Rəsulzadə irsi peşəkar səviyyədə araşdırılmalıdır

 

Dövlətin himayəsində xüsusi elmi araşdırma mərkəzi olarsa, daha yaxşı olar

 

  Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna yerirolu vardır.

Bu gün sahib olduğumuz müstəqil dövlət üçün Azərbaycan Xalq Cümhuriyyətini yaradanlara, tarixin mürəkkəb, keşməkeşli dövründə onu yaşadanlara borcluyuq.

  Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi ictimai xadimlər XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini yazıblar. M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki roluyeri danılmazdır. O XX əsr Azərbaycan siyasi tarixinin qürur duyulacaq, fəxr ediləcək dahilərindən biridir.

  Bu gün 140 yaşı tamam olan AXC banisi Azərbaycan xalqının müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

  Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Novxanı kəndində axund Hacı Ələkbərin ailəsində dünyaya göz açıb. O, ilk təhsilini maarifpərvər ziyalı Sultan Məcid Qənizadənin müdir olduğu II rus-müsəlman məktəbində alib. "Bakıdan məktub" adlı ilk məqaləsi 1903-cü ildə “Şərqi-rus” qəzetində çap olunub. Məhəmməd Əmin ətrafında baş verənlərə, Azərbaycan xalqının taleyinə biganə qala bilmir və gənc yaşlarından siyasi həyata qoşulub. 1902-ci ildə 18 yaşındaykən “Müsəlman gənclik təşkilatı”nı yaradır. 1908-ci ildə 24 yaşlı Rəsulzadə çar rejiminin təqiblərindən xilas olmaq üçün İrana mühacirət edir. Bu zaman Güney Azərbaycanında məşrutə hərəkatı alovlanırdı. Rəsulzadə bu hərəkatın fəal iştirakçısına çevrilir. 1910-cu ildə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birlikdə İran Demokratik partiyasını yaradır, Tehrandaİrani-növ” qəzetini nəşr etməyə başlayır. Səttarxan hərəkatının məğlubiyyətindən sonra təkcə İran hökuməti deyil, çar Rusiyası da onu axtarırdı. Məhəmməd Əmin bəy 1911-ci ildə İranı tərk eliyərək Türkiyəyə gedir. İstanbuldaTürk ocağı”nda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Gökalp kimi ziyalılarla birgə fəaliyyət göstərir. “Türk yurdu” dərgisində onunİran türkləri” başlığı altında silsilə yazıları çap olunur. Rəsulzadə Güney Azərbaycan türklərinin səsini Türk dünyasına çatdıran ilk ziyalı idi.

  1917-ci ildə çar Rusiyasının süqutundan sonra imperiya tərkibində olan millətlərin öz taleyinin sahibi olmasi məsələsi önə çıxdı. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin buraxılması, Gürcüstanın müstəqilliyinin elan edilməsi Azərbaycan ərazisində hakimiyyət boşlugu təhlükəsi yaradır. Seymin azərbaycanlı nümayəndələri mayın 27-də fövqəladə iclasa toplanırlar. Ozamankı siyasi xadimlər Rusiya tərkibində muxtariyyətdən danışırdılar. Məhəmməd Əmin Rəsulzadə isə müstəqillik ideyasına ehtiyatla yanaşanlara deyirdi ki, “müstəqillik, azadlıq, dövlətçilik istedaddı, xalqımızın qanında, tarixi yaddaşımızdadır”. İclas Azərbaycanın idarə olunması məsələsini öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratdı. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın Sədri seçilib. Mayın 28 –də isə Milli Şura Azərbaycan istiqlalını bütün dünyaya elan edib.

Bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıblar. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurub.

  Məhəmməd Əmin bəyin sözləri ilə desək: Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında rus çarlığının hakimiyyəti altına düşən Azərbaycan Birinci dünya hərbi nəticəsində çökən Rusiya imperatorluğunun xarabalıqları altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı”.

  İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə qurulan Milli Azərbaycan hökuməti az zamanda çox böyük işlər görüb. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilib, türk islam dünyasında ilk demokratik parlament formalaşıb, insanların demokratik hüquq və azadlıqları bərqərar olunmuş, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilib. İlk milli ordu yaradılıb. Azərbaycan türkcəsini dövlətin rəsmi dili elan etdi. Dövlətimizin varlıgını sübut edən bayrağımız, himnimiz, gerbimiz qəbul edilib. Ortaali məktəblər açıb. 80-ə qədər qəzet, jurnal nəşr olunub, türk dilində böyük kitabxana yaradılıb, Azərbaycanda Milli Muzeyin açılışı olub. M.Ə.Rəsulzadənin təşəbbüsü və səyləri nəticəsində 1919-cu ildə Bakı Dövlət Universiteti yaradılıb.

  Qanlı çar rejiminin yerini tutan bolşevik rejimi demokratiyanı bizə çox gördü. Demokratik dövlət qurucularımızın taleyi isə çox acınacaqlı oldu. Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə ömrünün sonuna qədər mühacirətdə yaşadı. 1920-ci il 27 aprel işğalından sonra M.Ə.Rəsulzadə həbs edilərək Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib. Görkəmli ictimai-siyasi xadim ömrünün sonunadək öz məsləkinə, məqsədinə, ideologiyasına sadiq qalaraq ədəbi, siyasi-publisistik fəaliyyətini Türkiyə, Almaniya və Avropanın digər ölkələrində davam etdirib. Son nəfəsinə qədər bütün varlığı ilə Azərbaycanın müstəqilliyi uğrunda savaşıb, ölüm ayağındaykən üç kərə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək əbədiyyətə qovuşub. 1955-ci il, martın 6-da şəkər xəstəliyindən müalicə olunduğu Ankara Universitetinin Cəbəci xəstəxanasında vəfat edən AXC qurucusu Əsri qəbiristanlığında dəfn edilib.

  Professor, "Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun üzvü Qulu Məhərrəmli bildirib ki, doğumölüm tarixləri, yubileylər şəxsiyyətləri, tarixi hadisələri yenidən xatırladır, yada salır, ən önəmlisi Cümhuriyyət irsinin dövlətçilik və demokratik ənənələrini öyrədir:

"M.Ə.Rəsulzadə Azərbaycan tarixinin çox parlaq simasıdır. Müstəqil dövlətin yaradılmasında, müstəqillik ideologiyasının formalaşmasında, milli hərəkatın aparılmasında Rəsulzadə həlledici rol oynayıb. Ona görə də Rəsulzadə irsinin təbliğinə ciddi önəm verilməlidir. Rəsulzadənin adını əbədiləşdirmək, onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir. Rəsulzadə irsinin təbliği, əslində, Azərbaycanın siyasi təfəkkürünün dünyaya təqdimatıdır. Azərbaycanlıların müsəlman aləmində ilk demokratik dövləti yaratması, parlamentli respublika qurması, Şərqin çağdaşlıq möcüzəsi olan demokratik Cümhuriyyətə sahib olması kimi məqamlar geniş təbliğ olunmalıdır.

  Fikrimcə, Rəsulzadə irsinin peşəkar səviyyədə araşdırılması üçün xüsusi elmi araşdırma mərkəzi olmalıdır. Dövlətin himayəsində olarsa, daha yaxşı olar. Onun irsinin təbliğatı tamamilə yeni müstəviyə qaldırılmalıdır. Burada ağıl, intellekt, düşüncə, peşəkar yanaşma, tədqiqat işinin effektli aparılması ön planda olmalıdır. Cəmiyyət, xüsusən gənclər tarixə baxır və tarixdə kimin hansı rolu oynadığını çox gözəl görüröz şüurunda hər kəsin yerini müəyyənləşdirir. O baxımdan yeri çox yüksəkdə olan Rəsulzadənin irsinin, əsərlərinin geniş təbliğ olunması bizim dövlətçiliyimizə hörmətimizin ifadəsi olmalıdır".

  Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb".

 

Şəymən.

Şərq .- 2024.- 31 yanvar, ¹ 18.- S.6.