O, gələcəyin ardınca
qaçmadı…
Aprelin 21-i akademik
Hətəm Quliyevin anım günüdür
Bahar o ildə
elə indiki kimi qış havalı gəlmişdi. Onda da mən tez-tez
dolub-boşalan buludların
qaranlığında təbiətin
bu dəyişkənliyini
özümün təqvim
yanlışlığıma yozub yaddaşımdan gileylənmişdim. Sonradan çöllərdə
ayaq tutub yeriyən nərgizləri
görüncə, təəccübümü
gizləyə bilməmişdim.
Dünyanın çarxı dönmüşdü
elə bil. Göyün yerdən xəbəri yox idi.
Əslində, dünyanın dövranı
çoxdan dönmüşdü
və mənim aləmimdə bu dövranı dönmüş
dünyanın ən ağrılı günləri
bizdə - divarları
arasında xəyallar
qurduğum, sevgi, sevinc, könül rahatlığı tapdığım
evdə yaşanmaqdaydı.
Üç ilə yaxın
səksəkə dolu
bir kəsimin axır yeddi ayının həyəcanlı
günləri bir-birini
əvəzlədikcə, gözlərimin
önündə dağ
boyda dərdin ağırlığına dözüm
gətirən, bircə
dəfə də olsun təmkinini pozmayan polad iradəli bir adam şam
kimi əriyirdi. Həkimlərdən gələn dəstək
bəs etməyəndə
üzümü göylərə
tutub haqdan kömək diləyirdim.
Təbii
ki, sabahlarından kömək umduğum gecələrin hamısı
üzümüzə xoş
ovqatlı səhərlərlə
açılmırdı.
Özü hər şeyin fərqində idi. Sual verməz,
tibbi müdaxilələri
rahatlıqla qəbul edər, hətta bəzən acı da olsa, özünü
gerçəkliklə barışmış
kimi göstərməyə
çalışırdı.
Yadımdadı, günlərin birində təskinlik xatirinə
"hər şey elə yaxşı olacaq ki, qoy
bircə yay gəlsin" - demişdim,
üzümə baxmadan
başını bulayıb
acı-acı gülümsəmişdi.
Kövrəlməyə bilməmişdim. Ağlama demişdi, ağlamaq
niyə? Başını
dik saxla... mənim varlığımda
olduğun kimi..
Ovcumu göynədən
buz kimi əllərinə sığal
çəkirdim. Gözlərimi üzünə dikmişdim,
fikrim uzaqlarda idi. Gəncliyimin ilk illərində...
Təsəvvürümdə arzularımın dalınca
çıxdığım yolun lap əvvəlində rastlaşdığım
ortaboylu, qarayanız, gur saçlı, elə ilk baxışdan alimə bənzətdiyim gənc mehriban təbəssümlüylə canlanmışdı. Çaşqınlıq içində "İlahi,
axı onun bu bəyaz saçlı,
solğun bənizli, yorğun adamla nə əlaqəsi…"
- deyib bütün varlığımla yeri, göyü və dünyanı qarğımışdım.
Hətəm tələsmədən aram-aram heç vaxt danışmadığı
qədər danışmışdı
o gün. Özündən, öz valideynlərindən,
tələbəlik illərindən.
Bir sözlə, hər şeydən...
Mən həmişə
düz yaşamışam
deyirdi. Heç vaxt heç kim mənim
haqqımda pis danışmaz deyirdi. Sən mənə görə heç vaxt utanmayacaqsan deyirdi. Dünyadan, insanlardan, hər şeydən razıyam deyirdi. Dünyaya gəldiyi üçün,
nail olduğu hər şey üçün Allaha şükür edir, bir səndən
nigaranam, sənə
çətin olacaq deyirdi...
Qəhərlənmişdi. Səsi qırılmışdı.
Özünü toparlamağa
çalışıb, kim bilir, xəstəliyinin hansı
mərhələsindən bəri
ürəyində gəzdirdiyi,
elə mənim də bir ömür
boyu unuda bilməyəcəyim gizlinlərini
dilinə gətirmiş,
ləyaqətli ol, demişdi. Sən mənim həyat yoldaşımsan, mənim
həyat yoldaşım…
Hətəm sadə, çoxuşaqlı
ailədə böyümüşdü. Atası Hidayət
Quliyev (Hidayət həkim) Qarabağın məşhur bəylərindən
olan Şahbaz bəyin üçüncü
oğluydu. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bütün bəyliklərin
yaşadığı repressiya
dalğası bu ailədən də yan keçmədiyindən,
ailə başçısı
bir gecənin içində yurd-yuvasından
didərgin düşmüş,
içi evləri qarışıq bütün
mal-mülkləri hökumətin
hesabına müsadirə
olunmuşdu.
Hətəm danışırdı ki,1941-ci ildə müharibə başlayanda
atam cəbhəyə
təhsil aldığı
Tibb İnstitutunun tələbəsi kimi yollanmışdı. Müharibənin sonuna kimi hospitalda
xidmət göstərmiş,
qələbədən sonra
ölkəyə xidmətdə
qazandığı orden
və medallarla müharibə veteranı kimi qayıtmışdı.
Atam ailəmizin müharibəyə
yollanan üç üzvündən biri və həm də sağ-salamat qayıdan yeganə nümayəndəsi idi.
Hətəm özünün sadə olmayan həyat yolunda rastlaşdığı
minlərlə insan arasında 3 böyük kişini xüsusi hörmətlə yad edirdi, bunlardan biri və birincisi
atası idi. Onsuz da atamgil müharibədən
əvvəl də bütün varidiyyatların
itirmişdilər deyirdi.
Müharibə bitəndən sonra
repressiya məsələləri
nisbətən yumşalmışdı.
