Məmməd Araz yaradıcılığı misilsiz örnəkdir

 

Azərbaycançılıq ideyasının təbliği

 

 

Azərbaycançılıq ideologiyasının dünən də, bu gün də ən böyük təbliğatçısı ədəbiyyat, böyük mənada isə sənətdir

 

 

   Görkəmli şairimiz, hər misrası, hər sətrində Azərbaycan ruhunu yaşadan Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur.

Böyük sənətkar 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. O, ilk təhsilini elə həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. O, 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.

  M.Araz bir çox mədəniyyət sahəsində fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb. Bundan başqa, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-81-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Xidmətlərinə görə Məmməd Araza 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairi 1995-ci ildə ümummilli lider Heydər Əliyev “İstiqlal” ordeninə layiq görüb.

  Məmməd Araz həm də 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən isə görkəmli şairimizin adına “Məmməd Araz” mükafatı təsis olunub.

Məmməd Araz təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxaran görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan fəlsəfi və siyasi lirikası onun sayəsində daha da zənginləşib.

  Ümummilli Lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları olub. Bu kitablardakı əsərlərinin böyük hissəsi xarici dillərə tərcümə edilib.

Böyük sənətkarımız 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  Öz millətini, vətənini sevmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, bəşəri dəyərlərə, dünya sivilizasiyasının qabaqcıl nailiyyətlərinə yiyələnmək kimi insanlıq dəyərlərini özündə birləşdirən azərbaycançılıq ideologiyasının dünən də, bu gün də ən böyük təbliğatçısı ədəbiyyat, böyük mənada isə sənətdir. Bu baxımdan M.Araz yaradıcılığı misilsiz örnəkdir.

Azərbaycanın poetik dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək şairin yaradıcılıq qayəsi, vətəndaşlıq məramı kimi dəyərləndirilir. M.Araz yaradıcılığının əsasını, başlıca ideyasını vətənə sədaqət və xalqa dərin məhəbbət təşkil edir. Şair üçün Vətən – doğma ata ocağı, el-oba qədər əzizdir. Vətən vüqarlı dağlar, bar-bərəkətli torpaqlar, gur suları torpaqların bağrını sərinlədən Kür, Arazdır. Xalqını dərin məhəbbətlə sevən şairin əsərlərini oxuduqca gözlərimiz önündə bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik obrazı canlanır.

  Millilik və müstəqillik, azadlıq düşüncəsinin ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir desək, yanılmarıq. O, sözün həqiqi mənasında böyük istiqlal şairidir. Xalqın milli birliyi, mənəvi bütövlüyü, azadlıq yanğısı M.Araz şeirinin əsas ilham qaynağı kimi diqqətimizi çəkir. Bəzi məqamlarda şairin poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır.

“Səndən qeyri biz hər şeyi bölə billik. Səndən qeyri biz hamımız ölə billik”, andı içilirsə, “Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm!” çağırışı edilirsə, bu and da, bu çağırış da hər birimizə aiddir.

Adındakı Araz təxəllüsü də şairin xalqımızın Araz boyda dərdini qəlbində daim yaşatmasının təcəssümüdür:

Biz keçirik Arazı,

Bu oyun deyil ancaq.

Bu gediş bəzimizin

Son gedişi olacaq...

Vətən yaşasın, Vətən!

Mən ölərəm , qardaş!

Bir-iki tel düşməklə

Yerindən qopmaz ki, baş.

Vətən əmr etsə, Araz

Zəhər olsa içərik.

Lap Böyük Səhranı da

Biz piyada keçərik...

Gülləmiz qurtarsa,

Başımız güllə kimi

Toplara qoyulacaq,

Fəqət gələcək bizim,

Zəfər bizim olacaq.

  Şairin bu misralarında Azərbaycanın bütövləşəcəyinə qəti inam var. Güney ayrılığı bir çox şairlərimizin yaradıcılılğında ana xətt təşkil edir. Məmməd Arazsa Vətənimizin güneyini öz adında daşıyan ona qəlbindən süzülən nəğmələrlə əbədi dastanlar yaradan şair idi.

  Məmməd Arazın ilham mənbəyi tarixi minilliklərə söykənən tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”; o Azərbaycan ki, onunHər daşından alov dilli ox ola bilər o Azərbaycan ki, məqamında kükrəyən, məqamındayatmış qoca vulkandır”. Ümummilli Liderimiz Heydər Əliyevin fəxr qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyiMən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyammilli mənəvi düşüncə tərzi M.Araz poeziyasının mayasını, ana xəttini təşkil edir. M.Araz da bütün xalqına, millətinə, həmçinin bu millətin, bu Vətənin əzəli əbədi düşmənlərinə üzünü tutaraq böyük cəsarətlə deyirdi:

 

                     Azərbaycandeyiləndə ayağa dur ki,

                     Ana yurdun ürəyinə toxuna bilər.

 

  Şair bütün dünyaya səs salanQalx ayağa, Azərbaycan!” şeirində ürəkdolusu vurğuladığıAzərbaycan”, “ana yurdifadələrini o qədər ustalıqla işlədib ki,  hər misrası 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərinin ictimai, siyasi panoramasını özündə əks etdirir. 

 

Şəymən Bayramova

Şərq .- 2024.- 15 oktyabr (¹188).- S.6.