Professor Bilal İsmayılov tarixdən düşmədi, tarixə düşdü - ADU-75

 

İnsanlar adətən iki prizmadan dəyərləndirilirlər: cəmiyyətin yük olaraq daşıdıqları və ya əksinə cəmiyətin yükünü daşıyanlar. Yetkin yaşa dolub, yenə də cəmiyyətə, dövlətə yük olanlar mütrüfləşənlər, amma cəmiyyətin yükünü daşıyanlar isə müdrikləşənlərdir. Əlbəttə, mütrüfləşənlər bizim maraq və müzakirə dairəmizdən kənardırlar. Bu mənada ki, bu gün Azərbaycan cəmiyyəti yaşa dolduqca kamilləşən, mənəvi və intellektual baxımından zənginləşən, öz elmi irsi və həyat kredosu ilə müsbət örnəyə, presedentə çevrilən cahanşümul şəxsiyyətlərə təşnədir. Bu məqalədə uzun illər Azərbaycan elmi və təhsilinin ağır yükünü çiyinlərində daşımış, sözün həqiqi mənasında qapqara şəvə kimi saçlarını Azərbaycan elmində ağartmış  mərhum bir alimdən, alim ömründən, onun elmi sərvəti, külliyatı və həyat prinsiplərindən söz açacağıq. Bu mütəfəkkir alim Azərbaycan Dillər Universitetinin mərhum professoru Bilal Bayram oğlu İsmayılovdur.

 

Alimin həyat və yaradıcılığı haqqında ixtisarlarla məlumat veririk:

 

Professor B.İsmayılov 1940-cı il 31 dekabrda Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1947-ci ildə İkinci Şıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna qəbul edilib və 1962-ci ildə həmin institutun Avropa dilləri fakültəsinin fransız dili və Azərbaycan dili bölməsini yüksək qiymətlərlə bitirib.  1960-cı illərdə ilk məqalələrini çap etdirən B.İsmayılov fransız dili və onun tədrisi metodikasına aid 100-dən çox elmi işin müəllifidir. Onun orta məktəblər üçün müxtəlif proqramlar əsasında dərc etdirdiyi 6-cı, 7-ci, 8-ci və 9-cu sinif üçün doqquz adda dərslikləri uzun müddətdən bəri məktəblərdə tədris olunur. Onun tərtib etdiyi on adda ali məktəb proqramlarından Azərbaycan Respublikasının müxtəlif ali məktəblərində istifadə edilir. Professor B. İsmayılov ali məktəb tələbələri üçün də dərslik və dərs vəsaitləri yazmışdır və bunlardan bu gün də ali məktəb auditoriyalarında tələbələr yararlanırlar. Onun yazdığı “Fransız dilinin fonetikasına giriş”, “Phonétique française”, “Grammaire française. Syntaxe I” adlı əsərləri tələbələrin stolüstü kitabıdır. Tələbələrimiz və tədqiqatçılarımız stolüstü kitab kimi prof. B.B.İsmayılovun “Fransız dilinin kommunikativ sintaksisi”, “Fransız dilinin aktual sintaksisi və onun tədrisi problemləri” kimi kitabları ilə bərabər onun müəllifi və redaktoru olduğu lüğətlərindən də lazımınca faydalanırlar. Göründüyü kimi, Bilal müəllimin elmi fəaliyyəti çox şaxəlidir. O, fransız dilinin leksikası, qrammatikası, fonetikası və tədris metodikası problemləri ilə yanaşı, leksikoqrafiya ilə də ciddi məşğul olmuş və Azərbaycanda fransız dilini öyrənmək istəyənlər üçün yüksək səviyyədə iş aparmışdır. Son illərdə Bilal müəlimin iştirakı və redaktəsi ilə buraxılan “Müasir Fransızca-Azərbaycanca lüğət” və “Fransızca-Azərbaycanca ikidilli əsas işlək sözlər lüğəti” elmi ictimaiyyət tərəfindən yüksək dərəcədə qiymətləndirilmişdir. Bundan başqa B.B.İsmayılovun redaktəsi ilə nəşr edilən “Qısa terminoloji lüğət” (müəllifləri M.Abdullayeva və A.Vəkilova) və “Fransızca-Azərbaycanca və Azərbaycanca-Fransızca lüğət”lər də (müəllifləri Ç.Babaxanova və M.Abdullayeva) işıq üzü görmüş və tələbələrin istifadəsinə verilib. Prof B.B.İsmayılov elmi məqalələri və məruzələri ilə Fransada, İranda, Avstriyada və bir sıra başqa ölkələrdə də elmi ictimaiyyət tanış olub. Prof. B.B.İsmayılov Avropa Şurası yanında “Dil siyasəti” adlı qurumunun “Müasir dillər” üzrə bölümünün Azərbaycanda təmsilçisidir və bu xətlə İspaniyada, Lüksemburqda, Avstriyada elmi konfranslarda iştirak edib və ölkəmizin apardığı dil siyasəti haqqında çıxışları olub.  O, həm də Respublikamızda “Portfolio” dil proqramının hazırlanmasında yaxından iştirak edib və bu proqramın yazılmasında iştirak etməklə bərabər çapına və fransız dilində redaktəsinə də rəhbərlik edib.

