Ana
dilini qorumaq siyasi cəsarət tələb edirdi
Azərbaycançılıq
ideyasının təbliği
Ceyhun
Məmmədov: “SSRİ milli
kimliyimizi əzmək
istəyirdi, amma Ulu Öndər imkan vermədi”
1 Avqust Azərbaycan
xalqı üçün
yalnız tarixi bir gün deyil,
həm də milli kimliyimizin, mənəvi dəyərlərimizin
və ictimai şüurumuzun əsas sütunlarından biri olan ana dilimizin
təntənəsidir. Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunan bu
əlamətdar tarix, müstəqil dövlətimizin
dil siyasətində dönüş nöqtəsi
olmaqla yanaşı, azərbaycançılıq ideyasının
möhkəmləndirilməsi və təbliğində
mühüm rol oynayır. Dil – bir millətin ruhudur, yaddaşıdır,
tarixidir. Azərbaycan dili isə yalnız
ünsiyyət vasitəsi
deyil, həm də Azərbaycan xalqının mədəniyyətini,
dövlətçiliyini və
milli kimliyini yaşadan və gələcək nəsillərə
ötürən canlı
irsdir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci
il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər
həmin Fərmanı
latın qrafikalı Azərbaycan əlifbasına
keçidin ölkəmizdə
2001-ci ilin avqustunda bütövlükdə təmin
edildiyini və yeni əlifbadan istifadənin müstəqil
Azərbaycanın ictimai-siyasi
həyatında, yazı
mədəniyyətimizin tarixində
mühüm hadisə
olduğunu nəzərə
alaraq imzalayıb. Ulu Öndər Heydər Əliyevin "Milli varlığın təməli dildir" fikri, bu gün
də dövlət dilinə olan münasibətin əsas ideoloji istiqamətini müəyyən edir. Azərbaycançılıq ideologiyası
Azərbaycan xalqının
vahid milli kimlik ətrafında birləşməsi və
öz tarixi, dili, mədəniyyəti ilə qürur duyması məhz ana dilinin qorunması
və inkişafı ilə sıx bağlıdır. Ana dilində düşünmək,
danışmaq, yazmaq,
bu təkcə bir dilin deyil,
bütöv bir ideyanın yaşamasıdır.
Azərbaycan dilinin dövlət dili statusu qazanması və bu statusun
konstitusiya ilə təsbit olunması isə azərbaycançılıq
ideologiyasının qələbəsi
və möhkəmlənməsi
yolunda atılmış
ən mühüm addımlardan biridir.
Bu baxımdan,
1 Avqust təkcə bir bayram deyil,
həm də dilimizin tarixi yoluna nəzər salmaq, onun bugünkü
durumu və gələcəyi haqqında
düşünmək üçün
ciddi ictimai və elmi məsuliyyət
daşıyan gündür.
Xüsusən də müasir qloballaşma şəraitində ana dilinin qorunması və təbliği həm milli, həm də ideoloji vəzifəyə çevrilir. Bu vəzifənin mərkəzində
isə azərbaycançılıq
ideyasının yaşadılması
və nəsildən-nəslə
ötürülməsi dayanır.
Ana dili bu ideyanın həm təməli, həm də daşıyıcısıdır.
Millət vəkili
Ceyhun Məmmədov
Sherg.az-a açıqlamasında deyib ki, hər
bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan,
inkişaf etdirən onun dilidir:
“Ulu
Öndər Heydər
Əliyevin təşəbbüsü
ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan
SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunması bir çox aspektlərdən xüsusi
əhəmiyyət daşıyırdı.
Milli-mənəvi dəyərlərimizin
qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi
bütün tarixi mərhələləri keçərək
onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir.
Dilimizin keçdiyi çətin dövrlərdən
biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı.
O dövrün çətinliklərinə
baxmayaraq, öz xalqını, millətini
böyük məhəbbətlə
sevən Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-ci illərində
ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə
və qətiyyətlə
mübarizə aparmağa
başladı. Ulu Öndər məqsədinə
çatmaq üçün
Konstitusiya layihəsinə
Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına
çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb
edərək bu prosesi daha da
gücləndirdi.
1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan
Respublikası Konstitusiya
layihəsinin 73-cü maddəsinə
belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan
SSR Konstitusiyasında öz
əksini tapdı. Bununla da, Azərbaycan
dili dövlət dili statusunu aldı. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin
inkişafı istiqamətində
digər həyata keçirilən tədbirlər
xalqımızın müstəqillik
düşüncələrini daha da gücləndirmiş
oldu.
Sonrakı illərdə
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan
Respublikasında hakimiyyətə
gəldikdən sonra
1995-ci ildə referendumla
qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. Dövlətimiz tərəfindən
Azərbaycan dilinin inkişafı və qorunması sahəsində
mühüm işlər
görüldü. 2001-ci ildə
Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında
xüsusi rol oynadı. Həmin Fərmanda nəzərdə
tutulan digər mühüm məsələ
Dövlət Dil Komissiyasının yaradılması
idi. Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı
digər Fərmana əsasən ölkəmizdə
hər il 1 avqust tarixində Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd edilməyə
başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət
dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan
Respublikasında dövlət
dili haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilib”.
C.Məmmədov qeyd edib ki,
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir:
“Ulu Öndərin
layiqli davamçısı
olan Prezident İlham Əliyev
2004-cü ildə “Azərbaycan
Milli Ensiklopediyasının
nəşri haqqında”
və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” verdiyi sərəncamlarla elmin və mədəniyyətin
inkişafına xüsusi
diqqət göstərdiyini
bir daha təsdiqləmiş oldu. Qeyd etmək lazımdır ki, müasir dövrün tələblərini və
reallıqlarını nəzərə
alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nı
2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü
olan ana dilimizin saflığının
qorunması baxımından
mühüm tarixi hadisədir. Onu da qeyd edək
ki, Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” Sərəncamı
Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi
baxımından xüsusi
əhəmiyyət kəsb
edir. Heç şübhəsiz ki, dövlətimizin başçısının
2018-ci il noyabrın
1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması
və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Fərmanı ölkəmizdə
dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını
bir daha təsdiq edir”.
Şəymən Bayramova
Şərq 2025.- 2 avqust (¹135).- S.6.