Kənd
təsərrüfatında innovativ həllər
Aqrar sektor
intellektual əsaslarla inkişaf etdirilir
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı
ilə “Dəqiq kənd təsərrüfatında süni
intellektin tətbiqi” layihəsinə start verilib. Layihənin keçirilməsində məqsəd kənd
təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal
texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini
təşviq etməkdir. Layihənin ilkin mərhələsi
ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların
seçilməsi, eləcə də bitkiçilik, meyvəçilik,
balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi
və digər prioritet istiqamətlər üzrə fəaliyyət
göstərən özəl şirkətlər tərəfindən
süni intellektin tətbiqinə dair universitetlərdə
vorkşopların, aqroparklar və iri təsərrüfatlara
infoturların təşkili formasında həyata
keçirilir. Bu istiqamətdə ilk vorkşop
aprelin 16-da Bakı Dövlət Universitetində keçirilib.
Mərasimdə çıxış edən
BDU-nun rektoru Elçin Babayev “Dəqiq kənd təsərrüfatında
süni intellektin tətbiqi” layihəsinin başlanğıc mərhələsinin
BDU-da keçirilməsinin xüsusi önəm
daşıdığını bildirib. O, diqqətə
çatdırıb ki, torpağın, suyun, təbiətin
qorunaraq, ağıllı üsullarla idarə olunması
günün əsas tələblərindəndir. “Dəqiq kənd
təsərrüfatında süni intellektin tətbiqi” layihəsi
də bu çağırışlara cavab verməyi hədəfləyir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
rəqəmsal inkişaf, innovasiyalar və aqrar sektorun
müasirləşdirilməsi istiqamətində
ardıcıl və məqsədyönlü siyasət həyata
keçirilir. Bu siyasətin hədəfi rəqabətli
insan kapitalı və müasir innovasiyalar məkanı
formalaşdırmaqdan, süni intellekti və rəqəmsallaşmanı
iqtisadi inkişafın əsas təkanverici qüvvəsinə
çevirməkdən ibarətdir. BDU da bu
prosesin fəal iştirakçısıdır. Süni intellekt, aqrar texnologiyalar və
dayanıqlı inkişaf istiqamətlərində aparılan
elmi-tədqiqat işləri, universitetdə formalaşan
intellektual mühit, müasir laboratoriyalar və təcrübə
bazaları bu layihənin effektiv icrasına töhfə verəcək.
BDU-nun tələbə və müəllimləri aqrar
innovasiya xarakterli layihələri ilə Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək
layihələrinin maliyyələşdirilməsi
üçün elan etdiyi qrant müsabiqələrinin dəfələrlə
qalibi olublar. İstanbulda keçirilmiş “TEKNOFEST 2023”də
BDU-nun “Humantek” komandası tərəfindən
hazırlanmış “Ağıllı damla sulama sistemi” layihəsi
“Aqrar texnologiyalar” kateqoriyasında III yerə layiq
görülüb. Adanada keçirilmiş “TEKNOFEST 2024”də
isə BDU-nun “ESST-6” komandası aqrar sahəyə inteqrasiya
oluna bilən ətraf mühitə uyğun ağıllı
monitorinq sistemi ilə final mərhələsinə yüksəlib
və III yerə layiq görülüb. BDU tələbələri
tərəfindən hazırlanmış “Irrigo –
dayanıqlı kənd təsərrüfatı ekosistemi” layihəsi
“TEKNOFEST 2025”in Şimali Kipr Türk Cümhuriyyətində
keçiriləcək final mərhələsinə vəsiqə
qazanıb. Bu, BDU-da aqrar innovasiyalara yönəlmiş
tədris və tədqiqat mühitinin
formalaşdığını təsdiqləyir”. Rektor bildirib ki, “Dəqiq kənd təsərrüfatında
süni intellektin tətbiqi” layihəsi ölkənin innovativ gələcəyini
formalaşdırmaq üçün mühüm
addımdır. Bu təşəbbüs ölkəmizin
aqrar sektorunun intellektual əsaslarla inkişafına, ali təhsil müəssisələri ilə
istehsalat arasında əməkdaşlığın dərinləşməsinə
və gənclərin potensialının reallaşmasına
xidmət edəcək, ağıllı kənd təsərrüfatına
gedən yolda mühüm mərhələ olacaq. Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov
elmi tədqiqatların, innovasiyaların kənd təsərrüfatında
öz əksini tapmasının, elmi biliklərin
kommersiyalaşdırılmasının mühüm əhəmiyyət
