“Qarabağ”
dünyaya səs salıb
Azərbaycançılıq
ideyasının təbliği
Bütün Avropa Azərbaycandan
danışır
Yenə dillərdə “Qarabağ”, ürəklərdə “Qarabağ” sevincidir. 2020-ci ilin 27 sentyabrından sözdə deyil, ürəklərdə, canda, qanda, əməldə - döyüşdə, arxada, öndə - hər yerdə bir olduq. Var olduq, diri olduq, güclü, qüdrətli olduq, birləşməyi, bir nöqtəyə vurmağı, bir sevinməyi, bir yerdə qürurlanmağı, fərəhdən qanad açıb uçmağı öyrəndik. Hamısı da Vətən naminə, Azərbaycan naminə idi! Azərbaycançılıq məhz budur! Dünyanın harasında olursan-ol, qəlbin Vətənlə döyünürsə və Vətənin başını uca edirsənsə, demək, əsl azərbaycanlısan! 44 günlük Vətən müharibəsində xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə çaldı. Qarabağ şəhidlərimizin qanı, igid əsgərlərimizin şücaəti, xalqımızın birliyi sayəsində işğaldan azad edildi. Dünyaya böyüklüyümüzü və qüdrətimizi sübut etdik. Bu vaxta qədər də Azərbaycanın adını yüksəklərə qaldıran tarixi hadisələr çox olmuşdu. Amma heç biri Vətənin bütövlüyü sevinci ilə müqayisə ediləcək dərəcədə ola bilməzdi. Bu bir həqiqətdir ki, indi dünyanın hər hansı ölkəsində Azərbaycan himni daha möhtəşəm səslənir. Bunu biz – azərbaycanlılar qəlbimizlə duyuruq. Çünki Vətənimizlə qürur duyuruq. Eləcə də yaşıl meydançalarda, müxtəlif idman yarışlarında qazanılan qələbələr Azərbaycanın adını hər dəfə yüksəklərə qaldırır, bizə sevinc, qürur hissi yaşadır. Dünyanın istənilən ölkəsində Azərbaycan himni səslənirsə, bu, Vətənimizin tanıdılması, Azərbaycanın nüfuzunun yüksəlməsidir. Biz bunu Paris-2024 Yay Olimpiya Oyunlarında pyedesdalın ən hündür pilləsinə qalxan idmançılarımızın dövlət himnimiz səslənərkən və dövlət bayrağımız ən yüksəkdə dalğalanarkən hansı hisslər keçirdiklərini dövlətinə, Vətəninə bağlı olanlar bilər. Doğru deyilib ki, idman ölkənin tanınması üçün ən uyğun platformalardan biridir. Burada yarımçıq qələbə yoxdur, burada kimsəni qalib gəldiyinə görə qınamırlar, tənqid etmirlər, haqsız yerə üzərinə yerimirlər... İdmanda qazanılan qələbəyə kimsə “irad” tuta bilməz. 2024-cü il avqustun 14-də “Qarabağ” futbol klubu da məhz bu cür təmiz, tam qələbə qazandı. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Lüdoqorets” klubu ilə keçirilən səfər matçında “Qarabağ” 7-2 hesabı ilə qalib gəldi. Dünən bəlkə də dünyanın yarısı, bəlkə yarısından da çoxu “Qarabağ”ı və Qarabağı tanıdı. Şübhəsiz, bu qələbədən sonra çoxları xəritəyə nəzər salıb Azərbaycanın yerini təsbit etməyə, “Qarabağ” haqqında bilgi əldə etməyə çalışıb. Ən azından bunu Çempionlar Kuboku uğrunda yarışmağa can atan, eləcə də Avropa Liqasında oynamağa özünü namizəd sayan klubların oyunçuları, məşqçiləri, klub rəhbərləri edib. Bu isə böyük bir qitə deməkdir. Demək, “Qarabağ” Avropa qitəsinə Azərbaycanı, Qarabağı tanıtdırıb. Azərbaycan ideyasının təbliğinə bundan böyük dəstək başqa nə ola bilər ki?!.
Dünəndən etibarən dünya mediası səhifələrində “Qarabağ”a yer ayırır.
