Bir ləkə düşməyən vicdan gətirdim...”

 

Könül nəğməsi Azərbaycan olan 100 yaşlı şair – Əli Tudə

 

 

  Azərbaycançılıq ideyasının dünyada yayılması, müxtəlif ölkələrdə yaşayan, vətənimizin güneyindən vaxtilə didərgin salınmış həmvətənlərimizin bu ideya ətrafında birləşməsinə çalışan, ömrünü bu müqəddəs işə sərf edən ziyalılarımız çox olub, bu günvar. Sözsüz ki, azərbaycançılıq ideyasının möhkəmlənməsində, soydaşlarımızın bu ideya ətrafında birləşməsində Ulu Öndər Heydər Əliyevin, ondan sonra isə cənab Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Azərbaycançılıq ideyası dövlət siyasətinin bir hissəsidir. Ziyalılarımız, alimlər, şairlər, söz ustaları isə bu siyasətə nəfis naxışlar vuraraq onu daha da möhkəmləndirən mübariz insanlardır. Onlardan biribu günlərdə anadan olmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycanın Əməkdar incəsənət xadimi Əli Tudədir. Əslən Ərdəbildən olan Əli Tudənin atası 1920-ci illərdə Azərbaycanın quzeyinə - Bakıya köçmək məcburiyyətində qalıb. Atasının Mirzəli adını qoyduğu körpə sonralar  Əli Tudə adı ilə tanınacaqdı. Atası da, anası da erkən rəhmətə gedib. Əlini nənəsi Qərib xanım böyüdüb. 150 nömrəli orta məktəbdə təhsil alıb. Həm də Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin ədəbiyyat dərnəyinə yazılıb, fəallığı, şeirlərini avazla oxuması ilə qələmdaşları arasında seçilib.

  İlk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, eyni zamanda radioda səslənib. Repressiya dövründə (1938) 7-ci sinifdə oxuyarkən Əli Güney Azərbaycan əsilli olduğundan nənəsi Qərib xanımla birlikdə İrana sürgün edilib və təhsili yarımçıq qalıb. Ərdəbildə təsərrüfat işləri ilə məşğul olub, fəhləlik edib, ağır həyat yaşayıb. Lakin davamlı mütaliə, oxuduğu saysız kitablar ədəbiyyat, söz sənətinin sevdasına düşmüş Əlini yazıb-yaratmağa ruhlandırıb. Bu fikirlər filologiya elmləri doktoru Esmira Fuadın Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Ömrü boyu heç özünə də əyilməyən məğrur söz aşiqi - Əli Tudə” sərlövhəli məqaləsindəndir. E.Fuad məqaləsində  qeyd edir ki, Əli Tudə 1940-cı illərdə Güney Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub, silahı və qələmi ilə mübarizəyə qalxıb, milli ruhlu üsyankar şeirləri ilə xalqı zülmə baş əyməməyə, istiqlala çağırıb. Özü isə həm sənət, həm də inqilab cəbhəsinin əsgəri kimi aktiv fəaliyyət göstərib. 1944-cü ildə “Vətən yolunda” qəzetində “Əli Tudə” imzası ilə şeirləri çap olunub. “Yazdığım sətirlər qatar-qatar düzülsə, nəinki Xan Araza, Ana Təbrizə çatar”- deyən şair imzası ilə iftixar duyduğunu da etiraf edir və: “Tudə” təxəllüsünü xalq özü verdi mənə, Mərd fədai olmağı məsləhət gördü mənə...”  Hüzbi-Tudeyi-İran” partiyasının, daha sonralar Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin üzvü olan 21 yaşlı gənc şairə Milli hökumət dövründə Təbrizdə Maarif Nazirliyinin tədris şöbəsinin, daha sonra isə Təbriz Dövlət Filarmoniyasının müdiri vəzifələri etibar edilibo, filarmoniyanın ilkson müdiri olub. Kəndbəkənd, şəhərbəşəhər dolaşaraq istedadlar arayıb, sənətkarları işə cəlb edib, uğurlu mədəni-kütləvi layihələrə imza atıb. Bir sıra siniflər üçünAna dili” dərsliklərinin hazırlanması və nəşrində böyük əmək sərf edib. O, həm söz, həm də döyüş cəbhəsinin əsgəri olub, dincəlmək bilmədən gərgin işləyib, ölkəyə, dövlətə və xalqa gecə-gündüz təmənnasız xidmət göstərib. Əli Tudə xatirələrində yazırdı:  Ömrümün çoxunu döyüşlərdə, zindanlarda keçirmişəm, səngərlərdə yatmışam, dincəlməyə imkanım da olmayıb, ağızdolusu gülmək də qismətim olmayıb, amma daim çalışmışam, azadlığa da çıxmışam çalışmışam, ümid də itirmişəm, çalışmışam, şeir də bitirmişəm, yenə də çalışmışam, mən birgörüş vaxtı güləcəyəm, səsim Araz boyunca axacaq, Arazın ləpələri ipək sap kimi ayrılmış ürəkləri bir-birinə tikəcək...” O zaman:

Vətənin günəşli sabahını da

Görər, saçlarına gül taxar Araz.

Öz suyuyla yuyar günahlarını,

Bu günahsız Araz, günahkar Araz...

