Dini dözümlülük,
tolerantlıq ən yüksək səviyyədədir
Dini və
milli tolerantlıq, millətlərarası münasibətlərin
inkişaf etdirilməsi;
Bütün dinlərin nümayəndələri
Azərbaycanda öz ibadət və ayinlərini
rahat şəkildə yerinə yetirirlər
Azərbaycanda tarix boyu bütün dinlərin nümayəndələri harmoniya və qardaşlıq mühitində yaşayıblar. Dövlətin bu sahəyə xüsusi diqqəti var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri mehriban şəraitdə yaşayırlar. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Xristian aləmi
Pasxanı qeyd edir. Bu il katoliklər, pravoslavlar və protestantlarda xristianlar üçün
müqəddəs bayram
eyni günə təsadüf edib. Sonuncu dəfə belə bir hal 2017-ci ildə baş verib. Pasxa xristianların ən
qədim, mühüm
və sevimli bayramlarından biridir.
Bayramın mahiyyəti İsa
Məsihin ölümə
qalib gələrək
dirilməsidir. Bununla da,
İsa Məsih bütün bəşəriyyət
üzərindəki ölüm
və günah lənətini yox etmiş olur. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə
insanın təbiətinə,
onun bütün ağrılarına, hətta
ölümünə şərik
olur. Ənənəyə görə, dindarlar
cümə axşamı
günü səhər
saatlarında kuliç
bişirir, axşam pasxa hazırlayır, şənbə günü
onları kilsəyə
aparır, şənbə
günündən bazar
gününə keçən
gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını
bildirən Xaç yürüşü edirlər.
İsa peyğəmbərin Dirildiyi
Müqəddəs Gün
isə hamı pasxa süfrəsi arxasında əyləşir,
bir-birini pasxa və kuliçə qonaq edir, yumurta
döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır. Təqvimdəki mövqeyi və simvolikası baxımından
Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa
əsaslanır. Əksər dillərdə
“Pasxa” və “Pesax” sözləri də əlaqəli və ya omonim
sözlər kimi işlədilir. Dünyanın müxtəlif hissələrində
bir-birindən fərqli
Pasxa adətləri olsa da, şəfəq
xidmətləri, Pasxa
bayramlaşması, kilsə
dövrələməsi və
İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir.
Əlavə olaraq, yumurta
döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və
festivalları kimi ənənələr də
vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılıb.
Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs
bayramı tənənə
ilə qeyd edirlər.
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktub göndərib. Məktubda deyilib ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb: "Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər. Əziz dostlar! Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram. Bayramınız mübarək olsun!".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da xristian həmvətənlərimizə təbrik ünvanlayıb. Komitə sədri bildirib ki, Pasxa – sülhü, yenilənməni, mərhəmət və ümidləri təcəssüm etdirən, insanın mənəvi dirçəlişinə işarə verən dərin anlamlı bayramdır: "Azərbaycanda yüzillər boyu birgəyaşayış və qarşılıqlı sayğı mühiti formalaşıb. Ülvi gələnəklərimiz bu gün də qorunur və dövlətimiz bütün dini icmalara, o cümlədən xristian icmalarına öz diqqət və qayğısını əsirgəmir. Xristian vətəndaşlarımızın milli birlik və qarşılıqlı sayğının gücləndirilməsi, ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakı Azərbaycan multikulturalizminin və tolerantlıq modelinin önəmli tərkib hissəsidir. Bu anlamda, Pasxa bayramı həm də ölkəmizdəki dinlərarası harmoniyanın bir örnəyi kimi xarakterizə oluna bilər. Bir daha bu bayramla bağlı Sizə və ailələrinizə rifah, ölkəmizə isə daimi sülh və sabitlik diləyirəm. Bayramınız mübarək olsun".
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov "Şərq"ə deyib ki, Azərbaycanda müxtəlif xalqlar həyat sürür, fərqli dinlərin nümayəndələri yaşayır. Ekspert vurğulayıb ki, bütün ölkələr bizim dini dözümlülüyümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda sülh və qarşılıqlı hörmət formalaşar:
"Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk. Azərbaycanda digər ölkələrdən fərqli olaraq dini dözümlülük, tolerantlıq ən yüksək səviyyədədir. Bütün dinlərin nümayəndələri Azərbaycanda öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirirlər. Azərbaycan bu sahədə digər ölkələrlə müqayisə olunmayacaq qədər yüksək dözümlülük və tolerantlıq nümayiş etdirir. Hətta özünü güclü, lider hesab edən bir çox Avropa ölkələrində dini azadlıq və dözümlülük nəinki bizdəki səviyyədə deyil, ümumiyyətlə, yoxdur. Bəzən müşahidə edirik ki, Fransada və ya bir çox inkişaf eləmiş ölkələrdə dini ayrı-seçkilik, başqa inanclara qarşı aqressiya mövcuddur. Azərbaycanın digər ölkələrdən fərqi dinə aid xüsusi modelə sahib olmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda yaşayan bütün dini icmalara xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısı şəxsən bütün dinlərin nümayəndələrini özlərinə məxsus bayramlarda xüsusi təbrik edir, onlara diqqət və qayğısını əsirgəmir. Buna görə də digər ölkələr Prezident İlham Əliyevin davranışından, siyasətindən nümunə götürməlidir. Onlar da dini münasibətlərin və dinlərarası əlaqələrin öz ölkələrində qarşılıqlı hörmət əsasında təşkil olunmasını təmin etməlidirlər. Ən azından bu yöndə çalışmalı, cəhd göstərməlidirlər".
İsmayıl Qocayev
Şərq.-2025.-22 aprel (¹67).-S.6