Bələdiyyələrin tərkibindəki gender komissiyaları formaldır

 

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

 

Yerli özünüidarəetmə strukturlarında qadınların sayının artması gələcəkdə keyfiyyətə müsbət təkan verəcək

 

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd bələdiyyələrdə komissiyaların işinin təşkili, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, bu sahədə mövcud vəziyyətin təhlili və fikir mübadiləsinin aparılmasıdır.

Ailə-məişət problemlərinin, zorakılıq hallarının qarşısının alınmasında bələdiyyələrin rolunu dəyərləndirən konfrans iştirakçıları hesab edir ki, bələdiyyələr həm profilaktik işlərin aparılmasında mühüm töhfə verə, həm də sığınacaq kimi fəaliyyət göstərə bilərlər.

Qeyd edək ki, dünya təcrübəsində bələdiyyələr müvafiq komissiyalar yaratmaqla yerli səviyyədə bir çox problemlərin qarşısının alınmasına öz töfhələrini verirlər. Xüsusən də, Qərb ölkələrində bələdiyyələrdə yaradılmış gender bərabərliyinin təmin olunması və məişət zorakılığının qarşısının alınması üçün xüsusi komissiyalar davamlı olaraq maarifləndirmə və profilaktiki işlər aparır, məişət zorakılığı qurbanları üçün sığınacaq yaradırlar.

Qardaş Türkiyədə bələdiyyələrdə qızların təhsildən yayınma, erkən nikah, məişət zorakılığının qarşısının alınması hallarının aradan qaldırılması üzrə xüsusi proqramlar var. Həmçinin yerlərdə ailədaxili münaqişələrin sayının azaldılması üçün “ailə psixoloqu” layihəsi həyata keçirilir və vətəndaşlara pulsuz xidmət göstərilir. Qonşu Gürcüstanda da bələdiyyələrin yanında gender bərabərliyi komissiyaları yaradılıb.

 

 

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva bələdiyyələrdə yaradılmış gender komissiyalarında çatışmazlıqlar olduğunu deyib.

Onun sözlərinə görə, bəzi bələdiyyələrdə olan gender komissiyaları formal xarakter daşıyır: "Artıq bütün bələdiyyələrdə gender komissiyaları yaradılıb. Lakin həmin komissiyaların bir çoxu formal xarakter daşıyır. Bələdiyyə yerli özünü idarəetmə qurumu olaraq birbaşa əhali ilə əlaqəyə girməlidir. Lakin bu həmişə belə olmur". F.Hacıyeva bildirib ki, bələdiyyələrin risk qrupu ailələrlə görüşlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin təşkili olduqca müsbət nəticə verər: "Keçirdiyimiz monitorinqlər nəticəsində gender komissiyalarının bu istiqamətdə nailiyyətlərinə şahid olmuşuq. Sözügedən tədbirlərin sayının çoxalması üçün dəstək göstərməyə hazırıq".

Bələdiyyələrdə yaradılan gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova

bu komissiyaların risk qrupundan olan ailələrin müəyyən edilməsində rol oynamaqla yanaşı, həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə biləcəyini söyləyib:  “Bələdiyyələrdə gender komissiyaları ictimai əsaslarla fəaliyyət göstərir. Bələdiyyələrin aparatında müəyyən komissiyalar var ki, ictimai əsaslarla yox, əməkhaqqı alaraq fəaliyyət göstərirlər. Gələcəkdə bütün komissiyalar əməkhaqqı alaraq çalışsalar, daha məqsədəuyğun olar: "Ora seçilən adam komissiyanın sədri olaraq ürəklə, canla işə yanaşmalıdır. Maddi maraq olanda bir borc, vəzifə kimi yanaşır. Düşünürəm ki, bələdiyyə seçkilərində buna nail olacağıq".

 

 

Sədaqət Qəhrəmanova bildirib ki, komissiyaların işinin asanlaşması və əhalinin düzgün məlumatlandırılması üçün əlçatanlığı təmin etmək lazımdır: "Sosialyönlü qanunlar cəmiyyətə xidmət etmək üçün qəbul edilir. Bizim əsas məqsədimiz həmin qanunların mahiyyətini tədbirlər, konfranslar təşkil edərək insanlara çatdırmaqdır".

O qeyd edib ki, qadınlara dilənçilik prinsipindən çıxmağı öyrətməliyik.

