Mina terrorunun səbəbkarı
olan dövlət mütləq cəzalandırılmalıdır
İnsan hüquq və azadlıqlarının müdafiəsi,
vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının
artırılması;
Azərbaycan mina çirklənməsinə
qarşı mübarizədə beynəlxalq birliyin real dəstəyini
hiss etməlidir
Ermənistanın mina terroru davam edir. Aprelin 6-da
Ağdam rayonunun Qalayçılar kəndi ərazisində
mina hadisəsi baş verib. 1983-cü il
təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov
Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə
daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində
ayağından xəsarət alıb. Daxili İşlər
Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə
Agentliyinin Mətbuat xidmətlərinin birgə məlumatında
qeyd edilib ki, 42 yaşlı Səbuhi Məmmədov iki
azyaşlı övladı ilə birlikdə minalardan təmizlənməmiş
əraziyə daxil olub və onlar piyada əleyhinə minaya
düşüblər. Xəsarət alan
şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasının
Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya
olunublar. 1983-cü il təvəllüdlü
şəxsə sağ aşıq baldır
oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat
təyin edilib. Hazırda vəziyyəti
ağır qiymətləndirilir. 2012-ci il
təvəllüdlü şəxsə (qadın cinsli) hər
iki aşağı ətraf və döş qəfəsinin qəlpə
yaraları, 2014-cü il təvəllüdlü (kişi
cinsli) şəxsə isə hər iki aşağı ətrafın
və qarnın ön səthinin və sol yuxarı ətrafın
qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri
stabildir. Qeyd edək k, APA-nın əldə etdiyi məlumata
görə, mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız Məmmədova
D. və 2014-cü il təvəllüdlü oğlan Məmmədov
E.Səbuhi Məmmədovun övladlarıdır. İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Mehdili kəndi ərazisində də mina partlayıb.
Minatəmizləmə agentliyinin əməkdaşı,
34 yaşlı Heydər Xankişiyev xidməti vəzifəsini
yerinə yetirərkən piyada əleyhinə mina
partlayışı baş verib. Hadisə
nəticəsində onun sağ ayağı topuqdan amputasiya
olunub. Vəziyyəti qənaətbəxşdir.
Onu da qeyd edək ki, Xankişiyev Heydər
Əli oğlu şəhid övladıdır. Xezerxeber.az-ın əldə etdiyi məlumata görə,
Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd
sakinidir. O, Birinci Qarabağ müharibəsinin şəhidi
Xankişiyev Əli Şahlar oğlunun övladıdır. Polis baş çavuşu olmuş Əli Xankişiyev
1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub. ANAMA, AR DİN və
Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik
qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə
yanaşmağa və bələd olmadıqları ərazilərə
daxil olmamağa çağırıb. Azərbaycanın
Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar
beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə
çağırıb: "Bu gün, növbəti mina
partlayışı nəticəsində kiçik
yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı
ağır yaralanıb. 2020-ci il müharibəsindən
bəri Ermənistanın mina çirklənməsi səbəbindən
392 nəfər ya həlak olub, ya da yaralanıb". Xarici
İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə
keçməyə çağırıb: “Beynəlxalq ictimaiyyəti
minaəleyhinə fəaliyyətin təcililiyini
tanımağa, Azərbaycanın davam edən minatəmizləmə
səylərində onunla birgə olmağa, həmçinin
günahsız insanların həyatını təhlükə
altına almağa və münaqişədən sonrakı bərpa
işlərinə maneə törətməyə davam edən
Ermənistanı məqsədyönlü və geniş
yayılmış mina çirklənməsinə görə
məsuliyyətə cəlb etməyə
çağırırıq”.
BMT-nin Azərbaycandakı nümayəndəliyi “X” sosial
şəbəkəsindəki paylaşımında bildirib ki,
aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin
ağır yaralanması ilə nəticələnən mina
hadisələri ilə bağlı son xəbərlər
onları kədərləndirib. Qeyd olunub ki, nümayəndəlik
davamlı inkişaf üçün ilkin şərtlərdən
biri kimi minalarla mübarizənin aktuallığını qəbul
edir və bu sahədə Azərbaycana dəstəyini davam
etdirməyə hazırdır.
Ombudsman Aparatı məlumat yayıb ki, Ermənistanın
davam edən mina terroru nəticəsində günahsız
insanlar öz həyat və sağlamlıqlarını itirməkdədir. Qeyd olunub ki, mina faciəsi
regionda mina təhlükəsinin hələ də davam etdiyini
və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya
qoyur: "2020-ci ildən etibarən Ermənistan tərəfdən
basdırılmış minalar, həmçinin
partlamamış hərbi sursatların partlaması nəticəsində
392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların
psixoloji və sosial baxımdan dərindən təsirləndiyi
ciddi bir problemdir. İşğal
dövründə ərazilərimizə
basdırılmış minalar regionda qalıcı
sülhün bərqərar olmasına ciddi təhdid
yaradır. Bu təhlükənin
qarşısının alınması üçün beynəlxalq
əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi
ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə
nəzərə alınması və Ermənistanın beynəlxalq
hüquq çərçivəsində məsuliyyətə
cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar
qarşısında mühüm bir öhdəlik olaraq
qalmaqdadır. Minaların məqsədli
şəkildə basdırılması insan
hüquqlarının ciddi şəkildə pozulmasına,
regionda sülhün və təhlükəsizliyin bərpa
olunmasını çətinləşdirməyə səbəb
olur. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti
minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını
qəbul etməyə, Azərbaycanın davam edən minatəmizləmə
səylərinə dəstək olmağa və həmçinin
Ermənistanı məqsədli şəkildə və
geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə
cəlb etməyə çağırıram".
Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, ANAMA yanında
İctimai Şuranın sədri Umud Rəhimoğlu deyib ki,
mütəmadi şəkildə bu cür insidentlər baş
verir və bunun ən böyük səbəbi işğaldan
azad edilmiş ərazilərin ciddi çirklənməsidir:
"Ermənistan tərəfi minaları ora basdırarkən
nə vaxtsa mina xəritələrinin Azərbaycana
qaytarılacağını düşünməyiblər. Ona görə
də məqsədli şəkildə həmin xəritələri
vermirlər. Kapitulyasiya sənədi
imzalanan ilk gündən İrəvan mina məsələsini
bir bazarlıq predmetinə çevirib. Öz hədəflərinə
nail olmaq üçün bu məsələdən sui-istifadə
edirlər. Təxminən 11 min kv.km ərazimiz
çirklənmiş ərazilərdir. Bu,
çox böyük ərazidir. İkinci
Qarabağ müharibəsindən sonra bir qrup vətəndaş
cəmiyyəti qurumu olaraq mina xəritələrinin verilməsi
ilə bağlı petisiya başlatdıq. 2021-ci ildə tədbirimiz oldu. Həm Ermənistana,
həm də beynəlxalq təşkilatlara müraciətimiz
oldu. İnsanlar öz evlərinə qayıtmaq
istəyir. Bu, təbii haldır. 30 ildir gözləyirlər ki, öz yurd-yuvasına
dönsün, amma dönə bilmir. Bunun da
səbəbi mina problemi, ərazilərin yüksək səviyyədə
çirklənməsidir. O zaman petisiyamıza təxminən
25 min insan səs verdi, beynəlxalq cameədə
kifayət qədər dəstəkləndik. Maraqlı
təşəbbüslərlə bizə qoşulanlar oldu.
Əfsuslar olsun ki, nəticə olmadı. Ermənistan 2 dəfə xəritə təqdim etdi,
ancaq heç bir işə yaramadı. Hesab
edirəm ki, Ermənistana bu məsələdə ümid
bağlamağımız mənasızdır".
Azərbaycan
Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da
qeyd edib ki, son günlər Ağdamda və Cəbrayılda
baş verən mina partlayışları Ermənistanın
davam edən mina terrorunun göstəricisidir:
"Bu xain terrorun
ucbatından həm hərbçilərimiz, həm də
günahsız dinc insanlarımız öz həyat və
sağlamlıqlarını itirməkdədir. Son 5 ildə (44 günlük İkinci Qarabağ
müharibəsindən bu günə qədər) Ermənistan
tərəfindən basdırılmış minaların və
partlamamış hərbi sursatların partlaması nəticəsində
393 nəfər vətəndaşımız həlak olub və
yaralanıb. Ötən gün Ağdamda
baş verən mina partlayışı nəticəsində
yaralanan Azərbaycan vətəndaşları arasında hətta
uşaqlar da var. Beləliklə, Ermənistanın mina terroru
günahsız insanlarımızın həyatı
üçün həm fiziki təhlükə yaradır, həm
də psixoloji gərginliyə səbəb olur, onların
gündəlik yaşamına neqativ təsir göstərir.
İşğal dövründə və 2020-2023-cü illərdə
Ermənistan tərəfindən Qarabağda və Şərqi
Zəngəzurda basdırılmış minalar bir yandan şəhər
və kəndlərimizin bərpa və yenidən
qurulmasına mane olur, Böyük Qayıdış prosesini ləngidir,
digər tərəfdən isə Cənubi Qafqazda
dayanıqlı sülhə nail olunmasını əngəlləyir.
Yəni ki, Ermənistan tərəfindən ərazilərimizin
minalarla çirkləndirilməsi təkcə humanitar fəlakət
yox, həmçinin geosiyasi böhran mənbəyidir. Bütün bunların məsuliyyəti Ermənistanın
keçmiş və hazırkı rəhbərliyinin üzərinə
düşür. Ona görə də BMT
konvensiyalarının müddəalarını kobud surətdə
pozan Ermənistanın sabiq prezidentləri və hazırkı
hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq çərçivəsində
məsuliyyətə cəlb edilməlidir. Aidiyyəti beynəlxalq qurumlar, o cümlədən
Beynəlxalq Məhkəmə bu məsələni gündəmə
gətirməlidir".
Ekspertə
görə, ərazilərimizin minalardan təmizlənməsi
üçün Ermənistan dövlətinin üzərinə
beynəlxalq birlik tərəfindən müəyyən
öhdəliklər qoyulmalıdır:
"Həmçinin,
Ermənistan dövləti mina terroru nəticəsində həlak
olmuş vətəndaşlarımızın ailələrinə
və yaralanmış şəxslərə kompensasiya ödəməyə
məcbur edilməlidir. Bir sözlə,
beynəlxalq ictimaiyyət həm özü Azərbaycanın
minatəmizləmə səylərinə birbaşa dəstək
verməli, həm də Ermənistanı bu prosesdə beynəlxalq
hüquqa uyğun şəkildə davranmağa yönləndirməlidir.
Ermənistanı heç bir halda cəzasız
qoymaq olmaz. Mina terrorunun səbəbkarı
olan dövlət mütləq cəzalandırılmalıdır.
Azərbaycan mina çirklənməsinə qarşı
mübarizədə beynəlxalq birliyin real dəstəyini
hiss etməlidir".
İsmayıl
Qocayev
Şərq 2025.- 9 aprel (¹58).- S.6.