Rusiyanın “soccer365.ru” saytı hələ “Qarabağ”ın oyunundan əvvəl öz baxışını təqdim edib və “Qarabağ”ın döyüşkən ruhu barədə yazıb:
“Qarabağ”a gəlincə, “Lüdoqorets”lə oyunda 1:2 hesablı məğlubiyyət komandanın döyüşkən ruhuna təsir etməyib: “Ötən həftəsonu Premyer Liqa matçında “Qarabağ” “Kəpəz”ə inamla qalib gəlib və liderlik mövqeyini təmin edib. Razqradda Azərbaycan çempionu qol vurmalıdır ki, heç olmasa, oyunu əlavə vaxta və penaltilər seriyasına daşısın. Qurban Qurbanovun komandası qol vurmağı yaxşı bilir: bu mövsüm “köhlən atlar” hər matçda qol vurub, cəmi 5 görüşdə bu say 15-dir. Juninyo əla formadadır - ilk oyunda "Lüdoqorets"in qapısına yeganə qolu məhz braziliyalı vurmuşdu. O, “Kəpəz”lə oyunda əvəzedici kimi meydana çıxanda da fərqləndi – ona görə də bu mövsüm onun artıq 6 qolu var”. Bolqarıstan klubunun bütün komanda ilə müdafiə olunduğunu və “köhlən atlar”a demək olar ki, heç nəyə imkan vermədiyini ilk oyunda gördük. Bu müdafiəni yarmaq üçün Qurban Qurbanova hücum gücü lazım olacaq. Georgi Dermendjiyevin nəticəni qorumasına indi praktik olaraq iki hücumçu itkisini heç kəslə əvəzləyə bilməməsi mane ola bilər. Lakin buna ehtiyac “Qarabağ” meydan sahiblərinin müdafiəsini yararaq qol vura bilsə yaranacaq. Ancaq fərqlənmək zərurəti “köhlən atları” irəli atılmağa məcbur edəcək ki, bu da müdafiədə səhvlərə yol aça bilər”.
Qardaş Türkiyədə də “Qarabağ”ın qələbəsinə bizim qədər seviniblər. Beinsports.com.tr saytında “Qarabağ”ın qələbəsi barədə material dərc edilib və “Qarabağ” daha bir tarix yazdı”, qeyd edilib:
“Uzatmada tam 4 gol bulan Karabağ, 7-2'lik galibiyetle geceye damgasını vurdu ve adeta tarih yazdı”.
“Qarabağ”ın oyununu şərh edən qol-az saytının baş redaktoru, Əməkdar jurnalist Aydın Bağırov isə qeyd edib ki, “Qarabağ” superqələbə ilə tarixində üçüncü dəfə Çempionlar Liqasında pley-off-a vəsiqə qazanıb:
- Maraqlıdır, Qurban Qurbanov etdiyi 3 məcburi, 2 digər əvəzetmə ilə komandanın bütün oyununu tamam dəyişdi. Mateus Silva əvəzlədiyi Veşoviçin yoxluğunu hiss etdirmədi. Patrik birinci hissədə orta xətdə yaradıcı oyunda yaranmış problemi aradan qaldırdı, 2 vacib qol vurdu. Toral əlavə vaxtda gözəl qola imza atdı. Redon Cica da əlavə vaxtda mühüm qol vurdu. Gənc Nəriman da fəallığı ilə seçildi. Bütün komanda isə fiziki cəhətdən əla idi. “Ludoqorets” kimi ağır və qapalı komandayla səfərdə 7:2 hesablı qələbə… Bu 7 qoldan 4-nü əlavə vaxtda vurmaq! Bravo! Amma qələbə var deyə, müdafiənin mərkəzindəki boşluqları da unutmamalıyıq.
“Qarabağ” indi artıq ən pis halda Avroliqanın Liqa mərhələsindədir. Amma bu oyun və əzmkarlıqla ÇL-də çox uzaq olmamalıdır”.
“Qarabağ” sosial şəbəkələrdə də təbrik “atəşı”nə tutulub:
Asim Hacıyev: - Bu hesab Azərbaycan futbol tarixində ən çox qol vuran komanda adı ilə yeniləndi. Buna qədər "Neftçi" avrokubok oyununda 6 qol vurmuşdu. Bu da bir rekord oldu, özü də ciddi rəqiblə səfərdə, sadəcə fantastika!
Fərid Hüseynov: - Mənə belə gəlir "Qarabağ" "Dinamo Zaqreb"ə qalib gəlib ÇL-də növbəti etapa vəsiqə əldə edəcək!
