Gənclər yenə öndə olacaq

 

Son hədəf Azərbaycanı güclü, inkişaf etmiş sosial rifah ölkəsinə çevirməkdir

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla həyata keçirilməkdədir. Məhz bu məqsədyönlü siyasətin nəticəsidir  ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşırlar. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Dövlətin gənclərə dəstək olmasının və diqqət göstərməsinin nəticəsində Azərbaycan gənclərində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi  və gənclər siyasətindəki digər məsələlər ölkə rəhbərinin fəaliyyətinin əsasını təşkil edir. Respublikamızda müstəqillik illərində belə sağlam əqidəli, intellektual potensialı yüksək olan gənclərin yetişməsi, ilk növbədə, həyata keçirilən məqsədyönlü gənclər siyasəti ilə bağlıdır.

Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında formalaşması və Vətənə bağlı olması xalqımızın və dövlətimizin böyük üstünlüyüdür.

Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi ötən 20 il ərzində gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət yeridilib. Bu illər ərzində yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimiz Vətən müharibəsində qanları, canları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Bəli, İlham Əliyevin “dəmir yumruğuna çevrilən vətənpərvər gənclərimiz 30 illik işğala cəmi 44 günə son qoydu. 

Bu gənclər 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatlarında canlarını əsirgəmədilər. O gənclər ki, 30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən işğal olunan torpaqlarımızı azad etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələrini verdilər. Azərbaycan əsgərlərinin son damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənsevərlik duyğuları yüksəkdir. Xalqımıza o böyük zəfər sevincini yaşadan da vətənpərvər Azərbaycan gəncləri oldu.

 

Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir və gənclərimizin 44 günlük müharibədə göstərdiyi rəşadəti, qəhrəmanlığı xüsusi vurğulayır.

İctimaiyyət üzvləri də hesab edir ki, milli-mənəvi dəyərlərimiz qorunduqca, gənclərimiz xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər.

Qeyd edək ki, ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətin daxilində və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli və mənəvi birlik dayanır. Bu birlik vətəndaşlıq, dünyəvilik, tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Təbii ki, bu birliyi və harmoniyanı Qarabağ Zəfəri daha da möhkəmləndirib. Azərbaycan Prezidenti bu barədə deyib: “Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov isə qeyd edib ki, gənclər tarixin bütün dönəmlərində yaşadıqları ölkələrin, cəmiyyətlərin  inkişafında aparıcı rola malik olub. Onun sözlərinə görə, hər bir ölkənin və cəmiyyətin inkişafı gəncliyin oynadığı roldan, proseslərə baxışından, elmi, mədəni  səviyyəsindən asılı olur: “Müasirlik, novatorluq gənclərin adı ilə bağlıdır. Bu gün müasir Azərbaycan dövlətçiliyinin inkişafında, əldə etdiyi qələbələrdə, uğurlarda gəncliyin müstəsna rolu və töhfəsi danılmazdır.

Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi ölkədə xüsusi aparıcı qüvvə rolunda çıxış etməkdədir. Məhz yürüdülən uğurlu siyasətə adekvat reaksiyasının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi şəxsən cənab Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri bütün sahələrdə yüksək səviyyədə doğruldurlar.  Bunu cənab Prezident İlham Əliyev çıxışlarında gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.

Müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan uğurlu gənclər siyasəti ötən 21 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi öz bəhrəsini verib. Bu gün gənclik Azərbaycan dövlətinin əsas yükünü öz çiyninə alaraq Prezident İlham Əliyevin liderliyi altında irəliyə, yeni-yeni qələbələrə doğru aparmaqdadır.

Möhtərəm Prezident İlham Əliyev Azərbaycanın gənclər siyasətində daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır. Bu gün dünyanın üzləşdiyi reallıqlarda, süni intellektin inkişaf etdiyionun yaratdığı təhdidlərin, ölkəmizə qarşı həyata keçirilən dezinformasiya siyasətinin qarşısının alınmasında gənclərin üzərinə daha ciddi məsuliyyət düşür. Onların bu proseslərdə aktivliyinə daha çox ehtiyac duyulur”.

Ş.İsmayılovun sözlərinə görə, Azərbaycan gəncliyi istər 44 günlük Vətən müharibəsində, istər ondan sonra Ermənistanın işğalçılıq siyasətinə son verib ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpa  olunmasında göstərdiyi qəhrəmanlıq və şücaəti eyni qayda ilə ondan sonrakı dövrdə ölkəmizə qarşı həyata keçirilən haqsız informasiyahibrid savaşlarda da ön cərgədə gedirlər: “Ona görə də indiki reallıqlar şəraitində gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik. Azərbaycanın bundan sonrakı mərhələdə də perspektiv inkişafı müasir dünya trendləri, o cümlədən innovativ texnologiyalarla bağlı olacaq. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizin yeni dövr siyasəti ilə bağlı mesajlarını aydın və konkret şəkildə diqqətə çatdırıb. Dövlət başçımızın da bildirdiyi kimi, müasir texnoloji inkişaf mərhələsində gənclərdən çox şey asılıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan gəncliyi indiyədək olduğu kimi bundan sonra da ölkəmizin inkişafında və qarşısında duran  hədəflərə nail olunmasında aparıcı rol oynayacaq. Son hədəf olaraq Azərbaycan güclü, inkişaf etmiş sosial rifah ölkəsinə çevrilməsində öz sözünü deyəcək".

 

 

Şəymən Bayramova

Şərq .- 2024.- 25 dekabr (¹237).- S.6.