Azərbaycan hələ də mina terrorunun təsirlərini yaşayır

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

 

Dinc quruculuq dövründə insanlar minaya düşərək həlak olurlar. Ermənistan isə mina xəritələrini verməməkdə israr edir

 

“Separatçıların mina terrorunun qarşısı alınmalıdır. Bu işdə beynəlxalq ictimaiyyətin adekvat dəstəyi mühüm əhəmiyyət daşıyır”

 

 

 Ermənistanın siyasi-hərbi rejiminin 30 ildən artıq davam edən işğalına son qoyan Azərbaycan dövləti artıq 4 ilə yaxındır ki, Qarabağ və ətraf bölgələrdə nəhəng quruculuq, tikinti və abadlıq işləri aparır. Məqsəd işğal dövründə viran qoyulan şəhərləri, qəsəbə və kəndləri dirçəltmək, vaxtilə erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın doğma torpaqlara qayıdışı, məskunlaşmasıdır. Lakin bu işdə ən böyük maneə erməni cinayətkarlarının torpağa basdırdğı minalardır. Ötən illər ərzində neçə vətəndaşımız mina qurbanı olub. Minalar quruculuq işlərinin daha da sürətlənməsinə böyük əngəl törədir. Azərbaycan dövləti ərazilərin minalardan təmizlənməsi işini lazımi səviyyədə aparır. Amma təhlükəsizliyi əsas amil hesab edən dövlətimiz ehtiyatlı davranır. İşğaldan azad edilmiş Zəngilan rayonunda dünən işə başlayan beynəlxalq humanitar minatəmizləmə konfransında da Ermənistanın insanlıq əleyhinə cinayətləri diqqətə çatdırıldı.  Konfrans iştirakçıları erməni separatizminin bəşəri cinayətlərinə bir daha şahid oldular. Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilir. İki gün davam edəcək 3-cü beynəlxalq konfransın mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın ikinci günü Bakı şəhərində keçiriləcək. Konfrans, ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur. Zəngilan şəhərində keçirilən konfrans, mina partlayışı nəticəsində zərərçəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb. Daha sonra çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirakçıları salamlayaraq bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Hikmət Hacıyev dünyanın üzləşdiyi mina probleminin ətraf mühitə təsiri məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öz təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştikraçılarına ünvanladığı müraciətdə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağ və ətraf bölgələrdə törətdiyi hərbi və bəşəri cinayətlər açıq şəkildə əksini tapır. Ermənistanın cinayətkar hərbi xuntasının işğal dövründə Azərbaycan ərazilərində insanlıq əleyhinə hansı cinayətlər törətdiyi bu müraciətdə aydın görünür. Prezidentin müraciətində qeyd edilir ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, separatçılar tərəfindən Azərbaycanın ərazisinə yenidən minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artıb. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlayıb. Prezidentin müraciətində qeyd edilir ki, ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktik dəstəyi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslar keçirilib. Bu tədbirlər minaya qarşı fəaliyyət məsələlərinə dair əsas müzakirə platformaları olmaqla yanaşı, müasir dövrdə bəşəriyyəti narahat edən bu vacib problemə diqqətin artırılmasına xidmət edir. Konfransda çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Vüqar Süleymanov, kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda saysız-hesabsız heyvan və bitki növlərinin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqda məlumat verib.

 “Şərq”ə açıqlamasında hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları   Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirdi ki, beynəlxaql konfransın Zəngilanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

- Bu cür tədbirlər Ermənistan tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin dünyaya bəyan edilməsi, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, hələ də separatçıların müdafiəsində dayanan bəzi dövlətlərə açıq mesajdır.  Qoy onlar da görsünlər, bilsinlər ki, 30 il müddətində Ermənistan bizim ərazilərdə hansı cinayətləri törədib. Ermənistanın cinayətləri təkcə Azərbaycana və Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşıdır. Təbiətə qarşı, insanlara qarşı edilən hər hansı cinayət bütün dünyaya qarşı edilmiş cinayətdir. Erməni təcavüzkarları təkcə insanları qətl etməyib, maddi-mədəni sərvətləri məhv ediblər, təbiətə qarşı da soyqırımı aktı həyata keçiriblər. Biz hələ də bu cinayətlərin təsirini görürük. Dinc quruculuq dövründə insanlar minaya düşərək həlak olurlar. Ermənistan isə mina xəritələrini verməməkdə israr edir. Konfransda bir sıra xarici ölkələrin nümayəndələri iştirak edir. Mənim diqqətimi MMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviçin nitqi cəlb etdi. O, nitqində bildirdi ki, minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inkişaf proqramları ilə inteqrasiyası vacibdir. Minaların ətraf mühitə təsirini azaltmaq missiyası təkcə partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir. Qeyd etdi ki, yerüstü minalar və digər partlayış təhlükəli müharibə qalıqları insanlara ölçüyəgəlməz dərəcədə zərər yetirməyə davam etməklə sülh və təhlükəsizlik üçün davamlı təhdid təşkil edir. Hesab edirəm ki, konfrans faydalı olacaq və mina əleyhinə mübarizədə Azərbaycanın digər dövlətlərlə birgə fəaliyyətinə imkan yaranacaq.

 

Məlahət Rzayeva

 Şərq .- 2024.- 31 may, ¹ 95.- S.6.