Azərbaycanın əsl
inkişafı Qurtuluş Günündən
başlayıb
Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Ulu Öndər ölkəni parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun
bərpa olundu, güclü
ordu quruculuğunun təməli
qoyuldu
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli Liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxarıb.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub.
Ümummilli Lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Millət vəkili Kamilə Əliyeva “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan dövlətinin əsl müstəqilliyi, suverenliyi, bir dövlət kimi inkişaf etməsi Qurtuluş Günündən başlayıb:
“Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli Lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas olub. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan edib. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazılıb. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaradıb, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın bərqərar olmasına nail olub. Ulu Öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğalda qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı. Ulu Öndərin yeritdiyi siyasi-iqtisadi siyasətin başında işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dururdu. Ulu Öndər Heydər Əliyev hər zaman "Biz bu torpaqlarsız yaşaya bilmərik"-deyirdi.
Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti, Ulu Öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bugünkü güclü Azərbaycan dövləti formalaşıb.
Ulu Öndər Azərbaycanı parçalanmaqdan xilas edib, ölkədə qayda-qanun bərpa olunub, güclü ordu quruculuğunun təməli qoyulub.
Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyulub. İlk parlament seçkiləri keçirilib, Konstitusiya qəbul edilib. Azərbaycanın dünyaya inteqrasiya olunmasına, eləcə də ölkədə iqtisadi və siyasi islahatlara başlanılıb və çoxpartiyalı bir sistem yaradılıb”.
Millət vəkilinin sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Qarabağ müharibəsində atəşkəsə nail olunub. Atəşkəsə nail olunduqdan sonra Azərbaycanın iqtisadi inkişafının əsası qoyulub və böyük Qələbəmizin qazanılması üçün şərait yaradılıb:
“Neft kontraktlarının imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoyub. Məhz Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyat bir çox dünya ölkələrinin ordularında öyrənilir. Əminliklə söyləyirik ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi və memarıdır. Ümummilli Lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi Vətəninə, xalqına həsr edib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi üçün alternativi olmayan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada öz gücünü və nüfuzunu durmadan artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya Azərbaycanı Qalib bir dövlət, Azərbaycan xalqını isə qəhrəman bir xalq kimi tanıtmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı azad görmək idi. Artıq işğaldan azad edilmiş bu torpaqlarımızda misli görünməmiş quruculuq və abadlıq işləri aparılır. İşğaldan azad edilmiş bu torpaqlarımıza Böyük Qayıdış prosesi başlayıb. Keçmiş məcburi köçkünlərimizin bir hissəsi öz doğma ocaqlarına geri qayıdıblar. Prezident cənab İlham Əliyev Qarabağı, Zəngəzuru bütün dünyanı heyrətləndirəcək cənnət bir məkana çevirəcək”.
Şəymən
Bayramova
Şərq .- 2024.- 14 iyun, ¹ 105.-
S.6.