 

Filologiya elmləri doktoru, professor Bilal İsmayılov Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir.

 

Professor B.B.İsmayılov fəaliyyəti dönəmində özünü tələbkar, yüksək intelektli, daim axtarışda olan, yorulmadan çalışan fədakar müəllim və alim kimi tanıdıb, üzərinə düşən hər bir vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarıb. Uzun illər Azərbaycan Dillər Univeristetində ən müxtəlif vəzifələrdə çalışıb.

 

QEYD: Bu məlumatlar B.İsmayılovun elmi həyatı və yaradıcılığının müəyyən bir hissəsidir. Professorun elmi külliyatı ilə tanış olmaq istəyənlər Vikipediya məlumat platformasında “Bilal İsmayılov” yazmaqla onun elmi yaradıcılığı, saysız -hesabsız məqalələri, elmi monoqrafiyaları və əsərləri ilə tanış ola bilərlər.

 

Xatırladaq ki, professor 2023-cü ilin 28 may tarixində, müqəddəs gündə, ömrünün 83-cü ilində gözlərini bu dünyaya əbədi olaraq yumub.

 

“Gözlərini bu dünyaya əbədi olaraq yumub” ifadəsini təsadüfi seçmədim, çünki B. İsmayılovla “ölüm” kəlməsini yanaşı yaza bilmədim, əlim gəlmədi, barmaqlarım işləmədi. Doğrudur, belə bir deyim var: “Alim öldü, aləm öldü”. Bu deyimin “aləm öldü” tərəfi ilə razılaşıram. Çünki şəxsiyyəti, ziyalısı, alimi olmayan cəmiyyət, eləcə də aləm əssasız kor kimidir və o toplumlar qaranlıqlara məhkumdurlar. Gələk “Alim öldü” məsələsinə. Bu, zahirən sadə, təktərkibli cümlədir, amma onun ifadə etdiyi məna yükü elə də sadə deyil və asan həzm olunmur. Dərindən düşünəndə, cümlənin al qatına enəndə, onu mənalandıranda  bu fikrin siqlətini aydın sezmək olur. Bəli, alimi olmayan aləm, cəmiyyət qaranlıqlara yuvarlanır, amma mən "alim öldü" fikri ilə razılaşa bilmirəm. Alimlər ölmürlər axı! Doğrudur, onlar fiziki və bioloji olaraq, başqa bir həyata köçürlər, lakin yazıb-yaratdıqları elmi əsərlərində, kitablarında, tələbələri   həmkarlarının xatirələrində yaşayırlar, diri qalırlar, həmşəyaşar olurlar. Bilal müəllimi ölümsüz edən də məhz bu amillərdir. Çünki o yaşadığı hər bir gün, hər bir saat tarixə köçəcək və keçəcək izlər buraxıb. Məşhur bir fransız filmində deyildiyi kimi: “La vie passe, il ne nous reste que les traces” – Həyat keçir bizə yalnız izlər qalır. Bəli, şübhəsizdir ki, Bilal müəllim öz elmi fəaliyyəti və potensialı ilə Azərbaycan elm və təhsil həyatında dərin izlər, çığırlar açıb. O çığırlar ki, həmin yolla addımlayanlar onun nə qədər çətin, mürəkkəb, eyni zamanda müqəddəs olduğunu anlayırlar. Şübhəsiz ki, alim ömrü müqəddəs ömür hesab olunur. Çünki alim həyatı Allahın əl işidir. Bu mənada hesab olunur ki, alimlərin vətəni, o dünyası, bu dünyası olmur.  Onların heç ölüm günü də olmur, onların yalnız doğum günü olur. Onların vətəni, dünyası onları sevən insanların, tələbə və yetişdirdikləri müəllimlərin ürəkləridir. Bu mənada düşünürəm ki, yaxşı alim çörək kimidir. Ölkənin, dövlətin, cəmiyyətin dar günündə, hər kəsin imdadına yetir. Dünyanın baş ağrısına çevrilən Koronovirus pandemiyası dönəmində də alimlərin, elm adamlarının nə qədər vacib olduqlarının şahidinə çevrildik. Bir sözlə, sahəsindən asılı olmayaraq, alimlər cəmiyyətin intellektual, mənəvi, mədəni və elmi “vaksinləridir”. Hər bir ölkənin alimləri o məmləkətin milli sərvəti, milli şəxsiyyəti, milli ziyalısı, milli burjuaziyasıdır.  Professor Bilal İsmayılov da dəyərli və görkəmli alim olmaqla yanaşı, həm də prinsiplərinə xəyanət etməyən şəxsiyyət idi. O, qum kimi dağınıq, sabun kimi sürüşkən xarakteri ilə deyil, daim prinsipal mövqeyi ilə seçilib. Çünki elmi olub, şəxsiyyəti olmayanlar heç zaman tarixə düşməyiblər, əksinə tarixdən düşüblər. Professor Bilal İsmayılov elmi yaradıcılığı ilə yanaşı, həm də uca şəxsiyyəti ilə Azərbaycan elm tarixinə düşməyi bacarıb. Yəqin, bu düşüncələrimizi onun tələbələri və həmkarları da təsdiqləyər.

