Qarabağ və
Şərqi Zəngəzur dirçəlir
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
Bu gün bərpaolunan
enerji sahəsində növbəti sürətli
inkişafın şahidi oluruq
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Qeyd edək ki, üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Bu stansiyaların təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi “Bizim sözümüz imzamız qədər dəyərlidir” çağırışı özündə bütün məqamları ehtiva edir: “Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər əlavə edilsə, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır”. Dövlət başçısı bildirib ki, hazırda iki layihə işlənilməkdədir, onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq: "Bununla da, Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaq. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcək. Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir. Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil".
Energetika naziri Pərviz Şahbazov da bildirib ki, hazırda Azərbaycanla Avropa arasında "yaşıl" enerji sahəsində çalışmalar aparılır: "İnanırıq ki, bu istiqamətdə danışıqlar uğurlu olacaq. Ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığın, eyni zamanda emissiyaların azaldılması və “yaşıl enerji”yə keçidin təmin edilməsi məsuliyyəti ilə inkişaf etdirir. Konvensional və təmiz enerji mənbələrinə bu cür yanaşma COP28 Konsensusunda vurğulanan ədalətli, nizamlı və məsuliyyətli keçid üçün də mühüm şərtlərdəndir". Nazir hazırda dünyada fossil yanacağın maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlərə və uzunmüddətli tələbata dair zəmanətin yoxluğuna rəğmən Azərbaycanın bu gün tərəfdaşlarını qazla təchiz etmək missiyasına sadiq olduğunu və bu il proqnozlaşdırılan 24.3 milyard kubmetr qaz ixracının yarısının Avropaya tədarük ediləcəyini diqqətə çatdırıb. Həmçinin Azərbaycandan və üçüncü ölkələrdən qazın Türkiyə və Avropaya təchizatı ilə bağlı Sazişin, SOCAR və BOTAŞ arasında sənədlərin imzalanması ölkələrimizin qaz ixracı və tranzitində mövqeyini gücləndirən perspektivlər kimi dəyərləndirilib. Energetika naziri deyib ki, bu onillik Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsi, ənənəvi və bərpaolunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerjiyə keçid”də ölkəmizin regional liderliyi ilə əlamətdar olacaq. 1 milyard dollara yaxın investisiya dəyərinə malik 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda bp və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin atılacağı, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP zamanı elan ediləcəyi diqqətə çatdırılıb: “2027-ci ilin sonunadək reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payı 33 faizə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5.3 milyard kilovat saat elektrik enerjisinin istehsalı, 1.2 milyard kubmetr qazın sərbəstləşməsi, 2.5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”.
Nazir əlavə edib ki, təməli qoyulan günəş və külək elektrik stansiyaları qazın istifadəsini azaltmağa imkan verəcək. Onun sözlərinə görə, hazırda Azərbaycandan Avropaya qədər uzanacaq "yaşıl" dəhlizin yaradılması istiqamətində işlər davam etdirilir və bu dəhlizə Mərkəzi Asiya ölkələrinin qoşulması istiqamətində də danışıqlar aparılır. Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. Belə bir zənginliyi nəzərə alan ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə işğaldan azad edilən ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə tapşırığına əsasən, “AzərEnerji" ASC tərəfindən işğal dövründə dağıdılan su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yenilərinin tikintisi barədə hesabat hazırlanıb. Həmin hesabata əsasən, bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasının yaradılacağı nəzərdə tutulub.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, yaşıl enerjidən istifadə Azərbaycan üçün prioritet məsələlərdəndir. Deputatın sözlərinə görə, Azərbaycan 2030-cu ilədək ümumi istehlakda yaşıl enerjinin payını 30 faizə çatdırmaq niyyətindədir:
"Eyni zamanda COP29-a ev sahibliyi edən ölkəmiz həm də emissiyaların həcmini 2030-cu ilədək 35 faiz azaltmağı hədəfləyir. Yeni alternativ mənbələrdən enerji istehsal edən stansiyaların qurulması, investisiyanın yönəldilməsi birmənalı şəkildə Azərbaycanda həm işğaldan azad olunmuş ərazilərimizdə, həm də mərhələli şəkildə digər bölgələrimizdə yaşıl zonanın yaradılmasına xidmət edəcək. Alternativ mənbədən daha çox enerjinin əldə edilməsi Azərbaycan üçün həm də mavi qaz istehlakına qənaətin edilməsi anlamına gəlir. Nəzərə alaq ki, bir qiqavat enerjinin alternativ mənbələrdən istifadə hasil edilməsi yarım milyard kubmetr mavi qaza qənaət deməkdir. Bu baxımdan yaşıl zonanın yaradılması həm də Azərbaycana daha çox mavi qazı ixrac etmək imkanı yaradacaq. Bu, Azərbaycanın ixrac imkanlarının artırılması və dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq. Bütövlükdə yaşıl zonanın formalaşması və yaşıl enerjidən daha çox istifadə olunması ilə bağlı mütəmadi fəaliyyətlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda alternativ mənbələrdən enerji istehsalına ən çox sərmayə yönəldən ölkədir və xüsusən də xarici şirkətlərin cəlb edilməsi Azərbaycanda yaşıl enerji istehsalının, xüsusən 2026-cı ildən başlayaraq kəskin şəkildə artmasına gətirib çıxaracaq".
İsmayıl Qocayev
Şərq .- 2024.- 7 iyun, ¹ 100.-
S.6.