Odur ki, atamgilin hökumətə
çoxlu sayda müraciətlərini, onların
vətən qarşısındakı
xidmətlərini nəzərə
alaraq hökumət babam Şahbazın müsadirə olunandan sonra Seyidəhmədli kəndində məktəb
kimi fəaliyyət göstərən evini özümüzə qaytarmışdı.
Amma artıq bütün külfətimizi orada yerləşdirə bilmədiyinə
görə atamgil evi kiçik əmimə verib özlərinə təzə
yurd salmağı qərarlaşdırmışdılar. Atam həkim kimi fəaliyyətə başlayandan sonra Füzulinin mərkəzində
götürdükləri yurd
yerində özümüzə
Şahmar əmimlə
birgə balaca bir ev qaralamışdılar və
biz iki ailə uzun müddət orada birgə yaşamalı olmuşduq.
Hətəm o illərdə yaşadığı kasıbçılığı heç unutmurdu. Bizim təhsil aldığımız illərdə hər şey kimi kitab da tapılmırdı, insanların çörəyi daşdan çıxırdı, qıtlıq, yoxsulluq baş alıb gedirdi. Bu çətinlik içində bir də uşaqlarını təhsilli görmək insandan fərqli düşüncə tərzi tələb edirdi və o, atamda var idi. Bütün çətinliyə baxmayaraq, atam bizə lazım olan kitabları yer deşiyindən də olsa tapıb gətirərdi. O, bəlkə, bununla özünün yarım qalmış arzularını gerçəkləşdirmək istəyirdi, bilmirəm, amma bütün halda təhsilimiz həmişə onun diqqət mərkəzində idi. Arzularından biri məni həkim görmək idi, lakin maraqlarımı nəzərə alaraq öz seçimimə də hörmətlə yanaşmışdı. Sonralar mən çox gənc ikən elmlər namizədi, elmlər doktoru olanda, atam avtoreferatlarımı əlinə alıb Füzulinin sadə camaatına paylayar, sevincini bölüşərdi.
Hətəm ömrünün son günlərində məni anasının adıyla, Ağgül deyə çağırırdı. Hətta bir dəfə mənim ən çox kimi görmək istərdin, de, çağırım görüşün, sualına balaca uşaqlar kimi Mamamı deyə cavab vermişdi….
Nəsildə elmə gedən yolun ilk yolçusu Hətəm olmamışdı. Bu yol ona Böyük Vətən müharibəsindən qayıtmayan atasının böyük qardaşı, özündən sonra heç bir nişanəsi qalmayan Şəfayət əmisindən yadigar idi. Uğurla keçdi. Ot basmağa, itməyə qoymadı. Həm də öz şəxsi keyfiyyətləri ilə, cəmiyyətdəki mövqeyi ilə özündən sonra gələn nəsildaşları üçün nümunəyə çevrilə bildi. Hətəmin bir vaxtlar düşdüyü cığır bu gün Tibb üzrə elmlər doktoru professor T.Hüseynov, Tibb üzrə fəlsəfə doktoru V.Quliyev, Tibb üzrə fəlsəfə doktoru V.Hüseynov, Hüquq üzrə fəlsəfə doktoru A.Hüseynova, Tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetinin professoru Ş.Hüseynov, uzman doktorlar A.Quliyeva, F.Quliyev və elmin müxtəlif pillələrində böyük ustalıqla addımlayan sabahın alimləri Safiyyanın, Nuranənin, Mirhüseynin və s. şəxsində böyük bir magistrala çevrilə bilib. Heç şübhəsiz, illər sonra elmin ən yüksək mərtəbəsində həm daxili potensialı, həm da xarici görünüşüylə babasına daha çox oxşayan Nazim Quliyev imzasına da rast gələcəyik.
Bir haşiyə çıxım. Hətəm Quliyev elmi araşdırmalarını Ukraynada aparmışdı. Onun elm keçdiyi Ukraynanın Mexanika İnstitutu təkcə keçmiş SSRİ-nin deyil, həm də dünyanın bir nömrəli elm mərkəzlərindən biri idi. Onun elmi işinə rəhbərliyi dünya şöhrətli alim, SSRİ EA-nın həqiqi üzvü Quz edirdi. Özü xatirələrində gərgin işləyirdim deyirdi. Ona görə də mövzumu vur-tut ikicə ilin içində tamamlayıb, çox gənc ikən əvvəlcə 21 yaşımda namizədlik, az sonra isə doktorluq işimi müdafiə etdim. 29 yaşımda mexanika üzrə elmlər doktoru, 31 yaşımda isə professor oldum. Hətəm elmin müxtəlif sahələri ilə məşğul olurdu. Başqa bir dünya şöhrətli alim AMEA-nın müxbir üzvü, İngiltərənin Oksford Universitetinin professoru akademik Rəşid Cavanşir onu ensiklopedik alim adlandırırdı.
Biz hər il Hətəm Quliyevin anım günündə elmmetrik üsullardan istifadə edərək, müxtəlif elmi bazalardan məlumatlar əldə edir, onun elmə gətirdiyi yeniliklərin, kəşflərin dünya elminə təsirini və ona verdiyi töhfələri nəzərdən keçiririk. Bu gün artıq 4 ildir ki, Hətəm müəllim aramızda yoxdur, amma bu illər ərzində dünyanın 50-dən çox ölkəsində 30 mindən çox alim onun əsərlərinə müraciət edib, yararlanıb və tətbiq edib. Bu faktlara əsaslanaraq əminliklə demək olar ki, akademik Hətəm Quliyevin elmi irsinin əsas davamçısı elə onun özüdür.
Kəmalə Cəfərova
Şərq.-2025.-23 aprel (¹68).-S.7