 

Məsələn, Azərbaycan Dillər Universitetinin Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasının müdiri, f.ü.f.d., dosent, B.İsmayılovun tələbəsi olmuş Ülfət İbrahim bildirib ki, Bilal müəlllim ona bakalavr pilləsinin 3-cü kursunda dərs keçib:

 

“Bilal müəllim bizim qrupda əsas fənlərdən biri olan Dil tarixi fənnini aparıb. Eyni zamanda bizə fransız dilinin qrammatikasını da tədris edib. Bununla yanaşı, praktik fonetika fənnini birinci, eləcə də ikinci kursda Bilal İsmayılov və Okytabr Əmirbəyovun birlikdə hazırladığı kitabdan öyrənmişik. Bilal müəllim mənim yaddaşımda xoş xatirələrlə dərin izlər buraxıb. O həm çox tələbkar, nizam-intizamlı, hər zaman qaydalara riayət edən və eynisi də tələbələrindən uman müəllim olub. Bizim qrupun tələbələri Bilal müəllimə çox böyük hörmətlə yanaşırdılar”.

 

Ü.İbrahim qeyd edib ki, Bilal müəllim Azərbaycan bölməsi üçün kifayət sayda kitabın müəllifidir:

 

“Bilal müəllimin lüğətçilik fəaliyyəti də olub. Bilal müəllim Azərbaycanda roman dilləri ixtsası üzrə doktorluq işini müdafiə etmiş bir alim kimi, Azərbaycan təhsil sistemində dərin izlər buraxıb. Uzun müddət Azərbaycan Dillər Universitetində Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasının müdiri kimi fəaliyyət göstərib”.

 

Bilal müəllim Ü.İbrahimin xatirində, yaddaşında hər zaman millətini sevən, tələbələrinə milli ruhu aşılayan, milli dəyərləri təlqin edən müəllim kimi qalıb:

 

“Bilal müəllim mənim doktorluq müdafiəmdə obyektiv, müsbət  rəy verib. Çıxış edərək, akademik biliklərimi yüksək qiymətləndirib. Bundan başqa, Bilal müəllimlə eyni kafedrada çalışmışam. Kafedramızın da fəaliyyətində hər zaman aktiv rol oynayıb. Həm gənc nəslin formalaşmasında, həm də müəllimlərin peşəkarlaşmasında danılmaz xidmətləri var. O nəinki alim kimi, metodiki baxımdan da yüksək bacarıqlara malik insan idi, kafedranın iclaslarında fəal iştirak edirdi. Əlbəttə, Bilal müəllimin yoxluğu bizi çox sarsıdır. Biz istərdik ki, o kafedramızda uzun müddət çalışsın. Biz hamımız bir böyük kimi, bir alim kimi onu dəyərləndirirdik. Onun tövsiyələrinə ehtiyacımız olanda müraciət edirdik, həmişə suallarımıza dolğun, aydın cavablar verirdi”.

