Polad Bülbüloğlu namizəd oldu
“Şuşa onun ata yurdudur, torpaq
çəkir”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə danışıb. "Novaya Vremya" əməkdaşının "Şuşanı parlamentdə təmsil etmək üçün seçkilərə qatılmağı planlaşdırırsınızmı" sualına cavabında hazırda səfir vəzifəsini icra edən Polad Bülbüloğlu deyib ki, Şuşadan deputat olmaq böyük şərəfdir. P.Bülbüloğlu qeyd edib ki, şuşalılar onu parlamentə öz nümayəndələri seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcək: “Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir". Modern.az saytı isə Polad Bülbüloğlunun artıq namizədliyini irəli sürdüyünü yazıb. Bu məlumat 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından təsdiq olunub. Bildirilib ki, P.Bülbüloğlu artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib. Hakim Yeni Azərbaycan Partiyasının 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən həmçinin Azad Vətən Partiyasının sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı, şuşalı yazıçı-publisist Kərim Kərimli “Sherg.az"a açıqlamasında Polad Bülbüloğlunun da digər vətəndaşlar kimi seçkiyə qatılmaq hüququnun olduğunu dedi:
" Polad Bülbüloğlu da Azərbaycan Respublikasının bütün vətəndaşları kimi seçmək və seçilmək hüququna malikdir. Deməli, onun da deputatlığa namizədliyini irəli sürmək hüququ var. Hüquqi cəhətdən onu qınamaq düzgün olmazdı. Səfir vəzifəsinə gəlincə, bəli, parlament üzvü başqa ölkədə səfir ola bilməz. İcra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında xüsusi sərhəd var və o sərhəddi keçmək qanunla yolverilməzdir. Bir ayağı qanunverici hakimiyyətdə, bir ayağı seçkili orqanda, bir əli seçkili orqanda, o biri əli isə Prezidentin təyin etdiyi vəzifədə ola bilməz. Ona görə də millət vəkili seçiləcəyi təqdirdə səfir vəzifəsindən geri çağırılacaq. Amma Polad Bülbüloğlu imza vərəqələrinii götürübmü, Şuşada imza toplayıbmı, bilmirəm. Şuşadan hələ ki konkret 2 nəfər namizədliyini irəli sürüb və bura gəlib imza vərəqələrini götürüblər".
K.Kərimli qeyd etdi ki, Şuşadan deputat seçilmək daim Şuşada olmaq, burada yaşamaq anlamına gəlməməlidir:
"Şuşa Polad
Bülbüloğlunun ata
yurdudur. Təbii ki, ata yurdu onu çəkir.
Amma Şuşadan deputat olmaq ata yurdunda
yaşamaqla məhdudlaşmayacaq.
Millət vəkili kimi
o, daim Bakıda, parlamentin iclaslarında olmalıdır. Əlbəttə, Şuşaya gəlib gedəcək. Burada ata
evi var. Həm də cənab Prezidentin tapşırığı
ilə Polad Bülbüloğlu Bülbülün
Şuşadakı ev-muzeyini
özü təmir elətdirdi. Yəqin bundan
sonra da çox olacaq Şuşada. Polad Bülbüloğlu
bir neçə dəfə gəlib Şuşaya. Mən onunla
təsadüfən Şuşada
2021-ci ilin avqustunda görüşmüşəm. Söhbət etdik, onu maraqlandıran, lakin cavabını tapa bilmədiyi xeyli suallar verdi. Mən onun suallarını
cavablandırdım, təşəkkür
etdi ki, elə məhz bu cavabları öyrənmək istəyirdi.
Xatırladım
ki, Polad Bülbüloğlu 1995-ci ildə
45 saylı Şuşa-Xocalı-Xocavənd-Tərtər-Kəlbəcər
seçki dairəsindən
deputat seçilib və 2 il
yarım deputat olub. Mədəniyyət naziri olduğunu
əsas gətirərək
deputatlıqdan könüllü
istefa verib".
Məlahət Rzayeva
Şərq .- 2024.- 26 iyul.- S.4.