idi. Abdulla Şaiq milli təfəkkürə malik bir şəxsiyyət idi. Bu kitab çox dəyərlidir. Ona görə ki, orada turançılıq ideyası geniş mənada təbliğ olunur. Abdulla Şaiq özünü Turan fəlsəfəsinin özülü kimi təqdim edir. Şaiq cümhuriyyət dövründə həm də tənqidçilər tərəfindən təqdim olunan bir ədib idi".
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxış edib. Bildirib ki, bu qəbildən olan kitabların yenidən nəşr olunması çox yaxşı haldır: "Türk çələngi" kitabı digər kitablardan fərqlənir. Bütün dərslik vətən torpağının müqəddəsliyini aşılayır. Digər aspektdənsə dərslik pedaqoji fikir tariximizi öyrənmək baxımından maraqlıdır. Belə ki, müəllif kitabı bir neçə hissəyə bölüb. Bu bölmələr həm məişət, həm tarix, həm coğrafiya elmlərini öyrədir.
Professor Tahirə Məmmədova çıxış edərək deyib: "Türk çələngi" kitabı dərsliklərin olmamağı ehtiyacından yaranan bir dərslikdir. Dərsliyin ideyası XX əsr türk məfkurəsinə xidmət edir. Beş bölmədən ibarət olan dərsliyə Şaiq həm filosof, həm də pedaqoq kimi yanaşıb. Bu kitabda Abdulla Şaiqin Avropadakı naturalist pedaqoji baxışı öz əksini tapır. Dərslik bütövlükdə milli kimliyimizi öz xalqımıza çatdırır. Burada Türk tarixi ilə yanaşı, islam tarixinə müraciət var. İslamla türkçülüyü düşmən mövqelərdə təqdim etmək istəyən bir çox müəllifin əksinə olaraq, Abdulla Şaiq burada islam və türkçülüyü barışıq halında nümayiş etdirir".
Filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə bildirib: "Türk çələngi" dərsliyi dilə olduqca çox önəm verildiyi bir dövrdə nəşr olunub. Kitab başdan sona qədər turançılıq ideologiyasını təbliğ edir.
Filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva: "Türk çələngi" Azərbaycan-Türkiyə qardaşlığın mücəssəməsidir. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin bir-birilə qırılmaz iplərlə bağlı olduğunu göstərir. "Turan yolu", "Şərqin üfüqləri" başlıqları övladlara türkçülüyü aşılayır. Əsərin dil üslubu diqqəti cəlb edir. Ortaq türk dili mülahizələri üçün nümunədir".
Sonda gələn qonaqlara "Türk
çələngi" kitabı hədiyyə edildi. Xatirə fotoşəkilləri çəkilib.
İsmayıl Qocayev
Şərq .- 2024.- 24 aprel, ¹ 70.-
S.7.