 

ADU-nun Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Teybə Cəlilova diqqətə çatdırıb ki, Bilal müəllim öz işində son dərəcə tələbkar, lakin eyni zamanda dərs dediyi tələbələrə, kafedrasında çalışan müəllimlərə qarşı da çox həssas və qayğıkeş idi:

 

“O, kafedrasında çalışan bütün müəllimlərinə elmi potensiallarını artırmağı məsləhət görürdü. Respublikada gözlənilən Beynəlxalq və Respublika elmi konfranslarında məruzələrlə çıxış etməyi ciddi şəkildə qarşıya qoyurdu. Haşiyədən kənara çıxaraq demək istəyirəm ki, Bilal müəllimin rəhbərlik etdiyi, “Fransız dilinin fonetikası və qrammatikası” kafedrasında dərs deyən müəllimlərin hamısı vaxtı ilə onun özünün dərs dediyi tələbələr olub. O, demək olar ki, kafedrasına qəbul etdiyi bütün müəllimləri yoxlamadan keçirirdi. Bu gün Bilal müəllimin dərs dediyi tələbələrin böyük əksəriyyəti Azərbaycan Dillər Universitetində, bir çoxları isə respublikamızda olan digər ali məktəblərdə Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti, İqtisad Universiteti, İnşaat Mühəndislər İnstitutu, Bakı Xoreqrafiya məktəbi, və.s. çalışırlar. Onların çoxu filologiya elmləri namizədi, dosent, bəziləri isə ən yüksək elmi dərəcə adını almış elmi müəllimlərdir.

 

T.Cəlilova vurğulayıb ki, Bilal müəllimin elmi-metodik işlərinin sayı çoxdur. O, həmin işlərin bəzilərini təqdim edib:

 

“Müxtəlif fənlər üzrə proqramları vardı. “Fransız dilinin praktik qrammatikası “ ; “Fransız dilinin nəzəri qrammatikasının əsasları üzrə” proqram) ; “Fransız və Azərbaycan dillərinin müqayisəli qrammatikası “ fənni üzrə, “Fransız dilçiləri kursu” üzrə proqram, “ Fransız dilinin kontekstual qrammatikası” kursu üzrə proqram, orta məktəblər üçün yazılmış kitabların müəllifi, fransız dilində yazdığı Syntaxe! ( dərs vəsaitinin) ( B.2008, 255 səh) müəllifi 2008-ci ildə yazdığı Fransız dilinin sintaksisi və onun tədrisi problemləri (monoqrafiya) müəllif: ( B;2008 439 səhifə).

 

Bilal müəllim çoxlu sayda orta məktəb dərsliyinin müəllifi idi. Professor orta məktəbin 6,7 və 8-ci sinifləri üçün dərsliklərin müəllifidir. Bununla yanaşı, onun redaktəsi ilə Fransızca-Azərbaycanca və Azərbaycanca - Fransızca qısa terminoloji lüğət nəşr edilib. Fransızca-Azərbaycanca və Azərbaycanca - Fransızca lüğətləri vardır. O, “Grammaire française” və “Syntaxe” adlı elmi əsərlərin müəllifidir.

 

Bilal müəllim ADU-nun müdafiə şurasında 2010-cu ildə “Kommunikativ sintaksisin problemləri “ (nəqli cümlələr əsasında ) “Les problèmes de la syntaxe communicative sur la base de la phrase simple” müdafiə edərək filologiya elmləri doktoru, professor adına layiq görüldü. Bu, Azərbaycanda roman dilçiliyi üzrə ilk müdafiə idi. İllər boyunca dilçi alimlər elmlər doktoru dərəcəsini almaq üçün keçmiş sovetlər birliyinin müxtəlif ölkəsinə üz tuturdular və müxtəlif çətinliklərlə qarşılaşırdılar. İndi isə öz ölkəmizdə bu işi müvəffəqiyyətlə icra edən Bilal müəllim kimi çoxlu sayda alimlərimiz var”.