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özü də oyun barədə açıqlama verib:
- Öncə futbolçuları təbrik edirəm. Oyunun gedişatından həzz alırdım. Bakıda da “Ludoqorets”in oyun üslubunu görmüşdük. Bizə xoş olmayan oyun tərzləri var idi. Bunun qarşısını almalıydıq. Startda hesabı açsaq da, sonra demək olar ki, heç nədən qapımızda standart vəziyyətdən iki qol gördük. Bəlkə də rəqibin ən üstün cəhəti olan əks hücumlarda bir qədər diqqətsiz olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq. Matçdan əvvəl də futbolçularla söhbətimiz olmuşdu ki, sona qədər soyuqqanlı və oyunun içində olmaq çox vacibdir. Bakıdakı məğlubiyyətdən sonra da futbolçularıma fikrimi bildirmişdim ki, belə oyunlardan biz çox keçmişik. Vacib, gərgin oyunlar olub, rəqibin təzyiqinə dözmüşük. Hətta bildirmişdim ki, ola bilər, bugünkü matçda 120 dəqiqə dözmək lazım gələcək. Bunu bacarmalıyıq, psixoloji cəhətdən hazır olmalıyıq. Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Qalibiyyət öz yerində, amma ümumən bu cür oyunlar futbolçularımızı böyüdür, klub olaraq böyüyürük, daha xarakterli oluruq. Futbol daha da sevilir. Əsas da azarkeşlərdə adrenalin görəndə buna şad oluram. Bu gün sanki bir triller idi. Bu, mənim “Qarabağ”ım idi, Azərbaycanın “Qarabağ”ı idi”.
Q.Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları Zaqreb “Dinamo”su haqda geniş məlumata malik olmadığını söyləyib:
“Çünki bütün fikrimiz bu matçda idi. Məlum məsələdir ki, rəqib çox böyük təcrübəyə malikdir. Onları yaxından tanımaq üçün vaxtımız olacaq. Mərhələ keçdikcə daha ciddi, daha təcrübəli, daha dinamik, daha güclü rəqiblə üz-üzə gəlirsən. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez bir zamanda klub olaraq yaddan çıxartmalıyıq. Qarşıdakı günlərdə matça hazır olmalıyıq. Pley-off təcrübəmiz var. Artıq üçüncü dəfədir bu mərhələyə yüksəlirik”.
“Qarabağ”ın çalışdırıcısı qeyd edib ki, hazırkı kollektivin ÇL-in qrup mərhələsində oynamasını istəyir:
“Zədəlilərimiz bizə problem yaşada bilər. Belə matçlarda rotasiya
etmək çox vacibdir. İnanıram ki, futbolçularım
“Dinamo” ilə matça kimi hazır olacaqlar. Çox istərdim bu kollektiv ÇL-in qrupunda oynasın. Çünki çox əziyyət
çəkən kollektivdir.
Azarkeşlərimiz də qrup mərhələsini arzulayır.
Amma bura qədər də böyük iş görmüşük. Əlimizdən gələni edəcəyik
ki, azarkeşləri sevindirək. Onlar hər
zaman bizə inanıblar, güvəniblər.
Soyuq başla hazırlaşmalıyıq.
Rəqibi daha yaxşı
analiz etməliyik.
Qarşımızda böyük futbol
ölkəsinin təmsilçisi
var”.
Qeyd edək
ki, “Qarabağ”ın Çempionlar Liqasının
pley-off mərhələsində
keçirəcəyi oyunların
vaxtı bəlli olub. “Qarabağ” Zaqrebin “Dinamo”su ilə qarşılaşacaq.
Xorvatiya çempionu ilə ilk görüş avqustun
20-də baş tutacaq.
Zaqrebdəki qarşılaşma
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıda keçiriləcək cavab görüşü ayın 28-də keçiriləcək.
Matçın start fiti
saat 20:45-də veriləcək.
Qeyd edək ki, bu
cütün qalibi Çempionlar Liqasının,
məğlubu Avropa Liqasının Liqa mərhələsində oynayacaq.
Qarabağ adını nəinki Avropaya, dünyaya əzbərlətdirən komandaya qələbə yaraşır. “Qarabağ”ın qələbələrinin davamlı olacağına inanırıq.
Şərq .- 2024.- 15 avqust, ¹ 145.-
S.6.