Həsən bəy Zərdabinin işığında mətbuatımızın 149 ili

 

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

 

“Qəzet camaat üçündür. Camaat qəzet üçün deyildir

 

  Xalqın maariflənməsinin mümkün olmadığını yaxşı bilən millət fədaisi Həsən bəy Zərdabi xalqı ilə danışmaq, sözünü demək, ideyaların həyata keçirilməsində əsas vasitə olaraq ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoymuşdu. O dövrdə “doğru söz”ə düşmən olan ictimai quruluşda belə bir proqramla meydana çıxıb qəzet çap etdirmək asan deyildi və nəhayət, Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzetin ana dilində nəşrinə başlayır. Bununla da o, həmin tarixdən etibarən Azərbaycan milli mətbuatının əsasını qoyur.

  “Əkinçi” qəzetinin nəşr olunmasında və fəaliyyət göstərməsində Həsən bəyin böyük məhəbbət və hörmətlə yanaşdığı silahdaşları, Azərbaycanın görkəmli şəxsiyyətləri M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Əsgər bəy Adıgözəlov (Gorani) və başqalarının böyük xidmətləri olub. Bəli, Azərbaycanın belə görkəmli ziyalıları “Əkinçi”nin ətrafında toplanmışdılar.

Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla yanaşı, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi və həm də korrektoru, texniki bir işçisi kimi fəaliyyət göstərib.

  “Əkinçi” qəzetinin yaradıcısı olan Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, yerlərdə əhali ilə təmasda olmaq və xalqının hərtərəfli tərəqqisinə nail olmaqdan ibarət idi.

Bütün Qafqazda əks-səda doğuran “Əkinçi” Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də yayılmağa başladı.

Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.

Bu ideyaların həyata keçirilməsi üçün yalnız qəzet dilindən istifadə etməyi qarşısına məqsəd qoyan, “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” deyən Həsən bəy ana dilində “Əkinçi” başlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna göndərdiyi məktublardan, 7 illik ağır əzab-əziyyətdən sonra qəzetin nəşrinə hökumətdən icazə alır.

  Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kənd təsəürrüfatında bir çox məsələlərlə yanaşı, kəndlilərə torpağın elmi qaydada əkilib-becərilməsini, torpaqdan necə və hansı qaydada səmərəli istifadə etmələrinin izahını və şərhini verir.

Torpağın məhsuldarlığının artırılması yollarını, torpağın keyfiyyətini və münbitliyini təyin etməyi, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması üsullarını, qaydalarını elmi əsaslarla başa salır və bunun üçün birinci növbədə kompleks torpaq-yerquruluşu tədbirlərinin həyata keçirilməsini tövsiyə edir.

Həsən bəy torpağın şumlanmasının hansı qaydada, nə dərinlikdə aparılmasını praktik olaraq bir çox yerlərdə həyata keçiribondan laboratoriya kimi istifadə edib.

  “Əkinçi” qəzetinin nəşrinə başladığı ilk gündən onun elə bir nömrəsi yoxdur ki, Zərdabi orada kənd təsərrüfatına dair kəndlilərə səmərəli, elmi, təcrübi tövsiyələr verməsin. Bu qəzetdə “Kənd əhalisinin fəaliyyəti” adlı xüsusi şöbə yaradaraq burada çap edilən məqalələri yerlərə, zəhmətkeş kəndlilərə çatdırması məhz onun elinə, obasına, millətinə, xalqına bağlılığın və dərin məhəbbətin təcəssümü idi.

  “Əkinçi” nəşr olunduğu gündən bağlananadək Həsən bəy Zərdabi çarizmə, köləliyə qarşı mübarizə aparmış və rejimin torpaq məsələlərində yol verdiyi haqsızlıqlara, kortəbii hərəkətlərə öz mənfi münasibətini bildirib.

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edib. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə Zərdabi gimnaziyada müəllimlikdən azad edilir. Ümumilikdə götürdükdə, zəngin dünyagörüşünə malik Həsən bəy Zərdabinin çox böyük elmi uzaqgörənliklə nəşr etdiyi “Əkinçi” qəzetinin 1875-1877-ci illər ərzində işıq üzü görən cəmi 56 nömrəsi dövrün elmi-mədəni, ictimai-siyasi, maddi-texniki hadisələrini işıqlandırmaqla, millətin cəhalət yuxusundan oyanmasında tarixi bir hadisə olub.

