Mən gecələr korrektorluq edirəm
Mirzə
Ələkbər Sabir : Şair elin, xalqın hökmranı
və gözünün işığı olmalıdır
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, satirik şeirləri ilə içtimai eybləri açıq formada tənqid edən , " Molla Nəsrəddin " çi ədəbi məktəbin əsas sütunlarından biri və siyasi satiranın banisi Mirzə Ələkbər Sabirin doğum günüdür. Həyatı maraqlı , qalmaqallı və maddi məhrumiyyətlər içərisində kecən M.Ə.Sabir ömür boyu yalnız bir dəfə müsahibə verib.
Bu müsahibəni şairdən 1910-cu ildə Salman Mümtaz Bakıya gələrkən ala bilib. "Sherg.az" tarixiliyini və maraqlılığını nəzərə alaraq bu nadir müsahibəni oxuculara təqdim edir.
Sual: - Sizin ilk təxəllüsünüz olan Hop-hop sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?
Cavab: - Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. Hop-hop quş adıdır. Bu quşun bu addan başqa el arasında yenə bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, op-op və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə Fatmabacı deyə xitab etmək üçün bu adı intixab etmişdir (seçmişdir). Mən də bunun əvəzində onun təxəllüsünü Qızdırmalı qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.
Sual: - Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: - Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
Sual: - Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab: - Başda o böyükdür,
yaşda mən.
Sual: - Səhhət dərin savadlıdırmı?
Cavab: - Mən onun şagirdiyəm,
o mənə ustaddır.
Sual: - Osmanlıların klassik şairlərindən kimləri
bəyənirsiniz?
Cavab: - Ziya Paşa ilə Namiq Kamal bəyi.
Sual: - Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?
Cavab: - Siz, Osmanlı şairlərini soruşdunuz,
mən də fikrimi dedim. Fikrət ərəb şairidir (M.Ə.Sabir T.Fikrətin əsərlərində ərəb
sözlərinin çox
işlədildiyini yəqin
ki, nəzərdə tuturdu - red.).
Bu adda türk şairi yoxdur. Yaxşı olardı
ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız.
Yaxşısını o bilər (M.Hadinin
də şeirlərində
fars və ərəb sözləri çoxdur, Sabir ona da işarə
edirdi - red.).
Sual: - Molla Nəsrəddin məcmuəsinin 18-ci nömrəsindəki
Gözəlim ünvanlı
şeirinizin 3-cü və
5-ci bəndləri ayrı
bəhrdədir. Bunun səbəbi
və hikməti nədir?
Cavab: - Hikməti və səbəbi mürgüləməkdir.
Mən gecələr
Səda qəzetində
(Səda 1909-1911 -ci illərdə N.Vəzirovun
nəşr etdiyi gündəlik qəzet idi. ) korrektorluq
edirəm. İdarə xüsusi teleqramlar
almır. O qədər
gözləyir ki, Kaspi, Həqiqət və sair qəzetlər
çap olub çıxır. Onlar çıxandan
sonra teleqramlar tərcümə olunur, düzülür, basılır,
mən də korrekturasına baxıram,
mən o şeiri Haşım bəyin mətbəəsində gecə
yarısı yazmışam
və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da mabədini yazmışam. Şeir təb
olub gələndən
sonra səhvini başa düşmüşəm
ki, bu da
çox gec idi.
Sual: - Mətbu şeirlərinizin
hansını çox
bəyənirsiniz?
Cavab: - Heç birini. Bəyəniləsi şeirləri sonralar
yazacağam.
Sual: - Sonra nə vaxt?
Cavab: - Mürgüləməyəndə.
Sual: - Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və
şeirin əski formalarını, şəkillərini
şiddətli surətdə
mühafizə edirsiniz?
