O işıq heç
vaxt sönməyəcək
Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin
təbliği
Dövlət
Müstəqilliyinin Bərpası Günü
təkcə bir xalqın diriliş
tarixi deyil, həm də
hər bir azərbaycanlının doğum günüdür
Bu gün Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpası günüdür.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik etdi və özünün suveren dövlətini yaratmaq imkanını qazanıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
XX əsrin sonunda yaranmış tarixi şərait 33 il əvvəl Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.
Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilib.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib.
Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edilib.
Lakin müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. 1992-1994-cü illərdə Ermənistanla Dağlıq Qarabağ uğrunda baş verən münaqişə müstəqilliyimizin ilk dövrlərində dövlətçiliyimiz üçün çətin sınaqlar gətirdi. Ancaq dərin dövlətçilik ənənələrinə malik olan Azərbaycan bu təlatümlü və çalxantılı dövrlərdən də üzüağ çıxmağı bacardı.
Qeyd edək ki, bir tərəfdən işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, daxildə gedən siyasi çəkişmələr müstəqilliyimiz üçün təhlükə yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.
Xüsusilə 2020-ci il sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq əks-hücumla başlanan 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini, onun müstəqillik və ərazi bütövlüyünün toxunulmaz olduğunu sübut etdi.
Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.
İstiqlalçı deputat, Xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrını Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik tarixi gün kimi dəyərləndirib. S.Rüstəmxanlı bildirib ki, həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatıb və dövlətimizin müstəqilliyi bərpa olunub:
"Bu bərpa prosesində təkcə həmin dövrün mübariz adamları yox, həm də 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın imzası var. Minlərlə fikir adamının 70 il ərzində daşıyıb xələfinə ötürdüyü milli şüur 80-ci illərdə böyük bir axına çevrildi və bu axın bizi ən böyük arzumuza - azadlığımıza qovuşdurdu. "İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. İmzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da yaddaşlara həkk olundu. Dövlət Müstəqilliyinin Bərpası Günü təkcə bir xalqın diriliş tarixi deyil, həm də hər bir azərbaycanlının doğum günüdür. Məhz bu şanlı gündə bizim bir dövlət və xalq olaraq gələcəyimizin əsası qoyuldu. Nə xoş halımıza ki, bu bayramı ərazi bütövlüyünü bərpa etmiş suveren ölkə olaraq qeyd edirik”.
Müstəqilliyimizin bərpası ilə bağlı xatirələrini bölüşən professor Firudin Cəlilov isə bildirib ki, 80-ci illərin ortalarından başlayan milli azadlıq hərəkatı sonda Azərbaycanda müstəqilliyin yenidən bərpası ilə yekunlaşıb:
“Azərbaycanda milli azadlıq hərəkatı 80-ci illərin ortalarında başlamışdı. 86-cı ildən Qarabağ məsələsi ortalığa atıldı və mübarizənin yönü məhz bu istiqamətə yönəldi. Amma xalq arasında müstəqilliyin yenidən bərpası və suverenliklə bağlı yenidən böyük ümidlər yaranmışdı. Biz də həmin ümidlə yaşayanların önündə gedən bir qrup ziyalı idik. Tale elə gətirdi ki, 1991-ci ildə müstəqilliyimizi elan etdik. Onu da deyim ki, müstəqillik səsə qoyulanda, parlamentdə cəmi 43 nəfər səs verdi. Lakin bütün bunlara baxmayaraq, biz Milli Məclisdə müstəqilliyimizi qəbul etdik. Mən də parlamentin üzvü və komissiya sədri kimi bu işlərə ürəklə qoşulmuşdum. Bayrağın rənglərinin necə olması ilə bağlı qanunu yazdıq, latın qrafikalı əlifbanı və himni bərpa etdik.
Həmin dövr çox gərgin idi, Qarabağda müharibə başlamışdı. Ölkə üçün siyasi və sosial baxımdan çətinliklər vardı. Biz Müstəqillik Aktında da qeyd etdik ki, 1918-ci ildə Azərbaycanda qurulmuş demokratik cümhuriyyətin varisiyik və onun xəritələri, himni və dövlət atributları ilə birlikdə onu bərpa etdik. Biz müstəqilliyi qəbul edən kimi, ilk olaraq dövlətimizi Türkiyə tanıdı. Daha sonra ardıcıl olaraq, Rumıniya, Pakistan kimi dövlətlər bu sıraya qoşuldu. Həmin dövrdə xarici siyasət də çətin idi. Rəhmətlik Tofiq Qasımov müstəqilliyin tanınması üçün gah BMT-yə, gah da ABŞ-yə gedirdi. Həmin qarışıq dövrdə, Vaşinqtonda məşhur və bədnam 907-ci düzəliş qəbul edilmişdi. Digər tərəfdən, hakimiyyət uğrunda gedən mübarizə və Qarabağdakı intensiv hərbi müharibə ilk müstəqillik illərini daha da çətin edirdi.
Ordu olmadığı üçün könüllü döyüşçü dəstələrimiz öz fədakarlıqları hesabına erməni işğalının qarşısını alırdı. Amma biz çox çətinliklə də olsa, dövlət müstəqilliyimizi elan etdik və qoruyub saxladıq”.
Şəymən
Bayramova
Şərq .- 2024.- 18 oktyabr (¹191).-
S.6.