94 il ömür...
Yazıçı Çingiz Hüseynov İsraildə dəfn olunacaq
“Dünya
boşalır… biz bir ruhi boşluğa doğru gedirik”...
Daha bir aydınımızı itirdik. Sonuncu mogikanlardan biri, Əməkdar incəsənət xadimi, yazıçı-tərcüməçi Çingiz Hüseynov dünən haqq dünyasına qovuşub.
Qeyd edək ki, Yazıçı Çingiz Hüseynov İsraildə dəfn olunacaq.
Bu barədə APA-ya yazıçının həyat yoldaşı Yelena Tverdislova məlumat verib.
Onun sözlərinə görə, Çingiz Hüseynov sabah (bu gün) yerli vaxtla saat 10-da Ben Qior qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, uzun müddətdir, İsraildə yaşayan yazıçı Çingiz Hüseynov ötən gecə 94 yaşında vəfat edib.
Azərbaycan ədəbiyyatının sütunlarından olan Çingiz Hüseynov 94 il ömür sürüb, böyük ədəbi irs yaradıb.
O həm də alim yazıçı idi. Ədəbiyyat tarixi və nəzəriyyəsi ilə bağlı yazıları, əsərləri öz orjinallığı ilə seçilir.
Çingiz Hüseynov mürəkkəb obrazlar müəllifi olsa da, sadədən sadə bir ziyalı idi, geniş bəşəri dəyərlərə tapınan, vətəndaşlıq mövqeyi olan söz adamı, qələm adamı, fikir adamı kimi tanınır.
O, Azərbaycanın böyük maarifçi ədibi kimi tanınmış Mirzə Fətəli Axundovun həyatından bəhs edən “Fətəli fəthi”, həkim, bolşevik-inqilabçı, dramaturq və maarifçi kimi tanınmış Nəriman Nərimanovun həyatı barəsində “Doktor N”, Məhəmməd peyğəmbərin həyat hekayəsi haqqında təkrarsız bədii nümunə olan “Merac" adlı əsərlərin müəllifidir.
Azərbaycan oxucularına Çüngiz Hüseynovun adı həm də “Semeynıe taynı” (“Ailə gizlinləri”), “Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Maqomed, Mamed, Mamış”, “Adını demədi”, “Novruzgülü” adlı kitablardan tanışdır.
Əsərlərini əsasən rusca yazan yazıçı müsahibələrində deyirdi ki, o, eyni adlı əsərini həm rusca, həm də azərbaycanca yazır, yəni bir dildən digərinə tərcümə etmir.
Yazıçı uzun illər Moskvada yaşamış, son illər İsrailə köçmüşdü.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yazıb. Nekroloqda görkəmli nasirin 20 aprel 1929-cu ildə Bakıda anadan olduğu, 9 yanvar 2024-cü il tarixində isə Qüdsdə dünyasını dəyişdiyi qeyd edilib: “Çingiz Həsən oğlu Hüseynov ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülüb və 1952-ci ildə oranı bitirib. Keçmiş SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan Çingiz Hüseynov, orada namizədlik dissertasiyasını uğurla müdafiə edib. Sonra keçmiş SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972), habelə pedaqoji fəaliyyətlə məşğul olub. Yazıçının ilk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16.10.1955) gün üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla davamlı məşğul olan Çingiz Hüseynovun bir-birindən maraqlı əsərləri yayımlanıb. O, əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazırdı. Ədibin əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib, kütləvi tirajlarla nəşr olunub. Çingiz Hüseynov özü də peşəkar bədii tərcümə ilə də məşğul olub.
Əgər hər bir yazıçının yalnız bir əsərinin adını çəkmək gərək olardısa, Çingiz Hüseynovun irihəcimli "Fətəli fəthi" əsərinin adını çəkmək yetərli olardı.
"Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi yayımlanıb. Ədib əsər üzərində işləyərək, daha sonra onu roman kimi nəşr etdirib. Həmin roman öncə rus dilində yazılıb, sonra isə Azərbaycan dilində yenidən işlənilib və daha da genişləndirilərək, müstəqillik illərində kamil şəkildə yayımlanıb.
