Türkiyə-Azərbaycan
qardaşlığı tarix yazır
Diaspor quruculuğu,
lobbiçilik və dünya
azərbaycanlılarının həmrəyliyi
Qardaş ölkədə Azərbaycanın
qəhrəmanlarının tanıdılması, təbliğ
olunması mühüm hadisədir
Türkiyənin Afyonkarahisar şəhərindəki Qurtuluş prospektinə Qarabağ qazisi və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adı verilib. Oktyabrın 17-də prospektin açılış mərasimi keçirilib. Mərasimdə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycannın Türkiyədəki hərbi attaşesinin baş köməkçisi mayor Sərvan Qasımzadə, keçmiş Milli Təhsil Naziri Prof. Dr. Mehmet Sağlam, Çayırbağ bələdiyyə başçısı Ender Kiraz, “Saloğlu” şirkətinin təsisçisi Tacəddin Mustafayev, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov, MİSRA İnformasiya Təşəbbüsləri İctimai Birliyinin sədri Fuad Abbasov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, İbad Hüseynlinin döyüşçü yoldaşları, yerli bələdiyyə üzvləri, eləcə də Türkiyənin müxətlif regionlarından və Rusiyadan gələn qonaqlar iştirak ediblər. Mərasim süvari qoşunların milli qəhrəmanı qarşılaması ilə başlayıb. Hər iki ölkənin dövlət himnləri oxunub, daha sonra Qarabağda və Türkiyədə şəhid olan əsgərlər üçün "Qurani-Kərim" tilavət edilib. İbtidai sinif şagirdləri ənənəvi oyunlardan ibarət qısa şou təqdim etdilər. Mərasimin açılışında çıxış edən Çayırbağ bələdiyyə başçısı Ender Kiraz İbad Hüseynlinin qəhrəmanlığının unudulmayacağını bildirib. Ender Kiraz prospektə İbad Hüseynlinin adını verməklə sədaqət hisslərini göstərdiklərini vurğulayıb. Prezidentin baş müşaviri Yalçın Topçu mərasimdəki çıxışında Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğunu bildirib. Topçu çıxışına bu sözlərlə davam edib: “Azərbaycanın şəhidləri, qaziləri bizimdir. Onların sevinci bizim sevincimiz, ağrıları bizim dərdimizdir. Bu gün bu küçənin adının dəyişdirilməsi qəhrəman veteranımız İbad Hüseynliyə böyük sədaqətinin göstəricisidir. Bu əhəmiyyətli addımı atdıqları üçün bələdiyyə başçısı Ender Kiraz və şura üzvlərinə təşəkkür edirəm”. Mərasimdə “Saloğlu” şirkətinin təsisçisi Tacəddin Mustafayev, Rusiya və Azərbaycan Prezidentlərinə Dəstək Təşkilatının sədri Məhəmməd Rəfiyev, təşkilatın sədr müavini Faiq Qurbanov və Moskva vilayəti üzrə sədri Təhsin Nəbiyev, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov də çıxış edərək bu tədbirin Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunə olduğunu bildiriblər. Mərasimin sonunda İbad Hüseynli duyğulu çıxış edib. İbad Hüseynli, adının prospektə verilməsindən qürur duyduğunu dilə gətirib, Çayırbağ bələdiyyə sədrinə və mərasimdə iştirak edən protokol üzvlərinə təşəkkür edib. İbad Hüseynli qəhrəmanlıq xatirələrini bölüşüb. Mərasimdən sonra tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə İbad Hüseynlinin adına 2 küçə və 2 parkın açılışı olub. Türkiyənin Afyonkarahisar vilayətində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan prospektin rəsmi açılış mərasimi olub. Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesinin baş köməkçisi, mayor Sərvan Qasımzadə, qardaş ölkənin sabiq milli təhsil naziri Mehmet Sağlam, Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin başçısı Ender Kiraz, İbad Hüseynovun döyüşçü yoldaşları eləcə də Türkiyənin müxtəlif regionlarından və Rusiyadan gələn qonaqlar iştirak ediblər. Mərasim süvari qoşunlarının Milli Qəhrəmanı qarşılaması ilə başlayıb, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib daha sonra iki qardaş ölkənin şəhidləri yad edilib. Tədbirdə çıxış edənlər prospektə Milli Qəhrəmanın adının verilməsini ona sədaqət əlaməti kimi qiymətləndiriblər. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırladan çıxışçılar iki qardaş ölkənin tarixin bütün dövrlərində birlik nümayiş etdirdiyini deyiblər. Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü rəsmi şəxslərin, beynəlxalq təşkilat nümayəndələrinin, yerli ictimaiyyətin tanınmış simalarının iştirakı ilə adıçəkilən parkın açılışı olub. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Qəhrəman İbad Hüseynlinin şücaətli döyüş yolu barədə geniş məlumat verilib. Adana Böyükşəhər bələdiyyəsinin sədri Zeydan Karaların, Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çətinin və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin çıxışları dinlənilib. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən belə təmtəraqlar haqqında əsla düşünmədiklərini, silahdaşlarının böyük ruh yüksəkliyi ilə silaha sarıldıqlarını diqqətə çatdıran İbad Hüseynli bildirib ki, qəhrəman Ordumuzun İkinci Qarabağ müharibəsində rəşadətli Zəfər qazanması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi qərarı və mətin iradəsi, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə xalqının Azərbaycanın yanında olması sayəsində gerçəyə çevrilib. Qəhrəman qeyd edib ki, ömrünün sonunadək Azərbaycanın müdafiəsi yolunda öndə getməyə hazırdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ali mükafatları ilə təltif edildiyinə görə İbad Hüseynlinin xoşbəxt olduğunu diqqətə çatdıran Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çetin bildirib ki, Milli Qəhrəmanımızın adına salınan park və orada ucaldılan abidə Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə böyük töhfə olaraq tarixdə qalacaq. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələri xatırladılıb. Qeyd olunub ki, hər iki müdrik kəlam məhz uğurla davam etdirilən düzgün siyasət nəticəsində Azərbaycan-Türkiyə qardaşlığını qoruyan həyat gerçəyinə çevrilib. Həmçinin iki il əvvəl baş verən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Böyük Zəfərin qazanılmasında canlarını fəda edən şəhid və qazilərimizə sonsuz ehtiramlar ifadə edilib. Böyük coşqu ilə gerçəkləşən açılışda Vətənimizin gözəlliyinə və Qarabağa həsr olunan musiqilər səsləndirilib. Qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasının birliyini tərənnüm edən İbad Hüseynli Parkı Adananın ən səfalı məkanlarından birində yer alır. Parkda bütün türk dövlətlərinin bayraqları sıra ilə dalğalanır. Yan tərəfdə isə uşaqların istirahət və əyləncəsi üçün bölmə yaradılıb. Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov və onun döyüş yoldaşlarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi hədiyyəsi olaraq, onun adı və soyadının baş hərflərinin əks edildiyi qalstuklar hədiyyə edilib. Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın Prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadə "Sherg.az"a deyib ki, belə tədbirin iştirakçısı olmaq onun üçün böyük qürurdur. F.Hüseynzadə bildirib ki, Milli Qəhrəmanımız İbad Hüseynovun adına prospektin açılışı Azərbaycana, qəhrəmanımıza göstərilən diqqət və qayğının bariz nümunəsidir:
"Belə mərasimlər, açılışlar Türkiyə-Azərbaycan münasibətlərinin, sarsılmaz dostluğunun və qardaşlığının da bir nümunəsidir. Türkiyə-Azərbaycan münasibətlərinin daha da sıxlaşması üçün İbad kimi qəhrəmanların Türkiyədə, eləcə də qardaş ölkə qəhrəmanlarının Azərbaycanda tanıdılması, təbliğ olunması mühüm məsələdir və buna ehtiyac var. Dünyada gedən geopolitik proseslər fonunda iki ölkə və xalq arasındakı qardaşlıq münasibətlərini bəzən zədələməyə cəhd edən qərəzli qüvvələr, dairələr meydana çıxır. Əlbəttə ki, belə kampaniyalarda ermənilər baş rolda çıxış edir. Onlara tutarlı və layiqli cavab üçün İbad Hüseynov kimi qəhrəmanlarımızın təmsilçiliyi ilə bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir. Türk dünyasının qəhrəmanlarının xidmətləri, qəhrəmanlıqları bütün Türk dünyası üçündür. Türk dünyasının ən böyük düşməni elə ermənilərdir. İbad Hüseynov məhz ermənilərə qarşı mübarizədə tanınıb, qəhrəman adını alıb. Ermənilərin ən böyük terror təşkilatı sayılan "ASALA"nın əsas fiqurlarından olan terrorçu Monte Melkonyanı məhv edib. Ona görə də ermənilər daim İbada, onun kimi qəhrəmanlarımıza qarşı kin güdürlər. Türkiyədəki ermənilər İbad Hüseynovun adına küçə, park olmasından qıcıqlanırlar. Sosial şəbəkələrdə də bunu aydın müşahidə edirik. Qeyd edim ki, açılışdan sonra Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu ilə bələdiyyə binasında bir təəssürat görüşümüz oldu. Yalçın bəy belə tədbirlərin önəmli olduğunu vurğuladı".
İsmayıl Qocayev
Şərq .- 2024.- 8 noyabr (¹205).-
S.6.