 

T.Cəlilovanın qənaətincə,  o cəmiyyət uğurlu cəmiyyət hesab olunur ki, onun ictimai həyatının müxtəlif sahələrində çalışan elm xadimləri var:

 

“Bilal müəllim də bu insanlardan biri idi. O, yazıb yaratdığı elmi əsərləri ilə bu gün də unudulmur, xoş xatirələrlə xatırlanır, yada salınır. Doğrudur, Bilal müəllim cismani olaraq, həyatdan getsə də, onun yazıb-yaratdığı çoxlu sayda elmi kitablar, əsərləri biz müəllimlərin və tələbələrin xatirələrində qalıb. Demək yaxşılıq çıxmayır dünyada yaddan. Yaxşı deyirlər ki:

 

-qoca dünyada,

 

heç kimin zəhməti getməyir bada”.

 

T. Cəlilova Bilal müəllimi bir insan, şəxsiyyət kimi də xarakterizə edib:

 

“Deyə bilərəm ki, o, çox gözəl pedoqoq olmağı ilə yanaşı, həddindən artıq tələbkar idi. O, istəyirdi ki, kafedrasında çalışan bütün müəllimlər, xüsusilə də, gənc müəllimlər öz üzərlərində daim işləsinlər, tezislərlə, elmi məqalələrlə respublikada və universitetdə olan konfranslarda öz elmi məruzələri ilə mütamadi olaraq çıxış etsinlər”.

 

Sonda Teybə xanım Bilal müəllimlə bağlı xoş xatirəsini ərz edib:

 

“Bilal müəllim rəhbərlik etdiyi kafedrada bütün müəllimlərin yubiley yaşlarını özü başda olmaqla bir yerdə qeyd etməyi təklif edirdi. Belə bir xoşbəxtlik mənə də qismət olub. Mənim yubileyimdə Bilal müəllim çox səmimi, mehriban, gülərüz idi. Həmişə çox ciddi görünən, tələbkarlığı ilə seçilən Bilal müəllim o qədər sadə görünürdü ki... Mənim bu unudulmaz, yadda qalan sevincli günümdə Bilal müəllim təkcə mənim deyil, həmçinin digər həmkarlarımın gözəl xüsusiyyətlərini də özünə məxsus şirin söhbətlər ilə qeyd edirdi. O, etiraf etdi ki: “ Bəli, mən birgə çalışdığım bütün müəllimlərdən razıyam. Düzdür o, üzə tərif etməyi sevmirdi. O, deyirdi ki, ən yaxşı tərif insanın özü olmayanda ona verilən tərifdir. Ancaq o gün bu belə olmadı, biz hamımız başa düşdük ki, Bilal müəllim nə qədər tələbkar olsa da, ciddiliyi sevsə də, müəyyən vəziyyətlərdə doğmalıq, səmimilik etməyi də önə çəkirdi. Hörmətli, əziz müəllimimiz, kafedra müdirimizlə birlikdə xoş şənlik, xoş saatlar keçirdik.

 

Bilal müəllim cismani olaraq həyatdan köçsə də, o, onu sevənlərin qəlbində yaşayır. Belə insanlar heç vaxt unudulmur. O, öz kitabları, elmi əsərləri ilə həmişə yaddaşlarda qalacaq.

 

Bir ildir ki, Bilal müəllim sevdiklərini, onu tanıyanları, həmkarlarını tərk edərək haqq dünyasına qovuşub.

 

Yeriniz cənnət olsun, əziz müəllimimiz!

 

ADU-nun Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rəfiqə İsayeva Bilal müəllimin ona fransız dilini sevdirməsindən söz açıb:

 