Sədr müavininin sözlərinə görə, bu gün insanlarda ələbaxımlılıq formalaşıb: "Qadınlar boşanırlar ki, aliment alıb onunla dolansınlar. Belə halları biz görürük. İnsanlara "balıq tutmağı" öyrətməliyik. Bu gün kənd qadınlarının biznes bacarıqlarına yiyələnməsi istiqamətində görürük. Hətta 800-dən çox qadın biznesə cəlb olunub. Onlar öz ailələrinə də biznesləri sayəsində yardım edir. Qadınları öyrətməliyik ki, onlar dilənçilik prinsipindən çıxsınlar. Bilmək lazımdır ki, iqtisadi cəhətdən güclü olan qadının hüquqları pozulmur. Bələdiyyələrin də rolu burada başlayır. Bələdiyyələrdə gender komissiyalarının işi bundan ibarətdir. Onlar insanlarla sıx təmasda olmalıdırlar. Onlar görməlidirlər ki, biz milli dəyərlərə qayıdaq. Bizə Avropa dəyərləri lazım deyil".

“Hazırda bələdiyyə komissiyalarında qadınların say nisbəti 39 faizə yaxındır”.

Bunu isə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Tofiq Həsənov deyib. Onun sözlərinə görə, ilk seçkilərin yekununda ölkə üzrə cəmi 22 bələdiyyənin sədri qadın olsa da, hazırda bu say artmaqdadır: "Qadınların bələdiyyələrdə sayı artsa da, onların daimi əsaslarla işləmək faizi aşağıdır. Gələcəkdə bələdiyyələrdə gender komissiyaları yaradılarkən daimi əsaslarla işləyən qadınların sayı artırılmalıdır. Onların potensialını ortaya çıxartmalıyıq".

T.Həsənov bildirib ki, gender komissiyalarında daimi əsasla işləyən xanımlara ehtiyac var: “Bu komissiyalarda daimi əsasla işləyən xanımların olması həmin komissiyaların məhsuldar nəticə əldə etməsinə səbəb olacaq. Genderəsaslı komissiyaların məsul şəxsi bələdiyyədə olarsa, vətəndaş müraciətləri zamanı daha müsbət nəticə əldə etmək olar".

T.Həsənov əlavə edib ki, Azərbaycan bələdiyyələrində qadınların kəmiyyət etibarilə artması gələcəkdə keyfiyyətin artmasına təkan verəcək.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vətəndaşlara göstərilən xidmətlərdən danışıb: "Son 11 ayda 10 bələdiyyədə 64 ailənin ailə-məişət məsələsi müzakirə olunub. Həmin məsələlərə təhsildən yayınma, vətəndaş hüququnun bərpası, tövsiyə xarakterli danışıqlar aiddir".

Gəncə şəhəri Nizami bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Leyla Məmmədova isə gender mövzusunda göstərilə biləcək xidmətlərdən bəhs edib: "Gəncə şəhərində məişət zorakılığına məruz qalan 16 gənc xanıma ödənişsiz şəkildə həkim və psixoloq dəstəyi göstərilib, bağçalarda fəaliyyət göstərən rəhbər şəxslərlə təlimlər keçirilib. Lakin bu fəaliyyətlərin davamlı olması çox önəmlidir. Maliyyə və güc baxımından dəstək lazımdır".

 

Psixoloq Şəlalə Cəfərova “Şərq”ə açıqlamasında deyib ki, qadın və qızlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında bələdiyyələrin fəaliyyəti önəmlidir:

 

“Bələdiyyələr insanları, onların ailədaxili münasibətlərini, münaqişəli ailələri, erkən yaşda nikaha məcbur edilən qızlar barəsində daha dəqiq məlumatlı olurlar. Bu baxımdan onlar qeyd etdiyiniz neqativ halların aradan qaldırılmasında yaxından iştirak edə və monitorinq qruplarının fəaliyyətinə də öz dəstəklərini göstərə bilərlər. Ona görə də belə bir yanaşmanın özünü doğruldacağına ümid edirəm. Sözsüz ki, Azərbaycanda bələdiyyələrin bu fəaliyyəti göstərməsi üçün imkanları və resursları olmalıdır. Buraya həm yer, avadanlıq, lazım olan digər vasitələr, həm də insanlarla işləyə biləcək mütəxəssislər, xüsusilə psixoloqlar, sosial işçilər, hüquqşünaslar  daxildir. Ona görə də bələdiyyə institutuna münasibət dəyişməli, bələdiyyələr özləri də insanları aktiv fəaliyyətə cəlb etmək üçün tədbirlər görməlidirlər”.

 

Şəymən

Şərq  2024.- 20 dekabr (¹ 234).- S.6.