İnformasiya
müharibəsi hər addımda genişlənir
Fikir, söz və
məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi
Efirdə səhərdən
axşama qədər danışmaqla sosial şəbəkələrdəki qarayaxma kampaniyalarının
qarşısını ala bilmərik
“Biz
fikrimizi, dərdimizi beynəlxalq platformalarla işləməli, dünyanın
anladığı dillərdə, dünyanın eşitmək
istədiyi şəkildə çatdırmalıyıq”
Dünyada keçirilən ən böyük beynəlxalq və mötəbər konfranslardan biri hesab olunan COP tədbiri yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma və media kampaniyalarının da sürətlə artdığı müşahidə edilir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsini qısqanclıqla qarşılayan bəzi Qərb dairələri erməni lobbisinin təsiri altındadır. Bunun nəticəsidir ki, ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu kampaniyalar reallaşdırılır. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına, talanmasına, bir milyona yaxın vətəndaşının qaçqın düşməsinə, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə, olmazın şiddətlərə, soyqırıma məruz qalmasına göz yuman Qərb dairələri, Azərbaycanın öz ərazi suverenliyini bərpa etməsi ilə barışa bilmir. Guya Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək adı altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Azərbaycan ilk gündən Qarabağda yaşayan ermənilərə öz əlini uzatdı, onların da Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi eyni hüquq və azadlıqlara sahib olacağını, Azərbaycan vətəndaşı olaraq hər bir imtiyaza sahib olacaqlarını bəyan etdi. Lakin yerli ermənilər erməni rəsmi dairələrinin hədə-qorxusu nəticəsində könüllü şəkildə Qarabağı tərk etdilər. İndi isə erməni rəsmi dairələri bunu əllərində bayraq tutaraq, həmişəki yazıq və məzlum obrazlarına bürünüb hər cür şər, böhtan yayaraq COP29-u boykot etməyə çağırışlar edirlər. Hər gün ölkəmizə qarşı ortalama 5-6 yazı dərc olunur ki, bu yazılarda Azərbaycan az qala, dünyada baş verə biləcək bütün bəlalarda ittiham olunur.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərarın bir çox qərb dairələrində qısqanclığa səbəb olduğunu nəzərə alsaq, ölkəmizə qarşı hələ bir müddət də dezinformasiya və yalan məlumatlarla dolu kampaniyaların keçiriləcəyi gözlənilən idi.
Bu baxımdan oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər iştirak ediblər. İctimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.
Bildirilib ki, ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən düşmənçilik xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bütün bu mənfi təsirlərin, xüsusilə ölkəmizdə keçiriləcək COP29-la bağlı artan təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının vacibliyi vurğulanıb. İdeoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini söyləyiblər.
“Bu ilin əvvəlindən yeni metodlarla dövlət başçısına qarşı kibertəhdidlərin şahidi olduq. Müxtəlif hiperlinklər yaradılır və saxta müsahibələr paylaşılırdı”.
Bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib. O qeyd edib ki, burada məqsəd Azərbaycan insanının fikrini çaşdırmaq, informasiya mühitini çirkləndirmək və ölkəmiz haqqında düzgün məlumatların qarşısını almaqdır: "Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır. Medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da, bu, Qərb mediası üçün xarakterikdir. Neqativ tendensiyalara qarşı mübarizə formaları var.
Manipulyasiya ilə məşğul olan media subyektləri öz ölkələrinin ictimai rəyini çaşdırır. Bu, beynəlxalq media əxlaqı ilə ziddiyyət təşkil edən fəaliyyətdir. Azərbaycan haqqında ölkədən kənarda dolğun məlumat formalaşdırmağı başqa heç bir ölkənin mediasından gözləməli deyilik.
Bu, Azərbaycan mediasının
əsas funksiyasıdır. Azərbaycan həqiqətlərini
mediamız doğru, düzgün və dolğun formada dünyaya çatdıra bilər. Mediamız fəaliyyətini bu istiqamətdə müasir çağırışlara
cavab verərək qurmaqdadır. Təbii ki,
tam ideal səviyyədə deyil. Bu istiqamətdə
fəaliyyətimizi davam
etdirməliyik".
Əməkdar jurnalist Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib
ki, informasiya müharibəsi müasir beynəlxalq münasibətlərdə
dövlətlərin bir-birinə
qarşı tətbiq
etdiyi ən təsirli üsullardan biri kimi qəbul
olunur:
“Bu müharibə
xüsusilə media subyektləri,
sosial şəbəkələr
və diplomatik platformalar üzərindən
həyata keçirilir.