  Çar hökuməti üçün təhlükəli hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (sonralar Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə o, Bakı gimnaziyasından uzaqlaşdırılır. Zərdabinin getdiyini eşidən şagirdlərə bu hal çox pis təsir göstərir. Onlar tez-tez dəstə-dəstə sevimli müəllimlərigilə gəlir və onu yad etməklə, dərin hörmət və rəğbətlərini bildirirlər.

  Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə, ona verən yox idi. Bu zaman onun həyatında faciə baş verir üç yaşlı qızı Fatma dünyasını dəyişir və bunun ardınca bir yaşına çatmamış üçüncü qızı da vəfat edir. Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birgə doğma kəndi Zərdaba köçür. Çar hökumətinin adamları böyük maarifpərvər, demokratictimai-siyasi xadim, torpaq islahatçısı H.Zərdabini öz məqsədindən uzaqlaşdıra bilmir. O burada məktəb açmaq, təsərrüfatla məşğul olmaq fikrinə düşür, lakin orada da ona mane olurlar, hər addımını izləyirlər. Bir tərəfdən də aldığı acı bir xəbər, Şamaxıda S.Ə.Şirvaninin vəfatı xəbəri onu sarsıdır. Sadiq dostunun ölümü Zərdabini qocaldır. Məqsədinə nail olmayan Zərdabi Ucarda məhkəmədə vəkillik etməli olur. 1896-cı ilə kimi Zərdabda yaşayır və 16 il ərzində burada ictimai-siyasi haqsızlıqlara qarşı mübarizəsini davam etdirir.

  Dahi maarifpərvər elmə yiyələnməyin başlıca yolunu kənd və şəhərlərdə məktəblərin açılmasında görür. Zərdabdan yuxarı instansiyalara müraciətlər göndərir, məsələ ilə bağlı mətbuatda məqalələr dərc etdirir. 1883-cü ildə “Kaspi” qəzetinin 42-ci nömrəsində “Zərdabda məktəb olacaqdırmı?” adlı məqaləsində yazırdı: “Məni məzəmmət edib deyə bilərlər ki, kənd camaatı məktəb əleyhinə olduğu halda, bu haqda düşünməyə dəyməz. Bu, düz deyildir. Güman edirəm ki, heç bir ağıllı ana uşağını çimizdirərkən onun qışqırtısına məhəl qoymaz. Uşaq çimizdirilməyinin faydasını başa düşmür, ağlayır, dəcəllik edir, lakin bu heço demək deyildir ki, onu çirkab içərisində saxlamalı və üzərində heç bir zorakılıq edilməməlidir. Bizim yerli camaatımız da bu cür uşaqlıq vəziyyətindədir, onun maarifin faydasını özü başa düşüb qiymətləndirə biləcəyini güman etmək çox dardüşüncəlilik olardı”.

Nəhayət, Həsən bəyin bu sahədə çox gərgin fəaliyyətindən, mübarizəsindən sonra doğma kəndi Zərdabda məktəb açılmasına icazə verilir. Bu sevinci və zəhmətinin bəhrəsi ilə əlaqədar “Kaspi” qəzetinin 1885-ci il tarixli, 91-ci nömrəsində yazırdı: “Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda iki sinifli məktəb açılacaqdır.

  Zərdabini sevindirən ən böyük hadisələrdən birio idi ki, ilk ibtidai təhsil aldığı Zərdab kəndində ömrünün müdrik çağında yeni tədris ocağının açılmasına nail olmuşdu.

Zərdabi Zərdabda yaşadığı dövrdə də mətbuatdan kənarda qalmayıb, müntəzəm olaraq tənqidi və digər müxtəlif məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunanKavkaz”, “Tifliski listok”, “Novoe obozrenie”, “Ziya”, Bakıda çıxan “Kaspi” və s. qəzetlərdə dərc etdirib.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin adı, yeri, məqsədi unudulmadı və yaxın keçmişədək “Həyat”, “Kəndçi”, “Kəndli”, “Azərbaycan kolxozçusu”, “Azərbaycan kənd təsərrüfatı”, “Sovet kəndi”, “Bərəkət” və bu günsə müstəqil respublikamızda “Kənd həyatı“ qəzeti “Aqroinfo” qəzeti adı ilə nəşr olunur.