kəsb etdiyini bildirib, BDU-dan bu sahədə gözləntilərin
böyük olduğunu vurğulayıb. O, layihə çərçivəsində
süni intellektin tətbiqi sahəsində əldə etdikləri
nəzəri və praktiki bilgilər əsasında aprelin
28-29-da Zəngilan rayonunun Ağalı kəndində
“Bootcamp”ın təşkil ediləcəyini diqqətə
çatdırıb. “Bootcamp”ın əsas məqsədlərindən
biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının
inkişafı üçün innovativ həllərə əsaslanan
texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə
yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının
artırılması, aqrar sahədə fəaliyyət
göstərən maraqlı tərəflər arasında təcrübə
mübadiləsinin aparılması və
qarşılıqlı faydalı işgüzar
görüşlərin keçirilməsidir. Layihə
çərçivəsində ali təhsil
müəssisələrindən ibarət komandaların təklif
etdikləri ağıllı və innovativ həllər
seçilmiş özəl təsərrüfatlarda tətbiq
olunacaq. “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”
direktoru Vüsal Rüstəmov çıxışında
belə layihələrin süni intellektin iqtisadiyyata effektiv tətbiq
olunmasına təkan verəcəyini qeyd edib. O bildirib
ki, ali təhsil müəssisələrinin,
xüsusilə BDU-nun süni intellekt sahəsində
böyük potensialı var. Özəl sektor bu potensialdan
geniş istifadə edə bilər. Tədbirdə
Kənd Təsərrüfatı Nazirliyinin tabeli
qurumlarının, aqrar sahədə fəaliyyət göstərən
iri aqroparkların rəhbər və mütəxəssisləri,
gənclər arasında sahibkarlığın
inkişafına dəstək göstərən innovasiya, o
cümlədən inkubasiya və akselerasiya mərkəzlərinin
rəhbərləri də iştirak ediblər. Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri
Elmar Allahverdiyev, “Şabran-D” MMC-nin direktoru Şöhrət Məmmədov,
“Agro Systems” MMC-nin direktoru Köçəri Məmmədov,
“Grow Group Azerbaijan” MMC-nin baş aqronomu Emin Kara, Aqrar Kredit və
İnkişaf Agentliyinin şöbə müdiri Ruslan Zeynal,
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa
Qasımov çıxışlarında kənd təsərrüfatında
avtomatlaşdırılmış sistemlər və süni
intellektin tətbiqinə dair fikirlərini bildirib, təmsil
etdikləri qurumların bu sahədəki fəaliyyəti ilə
iştirakçıları tanış ediblər. Qeyd edilib ki, kənd təsərrüfatı
innovasiyası ayrı-ayrı təsərrüfat subyektlərinin
və ya təşkilatların, qurumların fəaliyyət səmərəliliyini,
rəqabət qabiliyyətini, şoklara
davamlılığını və ya ekoloji
dayanıqlılığını artıraraq ərzaq təhlükəsizliyinə,
iqtisadi inkişafa və təbii ehtiyatların dayanıqlı
idarə edilməsinə töhfə vermək
üçün müəyyən kontekstdə yeni və ya
mövcud məhsulların, proseslərin və ya təşkilati
üsulların ilk dəfə istifadəyə verilməsi
prosesidir. Kənd təsərrüfatı
innovasiyaları kənd təsərrüfatı istehsalı
prosesində istifadə olunan yeni və ya təkmilləşdirilmiş
resurs və metodları əhatə edir. Nümunə
olaraq yeni toxum növü, yeni gübrə növü və
torpağa qulluqda yeni bir üsul göstərilə bilər.
Bunlar hamısı istehsal və ya səmərəliliyi
artıran amil və tətbiqlərdir. Kənd
təsərrüfatı innovasiyası ümumiyyətlə kənd
təsərrüfatı məhsullarının yetişdirilməsi,
emalı, qablaşdırılması, paylanması və
istehlakı və ya başqa şəkildə istifadəsi ilə
məşğul olan çoxsaylı iştirakçılar
arasında dinamik qarşılıqlı təsir nəticəsində
yaranır. Kənd təsərrüfatı
innovasiyası mövcud torpaq, su və biomüxtəliflik
ehtiyatlarını tükəndirmədən kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığını və
adaptasiyasını artırmaq, çeşidini şaxələndirmək,
ərzaq məhsullarının qidalılıq dəyərini
artırmaq, heyvanların populyasiyalarını artırmaq, becərmə
üçün artan sənaye məhsulları və yanacaq
ehtiyaclarını təmin etmək potensialına malikdir.