"Fətəli fəthi" romanının mövzusu XIX yüzil Azərbaycan tarixindən alınıb. Əsərin baş qəhrəmanı böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadədir. Müəllif M.F.Axundzadənin timsalında Azərbaycanın parçalanması tarixinə güzgü tutub.
Çingiz Hüseynov özü "Fətəli fəthi"nin janrını "tarixi fantaziya" kimi müəyyənləşdirib; çünki roman tarixi mövzuda qələmə alınsa da, burada yazıçı fantaziyasının elementləri çox güclüdür.
Görkəmli yazıçı uzun illər Moskvada yaşayıb, son illərsə Qüdsdə yaşayırdı. Harada yaşamasından asılı olmayaraq, o, doğma vətəni ilə mənəvi bağlarını heç vaxt qoparmamışdı. Ruhu şad olsun!”.
Yazıçı Firuz Mustafa isə qeyd edib ki, böyük yazıçı, böyük vətəndaş idi: “Uzun illər Rusiyada və İsraildə yaşasa da, ürəyinin sön döyüntüsünə qədər Azərbaycanla nəfəs alan Çingiz Hüseynov ömrünün 94-cü ilində haqq dünyasına qovuşub:
Bakıda və Moskvada epizodik görüşlərimiz olmuşdu. Sadələrin sadəsi idi.
Sosial şəbəkədə arabir məktublaşırdıq. Ədəbi prosesi yaxından izləyirdi.
Çox işləyirdi. Təəssüf ki, bir çoxları, hətta onların arasında ədəbiyyatçı olmaq iddiasında bulunanlar da var, onun yaradıcılığı ilə yaxından tanış deyil. Çingiz Hüseynovun xüsusilə “Merac”, “Fətəli Fəthi”, “Doktor N” tarixi romanları ədəbiyyat tariximizdə daim qalacaq. Əslində bu əsərlərdə “tarix” bir fondur. Yazıçı həmin romanlarda təkcə bizim xalqımızın keçdiyi yola deyil, bir çox millətlərin keçdiyi ziqzaqlı, keşməkeşli yollara işıq tutub. Əlvida, Çingiz müəllim. Əksər qəhrəmanlarınızın getdiyi əbədiyyət dünyasına səfəriniz mübarək”.
Professor Qulu Məhərrəmli isə yazıçının ölümünü “Dünya boşalır… biz bir ruhi boşluğa doğru gedirik” fikirləri ilə ifadə edib: “Xırda həqiqətləri yox, böyük həqiqətləri yazmaq lazımdır” deyən görkəmli yazıçı, böyük mütəfəkkir, ədəbiyyatşünas və publisist Çingiz Hüseynov vəfat edib. Böyük azərbaycanlı olması, parlaq istedadı, əsərləri, şəxsiyyəti və vətəndaş möbqeyi ilə əsl nümunə idi… Allah rəhmət eləsin”.
Millət vəkili Etibar Əliyevin sözlərinə görə, yazıçının qələmindən çıxan “Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü”, “Adını demədi”, “Küncdəki ev”, “Məhəmməd, Məmməd, Məmiş”, “Adalar”, “Bakı”, “Şərq süjetləri”, “Zərurilik”, “Fətəli Fəthi”, “Ailə sirləri”, “İgra direktoriyası”, “Doktor N”, “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” kimi əsərləri ona böyük şöhrət qazandırıb:
“Çingiz Hüseynovun 2017-ci ildə "Görkəmli adamların həyatı” seriyasından Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Muxammed” kitabı işıq üzü gördü. Bu kitab məzmununa görə peyğəmbər haqqında yazılmış ən maraqlı kitablardan biridir. Çingiz Hüseynov böyük yazıçı olmaqla yanaşı dövrümüzün böyük mütəfəkkiri zirvəsini də fəth etmişdi.
Hələ torpaqlarımız işğal altında olanda Çingiz Hüseynov Qarabağın onun üçün çox əziz olduğunu deyirdi: “Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm... Laçın... Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın... Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır”.
Şəymən
Bayramova
Şərq 2024.- 10 yanvar ¹3.- S. 77.