Səhifələr silinir, informasiya bloklanır
Sosial
şəbəkələrdə media azadlığı risk altındadır
Fikir,
söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi
Son dövrlər
sosial şəbəkələr,
xüsusilə də
“İnstaqram”, təkcə
əyləncə və
şəxsi paylaşımlar
üçün deyil,
həm də informasiya mübadiləsi və ictimai rəyin formalaşması
baxımından ən
təsirli platformalardan
birinə çevrilib.
Dünyada milyardlarla, Azərbaycanda isə milyonlarla insanın gündəlik istifadə etdiyi bu platforma
xəbər istehlakının
əsas kanallarından
biri kimi çıxış edir.
İstifadəçilər buradan yalnız şəxsi maraqları ilə bağlı məlumat deyil, həm də ölkədə və dünyada baş verən proseslər haqqında operativ xəbərlər əldə
edirlər. Bu səbəbdən də “İnstaqram” artıq ənənəvi media ilə yanaşı alternativ informasiya mənbəyi rolunu oynayır.
Xüsusilə gənclər arasında aparılan araşdırmalar
göstərir ki, ənənəvi KİV-lə
müqayisədə sosial
şəbəkələrdən xəbər alma vərdişi sürətlə
artmaqdadır. Bu tendensiya media qurumlarını da sosial mediada daha aktiv fəaliyyət
göstərməyə sövq
edir. Media subyektlərinin
“İnstaqram”da yaratdığı xəbər
səhifələri həm
geniş auditoriyaya çıxış imkanı,
həm də oxucularla birbaşa ünsiyyət baxımından
mühüm alətə
çevrilib. Nəticədə
sosial şəbəkələr
yalnız informasiya ötürən vasitə
deyil, eyni zamanda ictimai fikri formalaşdıran, müzakirələrə yön
verən və cəmiyyətlə media arasında interaktiv körpü rolunu oynayan mühüm platforma kimi önə çıxır.
Lakin müşahidələr
göstərir ki, bu platformada fəaliyyət göstərən
media subyektləri tez-tez əsassız şikayətlər nəticəsində
bloklanma və ya səhifələrinin tamamilə silinməsi ilə üz-üzə qalırlar. Bu isə həm jurnalistlərin peşə
fəaliyyətinə, həm
də ictimaiyyətin operativ məlumat almaq hüququna ciddi zərbə vurur.
Bu barədə
Sherg.az-a danışan Azərbaycan
Mətbuat Şurasının
Sosial Media ilə Əlaqələr Komissiyasının
sədri Hacıbəy
Heydərli də deyib ki, son
dövrlər sosial media platformalarında - xüsusən "İnstaqram”da fəaliyyət
göstərən media
subyektlərinə aid
xəbər səhifələrinin
əsassız şikayətlər
əsasında bloklanması
və ya tamamilə silinməsi hallarına rast gəlinməkdədir. Onun
sözlərinə görə,
bu cür hallar jurnalistlərin informasiya yaymaq hüququna və ictimaiyyətin operativ şəkildə məlumat
əldə etmək imkanına ciddi şəkildə təsir
göstərir.
H.Heydərli qeyd edib ki,
son zamanlar bir çox "İnstaqram” xəbər səhifəsi tamamilə bağlanıb və ya məhdudlaşdırılıb:
"Komissiyamıza daxil olan müraciətlərdən
və müşahidələrimizdən
belə qənaətə
gəlmək olur ki, geniş izləyici auditoriyasına
malik, uzun illərdir sosial şəbəkələrdə rəsmi mənbələrə
əsaslanaraq xəbər
paylaşımı ilə
məşğul olan bir neçə məşhur media subyektinin, xəbər səhifəsinin rəsmi məlumatlar və ya mənbələr əsasında yayımladığı
xəbərlərə görə
şikayət olunaraq
"İnstaqram” platformasından
silinib”.
H.Heydərli bildirib ki, sosial
media səhifələri
araşdırılmadan bloklanır:
"Sosial media platformalarının şikayətləri
avtomatik şəkildə,
dərin analiz aparmadan bloklaması, silməsi media nümayəndələrinin fəaliyyəti
üçün ciddi
təhlükə və
təhdid yaradır.