 

  Lakin Güneyin azad, xoş günlərin ömrü çox qısa olur. Şairin üsyankar şeirlərindən oluşan kitabı Təbrizdə mətbəədəcə yandırılır. Harada tutulsa yerindəcə öldürülməsi barədə şah fərman verir. Əli Tudə mübarizəsini davam etdirmək və yenidən Vətənə qayıtmaq ümidi ilə bir sıra qələmdaşları, məsləkdaşları ilə bir daha Güneydən Quzeyə - Vətəndən-Vətənə mühacirət edir. 12 dekabr 1946-cı ildə İran-Azərbaycan sərhədindən keçərkən “Mən nə gətirdim” şeirini yazıb və bu şeir Cənubi Azərbaycan mühacirət ədəbiyyatının ilk örnəyi kimi demokrat şairlərin manifestinə çevrilir.

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim...

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

  ...Vətənsiz özünü sudan çıxarılmış balıq, ünvansız qərib, arxa-dayaqsız yazıq bir insan sandı. Amma Azərbaycan şeirinin tacı, könül nəğməsi oldu, Vətənini qibləsi sandı, qutsal bildi, Ulu yurdu ilə öyündü... Əli Tudə yazırdı:

zindan, nə sürgün, nə dar ağacı

Məni sarsıtmamış, sənə əyandır...

Qoy dünya bilsin ki, şeirimin tacı,

Könlümün nəğməsi Azərbaycandır!

  Bakıya mühacirətdən sonra Əli Tudə “Ədəbiyyat qəzeti”nin redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin (BDU)  filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri vəzifələrində çalışıb. 1962-ci ildən sonra isə həyatını bədii yaradıcılığa həsr edib. Əli Tudə “Salam, Təbriz!”də və digər şeirlərində Təbrizə salam deyir, onu ana, özünü isə ana şəfqətinə möhtac övlad adlandırıb, Təbrizə, əslində, böyük Vətəninə bir övlad tək xidmət etmək istədiyini bəyan edib. O, yurdunun, tarixi keçmişinin, Ana dilinin qeyrətli qoruyucusu, milli adət-ənənələrin etibarlı daşıyıcısı idi... Ana dilini dünyada Vətənə sədaqət, ataya ehtiram, anaya məhəbbət sanan şair yaradıcılığında dilin alt qatlarına enir, ən gözəl söz və kəlmələri mirvari tək sapa düzürdü...

  50 illik yaradıcılığı boyu qələmə aldığı şeir və poemaları ilə yanaşı, “Mənə elə baxma”, “Öz gözlərimlə”, “Tellərdə çırpınan həsrətlər” adlı nəsr əsərləri çağdaş nəsrin gözəl nümunələri kimi dəyərləndirilir. Şair “Yaralanmış nəğmələr”, “Yanıqlı tütək”, “Həyat sınağı”, “Gecikmiş vüsal”, “Tarixin bir səhifəsi”, “Səngərli qala”, “Doğma səs”, “Hicran yolu”, “Qartal uçuşu”, “Sən indi hardasan”, “Çanaxbulaq dastanı” və s. poemalarında mərd xalqının həyatından və onun azadlıq uğrunda mübarizəsindən iftixarla bəhs edib. Şairin təşbehləri, bənzətmə və metaforaları, mahir sözoynatmaları, qanadlı fikirləri yüksək poetik ustalığının bəlirtiləridir və bütün bunlar onun həssas, incə ruhundan süzülürdü misra və sətirlərə: “Ağaclar payızda yol üstə qonmuş qanadları bəzəkli məğrur, iri, sakit qartallara bənzəyirdi. Ancaq sən xəzan yellərindəki gücə bax ki, öz soyuq nəfəsləri ilə o nəhəng quşların əlvan tüklərini yolub çəngə-çəngə havaya sovura bilirdi. Quşlar isə bu gözgörəsi talana müqavimət göstərməyib sarı göz yaşları tökə-tökə dözürdü, çünki ağac zümrüd yanaqlı övladlarının zəfəran yanaqlı övladlarına baxıb həyəcandan, təlaşdan, xiffətdən saralmağını istəmirdi. Ana torpağın başına yağdırdığı qızıl pul şabaşlarıyla öz yasını toya döndərməyə çalışırdı...”.

  “Deyirlər keçmişdə atalar quruyan, ya da qurumaqda olan ağaca baltanın arxası ilə vurar, ağacı balta zərbəsi ilə diksindirər, oyadar, özünə gətirərmişlər... Ağac da oyanar, nəyə qadir olduğunu yadına salıb yenidən göyərərmiş. Millət də belədiir. Millətin silkələnməsi, oyanması, özünə gəlməsi üçünya bir xəbər, ya bir soraq, ya da bir həyəcan dalğasının təkanı kifayətdir. Millət başının üstünü alan təhlükəni görüb ayağa qalxır. Sonra əcdadını yada salır. Daha sonra öz kökünə qayıda-qayıda bütün maneələri dəf edir. Xariqələr yarada-yarada nəyə qadir olduğunu bütün dünyaya sübut edir...”.

  Qeyd edək ki, bu günlərdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Əli Tudənin 100 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, “Əli Tudə - 100” adlı virtual sərgidə dövri mətbuat səhifələrində tanınmış şair barədə dərc olunan məqalələr, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Tude_100/index.htm linkindən istifadə edə bilər.  “Mənim qibləm Vətəndir” deyən 100 yaşlı şairin Vətən sevgisi və ayrılıq həsrətiylə ilə yoğrulan yaradıcılığı ədəbiyyat tariximizdə layiqli yerlərdən birini tutur.

 

 

 

Məlahət Rzayeva

 

  Şərq  2024.- 1 fevral ¹ 19.- S.6.