Kənd təsərrüfatı sektorundakı bir çox
innovasiyalar istehsal üsulları ilə əlaqəli “proses
innovasiyası”dır. “Məhsul innovasiyaları”
inkişaf etmiş toxum və heyvan cinslərini, kənd təsərrüfatı
maşınlarını, suvarma sistemlərini, binaları və
yeni funksional xüsusiyyətlərə malik qidaları əhatə
edir. Təchizat zənciri boyunca marketinq və
təşkilati innovasiyanın əhəmiyyəti getdikcə
daha da artır. Kənd təsərrüfatı
sahəsi mövcud torpaq və su resurslarını, o cümlədən
bioloji müxtəlifliyi qorumaq və iqlim dəyişikliyinə
cavab vermək üçün təbii ehtiyatlardan daha
davamlı şəkildə istifadə etməlidir. Bu çətinliklərin öhdəsindən gəlmək
və imkanlara cavab vermək baxımından kənd təsərrüfatı
sahəsinin davamlı şəkildə məhsuldarlığı
artırması üçün innovativ yanaşmaları mənimsəməsi
lazımdır. İnnovasiya yalnız
texnoloji inkişafdan deyil, eyni zamanda fermerləri ehtiyac
duyduqları məlumatlarla əlaqələndirməyin yeni
yollarından qaynaqlanır. Kənd təsərrüfatında
innovasiya məhsul istehsalından tutmuş, istehsal vasitələrinin
idarəedilməsinə və bazara çıxışa qədər
istehsal tsiklinin bütün mərhələlərini və
bütün dəyər zəncirindəki prosesləri əhatə
edir. Fermer təsərrüfatı
kontekstində kənd təsərrüfatı
innovasiyasının növləri ilk növbədə
istehsalın artırılması və məhsulun keyfiyyətinin
yaxşılaşdırılması ilə əlaqədardır.
İnnovativ
həllərin, süni intellektin kənd təsərrüfatı,
ümumilikdə iqtisadiyyatın inkişafında əhəmiyyətindən
danışan İKT üzrə mütəxəssis Elvin
Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Kənd
Təsərrüfatı Nazirliyi rəqəmsal
texnologiyaların tətbiqi və innovasiyaların genişləndirilməsi
istiqamətində daha bir mühüm təşəbbüsə
start verib:
- Nazir Məcnun Məmmədovun rəhbərliyi ilə
sektorun rəqəmsallaşması sahəsində proseslər
sürətlənib. Bu çərçivədə “Dəqiq
kənd təsərrüfatında süni intellektin tətbiqi”
adlı yeni layihəyə başlanılıb. Aqrar
İnnovasiya Mərkəzinin təşkilatçılığı
ilə həyata keçirilən layihənin məqsədi kənd
təsərrüfatı sahəsində süni intellekt və
rəqəmsal həllərin tətbiqini təşviq etmək,
ali təhsil müəssisələrinin tələbələri
və gənc tədqiqatçılar arasında bilik və
bacarıqları artırmaq, innovativ yanaşmalar vasitəsilə
aqrar sahədə məhsuldarlığı və idarəetməni
optimallaşdırmaqdır. Bu təşəbbüs, həmçinin
ali təhsil müəssisələri ilə
aqrar sektorda fəaliyyət göstərən özəl təsərrüfatlar
arasında əməkdaşlıq platformasının
formalaşdırılmasını da hədəfləyir. Layihə çərçivəsində vorkşoplar,
inforturlar və Zəngilanın Ağalı kəndində
“Bootcamp” təşkil olunacaq. İştirakçı
komandaların təqdim etdiyi ağıllı həllərin
“18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı”
Sərgisində nümayişi planlaşdırılır.
Qeyd edək ki, bu ilin əvvəlində Kənd Təsərrüfatı
Nazirliyi süni intellektin tətbiqi və aqrar sektorun rəqəmsal
transformasiya modelinin hazırlanması məqsədilə
"McKinsey & Company" şirkəti ilə 10 milyon manat dəyərində,
bir mənbədən satınalma metodu ilə müqavilə
imzalayıb. Əməkdaşlığın məqsədi
kənd təsərrüfatı sahəsində institusional
inkişaf, strateji planlaşdırma və rəqəmsallaşma
proseslərinə beynəlxalq təcrübənin
inteqrasiyasıdır. Bütün bunlar onu
deməyə əsas verir ki, süni intellektin, rəqəmsal
həllərin aqrar sektora inteqrasiyası ümumən kənd
təsərrüfatının inkişafında mühüm
rol oynayacaq.
Məlahət
Rzayeva
Şərq 2025.- 19 aprel(¹66).- S.6.