COP29
Dini Liderləri Bakıya topladı
Ekoloji problemlər,
iqlim dəyişmələri
mənəvi baxımdan
dəyərləndiriləcək
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin
inkişaf etdirilməsi
Bakıda Dini Liderlərin
Qlobal Sammitinin açılışı olub.
Prezident
İlham Əliyevin təşəbbüsü və
himayədarlığı ilə
Birləşmiş Millətlər
Təşkilatının İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) çərçivəsində
Azərbaycanın Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman
Ağsaqqallar Şurası,
Qafqaz Müsəlmanları
İdarəsi və
BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya
dinləri yaşıl
planet uğrunda" mövzusunda
Dünya dini liderlərinin Qlobal Bakı Sammitinin keçirilməsi dinlərin
və dini liderlərin iqlim dəyişiklikləri, ətraf
mühit problemləri
və ekoloji fəsadlar kimi ümumbəşəri xarakterli
qlobal təhdid və çağırışlarla
mübarizədə mühüm
rolunu ortaya qoyur.
30-a yaxın dünya və ənənəvi dinlərin
liderləri, nüfuzlu
dini mərkəzlərin
başçıları - patriarxlar,
Vatikan və Əl-Əzhər rəsmiləri,
müxtəlif qitələri,
konfessiyaları və
ümumilikdə 55 ölkəni
və bir çox beynəlxalq təşkilatı təmsil
edən dövlət,
elm və din xadimləri,
dünya miqyasında tanınmış ictimai xadimlər, ilahiyyatçılar
və həmçinin
media nümayəndələrinin iştirak etdiyi bu ikigünlük sammit planetimizin bu günü və gələcəyi üçün həyati
önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin
mənəvi dəyərləndirilməsi
işinə real töhfələr
vermək məramı
daşıyır. Azərbaycan
dünya dini liderlərinin bundan əvvəlki ümumdünya
sammitlərinə də
uğurla ev
sahibliyi edib. Bu baxımdan Azərbaycanın
dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən
müdrik, səmərəli
təklif və əməli səylərini
COP29 çərçivəsində səfərbər etməsi
və III Sammiti təşkil etməsi, həqiqətən də,
ölkəmizin növbəti
beynəlxalq töhfəsidir.
Prezident İlham Əliyev
Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciət
ünvanlayıb.
Dövlət başçısı sözügedən
müraciətində dini
liderlərin roluna toxunaraq qeyd edib ki, “bu
gün dünyamızın
üzləşdiyi iqlim
dəyişmələri, atmosferin
və ətraf mühitin çirklənməsi,
quraqlıq və səhralaşma, biomüxtəlifliyin
itirilməsi, su qıtlığı, ərzaq
çatışmazlığı və bu kimi
digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu
və gələcəyi
üçün ciddi
təhdidlər yaratmaqdadır. İqlim böhranı
və ekoloji təhlükəsizlik məsələləri
dünya dövlətlərinin
birgə əməkdaşlığını,
beynəlxalq ictimaiyyətin
bütün səviyyələrdə
səylərinin birləşdirilməsini
zəruri edir. Müxtəlif etiqad və
inancların zəngin
mənəvi potensialı
iqlim dəyişmələrinin
yaratdığı ekzistensial
problemlərin həllinə
təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla
mübarizədə böyük
rol oynaya bilərlər”.
Açılışda
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadə Sammit iştirakçılarını salamlayaraq bütün qonaqlara minnətdarlığını
bildirib, COP29 ərəfəsində
Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsinin
əhəmiyyətindən söhbət açıb,
Sammitin məqsədlərindən
bəhs edib: “Uca Yaradana xoş
gedən insan həmrəyliyi məramına
xidmət edən qlobal ideyaları ilə dünyada tanınan dövlət rəhbərimiz Prezident İlham Əliyev cənablarının bugünkü
tədbirimizin ərsəyə
gəlməsində böyük
rolu danılmazdır.
Dünya
Dini Liderlərinin Sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda Böyük
Zəfərdən sonra
ilk dəfə keçirilən
bugünkü Sammit dünyanı narahat edən iqlim dəyişmələri probleminin
mənəvi dəyərləndirilməsi
məramına xidmət
edir”.