Azərbaycana qarşı aparılan
informasiya müharibəsi
də bu qlobal prosesin bir parçasıdır və bu müharibə
müxtəlif siyasi, iqtisadi, ideoloji maraqları təmsil edən aktorlar tərəfindən davamlı
şəkildə həyata
keçirilir. Məqsəd ölkənin beynəlxalq
arenadakı mövqeyini
zəiflətmək, Azərbaycanın
uğurları və inkişafını gözdən
salmaq, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır.
Erməni diasporu və ona dəstək verən qruplar dünya mediasında Azərbaycan əleyhinə
məqalələr, araşdırmalar
və təbliğatlar
təşkil edir. Xarici mətbuat
orqanlarında, xüsusən
Qərb mediasında Azərbaycanın daxili siyasətini və beynəlxalq mövqeyini təhrif edən məlumatlar mütəmadi
olaraq yayımlanır.
İnformasiya müharibəsində ən müasir texnologiyalar istifadə edilir. Sosial media platformalarında saxta xəbərlər, botlar və trollar vasitəsilə Azərbaycan əleyhinə
təbliğat aparılır.
Bu cəhdlər əsasən beynəlxalq ictimai rəyin formalaşdırılmasına yönəlib”.
A.Həsrət ölkəmizə qarşı
bu cür təhdid və hücumların gözlənilən
olduğunu deyib: “Burada təəccüblü
bir şey yoxdur. Onsuz da bilirdik ki, Azərbaycanda bu böyüklükdə
qlobal tədbir keçirilirsə, bədxahlarımız
boş duran deyillər. Kimlərsə öz siyasi
maraqları, kimlərsə
şəxsi maraqları,
kimlərsə də qisas almaq üçün
mütləq Azərbaycana
qarşı hücuma
keçəcəklər. Bu dəfə də
bizi yanıltmadılar.
Hesab edirəm ki, ölkəmizə qarşı
qarayaxma kampaniyaları,
dezinformasiyalar qarşıdakı
günlərdə daha
da intensivləşəcək,
Azərbaycan ictimai rəyi də daxil olmaqla dünya
ictimai rəyini məşğul edəcək.
Azərbaycanın bu hücumlara
qarşı qoyduğu
cavab strategiyaları milli birliyin gücləndirilməsi, dövlətin
suverenliyinin qorunması
və beynəlxalq aləmdə öz mövqeyini daha yaxşı müdafiə
etməyə yönəlib.
Azərbaycan hökuməti, informasiya
təhlükəsizliyi sahəsində
ciddi addımlar ataraq, ölkəyə qarşı aparılan dezinformasiya kampaniyalarına
qarşı mübarizə
aparır. Eyni zamanda
beynəlxalq arenada həqiqətlərin çatdırılması
və Azərbaycan reallıqlarının təbliği
üçün milli
media və diplomatik kanallardan geniş istifadə olunur. Amma Azərbaycana qarşı olan bu total hücumlara,
dezinformasiyalara qarşı
mübarizə aparmaq potensialı olan qüvvələr prosesə
cəlb edilməlidir”.
Azər Həsrət Milli Məclisdə keçirilən
dinləmələrə də
münasibət bildirib:
“Ölkəmizə qarşı
hibrid təhdidlərin,
düşmənçilik xarakteri
daşıyan məlumatların
arealı çox genişdir. AzTV efirindən cavab verməklə heç nəyə nail ola
bilməyəcəyik. Efirdə səhərdən
axşama qədər
Qərb əleyhinə
danışmaqla sosial
şəbəkələrdəki qarayaxma kampaniyalarının
qarşısını ala bilmərik.
Biz fikrimizi, dərdimizi
beynəlxalq platformalarla
işləməli, dünyanın
anladığı dillərdə,
dünyanın eşitmək
istədiyi şəkildə
çatdırmalıyıq. Düzdür,
bu mübarizəni apara biləcək gücə, imkana sahib insanlarımızın sayı
çox deyil, amma yox da
deyil. Milli Məclis isə
keçirdiyi dinləmələrdə
azsaylı peşəkarları
belə bu işə cəlb eləmir. Belə adamları Milli
Məclisə buraxmadılar,
heç olmasa, dövlətimizin əleyhinə
aparılan kampaniyalarda
onları səfərbər
etmək, gücündən,
potensialından istifadə
etmək lazımdır.
Biz onsuz da
bu dövlətin əsgərləriyik. Bizi çağırsalar
da, çağırmasalar
da, dövlətimizə
qarşı edilən
bütün təhdid-təzyiqlərə
qarşı hər zaman öz mübarizəmizi
aparırıq”.
Şəymən
Bayramova
Şərq .- 2024.- 18 oktyabr (¹194).-
S.6.