“Bəzən elə an, elə təsadüf olur ki, həmin an, həmin təsadüf insan həyatında mühüm rol oynayır. Belə an Bilal müəllimin Goranboy rayon Dəliməmmədli qəsəbə orta məktəbinə gəlişindən başladı. Bacarığı və müəllimə xas olan tələbkarlığı ilə fransız dilini sevdirdi. Bu sevgi, həvəs məni ADU- nun fransız dili fakültəsinə gətirdi. Uzun illərdən sonra Bilal müəllimin rəhbərlik etdiyi kafedrada işləməyə başladım. Bilal müəllimin özünəməxsus tədrisetmə üsulu vardı. Məhz sovet dövründən bəri orta məktəblər üçün fransız dili dərsliklərinin həmmüəllifi  olması da bu təcrübənin nəticəsi idi. Bilal müəllim təcrübəli metodist olduğu kimi roman dilçiliyi üzrə dəyərli mütəxəssis idi. Onun fransız dilinin fonetikasına və qrammatikasına dair dərs vəsaitləri bu gün də müəllim və tələbələrin istifadəsindədir. Bilal müəllim həm də qayğıkeş, mərd, vətənpərvər və sözü insanın üzünə deyən bir insan idi. Yaxşı yadımdadır, valideynini itirmiş tələbələrə necə qayğı ilə yanaşar, əl tutardı. Bundan əlavə, qabiliyyətli tələbələri irəli çəkər, onların elm sahəsinə yönəldər və yeri gələndə bu sahəyə nəmizəd kimi zəmanət verərdi. Onun yetirmələri bu gün nəinki orta və ali məktəblərdə həm də digər sahələrdə fəaliyyət göstərir. Bilal müəllim bu gün aramızda olmasa da onun buraxdığı izlər qəlbimizdə yaşayır və xatırlanır. Allahdan ona rəhmət diləyir, ruhu şad olsun deyirəm”.

 

Bilal müəllimin magistrantı olmuş, hazırda ADU-nun Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasının müəllimi İmran Quliyev də Bilal müəllimə olan rəğbətindən, onunla birgə fəaliyyətindən danışıb:

 

“Əvvəla, sizə təşəkkür edirəm ki, sevimli müəllimim Bilal İsmayılov haqqında mənim də fikirlərimi öyrənirsiniz. Dəyərli alim, görkəmli şəxsiyyət olan Bilal İsmayılov barədə fikirlərimi bölüşməyim mənim üçün qürurvericidir. Bilal İsmayılov Azərbaycan Dillər Univeristetinin (ADU) bütün işlərində yaxından iştirak edirdi. Bilal müəllim uzun illər, Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasına rəhbərlik edib. O həm fakültə, həm universitet elmi şuralarının üzvü, həm də fakültədə Tələbə Elmi Cəmiyyətinin fəal iştirakçılaırndan idi. Bilal müəllim ADU-da uzun müddət fəaliyyət göstərən Müasir dilçiliyin probemləri elmi seminarına, sonradan 2003-cü ilədək universitetin müdafiə şurası nəzdindəki seminarlara rəhbərlik edib. Hazırda Bilal müəllim aramızda yoxdur, amma onun adını ölkəmizdə dərc edilən bir sıra elmi jurnallarda - “Dil və Ədəbiyyat”, “Azərbaycanda Xarici Dillər”, “Elmi Xəbərlər, Le français en Azerbaidjan- Azərbaycanda Fransız dili” kimi jurnalların redaksiya heyətlərində görə bilərik. Yanılmıramsa, Bilal müəllim 1992-ci ildən 2001-ci ilədək ADU Həmkarlar təşkilatına da rəhbərlik edib. Bilal müəllim Azərbaycanda Roman dilləri üzrə müdafiə etmiş ilk elmlər doktorudur. Bunu fəxr hiss ilə qeyd edirəm. Bilal müəllim magistraturada mənim elmi işimə rəhbərlik edib, çox gözəl bir iş alındı. Xatirlayıram ki, bu “Filière” qruplarının 10 illiyinə təsadüf edirdi və Strazburqdan olan dilçi alim Jan Kristof Pöla ADU-ya gəlmişdi. O, Bilal müəllimin rəhbərliyi ilə ərsəyə gətirdiyim işi “Filière” qruplarının 10 illiyi tarixində ən yüksək iş kimi qiymətləndirdi”.

 

İ. Quliyev vurğulayıb ki, indiki məqamda Bilal müəllim haqqında keçmiş zamanda danışmaq onu məyus edir:

 

“Çünki Bilal müəllim gözümüzün önündə daim elm fədaisi kimi canlanır. Çox gözəl bir deyim var: “Adam var evdən gedir, adam da var eldən gedir”. Sözün əsl mənasında Bilal müəllim eldən getdi. Bilal müəllimin tərtib etdiyi 10 adda ali məktəb proqramları Azərbaycan respublikasının müxtəlif ali məktəblərində tədris olunur. Professorun yazdığı “Fransız dilinin fonetikasına giriş”, “Phonétique française”, “Grammaire française”, “Syntaxe” adlı elmi əsərləri ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Bu, danılmaz faktdır. Tələbələr və tədqiqatçılar Bilal İsmayılovun “Fransız dilinin kommunikativ sintaksisi”, Fransız dilində sintaksis və onun tədrisi problemləri” kimi kitabları ilə yanaşı həmmüəlifi və redaktoru olduğu lüğətləri də vardır. Bilal müəllim fransız dilinin leksikası, qrammatikası, fonetikası və tədris metdokiyası ilə yanaşı leksikoqrafiya ilə də ciddi məşğul olub. Professorun iştirakı və redaktəsi ilə “Müasir Fransızca-Azərbaycanca lüğət” elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirlib”.

