COP29 dönüş
nöqtələrindən biri olacaq
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Azərbaycan xarici və yerli
iştirakçılara dayanıqlı rəqəmsal gələcəyi
və innovasiya sahəsindəki fəaliyyətini
nümayiş etdirməyə
çalışır
Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. İqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələr aparılır.
COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib. Dünəndən isə COP29-un tematik günləri başlayıb.
7 tematik gündə maliyyədən təhsilə, kənd təsərrüfatından urbanizasiyaya qədər müxtəlif sahələrin iqlim dəyişikliyi ilə əlaqəli məsələləri müzakirə olunacaq. Təşkil olunan tədbirlər iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün təcrübələrin, ideyaların bölüşüldüyü, əməkdaşlıqların qurulduğu və inkişaf etdirildiyi platformalar rolunu oynayacaq.
Noyabrın 16-da COP29-da Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü olacaq. COP tarixində Rəqəmsallaşma Gününün təşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasir innovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmiş Azərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxil edilib.
Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılar kimi mənfi tərəfləri də var. İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyətə təşviq edəcək.
Yaşıl Rəqəmsal Fəaliyyət
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkil edəcək. Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necə dəyişdirə biləcəyi araşdırılacaq. Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Eyni zamanda davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılacaq. Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorunda emissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.
Bu sessiya texniki komitələrin və metrologiyanın İKT standartlarının və dayanıqlı inkişaf məqsədlərinin irəliləyişində rolunu araşdıracaq
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bugünədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
İKT eksperti qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 ilk gündən xarici medianın diqqətini paytaxt Bakıya çəkə bildi:
“Qərb diplomatiyasının konfransdan öncə hazırladığı dırnaqarası təşviqatları uğursuz oldu. Ümid edirəm ki, iştirakçı ölkələr qarşıdakı 8 gün ərzində “İqlim Dəyişmələri” üzrə yaşıl dünya və dayanıqlı gələcək naminə ən doğru qərarları alacaqlar”.
E.Abbasov qeyd edib ki, COP29 da informasiya texnologiyaları sahəsində ölkəmizi təmsil edən yeganə qurum, yaşıl zonada iştirak edən "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"dir:
“İRİA pavilyonunda hər gün 3 fərqli startapa təqdimat imkanı yaradılıb. Həmçinin pavilyon daxilində yerləşən konfrans zalında öz məhsullarının (Mygov, Open Data, AİM) təqdimatını edir. Burada Rəqəmsal Azərbaycanın gücləndirilməsi, dayanıqlı rəqəmsal gələcək və yaşıl dünya üçün müxtəlif innovativ yanaşmalar müzakirə olunur. Qısacası, İRİA xarici və yerli iştirakçılara Azərbaycanın dayanıqlı rəqəmsal gələcəyi və innovasiya sahəsindəki fəaliyyətini nümayiş etdirməyə çalışır”.
İKT eksperti həmçinin qeyd edib ki, effektiv iqlim fəaliyyətini sürətləndirmək üçün COP29 çərçivəsində yeni razılaşmalar və əməkdaşlıqlar təsis edilir. Onun sözlərinə görə, səylər gücləndikcə, tərəqqi də sürətlənəcək: “İnanıram ki, iqlimlə bağlı birgə fəaliyyət üçün COP29 dönüş nöqtələrindən biri olacaq. Bütün sahələrdə olduğu kimi iqlimlə bağlı fəaliyyətlərdə də standartlara zəruri ehtiyac var. İqlimlə bağlı uğurlu fəaliyyət üçün standartlar kritik alətlər kimi istifadə edilməlidir. Əminəm ki, qlobal iqlim gündəmində standartların daha çox tanınmasına səbəb olacaq.
AZSTANDART-ın (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” ) COP29-un Standartlar Pavilyonunda iştirak etdiyini xatırladan ekspert deyib ki, burada elm və texnologiya, enerji səmərəliliyi, dayanıqlı inkişaf, ekoloji təmiz nəqliyyat vasitələri və kənd təsərrüfatı mövzularına həsr olunmuş sessiyalar keçirilir. Müzakirələr daha effektiv və təsirli olur. Bu pavilyon, standartlaşma ilə bağlı birlikdə işləməyə marağı olan təşkilatları bir araya gətirir. Burada ISO, IEC, UL Standards & Engagement, WBCSD, Better Cotton, ICMM, ITU (Beynəlxalq Telekommunikasiya Birliyi), OIML, PEFC, SMIIC kimi beynəlxalq təşkilatlar da iştirak edirlər. Qeyd edim ki, 16 noyabr tarixində Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma tematik günü ilə bağlı “Dayanıqlı Elm və Texnologiya üçün Standartlar” mövzusunda sessiyalar təşkil ediləcək. Burada beynəlxalq və yerli ekspertlər tərəfindən “Dayanıqlı elm və texnologiya standartları” müzakirə ediləcək. Bu sessiya texniki komitələrin və metrologiyanın İKT standartlarının və dayanıqlı inkişaf məqsədlərinin irəliləyişində rolunu araşdıracaq. Panel iştirakçıları ASTM-ISO tərəfdaşlığı kimi əməkdaşlıqları vurğulayaraq, milli və beynəlxalq standartların rəqəmsal innovasiya, dayanıqlı istehsal və telekommunikasiyaya töhfələrini müzakirə edəcəklər.
Həmçinin İKT sahəsində standartların əhəmiyyəti və bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi barədə müzakirələr aparılacaq”.
Şəymən
Bayramova
Şərq 2024.- 15 noyabr (¹206).- S.6.