Bu cür
hallarda səhifələrin
yalnız qarşı
tərəfin şikayəti
geri çəkməsi
halında bərpa edilməsi mexanizmi isə prosesin qeyri-şəffaf və birtərəfli həyata keçirildiyini göstərir”.
Şikayətçilər
haqqında danışan
Komissiya sədri müşahidələrə istinadən
deyib ki, "İnstaqram” sosial platformasında fəaliyyət
göstərən xəbər
səhifələri, böyük
izləyici kütləsinə
malik müğənnilər,
blogerlər, influenserlər
və həkimlərin
şikayətləri əsasında,
heç bir əsas olmadan bağlanır:
“Qeyd etmək
lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası
daşıyır və
onların fəaliyyəti
barədə məlumat
paylaşmaq tamamilə
qanunidir. Son olaraq isə Xalq artisti Röya
Ayxanın şikayətinə
görə, "lent.az”ın instaqram səhifəsi bloklanıb.
Əslində isə sayt müğənninin hər kəsə açıq olan profilində paylaşdığı
foto əsasında xəbər hazırlayıbmış.
Xalq artistinin media subyektinə qarşı bu cür "hücumu” heç cür anlaşılan deyil. Düşünürəm ki,
müğənni sayta
müraciət etsəydi,
bu məsələ 2 tərəf arasında həll edilərdi. Görünən odur ki, bəzi şəxslər
özlərini toxunulmaz
elan etmək üçün bu yola əl atırlar.
Hacıbəy Heydərli həmçinin
qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının
Sosial Media ilə Əlaqələr Komissiyası
bu kimi hallarla
bağlı təkliflər
hazırlayacaq: "Düşünürəm
ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin
qorunması, onların
əsassız müdaxilələrdən
müdafiəsi vacib məsələdir. Son vaxtlar bu istiqamətdə
daxil olan müraciətlərin çoxluğu
sosial media platformalarında jurnalistlərin
hüquqi müdafiəsinin
zəif olduğunu ortaya qoyur.
Komissiya mövcud
vəziyyətin daha dərindən araşdırılması,
media subyektlərinin, xəbər səhifələrinin
əsassız silinməsi
halların qarşısının
alınması, həmçinin
sosial şəbəkələrdə
fəaliyyət göstərən
media qurumlarının
hüquqi müdafiəsinin
gücləndirilməsi istiqamətində
müvafiq təklifləri
hazırlayır”.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də
Sherg.az-a açıqlamasında bildirib ki, uzun
illərdir peşəkar
şəkildə fəaliyyət
göstərən, rəsmi
mənbələrə əsaslanan
xəbər səhifələrinin
sosial şəbəkələrdə
əsassız şikayətlər
nəticəsində bloklanması
yolverilməzdir:
“Bu,
ilk növbədə,
media azadlığını
hədəf alır. Sosial şəbəkə
platformalarının avtomatik
qərarlarla, məzmunu
araşdırmadan səhifələri
silməsi şəffaflıqdan
uzaq yanaşmadır. Əslində, bu yanaşma birtərəfli
şəkildə şikayətçilərin
maraqlarına xidmət
edir və media nümayəndələrini
çətin vəziyyətə
salır. İctimaiyyətin
operativ məlumat əldə etmək hüququ da bu yolla məhdudlaşdırılır.
Hesab edirəm ki, bu məsələ
ilə bağlı aidiyyəti dövlət qurumları, eləcə də jurnalist təşkilatları məsələni
beynəlxalq müstəviyə
daşımalı, sosial
şəbəkə şirkətləri
ilə dialoq mexanizmləri yaradılmalıdır.
Çünki jurnalistin
əsas funksiyası məlumat verməkdir və bu missiyanın
əsassız şikayətlərə
qurban verilməsi qəbuledilməzdir”.
Şəymən Bayramova
Şərq 2025.- 27 avqust (¹152).- S.6.