Bərdə terrorundan 4 il ötür

 

 

Elman Məmmədov: "Dünyaya bir mesajdır ki,  Azərbaycan xalqı öz torpaqlarını qan bahasına geri aldı"

 

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

 

 

  44 günlük Vətən müharibəsi dünyada analoqu olmayan bir zəfərlə başa çatdı. Bu savaş Azərbaycan ordusunun gücünü, əsgərlərimizin rəşadətini, cəsarətini və hünərini bütün dünyaya nümayiş etdirdi. Dünyada baş verən müxtəlif savaşlarda bu qədər qısa müddət ərzində qələbə qazanmaq, torpaqları işğaldan azad etmək heç bir dövlətə nəsib olmayıb.

  Ermənilər bu savaşda bütün insani keyfiyyətlərdən uzaq olduqlarını, acizliklərini və zəifliklərini bir daha göstərdilər. İllər əvvəl qəddar, qeyri-insani davranışlar sərgiləməklə dinc əhalini, günahsız körpələri qətl edən düşmən 44 günlük müharibə zamanı da çirkin əməllərindən  geri qalmadı. Azərbaycan əsgərləri müharibə zamanı ermənilərin evlərdə qoyub qaçdıqları mülki insanlarla normal davrandıqları, onlara qayğı göstərdikləri halda bu üzdəniraqlar döyüş meydanından uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan davamlı olaraq atəşə tutmaqla günahsız mülki əhalini qətlə yetirdi.

  Müharibə başlayandan etibarən Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli uzaqda yerləşən ərazilərə, mülki obyektlərə, sivil vətəndaşlara iri çaplı silahlardan atəş açdı. İlk gündən Tərtər, Ağdam, Goranboy rayonlarını atəşə tutan düşmən ordusu daha sonra döyüş bölgəsindən 100 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhərini - Gəncəni raket hücumuna məruz qoydu. Düşmənin növbəti hədəfi isə Bərdə şəhəri oldu. İki gün ardıcıl olaraq şəhərə raketlə hücum həyata keçirdi. Nəticədə isə onlarla insan həlak oldu və xəsarət aldı. Mənfur düşmən yenə əlini günahsız körpələrin, əliyalın insanların qanına batırdı. Lakin həmişə olduğu kimi Ermənistanın bu əməllərinə beynəlxalq təşkilatlar adekvat reaksiyalar vermədi, hələ də ağızlarına su alıb oturublar. Bütün etdiklərinə rəğmən illərdir dünya ictimaiyyətinin qınağına məruz qalmadıqları üçün özlərini haqlı sayaraq daha da azğınlaşırlar. Dünya ölkələri və insan hüquqlarını müdafiə edən təşkilatlar Ermənistana heç bir təzyiq göstərmir.  Halbuki Vətən müharibəsinin gedişində Ermənistan Respublikasının silahlı qüvvələri  beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirib. Ermənilərin bu vəhşiliyindən və vandallığından ciddi zərər çəkən şəhərlərimizdən biri də Bərdə  şəhəri idi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları olub.  Hücumlar nəticəsində 26 nəfər ölüb, 105 nəfərdən artıq insan yaralanıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin “Smerç” raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Dövlət rəsmisi “X” hesabında yazıb:

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla doluSmerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100-ü daha ağır yaralanıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfi kimi Ermənistan Respublikası Azərbaycanda günahsız mülki əhaliyə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyətinə malikdir”.

 

 Milli Məclisin deputatı Elman Məmmədov isə hesab edir ki, Bərdədə törədilən terror hadisəsi düşmənin meydanda məğlubiyyətinin  sübutu idi.  Hazırda azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini xatırladan deputatSherg.az"a bildirib ki, bu da  ermənilərə növbəti  böyük dərsdir:

 

 “Bəli, 44 günlük qələbədən sonra Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir. Belə ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır ki,  Azərbaycan xalqı öz torpaqlarını qan bahasına geri aldı. Bərdədə törədilmiş terror hadisəsi də  düşmənin meydanda məğlubiyyətinin daha bir sübutu idi. Düşmən qaçır, Azərbaycan Ordusu isə şücaətlə irəliləyirdi. Bu faktla barışa bilməyən düşmən mülki əhalimizi hədəfə alırdı. Çünki düşmənin gücü ancaq buna yetirdi. Ali Baş Komandanın rəhbərliyi ilə biz bütün ordumuza minnətdarıq. Şəhidlərimizin qarşısında baş əyirik! Biz torpaqlarımızı azad eləmişik. Biz ərazi bütövlüyümüzü bərpa eləmişik. Və bu gün o bölgələrdə Azərbaycan bayrağı qürurla dalğalanır”.

 

 

Şəymən Bayramova

Şərq .- 2024.- 29 oktyabr (¹198).- S.6.