Çıxış yolu mütləq tapılmalıdır

 

Ekologiya və ətraf mühitin mühafizəsi

 

Qarşıdakı COP29 Zirvə Toplantısında dünya dövlətləri qlobal təhlükənin qarşısını birgə almağın yollarını müzakirə edəcək

 

  Qlobal iqlim dəyişikliyi dünyanın bir nömrəli problemi olaraq qalır. Azərbaycan bu qlobal, bəşəriyyət üçün fəlakətə səbəb ola biləcək problemin həllində birgə mübarizəni əsas çıxış yolu hesab edir. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl mədəniyyət paytaxtımız Şuşada keçirilən II Qlobal Media Forumunda çıxışı zamanı da vurğuladı. Prezident qeyd etdi ki, inkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittiham var: “Hansı ölkə planetimizə daha çox ziyan vurubdur, məsuliyyətli ölkə kimdir və onları bir növ məsuliyyətə cəlb etmək və cəzalandırmaq cəhdləri var. Biz bunu geridə qoymalıyıq. Bu, bizə heç bir nəticə verməyəcək. Biz inkişafda olan kiçik ada ölkələri ilə əməkdaşlıq edirik. Bizim COP29 çərçivəsində bununla bağlı tədbirimiz olacaqdır və orada ittifaq ölkələri də iştirak edəcək. Biz ittifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir. Yəni biz müxtəlif istiqamətdə irəliləyirik. Hesab edirəm ki, biz Birləşmiş Ərəb Əmirliklərinin COP28-in ev sahibi kimi təcrübəsindən istifadə edəcəyik və onun üzərindən işimizi aparacağıq. Ancaq ondan qabaq COP-a Misir ev sahibliyi edibdir. Onların da neft qazı var. Bizdən sonra da Braziliya ev sahibliyi edəcək. Yenə neft qaz ölkəsidir. Bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər. Onlar yaşıl texnologiyaya, yaşıl keçidə sərmayə qoyur, töhfə verirlər. Hazırda Şuşada keçirilən II Qlobal Media Forumunda yaşıl həmrəylik mövzusu müzakirə ediləcəkdir. Bu il AzərbaycandaYaşıl dünya naminə həmrəylik ilielan edilib. Ümid edirəm ki, uğurlu tədbir kimi onun yaxşı nəticələri olacaq”.

  Göründüyü kimi, cənab Prezident qlobal iqlim dəyişmələri, Yer kürəsini yaşıl dünyaya çevirmək, bəşəriyyətə təmiz hava, təmiz su, təmiz torpaq təqdim edilməsi yolunda dünya ölkələrinin birliyini önə çəkib. Bu məsələ II Qlobal Media Forumu çərçivəsində təşkil edilən panel müzakirələrdə əsas mövzulardan biri olub. "COP29 ilə bağlı ya hər kəs birlikdə fəaliyyət göstərməlidir, ya da uğursuzluq qaçılmazdır". Bu fikri Azərbaycan energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsindəYaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimatdakı çıxışında söyləyib. O vurğulayıb ki, COP29-da gündəmə gətiriləcək əsas məsələlərdən biri məqsədlərimizə nail olmaq yolunda maliyyələşmə məsələsidir: "Təkliflərdən biri belədir ki, maliyyələşmə məsələsi ilə bağlı yeni model müəyyənləşdirməliyik. Biz COP29-un bu istiqamətdə çox gözəl bir fürsət olacağına inanırıq. Azərbaycan tərəfi şəffaf bir mühit yaratmağı qarşısına məqsəd qoyub ki, müxtəlif tərəflər geniş şəkildə müzakirələr apara bilsinlər. Ümumilikdə, COP29-un gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan orada yaşıl dəhlizləri saxlanma anbarlarının yaradılması, su çatışmazlığı məsələlərinin gündəmə gətirilməsini önəmli sayır. İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklərin hər biri çox önəmlidir. Dünyada elə bir ölkə yoxdur ki, iqtisadiyyatına zərər vermədən karbon emissiyasını azaltmağın yolunu tapsın. Metan qazının azaldılması prosesinə bütün ölkələr qoşulmalıdır. Dövlətlər tərəfindən adaptasiyaya yönələn maliyyənin məbləği artırılmalıdır. Bizə yüksək səviyyədə dəstək lazımdır. Məsələn, Çində nazirlərin görüşü keçiriləcək. Həmçinin Azərbaycanın Şamaxı bölgəsində görüş təşkil olunacaq. Bu tədbirlərin hər biri dəstək məqsədi daşıyır. Biz dünyanı itirməkdəyik. Hazırda 54 milyard kubmetr karbon qazından danışırıq. Səthin temperaturu 1.1 C dərəcə artıb. Alimlər qısamüddətli təbii hadisələr barədə bizi məlumatlandırırlar. İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil. Çünki dünya bu təbii sərvətlər hesabına meydana gəlib. Bir tərəfdən deyirik ki, qaz bizim dünyamızı məhv edəcək. Lakin ölkələri ayırd edirik, bu, düzgün deyil. Azərbaycan yalnız neft-qaz sahəsini inkişaf etdirmir, eyni zamanda, enerji təhlükəsizliyinə töhfə verir.

