ASAN Süni
İntellekt platforması
İnformasiya-kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Dövlət qurumları və
özəl sektor vahid rəqəmsal platformada toplaşır
Rəqəmsal hökumət istiqamətində
səylər hər keçən gün artırılır, vətəndaşların
bu sistemdən rahat istifadəsinin təmin edilməsi məqsədilə müxtəlif
platformalar işə salınır. Onlardan biri də “mygov”
platformasıdır ki, bununla
vətədaşlara müxtəlif
dövlət qurumlarına
müraciət edib, lazımi sənədləri
ünvana getmədən
tez bir zamanda
əldə etmək imkanı yaradılır.
Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər
hansı məsələ
ilə bağlı aydınlıq əldə
etmək üçün
dövlət qurumlarına
rəsmi məktub ünvanlaya bilərlər.
Xüsusilə qeyd etmək lazımdır ki,
“Vətəndaşların müraciətləri haqqında”
Azərbaycan Respublikasının
Qanunu çərçivəsində
dövlət qurumları
tərəfindən vətəndaş
müraciətləri ən
geci 15 iş günü ərzində
(araşdırma tələb
edərsə 30) cavablandırılmalıdır.
Proses bu cür irəliləyir: İstifadəçi
“mygov”un ana səhifəsində yerləşən
xüsusi məktub işarəsi və ya “Daha çox”
bölməsindən “Dövlət
qurumlarına rəsmi
məktub” funksiyasına
daxil olur. Yeni müraciət yaradır və məktubun ünvanlanacağı qurumu,
məktubun başlığını
və məzmununu daxil edir. Ehtiyac
yaranarsa, “Fayl yükləyin” düyməsi
ilə məktuba əlavə sənəd yükləyir. Məlumatlar
təsdiq edildikdən
sonra məktub SİMA
və ya ASAN rəqəmsal imza vasitəsilə imzalanır
və avtomatik olaraq seçilmiş dövlət qurumuna göndərilir. Hər bir göndərilmiş məktub “Göndərilən”
bölməsində saxlanılır.
Vətəndaş məktubun statusunu
— yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini
real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından
istifadəçiyə daxil
olan məktublar isə “Gələn” bölməsinə əks
olunur. “Vətəndaş
- Dövlət” və
“Dövlət – Vətəndaş”
kommunikasiya modeli əsasında “mygov”da
yaradılmış bu
müasir funksionallıq
İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi
altsistemi vasitəsilə
həyata keçirilir.
Qeyd edilir ki, bu funksiya çərçivəsində
sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı
59-dur və yaxın günlərdə bütün
qurumların inteqrasiyasının
tamamlanacağı gözlənilir.
Bununla yanaşı, platforma üzərindən
ilk ay ərzində təxminən
11 min məktub mübadiləsi
həyata keçirilib.
Ən çox məktub göndərən
qurumlar sırasında
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öndə gəlir. Vətəndaşlar isə
ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və ASAN Xidmətə müraciət ediblər.
Bu günlərdə Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü
ilə yaradılan
ASAN Süni İntellekt
platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi
keçirilib. Mərasimdə
çıxış edən
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini
vurğulayıb. Bildirib
ki, "ASAN AI Hub" Prezident İlham Əliyevin Azərbaycan
Milli Elmlər Akademiyasının
80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı
səsləndirdiyi göstərişinə
uyğun olaraq yaradılıb. Platforma dövlət xidmətləri
sektorunu, biznes subyektlərini, elmi-tədqiqat
mərkəzlərini, startap
ekosistemini birləşdirir
və süni intellektəsaslı həllərin
hazırlanmasında körpü
rolunu oynayır. Azərbaycan Respublikasının
iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov,
Azərbaycan Respublikasının
rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini Samir Məmmədov "ASAN AI Hub"un
rəqəmsal transformasiya,
iqtisadi inkişaf və elmi potensialın
gücləndirilməsi baxımından
önəmini qeyd ediblər. 14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə,
tətbiq və böyümə imkanları
təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un
baş direktoru və həmtəsisçisi
Steve Nouri isə “Günümüzdə
generativ süni
intellekt-2025” mövzusunda çıxış
edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib. Tədbir çərçivəsində "ASAN AI
Hub" ilə "Apolitical",
"Breakthrough Social Enterprise" və
"GenAI Works" arasında
anlaşma memorandumları
imzalanıb. Həmin əməkdaşlıqlar mərkəzin
beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını
gücləndirəcək. Sonra “Süni intellektdə açıq innovasiya: Hər kəs üçün körpü”
adlı panel müzakirəsi
keçirilib. “Apolitical” təşkilatının
partnyorluqlar üzrə
direktoru Katerin Miller Ueberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət-özəl sektor
əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri
ilə bağlı müzakirələr aparılıb.