Sammitdə çıxış edən
Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
naziri, COP29-un müəyyən
edilmiş prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan
iqlim dəyişikliyinin
təsirlərindən ən
çox məruz qalan icmalarla dialoqu genişləndirmək
məqsədilə “COP29 – İqlim
və Sülh” Təşəbbüsünü irəli sürüb: “Bundan əlavə, COP29 Sədrliyi tərəfindən
irəli sürülən
İqlim Fəaliyyəti
naminə Su təşəbbüsü,
iqlim dəyişikliyinin
su hövzələrinə
təsirlərini azaltmaq
üçün inteqrasiya
olunmuş yanaşmaların
qəbulunu və milli iqlim siyasətində
adaptasiya tədbirlərinin
gücləndirilməsini hədəfləyir.
Bu yanaşma, xüsusilə həssas icmaların su təhlükəsizliyini təmin
etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək
olmaqla, iqlim dəyişikliyinə adaptasiya
sahəsindəki digər
təşəbbüslərlə sıx əlaqəlidir”.
Türkiyə, Özbəkistan, Səudiyyə
Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri,
Gürcüstan, Misir və digər ölkələrin dini rəsmiləri çıxış
edərək iqlim dəyişiklikləri və
ekoloji problemlərlə
mübarizədə dini
çağırışların əhəmiyyətindən bəhs
ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesajın gələcək təhlükələri
dəf etmək üçün son dərəcə
mühüm əhəmiyyətə
malik olacağını
bildirib: “Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər
sisteminin subyektlərinə
çağırış ola bilər.
Çünki qlobal istiləşmənin
fəsadlarını azaltmaq
üçün dövlətlərin
və beynəlxalq təşkilatların daha
gərgin işləməsinə
ehtiyac var. Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını
qorumağın vacibliyini
bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini
əqidəmizdən asılı
olmayaraq özümüzün
və övladlarımızın
gələcəyini qorumaq
üçün hər
birimizi qlobal iqlim dəyişiklikləri
ilə mübarizədə
iştiraka dəvət
edəcək.
Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər.
Dövlətlərin beynəlxalq münasibətlər sistemində iddialarının və insanların həyatda hədəflərinin olduğu reallıqdır. Lakin bu iddia və hədəflər yaşadığımız planetə, təbiətə, ətraf mühitə qarşı ədalətsizliklə nəticələnən fəaliyyətlər hesabına həyata keçirilməməlidir.
İddialarımızı və hədəflərimizi ədalət hissimizlə tənzimləsək, bəşəriyyətin gələcəyini xilas edə bilərik. Dini liderlərin sammiti bu orta xətti tapmaqda, bəlkə də, ən yaxşı platformadır. Çünki ədalət bütün dinlərin fəlsəfəsində dayanan ümumi anlayışdır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsinin qürurverici olduğunu deyib: “Əminəm ki, bu toplantının qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaq. Eyni dərəcədə sevindirici haldır ki, biz ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələləri də müzakirə edirik. Bu səylər vasitəsilə biz kollektiv şəkildə gələcəyə dair narahatlıqlarımızı ifadə edirik və üzləşdiyimiz aktual problemlərin həlli yollarını araşdırırıq”.
O bildirib ki, Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir. “İnanclarımız fərqli olsa da, planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyimiz sərhədləri aşır. Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir”.
Dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verməyin mümkün olduğunu vurğulayan icraçı direktor qeyd edib ki, birgə layihələr və birgə idarəetmə vasitəsilə yoxsulluğun azaldılması, münaqişələrin qarşısının alınması və sağlamlığın təşviqi mümkündür: “Bir çoxları üçün iman bir kompas rolunu oynayır və biz Yer kürəsini qorumaq üçün qonşularımıza qayğı göstərmək, ədalətli davranmaq və özümüzdən daha böyük bir məqsədə xidmət etmək olduğunu öyrətməklə ekoloji nəzarəti ruhlandıra bilərik. Birlikdə atdığımız hər addım, başlatdığımız hər bir təşəbbüs və paylaşdığımız hər mesaj təkcə ətraf mühitin bərpasına kömək etmir, həm də ortaq dünyamızı qoruyur. Hazırda ekoloji təşkilatlar və dini icmalar daha çox inanca əsaslanan ekoloji fəaliyyətlər istiqamətində güclərini birləşdirir”.