  Xatırladaq ki, COP29-un baş icraçı direktoru vurğulayıb Elnur Soltanov Almaniyanın Xarici İşlər Nazirliyinin "H2-diplo - Dekarbonizasiya Diplomatiyası" təşəbbüsü çərçivəsində GIZ tərəfindən təşkil edilmiş tədbirdə çıxışı zamanı da bu problemlərə toxunmuşdu. Təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağını qeyd edən E.Soltanov çıxışı zamanı COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüsləri, enerji günündə həyata keçirilməsi planlanan tədbirlər haqqında məlumat verib. Azərbaycanın karbonsuzlaşma sahəsindəki fəaliyyətinin əsas istiqaməti olan enerji keçidi sahəsindəki fəaliyyətinin COP29 prezidentliyinin Azərbaycana keçməsindən xeyli əvvəl başladığı və hətta COP29 çərçivəsində qlobal iqlim müzakirələri üçün seçilən şüarın, demək olar ki, Azərbaycan üçün əvvəlcədən seçilmiş şüarla eyni olduğu vurğulanıb. Təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağı, xüsusilə də beynəlxalq sertifikatlaşdırma sxemləri sahəsində atılacaq addımların bu sahənin inkişafına təkan verəcəyinə ümid edildiyi qeyd edilib. Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edilib və Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, eyni zamanda yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığı bildirilib.

  Ekoloq Rövşən AbbasovSherg.az"a açıqlamasında COP29 ərəfəsində Şuşada keçirilən II Qlobal Media Forumunda iqlim dəyişmələri, yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması mövzlarının müzakirəsinin böyük əhəmiyyət daşıdığını bildirdi:

" Bunlar hamısı hazırkı qlobal iqlim dəyişiklikləri fonunda vacib məsələlərdir. COP29-a ev sahibliyi edəcək ölkəmizin bu mövzuları gündəmdə saxlaması çox əhəmiyyətlidir. Biz hansısa ölkələri ittiham edənlərin qarşısına faktlar qoymalıyıq. Eyni zamanda birgə mübarizəyə çağırış etməliyik, necə ki bu, indiyədək də edilir. Qarşılıqlı ittihamlarla nəyəsə nail olmaq mümkün deyil. Dünya ölkələri birgə çalışıb, dünyanın xilasını düşünməlidir. Hardasa iqlim böhranı yaşanırsa, kimsə özünü təcrid etməməlidir, edə də bilməz. Çünki hamımız Yer kürəsinin sakinləriyik. Bu gün bir bölgədə yaşanan eko-kriz, sabah başqa bir bölgəyə keçəcək. Forumdakı müzakirələrdə də vurğulandığı kimi, neft-qaz istehsalistehlak edən ölkələr arasında ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri mövzusunda ayrı-seçkilik etmək düzgün deyil. E.Soltanov da çıxışı zamanı bildirdi ki, Azərbaycan bu mənada tənqidi qəbul etmir. Azərbaycan dünyanın enerji daşıyıcılarının 0,5 faizini istehsal edir, amma biz enerji təhlükəsizliyinə töhfə veririk. Kim istəmirsə, neftqaz alışından könüllü imtina edə bilər. Amma nəzərə almaq lazımdır ki, müasir sivilizasiyanın uğurları təbii sərvətlərin hesabına olub. Yəni tənqid əvəzinə ümumi bir həll tapılmalıdır. Afrika ölkələrinin atmosferin çirklənməsində payı cəmi 4 faizdir, amma iqlim dəyişikliyindən ən çox əziyyət çəkən bu qitənin ölkələridir. Odur ki, qarşıdakı COP29 Zirvə Toplantısında dünya dövlətləri qlobal təhlükənin qarşısını birgə almağın yollarını müzakirə etməli və çıxış yolunu mütləq tapmalıdırlar".

 

 

Məlahət Rzayeva

Şərq  2024.- 27 iyun, ¹ 132.- S.6.