 

Bilal müəllimin redaktəsi ilə nəşr edilən “Qısa terminoloji lüğət” “Fransızca- Azərbaycanca”, “Azərbaycanca -Fransızca” lüğətlər də işıq üzü grüb və tələbələrin istifadəsinə verilib. Professor Bilal İsmayılov Avropa Şurası yanında dil siyasəti qrumunun müasir dillər üzrə Azərbaycandakı təmsilçisi olub. O, bu xətlə çoxsaylı ölkələrdə - İspaniya, Lüksemburq və Avstriyada elmi konfransalarda iştirak edib. O,  həm də ölkəmizdə “Portfolio” dil proqramının hazırlanmasında yaxındn iştirak edib. Bilal müəllim adıçəkilən proqramın redaktəsi və çapına rəhbərlik edib. Bilal müəllim haqqında danışmaqla bitməz. Mən fəxarət hissi ilə deməliyəm ki, Bilal müəllim geniş yaradıcığa, dərin biliyə malik, xalqa, onun mədəniyyətinə sonsuz məhəbbət bəsləyən fədakar ziyalı idi. Humanist insan idi. O bütün həyatını, ömrünü, yaradıcılıq enerjisini, fransız dilinin inkişafına, tədrisinə həsr edib. Hazırda Azərbaycanda fransız dili üzrə hansı alim, hansı müəllim varsa, ola bilməz ki, o Bilal müəllimdən dərs almasın. Bilal müəllim sözün əsl mənasında müəllimlərin müəllimi idi. Bilal müəllim Azərbaycan elminə böyük töhfələr verib. Adını xalqın tarixinə yazdırıb   bütün fəaliyyəti ilə bir nümunədir, etalondur. Bilal müəllimin bir sıra xarici elmi konfanslardakı çıxışı onun dünyadakı nüfuzunu daha da artırıb. Xidməti zərurətlə əlaqədar xaricdəki elmi konfranslarda iştirak edəndə Bilal müəllimi soruşur və ona salamlar göndərirdilər. Bilal müəllim  yüksək nəcibliyi, mədəniyyəti, xeyirxahlığı ilə seçilən bir insan idi. O kollektivə olan yardımını əsirgəmirdi. Özünü sevdirə bilirdi. Mənim üçün Bilal müəllim unudulmaz alim, gözəl insan, şəxsiyyətinə rəğmətlə yanaşdığım alim idi. Bilal müəllimin əziz xatirəsi yetişdirdiyi minlərlə, yüzlərlə elmi kadrın qəlbində əbədi yaşayacaq”.

 

Həmkarımız onu da əlavə edib ki, Fransada təhsil aldığı və çalışdığı dönəmdə Bilal müəllim mütəmadi olaraq, onunla əlaqə saxlayıb:

 

“Hər zamn məndən xəbər tutardı, dəyərli tövsiyələr  verərdi. Bilal müəllim əsl türkçü alim idi.  O fransız dili sahəsində uğurlara imza atmaqla yanaşı, türkçülüyü bütün məsələlərin fövqündə saxlayardı. Bilal müəllim 44 günlük Vətən müharibəsində ərazilərimizin azad edilməsinə o qədər sevinirdi ki.. Mən çox sevinirəm ki, Bilal müəllim Qarabağın azadlığını gördü. Bilal müəllimi daim xatırlayıram. Allah ona rəhmət eləsin!