O qeyd edib ki, bir çox dinlər bütün canlılara şəfqəti və yer üzü üçün məsuliyyəti aşılayır. Bu ortaq etik təməl dinlərarası dialoq, müqəddəs mətnlər və təlimlər vasitəsilə həyat tərzinə təsir edir, ekologiyanın qorunmasına töhfə verir. “Biz qarşılıqlı hörmət və anlaşmanı, dinlərarası dialoqu təşviq etməklə iqlim dəyişikliyi, meşələrin qırılması və su qıtlığı kimi qlobal problemlərin həlli üçün vacib olan müxtəlif qruplar arasında əməkdaşlığı gücləndirə və sağlam gələcək naminə yaşıl dünyamızı qoruya bilərik”.
Açılış mərasiminin sonunda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcəkdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Yaşıl Dünya naminə Həmrəylik İlinin elan edilməsi dəyərli qlobal təşəbbüsdür və planetin gələcəyi naminə həmrəyliyə xidmət edir. Bildiyiniz kimi, külək və günəş enerjisində böyük potensiala malik olan ölkəmiz artıq alternativ enerji mənbələrini inkişaf etdirir, Avropanın və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir, yaşıl elektrik enerjisinin istehsalı üzrə qlobal layihələr hazırlayır. Bütün bu layihələr və nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin planetin iqlimini qorumaq yönündə davamlı əməli fəaliyyəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəyərli səyləri ilə qırılmaz şəkildə bağlıdır”.
Bakıda Dini Liderlərin Qlobal Sammitini yüksək dəyərləndirən millət vəkili Ceyhun Məmmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması çox mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda planetimizin gələcəyi naminə bütün dünya birliyinin həmrəyliyinə xidmət edən budəfəki III Sammit təkcə ətraf mühiti deyil, ümumən Yer kürəsini, bütün bəşəriyyəti qorumağa hesablanıb. Ona görə də Bakıda keçirilən bu tədbirin qlobal əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür.
Bu nöqteyi-nəzərdən Dünya dini liderlərinin qlobal Bakı Sammiti kimi mühüm tədbirin məhz Bakıda təşkil edilməsini son dərəcə mühüm və əhəmiyyətli hesab edirəm. İsanların təmiz ətraf mühitə və sülhə ehtiyacı var. COP29-un Azərbaycanda keçirilməsi onsuz da çox böyük əhəmiyyət kəsb edir. COP29 ərəfəsində Bakıda belə bir qlobal tədbirin keçirilməsi isə Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verildiyini göstərir. Dinindən asılı olmayaraq planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək hər birimizin öhdəliyidir. Ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir. Dini icmalar bütün səviyyələrdə işləyərək ciddi nəticələrə nail ola bilərlər. Səylərin bir məqsədə yönəldilməsi çox önəmlidir.
Müqəddəs kitablarda da bu istiqamətdə çağırışlar var. İqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji yox, həm də mənəvi məsələdir.
Dünya dini liderlərinin qlobal Bakı Sammitində də biz ətraf mühitin qorunması və iqllim dəyişilmələrinə qarşı mübarizə istiqamətində kifayət qədər əhəmiyyətli müraciət və tövsiyyələrin şahidi olduq. Qeyd edildi ki, biz müvafiq həll yolları göstərməklə bu problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Təbiət, ekosistem Allahın insanlara verdiyi əmanətdir və biz onu qorumalıyıq. Bu səbəbdən Azərbaycanda keçiriləcək COP29 olduqca önəmli tədbirdir və düşünürəm ki, nəticələri müsbət olacaq”.
Şəymən
Bayramova
Şərq 2024.- 6 noyabr (¹203).- S.6.