Cavab: -
Bu çox mühüm
məsələdir. Görüm öz
fikrimi deyə biləcəyəmmi? Məncə, yeni fikirləri və yeni mövzuları
mütləq əski formada və əruz bəhrlərində
vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq
və soyutmaq olmaz. İri-iri toplar ilə
hücuma keçən
düşmənin qabağına
sədəf dəstəli
və qızıl suyu ilə yazılı
gümüşü xəncər
ilə çıxmaq
ağılsızlıqdır. Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı
mühasirəyə almışdır.
Bu mühasirə də böyük-böyük
ustadların planı,
nəqşəsi və
əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas
etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır.
Böyük şairləri də, ustadları da ancaq bilik və
xalq yetirə bilər. Şair elin, xalqın
hökmranı və gözünün işığı
olmalıdır ki, o nə desə, xalq ona baxsın
və nə yazsa, el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə
və tələblərini
ödəməklə olar.
Elin halına yanmayıb güclə hökmranlıq
edənlər dostum Əbdülhəmid və
Məmmədəlinin gününə
düşərlər.
Şeir ilə musiqi birdir. Bunların hər ikisi
də insanların ruhu ilə əlaqədardır.
Lakin şeir yüksəkdir və onun məqamı
(vəzifəsi) ucadır.
Şeir musiqisiz olar, musiqi şeirsiz olmaz. Elin ürəyindən deyilən şeirlər başdan-başa musiqidir.
Çünki hər bir kəs onu öz
ahənginə uydurub oxuyacaqdır.
Musiqimizdə segah, çahargah, şur, rast və sair muğamlar
vardır. Bunlar bizim deyil, gəlmədir, amma bizimdir, ruhumuza kök salmışdır,
ruhumuzun qidasıdır.
Bu muğamlar əruz bəhrləri ilə bir tarixdə
yurdumuza gəlmişdir
və bir tarixdə də gedəcəkdir. Bunların həyatı
bir-birinə bağlıdır.
Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti
bütün Şərqi
qapsamışdır. Hamı o şeirləri əzbərdən
bilir və istədiyi zaman sevə-sevə oxuyur.
Halbuki bu şeirlər başdan-başa əruz bəhrlərində yazılmışdır.
Sədinin, Hafizin qəzəllərinin
qabağına ancaq qəzəl ilə çıxmaq olardı ki, Füzuli bunu duymuş, çıxmış və
onların nüfuzlarını
qırmışdır.
Mən Füzuli Divanına
Füzuli qəzəllərinə
başdan-başa nəzirə
yazmaq fikrindəyəm,
yəni o formada və o bəhrlərdə
olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər
yazacağam. Hələ bir neçə
nəzirə də yazmışam.
Ah eylədiyim nəşeyi-qəlyanın
üçündür,
Qan ağladığım
qəhveyi-fincanın üçündür.
Könlüm bulanır küçədə
cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək
mətlələri (qəzəlin
ilk beytləri) ilə
başlanan qəzəllər
də, o cümlədən
Fizulinin aşağıdakı:
Ah eylədiyim sərvi-xuramanın
üçündür,
Qan ağladığım
qönçeyi xəndanın
üçündür.
Könlüm açılır zülfü-pərişanını
görcək,
Nitqim tutulur qönçeyi xəndanını
görcək.-
mətləli qəzəllərinə nəzirədir.
Şeir odur ki, mövzusu həyatdan götürülüb, özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün, üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur, onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan, ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyəcan əmələ gətirə bilməz.
Bir adamı rahat oturduğu yerdə yerindən durğuzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa, o, qollarını açıb süzə bilməyəcəkdir.
Əziz dostum və ustadım olan Səhhət mənim fikrimin bəzi nöqtələri ilə şərik olmursa da, eybi yoxdur. Bunu gələcək göstərəcəkdir...
Ps.Xatırladaq ki , M.Ə.Sabirin müsahibəsini mərhum professor Şirməmməd Hüseynov transleterasiya edərək dövri mətbuatda cap edib.
Yusif Məmmədxanlı
Şərq .- 2024.- 30 may, ¹ 94.- S.5.