Platformanın əsas
məqsədi Azərbaycanda
süni intellekt
(Sİ) sahəsində tədqiqatçıları,
dövlət qurumlarını,
özəl sektoru və fərdi istifadəçiləri vahid
rəqəmsal platformada
bir araya gətirməkdir. "ASAN AI Hub" açıq innovasiyanı
təşviq edəcək
və dövlət qurumları, özəl sektor və universitetlər arasında
körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək
və tələbələr,
akademiklər, sahibkarlar,
eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat
fondu uğrunda rəqabət
aparmaq imkanı əldə edəcəklər.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz
“Şərq”ə açıqlamasında ASAN-nın
təqdim etdiyi platformanın faydalı olacağını bildirdi:
- Dövlət qurumları süni intellekt sahəsində səylərini
gücləndirirlər. ASAN bu istiqamətdə maraqlı bir platforma təqdim edib. Bu platforma süni intellekt sahəsində bütün
maraqlı tərəflərin
səylərini əlaqələndirmək
və təşviq etmək, potensialı gücləndirmək məqsədilə
yaradılıb. Görülən
işlər, səylər
təqdirəlayiqdir. Lakin bəzi
çatışmazlıqlar var. Dövlət satınalmalarının
rəqəmsallaşdırılması, xüsusilə eSatınalma
portalının (etender.gov.az) təkmilləşdirilməsi istiqamətində
son illərdə müəyyən
irəliləyişlər baş
verib. Antiinhisar və İRİA bu sahədə bir sıra addımlar atıb və artıq satınalmalar elektron şəkildə həyata keçirilir.
Lakin bir müddət əvvəl araşdırma
apararkən ciddi bir problemi qeyd
etmişdim: tender iştirakçıları
portal üzərindən tələb
olunan bütün sənədləri elektron
qaydada əldə edib sistemə yükləyə bilmirdilər.
Ən diqqətçəkən
məqam isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalma üçün
vacib xidmətinin-inzibati
cərimələrlə bağlı
arayışın hələ
də portala inteqrasiya olunmaması idi. Nazirlik o zaman bu problemi aradan
qaldırmaq üçün
öz saytında həmin arayışın
elektron əldə edilməsi imkanını yaratmışdı. Yəni
sahibkar real vaxtda eSatınalma portalından deyil, heç olmasa, Nazirliyin saytından həmin sənədi alıb portala yükləyə bilirdi. Məsələni yenidən araşdıranda
həqiqətən çox
təəccübləndim. Nazirliyin saytındakı bu elektron xidmət
də tamamilə dayandırılıb. Artıq
hüquqi şəxslər
inzibati cərimələr
haqqında arayışı
nə eSatınalma portalından, nə də Nazirliyin öz saytından elektron şəkildə əldə edə bilmirlər. Bu arayışı
almağın yeganə
yolu – ƏƏSMN-in Dövlət
Əmək Müfəttişliyi
Xidmətinə kağız
formada müraciət etməkdir. Bu isə dövlət idarəetməsində
geriyə doğru addımdır. Həm də ölkənin ən çox rəqəmsal transformasiya
olunan qurumunda belə bir absurd halın yaşanması çox düşündürücüdür.
Normalda süni intellekt texnologiyalarının
tətbiqi ilə bu cür arayışlara
ümumiyyətlə ehtiyac
qalmamalı idi. Sistem bütün məlumatları özü
müəyyənləşdirməliydi. Bizdə isə əksinə olaraq, “yarımrəqəmsaldan” kağıza
doğru geriyə dönüş baş verib. Bir az araşdırdıqda
ortaya belə bir mənzərə çıxır: ƏƏSMN, əslində, xidməti rəqəmsallaşdırıb. Amma Antiinhisar Agentliyinin portalına inteqrasiya edə bilməyib. Səbəb olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin
arayışın elektron
formada verilməsi üçün lazım olan məlumatları Məhkəmə-Hüquq Şurasından
ala bilməməsi göstərilib.
Vəssalam, dairə qapanıb. Bu səbəbdən
Dövlət Əmək
Müfəttişliyi Xidməti
xidmətin elektron təqdimatını dayandırıb,
xidmət Nazirliyin saytından da çıxarılıb
və xidmətin təqdim edilməsi dədə-baba qaydasına
keçirilib. Rəqəmsal
transformasiyaya və rəqəmsal hökumətə
cavabdeh mərkəzi qurum – RİNN, İRİA mövcud
olduğu halda belə uyğunsuzluqların
baş verməsi anlaşılmazdır. Əgər
dövlət qurumu xidməti rəqəmsallaşdırıbsa,
onun inteqrasiyası təmin olunmalıdır.
Yoxsa bir qurumun “vermirəm”, digərinin isə “inteqrasiya edə bilmirəm” deməsi dövlət idarəçiliyinə
yaraşan yanaşma deyil.
Daha pisi isə dövlət
qurumlarının istədiyi
an elektron xidmətləri
bağlaması, aktivləşdirməsi,
inteqrasiyadan çıxarmasıdır.
Anlamıram ki, bu necə baş verə bilər? Vətəndaşlara qarşı
yetərincə cərimələr
müəyyən edən
hökumətin məmurların
bu tip ağlasığmaz
addımlarına biganə
yanaşması çox
düşündürücüdür. Ümid edirəm
İRİA, ƏƏSMN, Antiinhisar Agentliyi və Məhkəmə-Hüquq Şurası
bu problemi qısa zamanda həll edəcək və dövlət satınalmalarında rəqəmsal
hökumət prinsiplərinə
uyğun, fasiləsiz və tam rəqəmsal
proses təmin olunacaq.
Məlahət Rzayeva
Şərq 2025.- 4 dekabr (¹221).- S.6.