 

Mərhum alimin tələbəsi olmuş, ADU-nun doktorantı, AZMİU-nun fransız dili müəllimi  Ayyət Əhməd də Bilal müəllimlə bağlı xatirələrini bölüşüb:

 

“Bakıya uzaq Qazaxın düşmənlə sərhəd kəndindən təşrif buyurmuş bir tələbə təsəvvür edin. Ona görə kənd məktəbindən gəlmiş deyirəm ki, mənzərə tam aydın olsun. Axı kənd orta məktəblərdə xarici dil müəllimləri daha çox qrammatik qaydalar öyrədirlər. Şifahi nitq, demək olar ki, ya keçilmir, ya da az keçilir. Qısası, danışılanı anlamaqda çətinlik çəkirdim, açığı, elə özüm də danışa bilmirdim. İlk dərs günü mənim üçün həm maraqlı, həm də məşəqqətli keçdi. Ağsaçlı, eynəkli bir professorla üz-üzə oturmuşuq. Ad, soyadıma görə də jurnalda adım birinci gəlirdi. İlk olaraq, mənlə tanış oldu. Ayyət adı marağını çəkdi, adımın mənasını soruşdu, bildiyimdən deyib, canımı qurtardım. İlk dərs tanışlıq “ladında” davam etdi və xoş oldu. Artıq növbəti-ciddi günlər başladı. Xülasə, bildirdiyim kimi, nə danışılanı tam sezə bilirdim, nə özüm tam danışa bilirdim. Belə qənaətə gəldim ki, imtina edim, növbəti il hazırlaşıb, BDU-nun tarix fakültəsini seçim. Bunu cəsarət edib, dərsin ortasında Bilal müəllimə dedim. Dərsdən sonra otağına gəlməyimi istədi. Belə də etdim. Səbirlə dinləyib, söylədi ki, sən verilən tapşırıqları et, oxu, yaz, qalanı düzələcək. Ən nümunəvi tələbə olcaqsan, amma bir əmma yeri də qoydu: - Bax haa, oxumasan, səni imtahandan kəsən ilk müəllimin mən olacağam. O gün, bu gün hələ də oxuyuram”.

 

Ayyət Əhməd deyir ki, tələbə yoldaşları onu zahirən Bilal müəllimə oxşadırmışlar:

 

“Təxminən 1-ci kursun sonlarına yaxın öyrəndim ki, Bilal müəllim də Qazaxlıdır. Bunu da mənə qrup yoldaşlarım söylədilər. Hələ biri də sual verdi ki: - Sən Bilal müəllimin qohumu deyilsən, ona çox oxşayırsan? Mən də yarızarafat, yarıgerçək “qohumuyam, Bilal müəllim babamdır” dedim. Çox adam elə düşünürdü ki, doğrudan da Bilal müəllim mənim babamdı. Hətta soraq bəzi müəllimlərə də çatmışdı”.

 

A.Əhməd Bilal müəllimlə son görüşü və son telefon danışığını da ərz edib:

 

“Son dəfə fransız dilində cızma-qara etdiyim kitaba rəy almaq üçün ADU-da Fransız dilinin Fonetikası və Qrammatikası kafedrasında görüşdük. Foto da çəkdirdik. O fotonu hələ də saxlayıram. Xəstəhal idi, əlindən tutmuşdum. İlahi, əlləri necə əsirdi?! Ürəyimdən keçdi ki, bağrıma basıb, ağlayım, amma lənətə gəlmiş utancaqlıq, mədəniyyət çərçivələrimiz imkan vermədi. Russo yazır ki: “Aşırı mədəni olmaq, bəzən mədəniyyətsizlik hesab olunur”. Deyəsən, məndə də belə oldu. Son telefon danışığımızda isə titrək səslə söylədi: - Xəstəlik məndə hal qoymayıb...  Ruhun şad olsun, böyük ustad! Böyük adamlar həmişə böyük günlərdə, xüsusi tarixlərdə ya doğulurlar, ya da köç edirlər.  Siz də 28 Mayda “Respublika günü”ndə gözlərinizi bu dünyaya əbədi olaraq yumdunuz. Peşə gərəyi rəsmi dövlət tədbirindən qaçıb, dəfninizə yetişə bilmədim. İnanmaq istəyirəm ki, ruhunuz məni bağışlayacaq. Böyüklər bağışlayandır, müdrik şəxsiyyət, böyük alim! Rahat uyu,

 

Ey hörmətli müəllim

 

Hər könüldə yerin var.

 

Hər kənddə, hər şəhərdə

 

Sənin meyvələrin var.    

 

Allah rəhmət eləsin!

 

Qeyd edək ki, yazı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə hazırlanıb və ADU-nun yaranmasının 75 illiyinə ərmağan edilib.

 

Hazırladı: Ayyət Əhməd

 

Şərq .- 2024.- 31 may, ¹ 95.- S.7.