Lakin ömrünün ən müdrik çağında, öz doğma yurdu Zərdabda yaşadığı müddətdə də bir dəstə qaragüruhçu ona imkan verməyib ki, Həsən bəy gözəl əməlləri ilə rahat şəkildə məşğul olsun. Ona böhtanlar atılıb, qara yaxılıb, evinə basqınlar edilib, taxıl zəmisinə od vurulub yandırılıb.

Həsən bəy bütün bu çətinliklərə baxmayaraq, Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olub, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salıb, təcrübələr qoyub, yeni meyvə sortları yetişdirib, müxtəlif kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olub.

  Həsən bəy Zərdabda yaşadığı müddətdə ciddi şəkildə kənd təsərrüfatı işləri ilə məşğul olurdu. O, Misirdən bitki növləri gətirir, müxtəlif növ bitkiləri bir-birinə calaq edib yeni növlər yetişdirir. Barama saxlayanlar (kümçülər) onun yanına məsləhətə gəlir.

Bu illər (1880-1896) ərzində Zərdabi, həmçinin əkinçilik, toxumçuluq, quşçuluq, arıçılıq, maldarlıq, qoyunçuluq, balıqçılıq və digər sahələrdə əldə etdiyi nailiyyətləri mətbuat vasitəsilə sadə kütlələrə çatdırır, onları qəflət yuxusundan oyadır, Azərbaycanda kənd təsərrüfatını kompleks inkişaf etdirməyə çalışırdı.

  Mülkədarlar və ruhanilər Zərdabinin simasında çox ağıllı düşmənə rast gəldiklərini başa düşmüşdülər. Onlara bəlli idi ki, Həsən bəyi asanlıqla aradan götürə bilməyəcəklər. Odur ki, siyasi fitnəkarlığa əl atmalı oldular. Jandarm idarəsi yenidən Həsən bəy haqqında böhtaniftiralar yaymağa başladı. Bu dəfə onun düşmənləri yazırdılar ki, guya Həsən bəy rus hökumətinin əleyhinə işləyir və ümumiyyətlə, bu şəxs rus mədəniyyətinə düşməndir. Böhtanlar o qədər ağır və gözlənilməz idi ki, Həsən bəy bunu eşitdikdə uzun müddət özünə gəlmədi. Axı o, bütün ömrü boyu rus mədəniyyətinin yorulmaz və ardıcıl təbliğatçısı olmuşdu. Rus dilini öyrənənləri “kafir” adı ilə damğalayan, Həsən bəy məhz buna görə, rus mədəniyyətini sevdiyinə görə nifrət edən ikiüzlü ruhanilər öz nadanlıqlarını Həsən bəyin adına yazırdılar.

  Tədqiqat aparmaq üçün Zərdaba gəlmiş qubernator tezliklə bunun böhtan olduğunu aydınlaşdırır. Həsən bəyə yaxın olmayan bir sıra varlılar da onun həmişə rus mədəniyyətini öyrənməyə dəvət etməsini təsdiqləyirlər. Lakin bütün bunlara baxmayaraq, qubernator Bakıya qayıtdıqdan sonra şəhərdə olduğu kimi, kənddə də onu ciddi surətdə nəzarət altına aldırmış, bir an belə rahat buraxmamışdı ki, asudə nəfəs alsın.

