Ömrünü xalqına həsr edən Lider

 

Azərbaycançılıq ideyasının təbliği

 

Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq

 

“Qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni – azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı”

 

  Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri - müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac var. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı. Ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: - Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı. Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu. Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”. Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə Ümummilli Lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, Ulu Öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Ümummilli Lider “Azərbaycan dili” sözlərini təkrar etməkdən doymur, əksinə, onu dilə gətirməkdən dərin zövq alır, milli qürur duyurdu. Bu, hər şeydən öncə onun dilimizə məhəbbətindən irəli gəlirdi. O, dünya azərbaycanlılarına üzünü tutub deyirdi ki, siz hər biriniz yaşadığınız ölkənin dilini bilməlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etməlisiniz. Amma bununla belə harada yaşamağınızdan asılı olmayaraq Azərbaycan dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi üçün, bütün dünyada nüfuzunun qorunması üçün səylə çalışırdı. Qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni – azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Göründüyü kimi, burada ideologiyanın tarixi-siyasi funksiyası ilə dilin rolu arasında uyğunluq öz əksini tapır. İdeologiyanın vəzifəsi gələcəyi yaratmaqdır. Ulu Öndər təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir, dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərdə böyük dövlət xadimi və mütəfəkkirin mənəvi mədəniyyətə - ədəbiyyata, incəsənətə münasibəti ifadə olunub. Ulu Öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: “Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi. Heydər Əliyev fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə, dərin zəkaya malik bir şəxsiyyət idi. O, hansı sahədən danışırsa danışsın, həmin sahəni qaldırır, əhəmiyyətini yüksəldir, onun tarixi dəyərini güclü məntiqlə əsaslandırırdı.

  Millət vəkili Cavid Osmanov "Sherg.az"a açıqlamasında deyib ki, ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq. Deputatın sözlərinə görə, Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın:

 

"Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Dahi şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı olmuşdur. Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail olmuşdur. Eyni zamanda xalqın milli mədəni dəyərlərinin qorunub saxlanması da Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan dili ilə bağlı tarixi təşəbbüsü milli dilimizin qorunub saxlanması üçün atılmış çox böyük və qətiyyətli addım olmuşdur. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”- təklifi 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub".

  Parlament üzvü vurğulayıb ki, Azərbaycan xalqı da hər zaman Ulu Öndər Heydər Əliyevə ümid bəsləyib, çətin məqamlarda xalq öz böyük oğlunun ətrafında birləşib: "Azərbaycan belə çətin bir dövrü 1990-cı illərin əvvəllərində yaşayırdı. Məhz həmin məqamda xalq öz qurtuluş nicatını Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə gördü. Xalq dahi şəxsiyyətin ətrafında birləşmək üçün siyasi bir təşkilata ehtiyac duyurdu. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış liderimüdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunumövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi".

  Cavid Osmanov bəyan edib ki, Ümummilli Liderimiz rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib: "Ümummilli Lider ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmişonun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunmasının əsası qoyulub. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparıb, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranıb, uğurlar əldə olunub. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlayıb. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılıb. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilib. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb".

 

 

İsmayıl Qocayev

Şərq .- 2024.- 11 may, ¹ 82.- S.6.