  Kaspi” qəzetinin 1887-ci il tarixli 125-ci nömrəsində oxuyuruq:

“Zərdabda Həsən bəy Məlikov adlı bir şəxs yaşayır. O, universitet qurtarmış, uzun müddət maarif nazirliyi sistemi üzrə işləmiş və axır vaxtlar nəyə görə isə qulluğu buraxıb təsərrüfatla məşğul olur. Ziyalı, həssas bir şəxs olan Həsən bəy Məlikov yerli əhalinin qolçomaqlardan ağır iqtisadi asılılığını dərk edərək, hər yerdə və hər cür əlverişli şəraitdə kəndlilərin hüquq və vəzifələrini təkidlə və səbrlə onlara başa salır ki, bu da kənd müftəxorlarının və ümumiyyətlə, bulanıq suda balıq tutmağı sevənlərin hamısının xoşuna gəlmir. Həsən bəydən narazı olan bu adamlar onu Zərdabdan çıxarıb qovmaq üçün dəridən çıxırlar və bunun üçün hər cür alçaq vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu çirkin vasitələr içərisində ən başlıcası, onların ən çox sevdiyi böhtanlardır, donoslardır ki, bunlar Həsən bəy haqqında demək olar ki, hər bir poçta ilə Bakıya dolu kimi yağır”.

Gərgin fəaliyyət, ağır əmək və mübarizə şəraitində keçən həyat tərzi Zərdabinin səhhətinə təsir etməyə bilməzdi. 1896-cı ildə Həsən bəy iflic olurbir müddət xəstə yatır.

  İnsani duyğulara, zəngin dünyagörüşünə malik olan Həsən bəy Ucarda vəkillik xidmətindən çıxandan sonra 1896-cı ildə ailəsi ilə birlikdə Bakıya qayıdır və burada daha qaynar həyata atılır. Onun Bakıda olmadığı 16 il ərzində şəhərdə çox böyük dəyişiklikər baş vermiş, dövrün müasir fikirli gənclər nəsli yetişmişdi. Zərdabi Bakıya qayıdışından sonra ömrünün axırınadək “Kaspi” qəzetinin əməkdaşı və müvəqqəti redaktoru sifəti ilə fəaliyyət göstərərək demokratik fikirli ideyaların həyata keçirilməsi məqsədilə elmi məqalələrini dərc etdirib. Həsən bəy Zərdabinin yaxından iştirakı ilə 1898-ci ildən etibarən rus-tatar məktəbləri açılmağa başlayır. Onun böyük köməkliyi sayəsində 1906-cı il avqust ayının 15-də Azərbaycan müəllimlərinin I qurultayı çağırılır. O, həmin qurultaya sədrlik edir. Görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabi on il müddətində Bakı Dumasının üzvü kimi müxtəlif vəzifələrdə, 1905-ci ildən isə maarif şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq, ömrünün axırına kimi bu vəzifədə çalışıb, öz milləti və xalqı üçün misli görünməmiş dərəcədə xidmətlər göstərib.

Zərdabinin cəsarətli, alovlu çıxışları Bakı Şəhər Duma rəhbərliyinin və əksər Duma üzvlərinin ürəyincə deyildi. Onlar daim ədibi qorxutmağa, “qaydanın pozulmasına görə” təqsirləndirməyə çalışırdılar. Bütün bunlara baxmayaraq, Həsən bəy bütün çatışmazlıqları, vəzifədən sui-istifadə və rüşvətxorluq hallarını kəskin tənqid edirdi.

  Həsən bəy övladlarını oxudub arzusuna çatmışdı. Onlardan razı idi. Böyük oğlu Midhəd bəy Almaniyada ali təhsil alıb qayıtmışdı, Səffət realnı məktəbdə oxuyurdu. Qəribsoltan təhsilini davam etdirirdi, ərə getmiş Pəri xanım Topçubaşova isə atasının yanında idi. Lakin Həsən bəyin bir dərdi vardı, o, bütün xalqın savadlanmasını görməmiş dünyasını dəyişir.

  Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də Bakıda vəfat edir. Azərbaycan ziyalılarının “mənəvi atası” saydığı Həsən bəyin vəfatı xalqını hədsiz dərəcədə kədərləndirir. Onun vəfatı ümumxalq matəminə çevrilir, dəfn mərasimində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan digər xalqların nümayəndələri də iştirak edir, bu dahi insanı son mənzilə yola salarkən onunla vidalaşmağa gəlir və Zərdabi təntənəli surətdə dəfn olunur.

 

Eldəniz Həsənov

Şərq .- 2024.- 20 iyul, (¹ 27).- S.6.